Milli musiqimizin əvəzolunmaz ifaçısı

 

BÖYÜK XANƏNDƏ SARA QƏDİMOVANIN ƏZİZ XATİRƏSİNƏ

 

 

 

(Əvvəli ötən sayımızda)

 

1956-cı ildə Opera və Balet Teatrının yeni Leylilərə, təzə səsə böyük ehtiyacı yaranmışdı. Operaya gedən tamaşaçılar xeyli azalmışdı. Azərbaycan mədəniyyətinin nəhənglərindən Fikrət Əmirov, Mehdi Məmmədov, Niyazi və Bəhram Mansurov Sara xanımı Leyli və Əsli rolunda oynamaq üçün Opera Teatrına dəvət etdilər. Respublikada məşhur müğənni və xanəndə kimi tanınan Sara xanım, çox tərəddüdlə razılıq verdikdən sonra gərgin məşqlərə başladı.

 

Sara xanımı Leyli rolunda görmək üçün respublikanın əksər rayonlarından onlarca adam Opera və Balet Teatrına axışırdı. Təbii gözəlliyi, aktyorluq məharəti, muğamları kamil bilməsi, salonun hər tərəfindən səsinin açıq-aydın eşidilməsi və Leylinin sözlərini səlist və düzgün ifa etməsi birləşib, gözəl və füsunkar bir harmoniya yaradırdı. Sara xanım-Leyli bəzək-düzəyə aludə olmadan səhnədə gözəl eşqdən alışıb-yanan lirik Leyli obrazı yaratdı. Sara xanımın Leylisi bu tamaşaya baxanların yaddaşlarına əbədi həkk olundu. Onda aktyorluq qabiliyyəti yüksək olduğundan fərqli bir Leyli obrazı yaradırdı. Leyli rolunu əvvəllər bir çox aktyorlar oynamışdır, amma Sara xanım bu obraza öz naxışını vurdu.

 

"Molodyoj Azerbaidjana" qəzeti 19 aprel 1959-cu il tarixli nömrəsində qeyd edir ki, 3 aydan artıq bir müddətdə gərgin yaradıcılıq əməyi sayəsində Sara Qədimova parlaq, təsiredici Leyli obrazını yaratmışdır. Bu obraz Sara xanımın ifasında yeni səhnə həyatı və tamaşaçıların yüksək qiymətini almışdır.

 

Heç təsadüfi deyil ki, 1958-ci ildə Füzulinin vəfatının 400 illiyi ərəfəsində başda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin birinci katibi İman Mustafayev olmaqla Mərkəzi Komitənin bürosu Şıxəli Qurbanovun, Fikrət Əmirovun, Mehdi Məmmədovun və Niyazinin təkliflərini nəzərə alıb Sara Qədimova və Əbülfət Əliyevin ifasında "Leyli və Məcnun" operasını lentə yazdırıb "Qızıl fond"da saxlanılmasına razılıq verdi.

 

Respublikaya gələn yüksək səviyyəli qonaqlar, hökumət rəhbərləri tərəfindən Sara Qədimova və Əbülfət Əliyevin iştirak etdikləri "Leyli və Məcnun" operasına aparırdılar. Vaxtilə Azərbaycan KP Mərkəzi Komitənin katibi olmuş İmam Mustafayev danışırdı ki, Misir Ərəb Respublikasının prezidenti Camal Abdul Nasiri 1958-ci ildə "Leyli və Məcnun" operasına apardıq  opera onun çox xoşuna gəldi. İranın "Tarla bülbülü" kinosunun yaradıcı heyəti də bu tamaşaya baxmışdı.

 

Sara Qədimovanın "Əsli və Kərəm" operasında ifa etdiyi Əsli rolu da teatr tənqidçilərinin yüksək qiymətini aldı. O, bu rola təbii oynamaqla, ona yeni bir səhnə həyatı verdi.

 

Əməksevər valideynlərinə layiqli övlad olan Sara hələ kiçik yaşlarından, onlardan ədəb-ərkan, böyük-kiçik yeri bilmək, haqqa tapınmaq kimi xasiyyətlər əxz etmişdi. Bunlar sonrakı həyat yolunda ona çox gərəkli olub, kömək edib.

 

Sara xanım özündən böyük sənətkarlara, xanəndələrə hörmətlə yanaşır, onların məsləhətlərinə dönə-dönə əməl edərdi.

 

Təsəvvür edin ki, Bülbül kimi çox tələbkar, Rəşid Behbudov kimi çılğın, Xan Şuşinski kimi ağırtəbiətli sənətkarlar qadın müğənnilərdən ən çox Sara xanımı qəbul edir və qastrollara onunla birlikdə gedərdilər.

 

Rəşid Behbudov deyərdi: "Sara xanımla birlikdə 6 ölkədə qastrolda olmuşam, ondan iynənin ucu qədər də inciməmişəm".

 

1964-cü ildə Bakıda qəfil bir faciəvi hadisə oldu. Sara xanım bağına gedərkən, avtomobil qəzasına düşərək ağır xəsarət almışdı. Bu qəza çox söz-söhbət, şaiyələr yaratdı. Onun müalicəsi ilə məşhur travmatoloq Lev Frankenberq məşğul olurdu. Həkimlər çalışırdılar ki, Sara xanımda qəzadan heç bir əsər-əlamət qalmasın. Lakin istənilən nəticə alınmırdı. Kosmonavt Valentina Tereşkova Moskvanın ən məşhur travmatoloqu olan Valeri Trapeznikovu Bakıya göndərdi. Müalicə uğurla başa çatdı. Qəzadan heç bir fəsad qalmadı.

 

Azərbaycan KP Mərkəzi Komitənin katibi Şıxəli Qurbanov Sara xanımın sənətinə yüksək qiymət verirdi. Dəfələrlə onu deputat seçildiyi Goranboy və Qusar rayonlarına aparıb, seçiciləri qarşısında konsertini təşkil etmişdi.

 

1965-ci il mayın 25-  Şıxəli Qurbanov onu yanına çağırdı. Onların arasında belə bir söhbət oldu.

 

- Sara xanım niyə oxumursunuz? Siz mənim maşınımda da qəzaya düşə bilərdiniz. Bu bir təsadüfdür. - Sara xanım Şıxəli müəllimə heç bir cavab vermədi.

 

Şıxəli Qurbanov Radio və Televiziya Komitəsinin sədri Ənvər Əlibəyliyə zəng vurub, Sara xanımın televiziyada nə üçün oxumamasının səbəbini soruşmuşdu. Ə.Əlibəyli demişdi ki, nə qədər onu dəvət etsək də, o, gəlmək istəmir, oxumaqdan imtina edir. Ş.Qurbanov Filarmoniyanın direktoru Niyaziyə tapşırır ki, mayın 29, 30, 31-də Sara xanımın Filarmoniyada konserti olmalıdır.

 

Mayın 30, 31-də Niyazinin dirijorluğu ilə  simfonik  konsertin olması barədə hər yerə afişa vurulmuşdu. Şıxəli Qurbanov Niyaziyə tapşırır ki, həmin afişaları təcili çıxarıb, onun yerinə Sara xanımın konserti ilə əlaqədar afişalar vurulmalıdır. Niyazi bundan pərt olsa da Ş. Qurbanovun tapşırığını yerinə yetirməli olur.

 

Üç gün ərzində Filarmoniyada Sara xanımın böyük və möhtəşəm konserti oldu. Mən həmin konsertləri çox yaxşı xatırlayıram.

 

Birinci sırada Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, mədəniyyət naziri Rauf Hacıyev, Niyazi, Azərbaycan komsomolu Mərkəzi Komitənin birinci katibi Məsud Əlizadə, yazıçı Ələviyyə Babayeva, Mirzə İbrahimov, Yavər Kələntərli, Xan Şuşinski, Qurban Pirimov əyləşmişdilər.

 

O vaxt Bakıya yayılmışdı ki, Sara xanımın ayağının biri protezdir. Ona görə də həkim Lev Frankenberq Sara xanıma tapşırmışdır ki, qısa səhnə paltarı geyinsin ki, bu dedi-qoduya son qoyulsun. Sara xanım da həkimin təklifini qəbul etmişdir. Konsertlər 2 saat əvəzinə 3 saat çəkdi. Sara xanım konsertləri  "Şur" dəstgahı ilə başlayır və bu muğamı 40 dəqiqə oxuyurdu. Respublikanın rayonlarından konsertə çoxlu pərəstişkarlar gəlmişdir. Səhnə başdan-başa gül-çiçəklə dolu idi. Dinləyicilərin çoxu bilet tapa bilmirdilər. Onlarca adam salonda ayaq üstə dayanmışdılar. Möhtəşəm ifalar alındı. Sara xanımın ifa etdiyi muğam, hər bir mahnı alqışlarla qarşılanırdı. Bu konsertlər əsl bayrama çevrilmişdi.

 

Sara xanım 400-dən artıq xalq və bəstəkar mahnısı və 11 muğam ifa edib. Hazırda radionun "Qızıl fond"unda 7 muğam və 200-dən çox mahnı qorunub saxlanılır. Sara Qədimova yaşlı nəslin dinlədiyi və pərəstiş etdiyi bir müğənnidir. Keçən əsrin 50-70-ci illərinin adamları onun mahnılarının qanadlarında böyüyüb boya-başa çatmış və formalaşmışlar.

 

Sara xanım dövrünün ən gözəl qadınlarından biri olmuşdur. Onun böyük portretini yaradan Böyükağa Mirzəzadə deyirdi: "Fırça Sara xanımın təbii gözəlliyini təsvir etməkdə çox acizdir". O, xanım kimi doğuldu, xanım kimi yaşadı və xanım kimi köçdü bu dünyadan.    

 

Sara xanımın yüksək şəxsiyyəti vardı. Çox ciddi, zəhmli, zabitəli xanım idi. Müğənnilər onun yanında özünü yığışdırar, artıq-əksik bir ifadə işlətməyə cürət etməzdilər. O deyərdi ki, hər bir müğənni şəxsiyyət olmalıdır. Xan Şuşinski zarafata salıb deyərdi: "Allah Saranı kişi yaratmalı idi". Sonra isə əlavə edərdi: "Qadın olmasına baxmayaraq bizim hamımız (artistləri nəzərdə tuturdu) ondan "qorxuruq". Moskvada Stalinin, Bakıda Mircəfər Bağırovun, Filarmoniyada isə Sara xanımın dad əlindən". Sara xanımın evdarlığına söz ola bilməzdi. Onun hazırladığı xörəklərin dadı-tamı haqqında Bakıda indi də maraqlı əfsanələr gəzir. Əbülfət Əliyev deyərdi ki, Sara xanımın hazırladığı xörəklərin dadından doymaq olmur, bu xörəkləri iki əllə yemək istəyirsən. Onun qolunu çırmalayıb qonaqlara necə qulluq etdiyini görəndən sonra bu xanımın artist olmasına adamın inanmağı gəlmir.

 

Sara xanımın ən mərd xüsusiyyətlərindən biri də o idi ki, ömründə dilinə yalan söz gəlməzdi, görmədiyi hadisəni qətiyyən danışmazdı. Bu illər ərzində onun kiminsə qeybətini qıldığını, kiminsə qarasına danışdığını görmədim və eşitmədim. Kimin nə nöqsanı, qəbahəti vardırsa çəkinmədən, qorxmadan düz onun gözünün içinə deyərdi, kindən-küdurətdən, qərəzçilikdən uzaq bir adam idi. Filarmoniyanın direktoru, böyük dirijorumuz Niyazi bu ali keyfiyyətlərini nəzərə alaraq deyərdi ki, bizim Sara xanım başqa bir aləmdir.

 

İllər bir-birini əvəz edirdi. Bu illər onun şan-şöhrətini bütün ölkəyə yaydı. Sara xanım yaşının 83 olmasına baxmayaraq gözəlliyini saxlayırdı, çox təravətli görünürdü. Sağlamlığına söz ola bilməzdi. Dəvət olunduğu bütün tədbirlərdə iştirak edir, məclisə uyğun muğam və mahnılar oxuyardı. Sara xanım əlbətdə, 40-45 il bundan əvvəlki kimi deyildi. Əbədi gözəlliyini  saxlamağa iddialı deyildi. Vaxtilə Saranı səhnədə görənlər, ömrünün axırında da səhnədə görəndə heyrətlənirdilər. İllər bu qadının üzərində hakim olmamışdı. Biz onun səsini və ifasını eşitməyə adət etmişdik. Onun oxuduğu nəğmələr nə köhnəlir, nə də unudulur. Xalqımız Sara xanımın belə qəfil ölümünü gözləmirdi. O, daim diqqət mərkəzində idi. Amma alın yazısına nə deyəsən. Onun ölüm xəbərinin yayılması minlərlə insanı sarsıtdı.

 

Vida mərasimi Bakıda son illərin ən qələbəlik, ən möhtəşəm dəfn mərasimi idi. Onun ölüm xəbərini eşidən sənətçilər, xüsusilə müğənninin onlarca pərəstişkarları rayonlardan gəlmişdilər. Lerikdən, İsmayıllıdan, Şəkidən, Qubadan və digər rayonlardan gələnlər göz yaşı axıdır, qəm-qüssə içində idilər. Onlar əsas etibarı ilə müğənninin səsinin vurğunu olan keçən əsrin 40-60-cı illərin adamları idilər.

 

Qıçının birini müharibədə itirmiş, hasa ilə yeriyən yaşlı bir kişinin ağladığını görən bəstəkar Şəfiqə Axundova qəhərdən boğula-boğula həmin kişini göstərərək dedi:

 

- Bax, əsl xalq məhəbbəti budur.

 

Sara xanım Fəxri Xiyabanda dəfn olundu. Burada adam əlindən tərpənmək olmurdu. Onun məzarı üstünə qoyulan gül-çiçək dəstəsinin sayı-hesabı yox idi. Çünki Sara Qədimova kimi müğənnilər və xanəndələri tarix nadir hallarda yetişdirir və bu əsrdə bir dəfə mümkündür.

 

Sara xanımın məzarı üzərində həmişə təzə-tər çiçəklər olur. Axı, onun səsi bu gün də diridir, yaşayır və yaşadır. O, bir ulduz idi, bir dəfə səmadan bizim üçün yerə enmiş və 67 illik səhnə fəaliyyətindən sonra yenidən göyə qayıtmışdı. Sara xanım öz təbiiliyi, kişi xarakteri, mərdliyi, qorxmazlığı və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanmışdı. O, bizim nəslin daim dinlədiyi və sevdiyi müğənni idi. Biz həmişə onu Azərbaycan gözəli, ustad xanəndə, vətənpərvər müğənni, daxilən və zahirən gözəl və nadir şəxsiyyət kimi xatırlayacağıq.

 

Çingiz Fərəcov

525-ci qəzet.- 2016.- 5 fevral.- S.4