İlkdən sona gedən yolda...

 

 

 

Üşümək... adicə bir kəlmədi, soyuqda üşüyərlər. İsti gələr, keçər gedər bu üşümək... Qalar xatirəsi...

 

Üşüməyin xatirəsi üşüdür adamın ürəyini. Beynini o üşüdüyün günə kökləyəndə ürəyindən keçən qanın da "sərinliyini" hiss edirsən elə bil... İndi gülüb keçən tapılacaq bu üşüməyin fəlsəfəsində azmağıma. Eynimə almıram, əminəm ki, dodağı qaçanlar Dəyanət Osmanlının şeirlərini oxumayıblar.

 

Pəncərəmdən qarlı bir gecə keçir,

Üşüdüyün günün fotosu

Gözlərimə baxır divardan.

Yadındamı,

Necə çarəsizdim

Sən titrərkən soyuqdan.

 

Ən əzizinin, bir ürək daha doğmasının üşüdüyünü görüb çarəsiz qalan adamın içindəki yanğıya da acığı tutur, o yanğıdan bir ovuc götürüb sevdiyinin canındakı soyuğun başına əndərə bilmir deyə... Dəyanət Osmanlının şeirlərinin hər biri fərqli tablo...

 

"İlk son" kitabını vərəqlədikcə rəsm sərgisindəymişəm kimi bütün şeirlərin doğulduğu anı, "inqə" səslərini, bu səsin ağrılarla çarpışmasını "gördüm"... Dünyanın tüm rənglərində, hətta, rənglərin tüm çalarlarında...

 

Qar yağır soyuq qış gecəsinə.

Çay evində qoca rəssam

Ən çox sevdiyi

Bozarmış-saralmış tablosuyla

Ödədi bütün borclarını.

 

lll

 

Axşam tramvayında

Xidməti hissəyə dönürdü

Bir inşaat əsgəri.

...Ötən gün yazdığı

Sevgi məktubunu xatırlayırdı...

 

Bu "baxıb gördüyüm" tabloların çoxu mənim tanışlarımdı... Bir-birimizin gözünün içinə dik baxa bilməyəcəyimiz qədər əskilib tanışlığımızın tarixi... Çardağın bir küncündə qırmızı donlu gəlinciyin pırtlaşıq saçlarının arasından görünür tanışlığımızın ad günlərini qeyd etdiyimiz köhnə təqvim... ... Dəyanət Osmanlı adlı şairin yazdıqları həyatın özünü boylandırır gah qızılı, gah da tünd-qəhvəyi çərçivəli tablolardan... Təqvimlər gündən-günə qorxudur adamları, etiraf etmək çətindi, amma dolayısıyla bunu hamımız dilimizə gətiririk... Ya da belə deyim, dilimizdən, cümlələrimizdən qova bilmirik təqvimdən qorxduğumuzu... Tabloların bütün fon rənglərində cəsarət hayqıran şair ruhu da təqvimdən qorxurmuş... Bu qorxular fəsil-fəsil rənglənib şeirlərdə...

 

Qar basır dekabrı,

Bütün umudları

Aparır divanə külək

Qiyamətin xarabalığına...

 

Dekabrda "sısqalaşmış" ağacların, bükülmüş damların, küçələrdən üz döndərmiş pəncərələrin qorxutduğu şair...

 

Fevral,

Qar,

Çərşənbə...

Külək qışı qovur, əzizim.

 

"Yaza qaldı?"-deyə gün sayan, qışın qovulmasından təsəlli tapan şair...

 

Heç yadımda yox,

Hər şeyin nurani üzü

Soyuğa,

Qaranlığa bənzər.

Viranəyə dönüb

Sentyabr şənbəsi.

 

Çəkilən pərdələrin arxasından boy göstərən bozumtul hava, yarpaqların yoxluğunu özünə dərd edib qaş-qabağını tökmüş ağaclar xatirələrinin ən "soyuğunu" ürəyinə geyinmiş şair...

 

Eşikdə aprel gecəsi,

Ağaclar yalqız,

Budaqlar səs salır qorxusundan.

Küləksə oxuyur:

-keçər, ağacım, keçər...

 

Tənhalığından ürpənən, küləyin ağac budaqlarındakı rəqsindən ilhamlanaraq "həyatda hər şey müvəqqətidir" teoremini yaşamıyla aksioma olaraq təsdiqləyən şair...

 

Dəyanət Osmanlının etirafı misra-misra olsa da bir-birini bağrına basmağı bacarır bu misralar... qucaq-qucağa, bəzən çiyin-çiyinə, bəzən sadəcə əl-ələ verib şair ürəyinin ağıla, ölçüyəgəlməz hisslərinin ağırlığına dayanırlar... Aradabir bu misralar bənd-bənd xəbər ötürürlər yolları uzaq düşmüşə...

 

Bildinmi nələr oldu,

Sənin ayrılıqdan sonrakı sevincin,

Sevginin yasından çıxmış

Tənhalığım mənim

Bir-birini bağışlayıb,

Bir-birinə sarıldı...

 

şair əmindi ki, xəbər yolların o başındakı mənzilə yetişir... Şairdən küsənlər şeirdən küsməzlər axı... Şairi tənhalıqla baş-başa qoymaq yeni şeirlərin cücərməsinə cəhddi bəlkə ... Ən gözəl şeirlər şairin sevgisindən özündən ibarət "çoxluğundan" doğulur...

 

Sevildiyim qədər

Yalnızlığım var,

Bəlkə çox.

Amma təkliyimi

İtirdiyim qədər xoşbəxtəm.

Bax, belə...

Sənə məktub yazıram

Ayrılıq qorxusundan,-deyir...

 

lll

Sən könül bağıma girəli

İçim  ələk-vələkdi,

aparıb getmisən,-deyir...

 

lll

 

Özün bilərsən

Hər şey yuxutək bitəndə,

Məni bir qurd kimi sevəydin

gərək,-deyir...

 

Deyə-deyə İlkdən Sona doğru gedən yolda şeir boyda öz ölçü vahidini yaradır Dəyanət Osmanlı... O ölçü vahidinin adı çox sadədir: "..." " bütün şairlər şeir-şeir doğulur, şeir-şeir ölür, şeir-şeir əbədiyyət olur... Və... Şükür şairinə, Tanrım!"

 

 

Şəfa VƏLİ

525-ci qəzet.- 2016.- 16 fevral.- S.8.