"Məktəblinin musiqi elektron kitabxanası"nın təqdimatı olub

 

 "Məktəblinin musiqi elektron kitabxanası"nın təqdimatı olub

Bakı Musiqi Akademiyasında «Məktəblinin musiqi elektron kitabxanası»nın təqdimatı olub.

 

Musiqi və ümumtəhsil məktəblərində dərs vəsaitinə çevrilə biləcək bu portalın fəaliyyətinə martın 20-dək start veriləcək.

 

YUNESKO üzrə Milli Komissiyanın dəstəyi ilə hazırlanan elektron kitabxana Azərbaycanda ilkdir. Burada müasir texnikanın ən son nailiyyətlərindən istifadə edərək, multimedia şəklində audiovideo, mətn, qrafika, canlı səslər və elektron sənədlər toplanıb. Bu bölgülənən beynəlxalq informasiya sistemində Azərbaycan və dünya bəstəkarlarının 2563 musiqi əsəri yer alır.

 

Çıxış edənlər virtual kitabxananı musiqi tədrisinin distant formasının mühüm vasitəsi kimi qiymətləndirdilər. Portal səslənən materialın orfoqrafik not yazısı ilə birgə təqdimatına imkan verir. Elektron toplu “açıq musiqi təhsili”nin meydana gəlməsini şərtləndirir. İstifadəçi dünyanın istənilən nöqtəsindən asanlıqla elektron kitabxanaya daxil olaraq, onun məlumat-bilgi bazasından yararlana bilər.

 

Bildirildi ki, elektron kitabxana daima yenilənərək, bazası zənginləşdiriləcək. Odur ki, kitabxana sistemində yer alan əsərlərin sayı gələcəkdə daha da artacaq.

 

Vəfa Məmmədli

525-ci qəzet.- 2016.- 18 fevral.- S.7