Azərbaycana məxsusluğun ali və əbədi meyarı
"Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin
elm və mədəniyyətinin təbliği" istiqaməti
üzrə
"Mən fəxr
edirəm ki, azərbaycanlıyam!"
Heydər
Əliyev
Xalqımızın yaddaşında əbədiyyətə
qovuşub əsatirləşən,
qeyrət, qürur, şərəf, paklıq,
ülvilik və əyilməzlik rəmzinə
çevrilən Azərbaycanın
ən dahi tarixi şəxsiyyətlərinə
müdrik xalqımız
tərəfindən verilən
ilkin qiymətin dəyişməz əks-sədası
əsas meyardır - bu, Azərbaycana məxsusluqdur.
Vətənini, torpağını, xalqını,
dilini və dinini sevən hər bir azərbaycanlı
qəlbində Azərbaycana
məxsusluq abidəsini
ucaltmalıdır. Onun cizgiləri
mürəkkəb bir
epopeya təşkil edir. Bu kontekstdə:
Yer övladının ilk müəllimi,
dünyada ədalətin
möhtəşəm məhək
daşı - simvolu olmaq şərəfini insanlığa bəxş
edən Zərdüşt
idrakındakı Azərbaycana
məxsusluq;
Türk
dünyasını nəhayətsiz
xeyirxahlıq səltənəti,
müdriklik qayəsi ilə ziynətləndirən
Dədəm Qorqud ovqatındakı Azərbaycana
məxsusluq;
Xalqımızın milli qəhrəmanı Babəkin
ağıl və igidlik bitkinliyinin vəhdətindən doğan
vətənə, torpağa
sonsuz məhəbbət
atəşiylə ürəkləri
alovlandırıb azadlıq
ideyasını car etməsindəki
Azərbaycana məxsusluq;
Mövcudatın varlığını ülvi ilahi hislərin harmoniyasında:
hərəkət, məkan
və zamanın vəhdətində, insan idrakının hökm və istiqlalında, müsəlman-Şərq fəlsəfəsinin
hikmətləri ilə
bəyan edərək
dünyanı heyrətdə
qoyan Bəhmənyar fəlsəfəsinin əlçatmazlığındakı
Azərbaycana məxsusluq;
Cəlaləddin Rumi Mövlananın "Olduğun kimi görün göründüyün
kimi ol!" fəlsəfəsinin ümumbəşəriliyindəki
Azərbaycana məxsusluq
başlıca meyar kimi önə çıxır.
Eyni zamanda:
Xaqaninin
ensiklopedik zəkasından
bəhrələnən əyilməz
poetik ruhundakı, xaqanlıqla xalqı xaqan etməsindəki Azərbaycana məxsusluq;
Nizami Gəncəvinin poeziya kəhkəşanına yaydığı,
"Ən parlaq poeziya günəşi"nin zülmün gözlərini kor edən, insanlara mərhəmət, yaşamaq,
yaratmaq xoşbəxtliyi
bəxş edən məlhəm ziyasındakı
Azərbaycana məxsusluq;
Göy aləminin sirlərini, hikmətlərini yer aləminə bəyan edən Nəsirəddin Tusinin fövqəlbəşər
zəkasındakı Azərbaycana
məxsusluq;
Nəsiminin söz mülkündə əlçatmaz zirvə fəth etməsiylə saf əqidə və məslək uğrunda mübarizəsindən
doğan inamındakı
Azərbaycana məxsusluq
da son dərəcə
önəmlidir.
Eləcə də:
Şah İsmayıl Xətainin qüdrətli hökmdar, sərraf söz fatehliyinin hikmətindən
yaranan "Vətən,
torpaq, xalq, dil və din məbədimiz"i sərtliklə
zərifliyin vəhdətində
səcdəgaha, sirlər
xəzinəsinə, şərəf
və qeyrət məkanına çevirmək
naminə ölüm kabusunun üzərinə qartal kimi şığıyan
cəngavərliyindəki Azərbaycana
məxsusluq;
Füzulinin ucaltdığı anadilli
poeziyamızın möhtəşəm
abidəsi, "Şəbi-hicran"
sədası ilə xalqımızın harayına
hay verən fəryadındakı
Azərbaycana məxsusluq;
Mirzə
Fətəli Axundzadənin
zəngin düha səltənətində yaranan,
xalqımızı ətalətdən
çıxaran dramaturgiyasında
real həyatı əks
etdirməsindəki Azərbaycana
məxsusluq;
Öz cəfakeş "Əkinçi"si
ilə məfkurəmizə
mənəvi dəyərlərimizin
toxumunu səpmək, cücərtmək, qan yaddaşımıza əbədi
həkk etmək və onları milli əxlaqımızın
fövqünə yüksəltmək
yolunun memarı, yorulmaz fədaisi Həsən bəy Zərdabinin milli ruhumuza aşıladığı
təəssübkeşlik hissindəki
Azərbaycana məxsusluq
əbədiyaşar cəhətdir.
Bununla yanaşı:
Mirzə
Ələkbər Sabirin
nəhəng, möcüzəli,
bənzərsiz söz
aləminin fövqündə
qərar tutan "düzü-düz, əyrini-əryi"
deyimli dünyasındakı
Azərbaycana məxsusluq;
Cəlil
Məmmədquluzadənin görkəmli
ictimai-siyasi xadim, əvəzsiz dramaturq, alovlu vətənpərvər,
böyük demokrat olmasından və publisistliyindən mayalanan,
mənəviyyatımızı öz doğma cənnət diyarımızda
deyil, özgə qapılarının künc-bucaqlarında
arayanlara, doğmalara qənim, yadlara payəndaz ola-ola düşmənlərimizin ilanmələyən
səhralarında, od-alov
püskürən ilğımlı
qum dənizləri üzərindəki külək-pozacaq
izlərində, xarlanmış
qar üstündəki
günəş ziyasına
bənd ləpirlərində
axtaran xalqayabançı
ünsürləri "elin
gözü, xalqın
sözü" ilə,
ürəkləri riqqətə
gətirən qəhqəhələrlə
faş etməsindəki
Azərbaycana məxsusluq;
Məzlumları rəzalət və
cəhalətdən xilas
etmək naminə pərvanə kimi alışıb yanan, bu mübarizədə şəhidlik yolunu seçən, əbədiyyətə
qovuşan Nəriman Nərimanovun nurlu simasındakı Azərbaycana
məxsusluq;
"Bir kərə yüksələn bayraq bir daha enməz!",
"Ya şəhid ol, ya qazi!",
"Hürriyyət simfoniyaları"
ilə "Əsrimizin
Səyavuşu" olmağı
azadlıq mücahidlərinə
örnək edən Məhəmməd Əmin
Rəsulzadənin milli
ləyaqət duyğusundakı Azərbaycana
məxsusluq;
Seyid Məhəmmədhüseyn Şəhriyarın
müxtəlif dillərdə
yazdığı bitkin
klassik əsərlərinə
ana südünün möcüzəli ətri,
qan yaddaşının
əzəməti, doğma
yerlərin əvəzedilməzlik
möhürünü vuran,
"Heydərbabaya salam"da
şirin xalq ləhcəsilə dillənən
Azərbaycana məxsusluq
da misilsizdir, təkrarsızdır.
Müstəqilliyimizin, milli qurtuluşumuzun əbədiliyini,
dönməzliyini bərqərar
etmək, Azərbaycan
həqiqətlərinin görünən
və görünməyən
cəhətlərini - azərbaycançılığın
meyarını "Mən
fəxr edirəm ki, azərbaycanlıyam!"
deyimi ilə soydaşlarımıza və
dünyanın insanpərvər
ictimaiyyətinə çatdırmaqda
misli görünməmiş
qətiyyət, polad kimi möhkəm iradə, tükənməz
səbr, mükəmməl
qərarlılıq nümayiş
etdirən, "Xalq - Heydər, Heydər - Xalq" kəlamı ilə qiymətləndirilməyə
layiq görülən,
bütün dünyanı
zəkası ilə heyrətdə qoyan Heydər Əliyevin müdrik, cahanşümul
siyasətindəki Azərbaycana
məxsusluq daima əldə rəhbər tutulmalı, kamil yolgöstəricidir.
Vətənsevər, torpaqsevər, xalqsevər, dilsevər, dinsevər soydaşlarımızın işıqlı gələcəyimiz üçün, yaxşının yamandan ayrılması naminə intellektual imkanlarını səfərbər etmələrindəki Azərbaycana məxsusluq da qüsursuzdur. Bu, mənliyimizi yaşadandır, qan yaddaşı üzərində özünütəsdiqdir, ölməzliyin təntənəsidir.
Bu təntənədə dünyanın 11 iqlimindən 9-nun bu torpaqda qərar tutması, mübarizə, həyat, dirilik nəhrləri olan Xəzər dənizi, Kür və Araz çayları, bəşər sivilizasiyasının ən qədim insan məskənlərindən Azıx mağarası, Qobustan, Gəmiqaya, Həsənli abidələri, ədalətin, xeyirxahlığın, siyasi qurtuluşun, haqqa olan qırılmaz inamın mücəssəməsi - "Avesta" salnaməsi, aqillik etalonu, hikmət mücrüsü "Dədəm Qorqud kitabı", dünya poeziyasının əbədi çağlayan ilk gur çeşməsi - Nizami irs, həmçinin əyilməzliyin, dözümlülüyün rəmzi, torpağa bağlılıq nişanəsi - "Dəmirağacı abidələri", eramızın yaşıdı "Yaşıl çinar heykəlləri" də öz layiqli yerini tutur. Bunların özülündə bu əbədi vətənimizin adının düzgün tələffüzü, dürüst səslənişi, təhrifdən, xətadan arınması dayanır.
Azərbaycana məxsusluq abidəsini ruhunda ucalda bilməyəndə biganəlik insanın içini yeyir, o, yadlaşır, gərəksizləşir!..
Bu abidəni öz ruhunda daşıdıqda, qəlbində ucaltdıqda yurdumuzun adi quru yarpağından tutmuş, işıqkeçirməz meşələrinəcən, bir zərrə torpağından tutmuş ən qəlbi dağlarınacan, adi qəbir daşından tutmuş müqəddəs türbələrinəcən, fərdindən, vətəndaşından tutmuş xalqacan, didərgin çadırından saraylaracan, hər yerdə mənəvi dəyərlərimiz öz adı ilə oxunur, öz ünvanı ilə tanınır. Azərbaycana məxsusluğun meyarının gələcək nəsillərə çatdırılması kimi müqəddəs işin əsası beləcə qoyulur!..
BABULLA
525-ci qəzet.- 2016.- 10 fevral.- S.6.