GİZLİ SEVGİ

 

Bir gizli sevginin qəhrəmanıyıq,

Bir kimsə bilməyir bu sevgimizi.

Görüşük, vüsalıq, baharıq, yayıq,

Baxanlar özgələr bilirlər bizi.

 

Küçədə, bayırda qarşılaşırıq,

Ani bir təbəssüm bəs edir bizə.

Xəyal qanadlanır, dağlar aşırıq,

Quşlar nəğməsini bəhs edir bizə.

 

Bu gizli sevgini qürur sanırsan,

Sevgisiz günümdən usanır ömrüm.

Sevgimdən sən necə qürurlanırsan,

Sevgindən o qədər uzanır ömrüm.

 

Hər ötən anımız xoş xatirələr,

Sevənə özgə söz quru öyüddü.

Gözəldir necə barlı sevgilər,

Bəhərsiz sevgilər barsız söyüddü.

 

Aşkara sevənin söz deyəni çox,

Aşkara sevənlər dilə düşürlər.

Bəxtəvər deyəni, göz dəyəni çox,

Dastana dönürlər, çölə düşürlər.

 

Gün elə gündü ki, saralanda da,

Gizli saxlayırıq biz sevgimizi.

Biz ki bir yerdəyik ayrılanda da,

yaxşı, özgələr bilirlər bizi.

 

lll

 

Sən mənim ömrümə qışımda gələn,

Mən sənə ağrıyan həmsöhbətinəm.

Üzünə baxanda halını bilən,

Halına baxanda-qəm söhbətinəm.

 

Baxışın üzümə zillənib qalır,

sən dillənirsən, mən dinirəm.

İstəklər gözündə güllənib qalır,-

Saralan günəşəm, dağdan enirəm.

 

Suları sovulmuş ləkə dönmüşük,

Gözümüz bir ötən yolçu gözləyir.

Duyğudan duyğuya yükə dönmüşük,

Hardasa bir ovu ovçu gözləyir.

 

Olmuşlar, keçmişlər çözələnir hey,

Güllüyə düşürük, cavanlaşırıq.

Keçmişə dalanda təzələnir hey,

Bu günə dönəndə-yavanlaşırıq.

 

Elə bil bəd dua oxunub bizə,

Elə bil heç nədən sehrlənmişik.

Qara qüvvələrmi toxunub bizə,

Yoxsa özümüzdən mehrlənmişik?

 

Gizləyə bilmirəm mən ki hissimi,

Gör necə nəm çəkir, donur əlimiz.

Yalnız xatirədə kəpənək kimi,

Əllərdən əllərə qonur əlimiz.

 

Sən mənim ömrümə qışımda gələn,

Mən sənə ağrıyan həmsöhbətinəm.

Üzümə baxanda halımı bilən,

Halına baxanda-qəm söhbətinəm.

 

lll

 

Qalın-qalın kitabın,

Kürsü-kürsü xitabın.

Dörd tərəfin öz babın,

Yetirməsən, yetirmə.

 

Gələnin haqdan gəlir,

Yazılı baxtdan gəlir,

Qurulu taxtdan gəlir,

Gətirməsən, gətirmə.

 

Tərifi dad bilirsən,

Tənqidi od bilirsən.

Doğmanı yad bilirsən,

Ötürməsən, ötürmə.

 

Alan əlin cəm çəkir,

Verən əlin kəm çəkir.

Başın göydən nəm çəkir,

Bitirməsən, bitirmə.

 

Cavad deyir, bəri bax,

Bir irəli, geri bax.

Yerişinə yeri bax,

İtirməsən, itirmə.

 

Gedəndə...

 

İnsan işıqlanır ölümqabağı,

Saralmış çöhrəsi elə nurlanır...

Güllənir bənizi, yoxalır ahı,

Baxırsan, elə bil bir çıraq yanır.

 

Bu nurun sirri , möcüzəsi ,

Xəyallar yerimdən qoparır məni.

Vardıqca bu sirrin möcüzəsinə,

Cavabsız suallar aparır məni.

 

Qaraya-quraya biz ki dözürük,

Çirkaba, çamura daim hazırıq.

İşıqlı olana ağız büzürük,

İşıqlı olana quyu qazırıq.

 

Kölgələr gəzirik ağlığımızda,

Kölgəli həyatdan heç bezmirik .

İşığa dönmürük sağlığımızda,

İşığa dönməyə tələsmirik .

 

Vaxt olur, fil yükü daşıyırıq biz,

Ölümü həmişə uzaq sanırıq.

Qaralı bir ömür yaşayırıq biz,

Gedəndə biz ancaq işıqlanırıq.

 

Gül şəklində

 

Yaxşının qəbri çiçək bitirər,

Ləçəyi zərifcə-tül şəklində.

Kimlər ki, qəlbində sevgi gətirər,

Görər yaxşıları gül şəklində.

 

İNDİ BİLDİM

 

Yaman əsəbisən, yaman əsəbi,

Göy atı buraxıb cini minmisən.

Üzündə göylərin hirsi, qəzəbi,

Mən indi bildim ki, “göydən enmisən”.

 

VƏZİFƏ

 

Vəzifə hörmətdir, vəzifə gözəl,

 Ondan yuxarıda dayananlara.

Həm dərin kisədi, həm uzanan əl,

Söyüşdən allara boyananlara.

 

Cavad Zeynal

525-ci qəzet.- 2016.- 13 fevral.- 22