Etiraf məktubu

 

“525-ci qəzet”in redaksiyasına.

 

Hörmətli Rəşad müəllim, bu yazını Sizə ünvanlamaqda məqsədim özümə yaraşdırmadığım bir hadisədən söz  açmaqdır.

 

İctimai Televiziyanın 6 dekabr 2016-cı il tarixli “Yadigarlar” verilişi sevimli şairimiz Tofiq Bayrama həsr olunmuşdu. Verilişə şairin bacısı Svetlana Bayramova mən dəvət olunmuşdum. Şairin yaradıcılığına yaxşı bələd olduğumdan haqqında kitab yazdığımdan böyük məhəbbətlə onun “Valokardin”, “Qadın ürəyi”, “Vağzalı çalınır”, “Ay gecikmiş məhəbbətim”, “Cavanlığım”, “Təyyarə” s. gözəl  şeirlərindən, Hüseyn Arifə, İsi Məlikzadəyə, Anara həsr etdiyi, onların obrazlarını məharətlə yaratdığı dostluq sarjlarından söz açdım, onları əzbərdən dedim. 

 

Sonra şairin Rəsul Həmzətov, A.Tvardovski Qaysın Quliyevdən tərcümələrindən söz saldım. Qaysın Quliyevdən tərcümə etdiyi şeirdən dörd  misranı əzbərdən dedim:

 

Qoy şirin yuxuna girsin gecələr,

Sənin ürəyincə olan bir həyat.

Ləkəli deyilsə vicdanın əgər,

Sən arxayın yat!

 

Sonra isə Tofiq Bayramın 2-ci kursda oxuyarkən (1956) yazdığı 12 bənddən ibarət “Dağlar” qoşmasını yada saldım.

 

Oxucularda düzgün təsəvvür yaransın deyə qoşmanın bəzi bəndlərinin son iki misrasını burada verməyi münasib bildim:

 

Əyilib su içdim qaynar döşündən,

Oldum körpə kimi analı, dağlar.

 

lll

 

Ən gözəl əsərsən, ən böyük rəssam,

Ey Səttar fırçalı, boyalı dağlar.

 

lll

 

Ələsgərin sözü səndə qalıbdır,

Sənsən şeir qədər mənalı dağlar.

 

lll

 

Sanki Dədə Şəmşir oxuyur pəsdən,

Yuxuya verməyə maralı dağlar...  s.

 

Bəli, bu gözəl misralar 2-ci kurs tələbəsinin ürəyindən süzülüb gəlmişdir.

Təsadüfi deyildir ki, Xalq şairi Səməd Vurğun onun istedadını duymuş və yazmışdır: “Bu gəncin dili səlis, misraları ləngərlidir”.

 

Tofiq Bayramın poeziyası, eləcə də “Dağlar” qoşması məni özümdən ayırmışdı, coşmuşdum. İnsan çox əsəbi olanda, bircoşanda bəzən nitqini idarə edə bilmir, dili çaşır. Mənim də dilimdən xəta çıxıb. Bəzi şairlərin “Dağlar” qoşmasından Tofiq Bayramın “Dağlar”ının üstün olduğunu, o sıradan da Aşıq Ələsgərin qoşmasından - demişəm...

 

Veriliş gedən günü yaxın qohumumun toyu olduğundan verilişə baxa bilməmişdim. Səhərisi gün professor Şirindil Alışanov və 1955-ci ildə Səməd Vurğun Kəlbəcərdə olarkən Turşsu bulağından şairə su gətirən, indi Dillər Universitetinin qocaman müəllimi Səfər İskəndərli zəng edərək verilişi çox  bəyəndiklərini, lakin Aşıq Ələsgərlə bağlı başqa fikirdə olduqlarını  bildirdilər. Düzü söhbətin nədən getdiyini anlamadım.

 

Dekabr ayının 18-də veriliş yenidən göstərildi. Verilişə baxanda  soyuq tər məni basdı. Ürəyimdən bir sızıltı keçdi. Axı, mən Aşıq Ələsgərin “Dağlar” qoşmasına Səməd Vurğunun necə böyük qiymət verdiyini bildirdim.

 

Aşıq Ələsgərin bacısı oğlu Aşıq Nəcəf yazır ki, 1955-ci ildə Səməd Vurğun İstisuya gələn vaxtı Göyçədən bir neçə aşıq onun görüşünə gəlmişdik. Açıq havada yaxşı bir məclis qurulmuşdu (11 yaşlı Səfər şairə bulaqdan suyu bu məclisə gətirmişdi). Şəmşir başda olmaqla məclisdə Kəlbəcərin cavan aşıqlarından da vardı. Hamımızın nəzəri Səməd Vurğunda idi. Onun hər bir hərəkətini izləyirdik, elin bu sadə oğlunda qeyri-adilik axtarırdıq.

 

Şairin xahişi ilə aşıqlardan biri Aşıq Ələsgərin “Dağlar” sözünü oxudu. Sonra Səməd Vurğunun “Dağlar” sözünü oxumağa başladı.

 

Səməd Vurğun buna etiraz edib dedi:

 

- Aşıq qardaş! Ələsgərin “Dağlar”ından sonra ayrı “Dağlar” oxumazlar... Şairindediyi hamımıza aydın olsa da, şair sözünə davam etdi:

 

- “Düzdü, biz də yazırıq, amma elə olur ki, dörd misra yazanda, bəzən ikisi xoşumuza gəlmir, pozub özgə misra yazırıq. İndiki şairlər nə yazsa, elmin gücünə yazır. Şairlərimizin yazdıqları yerin dərin qatlarından çıxarılmış artezian suyuna, yazı-pozu bilməyən Aşıq Ələsgərin şeirləri isə dağların sinəsindən təbii qaydada axıb gələn bulaqlara bənzəyir. Mən onun belə qoşmalarının bədahətən yaradıldığına şübhə etmirəm. Onunku haqq vergisidir”.

 

Həqiqətən də Böyük Yaradan Aşıq Ələsgərə qeyri-adi, müqayisəyə gəlməz istedad bəxş etmişdi. Hətta  Aşıq sənətinin zirvəsində bərqərar olan Qurbanı, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Molla Cümə, Bozalqanlı Hüseyn kimi nəhənglər arasında Aşıq Ələsgər zirvəsi möhtəşəmliyi ilə seçilir və apaydın görünür.

 

Təsadüfi deyildir ki, Sovet dönəmində Öndərimiz Heydər Əliyevin səyi nəticəsində Aşıq-şairin 150 illik yubileyi Kremlin  Qurultaylar Sarayında təntənəli şəkildə qeyd olunmuşdu.

 

Aşıq Ələsgər qüdrətli şair idi. Bəstəkarlarımız onun sözlərinə onlarca mahnılar bəstələmişlər. Həmin mahnılar dillər əzbəri olmuşdur.

 

Aşıq Ələsgər xalqın qəlbində ədəbi məskən salan ölməzlik qazanan azsaylı xoşbəxt sənətkarlardandır. Aşıq sənətinə, sənətkarlara dair tədqiqatlar apardığımdan, Aşıq Ələsgərin dahiliyini dərindən duyduğumdan yersiz müqayisəyə görə heyfslənir və  təskinliyi aşıq sənətini, Ələsgər poeziyasını sevən oxuculara bu mətləbi çatdırmaqda tapıram.

 

20.12.2016

 

Qəzənfər PAŞAYEV

Professor

 

 

525-ci qəzet.- 2016.- 30 dekabr.- S.18.