Ağdamda nəyim qaldı ?

 

 

Evdə arvad olmadığından yeməyə dadlı bir şey də tapılmırdı, hərdən Surayya boşqabda bir pay dadlı nəsə gətirirdi.

 

Tamahı çəksə də, Nənəm erməni gətirən xörəyə əl vurmur, öz payını da mənə verirdi. Mən də əvəzində məxsusi onun üçün iki yumurta alıb qayğanaq bişirirdim. Nənəm dişsiz ağzını marçıldada-marçıldada çörəyin içi ilə qayğanağı iştahla yeyirdi. Ağzını nimdaş kəlağayısının ucu ilə silib Allaha şükür eləyəndən sonra mənə alxış eləyirdi. Bəlkə gəncliyimdən başlayaraq məni müşayiət eləyən xoşbaxtlıq məhz o qayğanaqdan sonra Nənəmin elədiyi alxışın nəticəsi idi? Bir dəfə də su qızdırıb onu çimizdirəndə, qoca bədəninə, ağarmış başına su tökəndə arvad xoşbaxtlıqdan ağladı. Tərtəmiz geyinib taxtına çıxandan sonra dümağ ipək saçını darayıb nazik hörüyə alanda bir “Oxay!” deyib məni yaxına çəkdi, istiliyini çoxdan itirmiş nazik dodaqlarını üzümə yapışdırdı.

 

- Əli dadına çatsın, Əli! Sən olmaseydın mənim bu arsız canıma qurd düşərdi. O kişidən istəmişəm, səni min budaq eləsin. Azarın da düşsün Sayadın, Sitaranın ürəyinə!

 

lll

 

Mən artıq on birinci sinifdə oxuyurdum. Bir tərəfdən, məktəbi bitirib Bakıya, arzularımın şəhərinə getməyə tələsirəm, bir tərəfdən də Nənəmin dərdini çəkirəm. Mənsiz bu arvadın halı necə olacaq, buna kim baxacaq? Arvad özü də qorxu keçirir, hərdən dilə gəlirdi:

 

- İndi sən də İrəf kimi Bakıyeydəssən dayna?

 

- Bə nədi, burda inistut var?

 

- Bəs məni kimə tafşırıf gedəssən, ay namard?

 

- Eybi yox, onda qədrimi bilərsən. Qarğış eləməyə adam da tapmıyassan.

 

- Qorxma, mənim qarğışım səni tutmaz. - Üzündə xəfif təbəssüm görünür. - Oyrəli sürünə-sürünə meçidə getmişdim. Adına şam yandırdım.

 

- Qarğış şamı?

 

- Dilin-ağzın qurusun! Qarğış nədi? Mən saa qarğış eliyənəm? Allahdan təvəqqe elədim ki, səni yarıyannardan eləsin. Maa da bir ucuz ölüm versin, sən gedənəcən.- Bu yerdə Nənəm ağlayır. - Çox ləngidim ey mən... Hamı getdi, mən qaldım...

 

Mən də kövrəlirəm. Onu qucaqlayıb qırışlar doğramış qarayanız üzündən öpürəm.

 

- Meçidə gedib özünə qarğış eləyirsən? Vərdişkar olmusan ey!

 

Peyğəmbərimizə aid edilən bir hədis var: “Heç vaxt sabahın dərdini bu gün çəkmə!” Həqiqətən, sabahın dərdini çəkməyə dəyməz, bir halda ki, o sabahın nə gətirəcəyi sənə məlum deyil, bir halda ki, sabah sənin üçün açılmaya da bilər. Necə ki, Nənəmlə məni narahat eləyən məsələ öz-özünə həllini tapdı. Sapsağlam arvad durduğu yerdə yıxıldı, özü də bərk yıxıldı, neçə yerdən qol-qabırğası, ayağı, omba sümüyü sındı. Elə bu yıxılmaqla da bir daha qalxmadı, on-on beş gün çəkən əziyyət və ağrılar içində canını tapşırdı. Onu Novruzlu qəbiristanlığında daima gileylə yad elədiyi ərinin, Şahverən babamın yanında dəfn elədik.

 

İndi isə bir az geri qayıdaq.

 

lll

 

Onuncu sinfi bitirmişdim, yayın bitməsini gözləyirdim ki, on birə başlayım. Çox da darıxdırıcı yaydı. Yaxşı ki həmin yay həyətdə loto epidemiyası başladı: hamı - arvadlı-kişili, uşaqlı-böyüklü birdən-birə bu xəstəliyə yoluxdu. Saat on bir - on iki olan kimi arvadlar, işə getməyən kişilər və gimrik uşaqlar bir vaxtlar bizim həyətdə yaşamış Calal müəllimin dul bacısı Nənəşin açıq artırmasına yığışıb lotoya başlayırdı. Mən də bu kiçik qumara uymuşdum, özümlə heç cür bacarmırdım. Dərslərimi təkrar eləmək, gələcək imtahanlara hazırlaşmaq əvəzinə, üç kartın qabağında oturub, heç bir fərasət, ağıl tələb etməyən baxtabaxt oyundan uduş gözləyirdim. Heç vaxt da udmurdum, elə bil oyun məndən acıq çıxırdı avaralıq etdiyimə görə. Bir tərəfdən də Papamın danlaqları! Dünyanın bütün keflərindən gen-bol istifadə eləyən kişinin qorxduğu bir şey vardısa, o da qumardı. Elə ki otururdum lotoya, bir gözüm Dəyirman həyətinin əsas girəcəyinə dikilirdi. Bəzən oyunun ləzzətinə başım elə qarışırdı ki, Papam yaddan çıxır, onun gəldiyini görmürdüm. Dəstgah da onda başlayırdı. Kişi bir elə millətin qabağında yumurdu gözünü, açırdı ağzını:

 

- A padles, sən genə lato oynuyursan? Ə, bəs ağzını əjdaha kimi açan o inistuta kim girəjək? A lato çıxardanın var-yoxunu! - Tüpürür. - Düş qabağıma, padles, sənnən evdə danışajam!

 

Mən bilirdim ki, belə məqamda susmaq ən yaxşı müdafiədir, hərdən bir “elədi, papa, düz deyirsən” demək də pis nəticə vermir. Başımı aşağı salıb günahkarcasına Papamın qabağı ilə həyətə girirəm. Bu yerdə Nənəm əleyhimə könüllü ifadə verməyə başlayır:

 

- Səhər açılannan ordadı, Məhəmməd! İmanım daşa dönsün yalan deyirəmsə! Həyət-baja nə gündə, evdə su yox, vedrələr bomboş, ağaşdar yanır susunnan. Deyirəm, danışıram, qarğıyıram... kimə deyirsən? Mən deyirəm, mən eşidirəm, mən boyda arvadı danzına da almır. - Bir ağız öskürür. - Bax, saa demişəm, Məhəmməd, bir də deyirəm, bunnan saa oğul olmuyajax!

 

- Az, sənnən soruşan yoxdu! Ağzına gələni də danışma!

 

- Mən it oluf uluyaram əyər onnan saa oğul olsa! O arvaddar ev-eşik qoymadılar səndə, oluf-qalanını da bu dağıdajax! Nəyin var qoyajax qumara...

 

Nənəmin dörd oktavalıq məşhur öskürəyi dadıma yetir, monoloq yarımçıq kəsilir. Papam davam eləyir:

 

-Sən də oldun Mənafın tayı, Əli? Dedim, a beqeyrət, qumar oynama, arvadbazdıx eləmə, işgi işmə, vaxtında evinə gəl, arvadıyın-uşağıyın üstündə ol! Kimə deyirsən?!

 

Nənəm davam eləmək istəyir, amma yenə də öskürək güclü çıxıb arvadı gömgöy göyərdir. Məni gülmək tutur, başımı daha da aşağı salıram ki, gülüşümü boğa bilim.

 

- Məhəmmm... öh-hö-hö-hö... - Arvadın daha bir təşəbbüsü fiaskoya uğrayır.

 

ən artıq gülməyimi saxlaya bilmirəm. Papam təəccüblə baxır mənə:

 

- Gülür, ə! A məni qınıyan! Mən burda hirsimnən çatdıyıram, bu gülür! Ə, sən bizi ... sarımısan, Əli?

 

Mən gülməyimi çətinliklə saxlayıb ciddiləşməyə çalışır və özümü müdafiə üçün nəsə uydurmaq istəyirəm:

 

- Papa...

 

- Zəhrimar papa! Mən də bunu ağıllı bir adam bilirdim!

 

- Kimdi, ə, ağıllı?! O Bakıyeydif İrəf kimi meytəvə girsə mən it oluf uluyaram.

 

Burda komik-dramatik vəziyyəti bir anlığa dondurub nəhayət, deyim ki, Nənəmin dilindən bir neçə dəfə eşitdiyiniz İrəf adı mənim xalam oğlu məşhur alim, qeyri-səlis məntiq nəzəriyyəsinin müəlliflərindən biri Rafiq Əliyevin adının təhrif olunmuş formasıdır, özü də eksklüziv olaraq Nənəmə aiddi. Onu da deyim ki, fövqəladə istedadına, çalışqanlığına və uğurlarına görə Rafiq Əliyev hələ o vaxtların özündə belə şöhrətin tam içində olmasa da, artıq astanasındaydı. Nəslin bütün gənclərinə göstərilən, nişan verilən parlaq nümunə, pis çıxmasın, həsəd yeriydi. Arvad məni incitmək, məndən nəyinsə qisasını almaq, məndə həsəd və paxıllıq duyğusu oyatmaq istəyəndə İrəfdən istifadə edirdi. Hətta onunla bağlı rəvayətlər uydurur, nağıllar danışırdı. Mənə eşitdirmək üçün guya ikinci bir adamla söhbət eləyirdi:

 

- Qurbanı olduğum İrəf təkcəjə başına Bakıyeydif meytəvə, orda, nədi o, oturuf məllimnən düz qabax-qənşər. Nə soruşuflar cababını verif, cabbarıca danışıf yerri-yataxlı, o nə deyillər, huşum ha qalmıyıf, hə, məllimin laf böyüyü deyif, a bala, bu dediylərin sənnik dəyil, sən bir tikə uşaxsan, bulları hardan bilirsən? Nənəsi ölmüş qaydıf ki, bəli, hamısın özüm örgənmişəm. Məllim də deyif, bərəkallah, səni yekəldən atıya-anıya! - Burda Nənəm yaylığının ucu ilə ağzının qıraqlarını silib təzədən üzünü gözəgörünməyən həmsöhbətinə tutur. - Ona gələn azar maaəlsin! Camahat da burdan duruf deyir mən də oxuyajam, meytəvə girəjəm. Ay girdin hay! Elə halveymış hər yerinnən duran gedə meytəvə girə! Oyrəli qadasın aldığım, tilfonnan Sayada deyif ki, bəs, nənə, məni göndərillər Urusetə. Sayad da deyif ki, get başına dönüm, hara deyillər ora da get, özünnən də müğəət ol! Sayad da maa deyir, qoy getsin, nənə, Uruset yaxşıdı, məllimi çağırıf. Mən də-höh-höh-hööö-öh-öh... - Burda arvadı möhkəm bir öskürək tutur. Elə bir öskürək ki, az qala içi-içalatı bu saat yerə töküləcək.

 

Mən “Ovod”dan aralanmıram. Əksinə barmaqlarımla hər iki qulağımı tuturam. Nəhayət, öskürək səngiyir, Nənəm dəyişmiş və tamam düşmüş səslə mənə üz tutur:

 

-Ay üstünə od tökülsün, görmürsən çatdadım? Dur bir istikan dağ su ver dayna maa?!

 

Mən kitabın səhifəsini çevirib çox sakit səslə deyirəm:

 

- Çağır İrəf versin, o yaxşıdı.

 

-Buy, İrəfin qadası düşsün sənin ürəyinə!

 

Bu nəcib arzudan sonra Nənəmin ünvanıma söylədiyi qarğışlar bir-birini basdalayır. Mən kitabı örtüb evdən çıxıram. Bir az həyət-bacanı dolanıram, gecəni rahat yatmaq üçün aptekə dəyib Nənəmə “Kodein” alıram. Bu dərmandan bir həb atanda arvad gecəni yaxşı yatırdı. Çox sonralar bildim ki, “Kodein” narkotik tərkibli dərmanmış.

 

Papam monoloquna davam eləyir:

 

- Demə elə Mənafın bir tayı da buymuş! Onu da söydükcə hırıldıyırdı. Deyirdim, ay oğrac, mən saa öyüd verirəm sən də altdan-altdan irişirsən? - Səsinin tonu dəyişir, deyəsən məni danladığını unudur. - Nə desə yaxşıdı, Əli? - “Toçnı” elədi, mən yaddan çıxıram, Mənaf girir qanımın arasına. - Bax sən öl, saa sən öl deyirəm, qayıdasan ki, əşi, qağa, mən də sən eliyənnəri eliyirəm dayna! Dedim, ə, bəs saa bəyaxdan dediyim nədi, a beqeyrət? Mən eləmişəm, altını da çəkirəm, sən eləmə! Bax maa, ibrət götür dayna! Qayıdıf qırmızıca üzümə nə desə yaxşıdı, Əli? Bax sən öl, birin oyan-buyan deyirəmsə canım ölsün! Deyir, axı sən indi də eliyirsən, qağa. Pah məni qınıyan sənin... - Səssiz gülüşdən çiyinlərim titrəyir. Papam söyüşünü bitirib davam eləyir. - Ə, bəs mənim saa dediyim nədi, Mənaf, a qancığın qarnınnan çıxan? Mən eliyənnəri eləmə dayna! Kimə deyirsən?! Dörd dəfə tükan açdırdım, hamısını yedi-dağıtdı, əskik-əskik dalınca. Bu yeyir, gəzir, qumar oynuyur, qəhbələrə yedirdir hökumətin pullarını, meydanda qalıram mən bədbaxt! Ona ağız aç, buna yalvar, onu dəsmalla, bunu dəsmalla, qutar bu oğracı türmədən, sora genə yalvar-yaxar buna tükan açdır, genə hər şey təzdən başdasın. And içir, aman eliyir, qurana əl basır, bir beş-altı ay adam balası kimi dolanır. Mən də sevinirəm. Elə ki, əlinə birəz pul gəlir, çönür olur həməşəki Mənaf! Hər şey təzdən başdıyır. Tüü! Ə, mən niyə yarımadım oğuldan-uşaxdan?!

 

- Ə, belinnən gələn Mənafdan saa oğul olmadı, Məhəmməd, bunnan olajax?

 

- Az, dedin eşitdik dayna, Zinyət! Yum dayna o qəşəng ağzını!

 

- Ə, sən bilmirsən ki, Məhəmməd, dana damnan çıxar, oğul... öh-öh-öh-hö-höhhh... - Öskürək bu dəfə senzura rolunu vaxtında oynayır.

 

Papam içalatı titrədən öskürəkdən gömgöy göyərmiş Nənəmə baxıb başını bulayır.

 

-Ə, mənim günümə bax, sahatıma bax... Qalmışam bir qoja ifləmə arvadın əlində, bir də... Əli, bax, bu sən öl, saa sən öl deyirəm, bilirsən ki, bu ləğviyət dünyada sənnən çox istədiyim bir kopolu-kopaqqızı yoxdu, səni bir də lato oynuyan görəm, hamının yanında böüzm eləməsəm mən heç o Şahverənin oğlu dəyiləm! Baxmıyajam ki, saa birəz hürmətim var! Eşitdin, padles?!

 

lll

 

Qorxudan ta loto oynamırdım, oynayanda da bilirdim ki, böyük risk eləyirəm. Əlbəttə, hədələsə də, o mənə əl qaldıran deyildi, amma qonşuların qabağında danlanmağı çoxdan özümə sığışdırmırdım. Oynamırdım, amma oyuna baxmaqdan özümü saxlaya bilmirdim. Məni oyuna baxmağa vadar eləyən bir səbəb də Donara idi.

 

Mənə simpatiyasını açıq-aydın bildirən, fürsət düşəndə saçıma əl atan Donara, gəlib özü oynamasa da, oynayanlara baxırdı, özü də dayanırdı yanımda və heç kəsin görmədiyindən arxayın olub, böyürdən yanını mənə söykəyirdi. İlk vaxtlar mən buna əhəmiyyət vermirdim, amma onun bu hərəkəti bir neçə dəfə təkrar olunanda hiss elədim ki, bu toxunmaq təsadüfi deyil. Sonrakı günlər də mənim yanılmadığımı təsdiq elədi. Donara getdikcə bədəninin daha çox hissəsini mənə yapışdırmağa çalışırdı. Nə gizlədim, həyəcanlanırdım. Onun nazik donundan bədəninin yumşaqlığını hiss edir, canıma keçən istisi onsuz da mənə neçə vaxtdı rahatlıq verməyən gizli istəklərimi coşdururdu. Belə məqamda Donara baxışlarını məndən yayındırır, üzümə-gözümə baxmaqdan çəkinir, münasibətin leqallaşmasını istəmirdi. Guya heç nə baş vermirdi. O, loto oynayanlara söz atır, nəsə nağıl eləyir, danışır, gülür, guya oyunun gedişini diqqətlə izləyirdi. Arada mənə daha bərk sıxılmağı da unutmurdu. Mənim bütün bədənim əsir, çoxdan qalınlaşmış səsim batır, təzəlikcə dikəlmiş hulqumum qalxır-enir. Donaranın da halında dəyişiklik baş verdiyini görürdüm. O, özünü nə qədər sərbəst aparsa da, bədənindəki titrəyişi gizlədə bilmirdi.

 

Bizim bu dilsiz münasibətimiz getdikcə sürət yığır, qadını bilmirəm, məni çox məşğul edir, xəyallarımda qəribə intim mənzərələr yaradırdı...

 

- Ay üstünə od tökülsün yat dayna, nə atılıf-düşürsən o qıravatda? Niyə qoymursan bir çimir eliyim? Axı mən ölmüş səhəri diri-gözdü açıram!..

 

 

Əli Əmirli

525-ci qəzet.- 2016.- 13 fevral.-23