Milli Kitabxanada gənc yazarlarla görüş

 

 

Fevralın 3-də M.F.Axundzadə adına Azərbaycan Milli KitabxanasındaGənc yazarlarla görüşadlı tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşan “Gəncliyin səsi” adlı festival çərçivəsində baş tutub.

 

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov festival çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycanın yaradıcı gənclərinin bütün sahələrdə nəzərə çarpan fəaliyyəti dövlətimizin diqqət və qayğısı ilə əhatələnib. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qeyd edib ki, 2 fevral - Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlər təşkil olunur. Təhsil, idman, mədəniyyət və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi ölkə başçısının gəncliyə və gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Hər il bir neçə gənc yazıçıya ölkə başçının fərdi təqaüdünün təqdim olunduğunu qeyd edən R.Məcid bu istiqamətdə işlərin ilbəil daha da sürətləndiyini diqqətə çatdırıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev bildirib ki, bu günlərdə Bakıda keçirilən “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

 

Sonra müxtəlif universitetləri təmsil edən gənclər gənc yazıçıların yaradıcılıq nümunələri ilə tanış olublar. Qarşılıqlı sual-cavab əsasında keçən görüş maraq doğurub.

 

525-ci qəzet.- 2016.- 4 fevral.- S.3