Mərkəzi Elmi Kitabxanada xüsusi statuslu müəlliflərlə görüş

 

  Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) dekabr ayı ərzində kitabxanaya daxil olan yeni ədəbiyyatların təqdimatı keçirilib.

 

Tədbiri açan kitabxananın direktoru Leyla İmanova MEK-in ümumi kitab bazası strukturu barədə məlumat verib.

 

Direktor bildirib ki, kitabxanaya qəbul edilən nəşrlər müxtəlif kateqoriyalara ayrılır:

 

“Təqdimatımızda xüsusi müəllif statusu olan şəxslər iştirak edirlər. Onlar əsərlərindən elektron istifadəyə kitabxana şəraitində imkan yaradanlardır. Yaxud əsərləri bizim rəqəmsal yaddaşa daxil olunan müəlliflər ayrıcalıq təşkil edir”.

 

MEK-in əməkdaşı Xədicə Ağayeva kitabların qəbulu prosesindən danışıb: “Mərkəzi Elmi Kitabxanaya müxtəlif növdə ədəbiyyat daxil olur. Bunlar kitab, jurnal,  elektron resurs, dissertasiya akkreditasiya şəklindədir. Bu isə bir neçə yolla təşkil olunur. Pulsuz məcburi nüsxə, hədiyyə, abunə beynəlxalq kitab mübadiləsi vasitəsilə”. X. Ağayeva dekabr ayı boyu daxil olan kitabların statistikasını nəzərə çatdırıb iştirakçılarla onları ətraflı tanış edib. Onlar arasında “Əlillik məsələləri üzrə terminlərin izahlı lüğəti”, “Türk xalqları ədəbiyyatının aktual problemləri”, “Azərbaycanın təhlükəsizlik orqanlarının tarixi”, bundan başqa Rafael Hüseynovun “Söz məbədi”, İsa Həbibbəylinin “Mollanəsrəddinçi karikatura ustası”, Pərvinin “Anarın dünyası”, “Sevdim səni”, “Qadın olmaq”, “Söhbətlər”, “Balerina” müxtəlif sahələrə aid bir sıra başqa kitablar var.

 

Daha sonra kitablarını hədiyyə verən müəlliflər öz təklifləri ilə çıxış edib.

 

MEK-in kitaba münasibətinin, müasir yöndən yanaşmasının təqdirəlayiq olduğunu dilə gətirən yazıçı Pərvin hədiyyə etdiyi kitabların məzmunundan söz açıb:

 

“Anarın dünyası” kitabı yəqin çoxlarına məlumdur. Əlbəttə, Anar müəllimin yaradıcılığı o qədər genişdir ki, onu bir kitabda əhatə etmək çox çətindir. Digər kitabım “Qadın olmaq”da isə 10 qadının taleyindən bəhs olunur. Bu kitabın ərsəyə gəlməsi təsadüfi bir hadisəylə bağlıdı. Yeseninin sevgilisi olan Aysedora Dunkanla münasibətlərinin əks etdirildiyi bir tamaşa izlədim bu qadın məni o qədər mütəəssir etdi ki, haqqında bir yazı qələmə aldım. Daha sonra Salvador Dali, Mayakovski başqalarının həyatında böyük rol oynayan qadınlardan yazdım. Nəticədə yeni bir kitab yarandı”.

 

Hərbi Akademiyanı təmsil edən Mehman Süleymanov öz kitabı haqda danışaraq qeyd edib ki, Azərbaycan hərb tarixi çox az müraciət olunan sahədir: “Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycan hərb sənəti ilə bağlı çeşidli kitablar sizə təqdim olunacaq”.

 

Müəlliflər yeni kitablarını da məmnuniyyətlə kitabxanaya hədiyyə edəcəklərini MEK ilə daimi əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2016.- 30 dekabr.- S.17.