Elçin Hüseynbəylinin gənc ədiblərlə
görüşü
“Mənim əsərlərimi
oxusanız, tarix imtahanından rahatlıqla
keçə bilərsiniz”.
Yazıçı Elçin Hüseynbəyli
öz yaradıcılığı
haqqında danışarkən
bu fikri özünəməxsus bir
əminliklə söyləyir. Səbəb isə
onun təkcə tarixi romanlar müəllifi olmasında
deyil. E. Hüseynbəyli
informasiyaya meylli yazıçıdır. Ancaq bir
məsələ də
var ki, informasiyanı
ədəbi fakta çevirmək, onu bədii elementlərlə
zənginləşdirmək lazımdır, bu isə E. Hüseynbəyli
yaradıcılığının əsas özəlliklərindəndir.
Hətta
yazıçının fikrincə,
həyatla ədəbi
fakt arasındakı sərhədlər o dərəcə
gözdən itməlidir
ki, müəllifin özü belə nəql etdiyi hadisələrin real yoxsa xəyal olduğunu anlaya bilməsin.
Dekabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin
“Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin üzvlərilə
görüşə bir
az gecikən yazıçı zala “əsərlərinin ilk redaktoru”
adlandırdığı həyat
yoldaşı Dürdanə
xanımla birgə daxil oldu. Beləliklə, gənc ədiblər münasibəti səmimi,
söhbəti şirin
və özünü
bütün təbiiliyi
ilə ifadə edən gerçək yazıçı obrazı
ilə qarşılaşdı.
Tədbiri Birliyin katibi,
GƏM-in rəhbəri Rəşad
Məcid açaraq yazıçı barədə
ümumi məlumat verdi: “Elçinin
55 yaşı tamam olur. Onu bu münasibətlə
təbrik edirəm.
Elçin çox maraqlı
yazıçıdır. Bununla yanaşı o publisist və dramaturq kimi də uğurlu
əsərlərin, köşə
yazılarının müəllifidir.
Fərdi
üslubu, axıcı
təhkiyəsi ilə
oxucuların diqqətini
cəlb edən yazıçının fikirləri,
ədəbi yanaşmaları,
inanıram ki, sizin üçün də çox maraqlı olacaq”.
Tədbir söhbət və fikir mübadiləsi şəklində quruldu. Görüşün
aparıcısı şair
Qulu Ağsəs E. Hüseynbəylinin əsərlərinin
məziyyətlərindən danışdı: “Elçin
ən yaxşı hekayə ustalarımızdan
biridir. Xüsusilə, bunu qeyd etmək istəyirəm ki, o, istənilən hadisəni hekayəyə çevirə bilir. Yaradıcılığına sözlə oynamaq,
plastika, qorxusuzluq sindromu və sair özəlliklər xasdır. Onda, demək olar
ki, müsbət qəhrəman yoxdur, yəni xarakterik obrazlar əvəzinə situativ qəhrəmanlar yaradır. Başqa sözlə, heç
kimi ideallaşdırmır.
Hekayələrindəki ən
gözəl cəhətlərdən
biri onlardakı
gözlənilməzlik, sonluğu
ehtimal etməyin çətinliyidir. Düzdür,
peşəkarlar, bəzən
isə erudusiyalı oxucular üçün sonluğu əvvəlcədən
tapmaq mümkün ola bilər.
Ancaq mən deyərdim ki, Elçindəki bu gözlənilməzlik hətta onlar üçün də çətinlik yaradır. Elçinin “Gözünə gün düşür”ü
Qarabağ haqqında yazılmış ən yaxşı hekayələrdən
biridir. Yəni, biz onu əminliklə
dünyaya çıxara
bilərik. Qarabağ mövzusunda
yazılan əsərlərin
əksəriyyətində sünilik, hətta saxtakarlıq hiss olunur.
Elçinin hekayəsi isə
gerçək sənət
əsəridir. O, oxucuları
inandıra bilib ki, qəhrəmanını
Qarabağa aparan sevgi bir ağac
sevgisi qədər təbiidir”.
Yazıçının “Don Juan”, “Yenə iki od arasında” romanları ətrafında da müzakirə aparıldı. E. Hüseynbəylinin tarixi faktlara istinadı, onları bədiiləşdirməsi, əvvəldə də qeyd etdiyim kimi, yazıçının informasiyaya olan marağının ifadəsidir. Ancaq nəzərə almaq lazımdır ki, informasiya deyərkən, təhtəlşüurdan, tarixi-mədəni informasiyadan və dünyagörüşdən söhbət gedir. E. Hüseynbəyli bildirir ki, hər cür informasiya ədəbiyyata gətirilə bilməz. “Yay ayları Bakıda havaların isti keçməsi” nə yazıçı, nə də oxucu üçün yeni məlumat məzmunu kəsb etmir. Bu mənada ancaq yararlı, gərəkli və uyğun informasiya ədəbi mətndə yer almalıdır. Yazıçı əlavə edir ki, onun bəzi əsərləri sırf xəyal məhsuludur. Misal üçün, müəllifi olduğu “Dezodorant qız”, “Çıxılmazlıq” hekayələri və bir sıra köşə yazıları buna nümunədir.
E. Hüseynbəylinin təsirləndiyi sənətkarlar arasında Platonov, Selincer, Bekket, Prust, Apdayk və başqaları var. Öz üslubunu tapana qədər başqa yazıçılardan bəhrələnməyi məqbul hesab edir. Deyir ki, yazıçı istedadlıdırsa, ilk yazılarında yaxşı mənada təsirlənir. Ancaq yavaş-yavaş öz üslubunu tapır. Üslubunu tapmaq isə o deməkdir ki, artıq nə yazmaq istəyirsənsə, o, sənsən.
Mütaliəyə marağın azalması ilə bağlı çıxış edən yazıçı deyir ki, bunun əsas səbəblərindən biri sosial şəbəkələrdir: “İnsanlar tənbəlləşib. Mənəvi qida ki var, bir növ onu unudublar. Həm də kitab çapı mədəniyyətimiz Avropadan xeyli geridədir”.
Yazıçı dramaturgiya, teatr sənəti, tarixi roman və nəsrin texnikası barədə də fikirlərini bölüşdü, gənc ədiblərin müxtəlif mövzularla bağlı suallarını cavablandırdı.
Müşfiq
ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 30 dekabr.- S.17.