Gerçəkliyin simvolikası Seyran Səxavət qələmində  

 

70 İLLİYİ ƏRƏFƏSİNDƏ YAZIÇININ YARADICILIĞINA BİR BAXIŞ

 

 

(Əvvəli ötən sayımızda)

 

İfşaedici və öldürücü satirası, dramatizmi, ironik və tragik məqamları ilə diqqəti cəlb edən bu roman dünya ədəbiyyatında diri olan xalqa yazılmış ilk nekroloqdur.

 

Yazıçını narahat edən məqamlardan biri də budur ki, həyat səviyyəsinə görə ölkədə bir-birindən kəskin şəkildə fərqlənən iki təbəqə mövcuddur. Ailələrin birində beş yaşlı körpə qızcığaz müharibə veteranı, əlil atasının qucağında aclıqdan və soyuqdan dünyasını dəyişir. Başqa bir ailədə isə onun həmyaşıdı olan qızın doğum günü olduqca yüksək səviyyədə qeyd olunur, ona brilyantlar bağışlanır. Romanda belə təzadlı məqamlar sadalamaqla bitməyəcək qədər çoxdur. Əsərdə övladı ölən Ana aclıqdan və soyuqdan, ehtiyac üzündən övladlarını itirən yüzlərlə Anaların ümumiləşdirilmiş rəmzi obrazıdır. Qızını - bu dünyadakı yeganə sevincini itirmiş, dərddən beli vaxtsız bükülən bu gənc Ananı Seyran Səxavət çox təsirli metafora ilə çadır şəhərciyindəki dünyanın hər sərt üzünü görüb vaxtından tez qocalmış Ağaca bənzədir. "Bu ağacı yazıq Miçurin də tanıya bilməzdi, ağac vaxtından tez qocalmış, dünyanın min bir əziyyətini dadmış liliput adama oxşayırdı".

 

Digər epizodda isə varlı ailənin övladının doğum gününə toplaşanlar qızı təbrik edir, badələr qaldırır, sağlıqlar deyirlər.

 

Bir-birindən kəskin dramatizmi ilə fərqlənən bu təzadlı məqamlar romanın bədii təsir gücünü artırır, konflikti daha da dərinləşdirir.

 

Əsərdə diqqəti cəlb edən rəmzi surətlərdən biri də "ölüsoyan" obrazıdır. Şəhərə gələn dəhşətli sel nəticəsində restoranlar, barlar, əyləncə mərkəzləri darmadağın olmuş və burada əylənən başıboş, cibidolu, meşşan əxlaqlıların meyitləri, pulları, qiymətli əşyaları şəhərin küçələrinə səpələnmişdi. "Ölüsoyan" doymaq və yorulmaq bilmədən, dəli bir ehtirasla bütün ölülərin ciblərini bir-bir boşaldır və pul bağlamalarını götürdükcə gözləri işım-işım işıldayırdı. "Cibləri ona ağırlıq eləsə də, yenə də əl çəkmək istəmir, axtarmaq, tapmaq, toplamaq istəyirdi. Ona elə gəlirdi ki, onun gələcəyi tökülüb bu şəhərin küçələrinə...". Qeyd edək ki, bu obraz Viktor Hüqonun "Səfillər" romanındakı Vaterloo döyüşündən sonra cəsədlərin ciblərini, qızıl dişlərini soyan obrazı xatırladır.

 

"Qoltuq cibindən yüzlük bağlamanı çıxarıb üz-gözünə sürtdü, sonra pulu iylədi, gözləri yumuldu, elə bil qərib yad ölkədə tutiyə kimi əlinə düşmüş bir çimdik Vətən torpağını qoxulayırdı".

 

Əsərdə cərəyan edən hadisələr bizə "romandakı həqiqət gerçəklikdəki həqiqətin bütünlüklə özüdür" deməyə əsas verir.

 

Ayrı-ayrı epizodların təsvirindən də aydın görünür ki, yazıçı şərti - metaforik kolliziyalardan istifadə etsə də, zamanın, dövrün, şərin, eybəcərliyin tənqidi zamanı sərt və amansızdır.

 

Sosial bərabərsizlik, insanların həyat şəraiti arasındakı kəskin fərqlər, insanın və insanlığın məhvinə yönələn müharibələr, savaşlar lokal səciyyə daşıyan bir məsələ deyil. Məhz Seyran Səxavətin qələminin  gücü ondadır ki, böyük cəsarətlə və fəal müəllif mövqeyi ilə qlobal mahiyyət daşıyan bu kimi problemləri "Nekroloq" romanında bədii sözün təhlil obyektinə çevirmişdir.

 

Müharibənin insanlara gətirdiyi bəlalar bununla bitmirdi. Kənddə ayağı yer tutan bir başıpapaqlı qalmışdı - bədən tərbiyə müəllimi, o da çolaq idi. Bu çolaq müəllim hər gün dərsdən sonra şagirdləri kəndin yollarında o baş-bu başa yeridirdi. Yeridirdi ki, kəndin ot basmış yollarında cığır açılsın, yeridirdi ki, kəndə gələn yollar ot-ələf əlindən itməsin, cığırlar açılsın yollarda. Yeridirdi ki, bu kənd yer üzünün xəritəsindən silinməsin... Amma kənddə ondan başqa bir başıpapaqlının olmaması ağrısı bədən tərbiyəsi müəllimini də elə yazıçını sarsıtdığı kimi mənən əzirdi, incidirdi: "Sabah elə bu bədən tərbiyəsi müəlliminin dünyagörmüş atası yaxud bir qeyrisi Allahın əmri ilə ölüb getsəydi, cənazəyə ancaq qadınlar girəcəkdi. Dünyadan getmiş adamın məzarını da elə qadınlar qazacaqdı". Yer üzündə bundan böyük əzab, ağrı, dərd yoxdu. Millətin faciəsi elə burdan başlayırdı.

 

"Nekroloq" romanında Seyran Səxavətin bir kəndin, bir elin timsalında bədii ümumiləşdirmələrlə qələmə aldığı bu hadisələr, əslində, bütün dünyada baş verən, insanlığın, xeyirin, işığın təməlini kökündən sarsıdan sosial-siyasi və mənəvi-əxlaqi problemlərdir. Elə problemin bəşəriliyi də onun mahiyyətindədir.

 

Müharibənin doğurduğu fəlakətlərdən biri də mühacirlik, vətənin tərk edilməsi məsələsidir. Son illərdə bununla bağlı bir çox əsərlərdə bu və ya digər şəkildə bəhs olunmuşdur. "Nekroloq" romanında yazıçı mühacirliyin faciəsini tərk olunmuş, kişiləri qırılmış, övladlarının səsi qürbətdən gələn kəndin timsalında verməyə çalışıb.

 

Romanda yazıçı mühacirlik faciəsindən sui-istifadə edən, bunu şəxsi gəlir mənbəyinə çevirən insanların da olduğuna işarə etmiş, onların fəaliyyətini də canlandırmışdır. Bu baxımdan əsərdə ölkənin hüdudlarından kənarda mühacir həyatı yaşayan, torpağa, yurda həsrət, qərib soydaşlarına "böyük yaxşılıq edən", vətən torpağını qarış-qarış satan və bundan xeyli varlanan Keçəl kişi obrazı diqqəti cəlb edir. Bu obraz da rəmzi səciyyə daşıyır və Keçəl kişinin obrazı timsalında müəllif şəxsi güzəranını milli mənafedən üstün tutan xudbin insanların səciyyəsini  ümumiləşdirir. Belə bir xarakter yaratmaqla Seyran Səxavət millətin düşüncəsindəki naqis cəhətləri, bütün məsələlərə şəxsi mənafe baxımından yanaşmaq tendensiyasından əl çəkə  bilməməyini, milli tale ilə bağlı düşünmək imkanlarından məhrumluğunu bədii təhlilin predmetinə çevirir.

 

"Nekroloq" romanı dərin milli və ümumbəşəri məzmunu ilə seçilir. Bu əsərdə yazıçı bədii ümumiləşdirmələrdən, şərti-metaforik üslubun ifadə imkanlarından, mif və folklor motivlərindən, rəmzi obraz və alleqoriyadan ustalıqla istifadə edərək zamanın,  mühitin, insanlığın və insanın faciəsini daxili əzab və ürək ağrısı ilə qələmə almışdır. Romanın hər sətrini oxuduqca müəllifin milli kədərdən doğan yanğısı aydın duyulur. Əslində, yazıçı bu əsəri yazmaqla təkcə bizim cəmiyyətimizi narahat edən problemləri deyil, bütün bəşəriyyəti uçuruma sürükləyən, insanlığı təhlükəyə aparan məsələləri işıqlandırmış və oyanış üçün həyəcan siqnalı çalmışdır.  Seyran Səxavətin narahat ürəyi, vicdanı sanki bu əsər vasitəsilə bəşəriyyətə ciddi bir xəbərdarlıqda, çağırışda bulunmuşdur.

 

Əsərdə milli şüurla bağlı maraqlı bir məqam var ki, Seyran Səxavət öz düşüncələrini Mirzə Fətəli Axundzadənin, Mirzə Ələkbər Sabirin, Hacı Zeynalabdin Tağıyevin nitqi ilə oxucuya çatdırır. Nizaminin, Nəsiminin, Natəvanın, Axundzadənin,  Sabirin, Tağıyevin heykəlləri Füzulinin heykəli qarşısında mitinqə toplaşıb. Bütün heykəllər bir-bir xalqa müraciət edərək onları birliyə çağırır. Şərti-metaforik planda işlənmiş bu səhnədə heykəllərin nitqində tarixi gerçəkliyin və bugünün həqiqətləri öz əksini tapmışdır. Bunun özündə də yazıçı mövqeyini aydın əks etdirən xüsusiyyətlər duyulmaqdadır. Bütün heykəllər xalqa müraciət etdikdən sonra söz Hacı Zeynalabdin Tağıyevə verilir. Hacı: "Nöyüt quyuları fontan vuranda otuz-qırx metr göyə qalxır, vurur, vurur, yorulur. Amma söz fontan vurandan sonra min illərlə yaşayır",-deyərək söz dahilərinin önündə baş əydi. İzdiham-məmləkət boyda nəhəng bir orqanizm lərzəyə gəldi. Hacı baş əyən kimi izdiham da heykəllərin qarşısında diz çökdü, baş əydi. Adama elə gəldi ki, əyiləndə də millət məhz bu cür əyilməlidi. Bir Allahın, bir də sözün böyüklüyü qarşısında... Bu cür əyilən millətin başı həmişə uca olar, başqa cür əyilən millətin başı həmişə bəlalar çəkər.

 

Hacını qəhər boğsa da, sözünə ara vermədi: Bütün bunları ona görə deyirəm ki, bir az ağıllı olun, maarifə yetişin, sahibi-şüur olun. Sahibi-şüur olmayan millət sahibi-məmləkət də ola bilməz..."

 

Hacının sözlərində dərin bir müasirlik duyulur. Onun amalı, məqsədi millətin şüurunu oyatmaq, onu öz məmləkətinin, torpağının, sözünün sahibi etmək idi. Əslində, bütün Azərbaycan maarifçiləri, o cümlədən, bu əsərin müəllifi də bu işin peşində, bu müqəddəs amalın uğrunda mücadilə edirdilər.

 

Fəlsəfi ədəbiyyatlarda da göstərilir ki, millət kimi formalaşmaq üçün milli-mənəvi birlik, milli-ideoloji təfəkkür, milli şüurun formalaşması əsas şərtdir. Millətin bütün obyektiv əlamətləri milli özünüdərk kimi subyektiv əlamətlə tamamlandıqda millətin mövcudluğundan, onun fəaliyyətindən danışmaq olar. Bu mənada milli şüurun hələ də "kal olduğu", "yetişmədiyi", formalaşmadığı cəmiyyətdə hər cür naqisliklərin olması mümkündür və qarşısıalınmazdır.

 

"Nekroloq" romanı tarixiliklə səsləşən müasirliyi, həyati materialların zənginliyi, müəllifin ustalıqla ümumiləşdirə bilmək bacarığı   mövqeyinin aydınlığı, problemlərin yüksək sənət dili ilə ifadəsi, fikrin məcazlarla, rəmzi-bədii ümumiləşdirmələrlə verilməsi ilə diqqəti cəlb edir. Adət-ənənələrin tapdalandığı, mənəviyyatın aşındığı, xalqın kütləyə çevrildiyi bir məqamda yazıçı cəmiyyətdə baş verən hadisələri bütün canlılığı ilə emosional şəkildə təsvir edir. Romanda ictimai şüur və milli birlik problemi geniş planda öz bədii həllini tapmış və yazıçı öz işıqlı düşüncələri ilə millətin oyanışına və tərəqqisinə mane olan hər cür qüsurları aradan qaldırmağa, cəmiyyəti köləlikdən insanlığa və əsarətdən hürriyyətə doğru yüksəltməyə, insanları maariflənməyə, özünün və sözünün sahibi olmağa çağırmışdır.

 

Dəyərlərin itirilməsi, mənəviyyatın korlanması, insanlığın aşınması kimi problemləri ön plana çəkən, insani başlanğıcın zədələndiyi, deformasiyaya uğradığı məqamlarda insanı özünə, öz tarixi keçmişinə, mənəvi-etik varlığına  qaytarmağa və ona təkrarolunmaz fenomen olduğunu sübut etməyə çalışan yazıçı bəzən hadisə və obrazlara istehza, ironiya ilə baxır və əslində, bu yolla insanı düşünməyə, daxilindəki qüsurlardan arınmağa və özünüdərk etməyə sövq edir.

 

Katarsis nəzəriyyəsini Aristotel antik faciələrin təsiri ilə tamaşaçıların ruhən təmizlənməsi prosesi kimi səciyyələndirmişdir. Daha geniş mənada, katarsis real həyatda istər ayrı-ayrı insanların, istərsə də cəmiyyətin milli əzablardan, sarsıntılardan keçib öz günahlarını - tarixi səhvlərini dərk edib ruhən saflaşması, təmizlənməsi, durulması prosesidir. Əslində, hər bir şəxsin mənəvi yüksəlişində və ya milli intibahın kökündə bir katarsis vardır. Böyük elmi kəşflər, böyük sənət əsərləri, əslində, katarsisin məhsulu olan böyük ehtirasların təzahürləridir. Hər hansı bir şəxs və ya millət əzablı yollar keçib səbəb və nəticələri dərindən dərk etmirsə, günahları və səhvləri səmimi etiraf etmirsə, o, katarsisə yetişmir və nəticədə yeni-yeni sarsıntılara məruz qalır.

 

Ədəbiyyat, vicdanlı yazıçı, şair cəmiyyətə sadəcə olaraq xəbərdarlıq etməyi bacarır və oxucunu düzgün olan yol axtarışına çıxmağa sövq edir.  Əgər ziyalıların, yazıçıların həyəcan siqnalı eşidilmirsə, yaxud eşidilib etinasızcasına qulaqardına vurulursa, bu artıq ancaq yazıçının yox, bütünlüklə cəmiyyətin günahıdır.

 

Xəyalə ZƏRRABQIZI

525-ci qəzet.- 2016.- 17 fevral.- S.4