Azərbaycan ədəbi dilinin dövrləşdirilməsi və Tofiq Hacıyev elmi irsi

 

 

Azərbaycan ədəbi dili tarixi türk xalqlarının ədəbi dili kontekstində özünəməxsus yer tutur.

 

Tədqiq mövzusu tarixi qrammatika ilə eyni olan ədəbi dil tarixinin tədqiqat dairəsi genişdir. Tarixi qrammatikadan fərqli olaraq, dil faktlarını mətndaxili öyrənən, morfoloji, sintaktik faktların daxili potensialını aşkar edən ədəbi dil tarixinin dövrləşdirilməsi məsələsi XIX əsrdən etibarən bu günümüzə kimi tədqiq olunub müasir dövrdə bu tədqiqat sahəsi öz aktuallığını itirməyib.

 

Ədəbi dil tarixinin dövrləşdirilməsində müxtəlif prinsiplərdən çıxış edən dilçi alimlərimiz bir-biri ilə səsləşən müxtəlif fikirlər irəli sürərək bu məsələyə hər bir dil tarixçisi-alim özünəməxsus şəkildə müxtəlif rakurslardan yanaşıblar. Belə ki, Ə.Dəmirçizadə ədəbi dil tarixini 1938-ci ildən 1971-ci ilədək olan dövrü beş mərhələ kimi qruplaşdırıb. Ədəbi dil tarixini XV-XIX əsrlər, XIX-1905-ci il ondan sonrakı dövrdən ibarət olduğu qənaətində olan B. Çobanzadə isə ədəbi dil tarixini üç mərhələyə ayıraraq dövrləşdirib.

 

Ədəbi dil tarixini müxtəlif prinsiplər əsasında dövrləşdirən dilçi alim professorlarımızdan biri türk dünyasında güclü qələmi ilə sayılıb-seçilən, Azərbaycan dilçilik elminin fenomen şəxsiyyəti, görkəmli alimi, dil tarixçisi, türkoloq akademik Tofiq Hacıyevdir. "Ədəbi dil tarixinin dövrləşdirilməsi xalqın dili ilə tarixi, mənəviyyatı ilə maddi mədəniyyəti, təfəkkür tərzi ilə iqtisadi həyat şəraiti, bədii düşüncəsi ilə əqli-zehni səviyyəsi arasındakı əlaqələri müəyyənləşdirilməsi kimi elmi-nəzəri əhəmiyyətə malikdir" - deyən akademik T. Hacıyev elmi araşdırmalarının çox hissəsini ədəbi dil tarixinin tədqiqinə həsr edib. Ədəbi dilin baş atributunun "norma" olduğu qeyd edərək alim ədəbi dili seçmə fonetik, leksik qrammatik faktların sistemi kimi səciyyələndirir. Müəllifə görə, ədəbi dilin dövrləşməsi təsnifatında mərhələlərin bölgüsündə "ədəbi dilin üslubi təzahürlərinin kəmiyyəti, onların qarşılıqlı münasibətlərinin, ictimai vəzifələrinin xarakteri, bu təzahürlərin əsasında duran struktur funksional əlamətlərin səciyyəsi, ədəbi dilin quruluşu, həcm ictimai funksiyaları ilə dilin qeyri-ədəbi təzahürlərinin münasibəti" sistem olaraq əsasdır. Alim "Azərbaycan ədəbi dili tarixi" kitabında Azərbaycan ədəbi dili tarixinin təsnifatında ona xas olan bəzi məsələləri ümumiləşdirərək qeyd edir ki, "ədəbi dil öz inkişafında həmişə ümumxalq dilini qabaqlayır, onun avanqardı kimi çıxış edir. Xalq dili ümumən dildaxili qanunlarla bağlı olduğu halda, ədəbi dil dilxarici faktorlara daha çox həssasdır. Ədəbi dilin mütəhərrikliyə meyli ədəbi norma sistemində yenidən qurulma çevikliyində öz əksini tapır. Buna görə xalq dilinin ya milli dilin bir dövrü ədəbi dilin bir neçə mərhələsini ehtiva edə bilir". O, ədəbi dilin dövrləşməsi təsnifatında yazı faktorunu, xalqın formalaşma yüksəliş tarixini, dilə üslublara olan münasibətini, təsir gücünü nəzərə alaraq Azərbaycan-türk ədəbi dili tarixini iki dövrə ayırır:

 

1. Yazıyaqədərki dövr

 

2. Yazılı dövr

 

E.ə. II əsrdən eramızın VI əsrinə qədərki olan dövrü görkəmli alimimiz yazıyaqədərki dövr hesab edir. Şumer tarixi, Göy Türk dövlətinin yazılı abidələrini yazı mədəniyyətimizin yazıyaqədərki dövrünə aid nümunələr kimi dəyərləndirir.

 

Ədəbi dilimizin yazılı mərhələsini üç dövrə bölən müəllif onu haqlı olaraq, VII-XII əsrlər, XIII-XVI əsrlər, XVII-XXI əsrlər kimi qruplaşdırır. Yazılı dövrün başlanğıc nöqtəsini "Dədə Qorqud kitabı"ndan başlayan T.Hacıyev sonuncu dövrü isə XX əsrin 30-cu illərindən sonrakı dövrə aid edərək yazılı dövr mərhələsini yekunlaşdırır.

 

"Dədə Qorqud kitabı"nın dili ilə başlanan bu mərhələsində T. Hacıyev bu abidəni ədəbi dilimizin yazılı dövrümüzün ilk nümunəsi sayır. VII XII əsrləri əhatə edən dövrü alim yazılı dövrümüzün birinci mərhələsi sayaraq "Dədə Qorqud kitabı"ndan İ.Həsənoğlu yaradıcılığına kimi olan yazı nümunələrini bu dövrə aid edir.

 

Divan ədəbiyyatı dilinin hakim dil kimi fəaliyyəti dövrünü alim iki pilləyə ayırır: 1) Divan ədəbiyyatı dilinin başlanğıcı ədəbi dilin Nəsimi dili ilə yekunlaşdırdığı XIII-XIV əsrlər; 2) Divan ədəbiyyatı dilinin intibah, yüksəliş dövrü milli ədəbi dilimizin müəyyənləşməsi dövrü (M.Füzuli dövrü).

 

Tofiq Hacıyev milli ədəbi dilimizin yeni mərhələsini isə üç dövrdən ibarət olduğunu qeyd edir. I dövrü XVII- XVIII əsrlər hesab edən alim ədəbi dil normasının milliləşməsi, xəlqiləşməsi dövründən başlayıb realist ədəbiyyatı dilinin hakim mövqe kimi bərqərar olduğu dövr ilə yekunlaşdırır. Müəllif ikinci dövrü isə üslubların yenidən təşkil olunduğu dövr - XIX-XX əsrlər hesab edir. O, III dövrü isə üslubların sabitləşməsi müasir ədəbi dilin formalaşdığı dövr hesab edərək XX əsrin 30-cu illərindən sonrakı dövrə aid etmək qənaətinə gəlir.

 

Dilçiliyin tədqiqi tarixində ədəbi dilin dövrləşməsi məsələsi həmişə aktual mövzu olaraq bir çox alimlər tərəfindən araşdırılıb. Bu elmi araşdırmaların nəticəsində bir çox konsepsiyalar meydana gəlib. Lakin müasir dövrümüzdə ədəbi dilin dövrləşməsi ilə bağlı irəli sürülən təsdiqini tapan doğru konsepsiya türk dilçilik salnaməsinin görkəmli alimi olan Tofiq Hacıyevə məxsusdur. Akademiki ədəbi dilin dövrləşdirilməsi məsələsi həmişə düşündürür ardıcıl tədqiqatlar aparmağa sövq edirdi. Bu elmi araşdırma isə düzgün təsnifat bölgüsü ilə diqqəti çəkir.

 

Vüsalə AĞAYEVA

Azərbaycan Dillər Universitetinin doktorantı

525-ci qəzet.- 2016.- 16 fevral.- S.7.