Ağdamda nəyim qaldı?
Loto oyunu məni artıq qətiyyən
maraqlandırmır, ancaq Donaranın işdən
qayıtmasını və həyətə
çıxmasını gözləyirəm.
Bizim münasibətimizdən heç kəsin xəbəri
yoxdu. Çünki artırmanın surahısının
aşağısı açıq deyildi, ona görə də
bizim qurşaqdan aşağı hissəmizi döşəmədə
oturub loto oynayanlar görə bilməzdi. O vaxt bu mənə
belə gəlirdi, demə, məsələ o qədər də
gizli deyilmiş, heç vaxt lotoya qoşulmayan Surayya məsələdən hali
imiş.
Bir dəfə
məni yenə də zorla nərdə çəkib
daşları saya-saya oynayanda ağzı
qızışıb demişdi:
- Əə-li!
- Nə
var?
- İstədiyin qız var?
- Saa nə?
Qoja arvadsan,
söz başına qəhətdi?
Surayya
növbəti dəfə gizlicə əlinin altında
apardığı daşı bir-iki xana irəliyə
sürüşdürüb (oyunu yaxşı bilmirdi, amma
fırıldaq eləməyi bacarırdı) deyir:
- A yeddi
manat yarım, mən qojayam?
- Bəs
nəsən, cavan qızsan?
- Pah! Bəlkəm o bedrasını saa söyküyən
cavandı, xəbərimiz yoxdu?
-Nə
cavan, az? - Sifətimin qəfil
qızardığını hiss eləyirəm. - Bedra nədi?
- Vay
astuvas! Bu bilmir bedra nədi?
- Az, nə
deyirsən ey? - Əlindən
yapışıram. - Daşı da qoy yerinə,
pasadkıya salma!
- Ara,
baxma ye belini toqqa ilə sıxıb sağrısını
dombaldıb! Dalına da hörük salladıb, asma
qızdı bu. O məndən onca yaş balacadı!
Mən pərtlikdən söz tapmıram.
- Mən
oynamıram!
- Vaa?!
- Yeri
özünə hərif tap! - Nərdi şaraqqıltı ilə
örtüb qalxıram. - De get!
- Ara, mən
nə dedim ki, sən belə xoruzdanırsan? - Oyunun
yarımçıq qalması Surayyanın kefini pozur. O erməni
dilində mırtdanır. - Vay axçi!
Bu söhbət sonralar olmuşdu, loto oyununda düşən
bir davadan sonra.
Davanın da səbəbkarı, əlbəttə,
Mila idi, Qəzənfərin qızı. Dalbadal uduzan Mila Səfərin
oğlu dəlisoy Rzanı gözlədiyi daşı
çıxardıb gizlətməkdə
günahlandırdı. Məsələyə dərhal
Milanın nənəsi Güleyşə qarışdı,
bir tərəfdən də Rzanın anası Şeyda
tumanını çəkdi başına. Möhkəm bir dava düşdü, ədəbsiz nə
söz var, gəldi ortaya. Söyüş
məsələsində heç kəs Şeydaya çata
bilməzdi. Arvad bir həftəlik ifrazat
ehtiyacını bircə saatın içində
boşaltdı. Güleyşə həslədi,
Qəzənfər gələnə qədər antrakt elan edib
müvəqqəti geri çəkilməli oldu.
Bəli, davanın
ikinci hissəsi, bəlkə də əsas hissəsi axşam
Qəzənfər evə gələndə başladı.
Bu dəfə Şeyda gerilədi, çünki
bu xına o xınadan deyildi, burda Qəzənfərin dilindən
başqa yumruğu da vardı. Elə bu davadan sonra həyətdə loto
oyunu yasaq olundu. Qəzənfər yağlı bir
söyüş qoydu bu həyətdə bir də loto
oynayanın var-yoxuna.
Hələliksə,
həyətdə loto oyunu da davam edir, bizim Donara ilə
flirtimiz də, amma mən artıq adicə
böyür-böyürə təmasla kifayətlənmək
istəmirəm, əlim ürkək-ürkək fəaliyyətə
keçir, özüm də bilmədən xeyli cəsarətli
və naşı bir hərəkətə yol verirəm. Elə bu da Donaranı qorxudur. O, qəfil
çönüb tənə ilə üzümə baxır
və heç nə demədən “bedrasını” məndən
aralayır. Bu məni dayandırmır.
Onda Donara dişinin arasından havaya ancaq mənim eşidə
biləcəyim bir səslə “Dəli olmusan?” sualı buraxıb acıqla
evinə tərəf yönəlir. Mən axmaq
vəziyyətdə onun dalınca baxıram. Qadın bir ayağını yüngülcə
çəkə-çəkə uzaqlaşır. Gözdən itənə kimi onun dalınca
baxıram. Hiss eləyirəm ki, onun belə
“qratsioznı”
axsaması da məni həyəcanlandırır.
lll
Donara bir müddət lotoya baxmağa çıxmır,
çıxanda da məndən aralıda dayanır, guya məni
görmür.
Bəlkə də onun, Surayya demiş, toqqa ilə
sıxıb qabartdığı “bedrası” mənə təsadüfən
toxunurmuş, fikrində flirt-zad yoxmuş. Bəlkə mən
özüm, necə deyərlər, qara niyyətli uşaq
olmuşam, amma yox, bu boyda təsadüf ola bilməzdi, sadəcə,
o istərdi ki, bu perspektivsiz münasibət
örtülü qalsın.
Sonralar Donara nəinki lotoya tamaşa eləmir, heç həyətə
də çıxmırdı. Çox vaxt işdən
gec gəlir (yuxarı bir idarədə makinaçı işləyirdi),
ya da ərdə olan bacısıgildə ləngiyirdi. Hər halda, qonşulara belə dediyini qulağım
almışdı. Donara məni
daha maraqlandırmırdı, onunla yaşadığım həyəcanlı
anları da unutmuşdum, başım
qarışmışdı daima mənimlə iyəşən,
sataşan, söz atan Milaya ki, Dəyirman həyətində
sensasiya baş verdi: bir səhər Donaranın
artırmasındakı asma əlüzyuyanın
qabağında, əynində ağ ipək mayka yuyunan çəlimsiz
cavan bir kişi göründü. Uşaqlı-böyüklü,
kişili-arvadlı hamı dəydi bir-birinə. Tək
yaşayan qız uşağının evində, özü də
səhər tezdən, kişi?! Deməli,
o kişi Donaranın evində gecələyib?!
Bilirsiniz bu nə deməkdi? Hardan?!
Bunun nə demək olduğunu bilmək üçün gərək
Dəyirman həyətində yaşayaydın! Yarəb,
bu necə sensasion mövzu idi?! İmprovizə
üçün necə imkanlar açırdı?! Bitməz-tükənməz,
sona qədər çözülməz mövzu! Belə yerdə Nənəm deyərdi:
“Allah, itin-pişiyin olum!”
Günün
istənilən vaxtı həyətdə iki-üç
qadın döş-döşə dayanıb
pıçhapıç eləyirdisə, söhbətin nədən,
kimdən getdiyi səhvsiz məlum eləyirdi. Hərənin də öz versiyası vardı.
Qonşuları qınamaq da olmazdı. Ağdamda, Dəyirman həyətində yaşı
otuzu haqlasa da, hələ ərə getməmiş qız
uşağı statusunda olan bir qadının evinə yad
kişinin gəlməsi inqilabi hadisə, fövqəladə vəziyyətdi.
Yaxşı ki, bu naqolay vəziyyət uzun
çəkmədi.
Bir axşam camaatın həyətdə laqqırtı
vurduğu bir vaxtda məhlə qadınlarından çoxdan
yan gəzən Donara özü, söhbətə məşğul
olub hərdən də nəyəsə qaqqıltı ilə
gülən camaata yaxınlaşıb ədəb-ərkanla
salamlaşdı. Arvadlar bir adam kimi susdu. Hamletvari dramatik
pauza bir müddət davam elədi. Nəhayət, Surayya dilləndi:
- Hardasan,
az, Donara, a yeddi manat yarım, aya-günə
dönmüsən? Özün də
maşallah, xeylax qəşəngləşmisən?
Donara
sonsuz maraqla onun cavabını gözləyən
qadınları süzdü, baxışlarını
dolandırıb qadınlardan xeyli aralıda dayansam da, mənim
üstümdə saxladı:
- Əziz
qonşular, bilin, agah olun, axır mən də
nişannandım!
Hamının ağzı açıla qaldı. Hannan-hana Güleyşə
dilləndi:
- Bə bizim niyə xəbərimiz yoxdu, az? Qorxursan gözümüz dəyər?
-Kimdi, az, istəklin? O səhərrər artımada əl-üzün yuyan sütül oğlan?
Donara, deyəsən, bütün hücumlara hazır gəlmişdi, gözünü də qırpmadı:
- Heylədi, Nənəş xala! O sütül oğlan mənim nişannımdı, beş yaş da məndən uşaxdı.
-Vay
astuvas! Axçi, beş yaş cavana niyə?
Qorxmursan?
- Mən
yaşda subay oğlan qalmıyıf, Surayya xala, hamısı
çoxdan evlənib.
Hazır cavab hamını güldürdü.
-
Maşallah! Sən gej ayılıf, güj ayılmısan! -
Bunu da Knarik dedi. - Yaxşı da eləmisən, kişi cavan olsa yaxşıdı, zəhləm
qoja kişilərdən gedir.
Yenə də arvadlar qaqqıldaşıb güldülər.
- Bu
gün-sabah da toyumuzdu.
Dediyi kimi Donaranın toyu olmadı. O, zurna-balabansız,
haysız-haraysız kəbin kəsdirib, özündən beş yaş “uşax” dediyi həmin kişi ilə
bir evdə yaşamağa başladı. Hamı
da quzu balası kimi sakitləşdi. Xoşbaxtlıq olan
yerdə mövzu tez bitir, sonluq da
bir qayda olaraq qapalı finalla başa çatır.
Personajlarımdan birinin dediyi kimi: “Xoşbaxt adam
maraqsız olur”. Elə ailələr də! Ümumiyyətlə,
xoşbaxtlıq adama az şey öyrədir,
elə ona görə də onun resepti çox sadə, bəsitdir.
Bəlkə elə bu səbəbdəndi ki,
Donara söhbəti aktuallığını tez itirdi.
Sonralar mən, necə deyərlər, böyük həyata vəsiqə
alıb Bakıya gedəndən bir-iki il
sonra eşitdim ki, Donaraya işlədiyi idarədən təzə
ev veriblər, Dəyirman həyətindən
köçüb gedib. Onda Ağdamda təzə-təzə
üç-beş mərtəbəli hökumət evləri
tikilirdi. Sonra da eşitdim ki, Donara ərindən
boşanıb və həmin izdivacdan doğulan körpə
qızı ilə tək yaşayır.
lll
Heç
vaxt inanmazdım ki, nə vaxtsa uşaqlığımla
bağlı xatirələr yazacam və o yazıda
“bedrası”nı bir neçə dəfə mənə
söykəmiş qadına bu qədər yer ayıracam,
çünki mən əmindim ki, o kiçicik flirt-xatirə
mənim yaddaş qəbirsanlığımda çoxdan dəfn
olunub. Başqa cür ola da bilməzdi.
Donara ilə aramda
olan o səssiz-səmirsiz, sözsüz-sovsuz ilişkidə
heç bir sevgi, romantik duyğu, mənəvi məzmun yoxdu,
ona görə də unudulmalı idi. Amma mən
yanılırmışam. Görünür yaddaş da,
xatirələr də yuxu kimidir, çoxdan unutduğun, həyatında
heç bir rolu olmayan hadisəmi, epizodmu, uzun illərdən
sonra yuxuna girən bir nağıl kimi qəfil hardansa
pırtlayıb çıxır, səni təəccübləndirir,
dostum Mustafa Çəmənli demiş, yaddaş qəfil
çiçəkləyir. Onu da deyim ki, mənim
əks cinsə münasibətimdə romantik duyğuların
yeri həmişə cüzi olub. Mən çox bərk
uyduğum qızlara belə, nə sevgi məktubu
yazmışam, nə şeir qoşmuşam, amma saatlarla
küçədə yayın istisində, qışın
soyuğunda gözləmişəm ki, bəlkə təsadüfən
evdən çıxdı, bəlkə dükana getdi, bəlkə...
Bir az qabağa gedim, buna kinoda fləş-fücer
deyirlər...
Bakıdayam. Gündüzlər zavodda işləyir,
yataqxanada qalır, axşamlar universitetdə oxuyuram.
İşlədiyim zavodda rast gəldiyim bir rus qızı ilə
iki il davam edən qızğın sevgimi təzəlikcə
üstələyən, onu darmadağın edən yeni sevgiyə
uymuşam bütün varlığımla. Hansı şairinsə
belə bir şeiri var: “Sevgini sevgi unutdurur, dərdi dərd,
İsanı da Məhəmməd!” Şeir hafizəm
olmadığından mətnin düzlüyünə zəmanət
verə bilmərəm, məzmun isə dəqiqdir. Bir sözlə, dəhşət
vurulmuşam. Qızı bir gün görməyəndə
özümə yer tapa bilmirəm, partlayıram
darıxdığımdan.
Bakıya bərk qar yağır, lap quşbaşı,
özü də sakit, küləksiz quru qar. Qabaqda iki
istirahət günü, zavod işləmir (bu əla!),
universitet bağlı, nəinki mobil telefon, heç adi
telefonun da hamıda olmadığı ümidsiz bir zaman.
İndi deyilən kimi, mesaj göndərmək
imkanı sıfır. Əynimdə nazik
göy kurtka, başım açıq, boynum şarfsız,
ayağımda nazik çəkmə. Qızgilin
evlərinə yaxın dalanda qarın altında titrədə-titrədə
elə dayanmışam ki, küçəyə
açılan qapını görə bilim.
Bir saat, bəlkə iki saat keçir. Soyuqdan göyərmişəm.
Şəksiz bilirəm ki, onu uzaqdan da olsa,
görməsəm evə (yataqxanaya!) getməyəcəm.
Nəhayət, tale üzümə gülür: ümidlərin
öldüyü bir vaxtda qapı açılır, Qız
küçəyə çıxır. Dərhal da məni
görür, bəlkə o da məni axtarırmış,
ümid eləyirmiş ki, hardasa buralarda, yaxında ola bilərəm, bəlkə də yaxında
olduğumu hiss edirmiş. Elə bildim bu
qarlı havada hardansa günəş peyda oldu, özü də
göydən çıxmadı bu günəş, Vidadi
157-nin rəngi bilinməyən köhnə, sınıq-salxaq
həyət qapısından çıxdı. Soyuqdan titrəyən canıma qəfil isti gəldi.
Elə ona tərəf qaçmaq istəyirdim
ki, həmin qapıdan, əlində iri sumka, kök bir
qadın da çıxdı. Qalın palto
geyinmiş qadın Qızın anasıydı. İnsafsız reallıq romantikanın yerini
asanlıqla tutdu, onda gördüm ki, Qızın əlində
göy rəngli emallı hamam ləyəni var. Bildim ki, onlar
iki tin aşağıda olan hamama gedirlər. Türklər demiş, ciddi bir xəyal
qırıqlığı yaşadım, amma xeyli
toxtamışdım, uzaqdan da olsa, Onu görmüşdüm.
Qızın narahatlığını hiss eləsəm də,
əl çəkmədim, düz hamamın qapısınadək
müşayiət elədim onları. Bu
danışdığım çox sonraların söhbətidir,
universitetdə oxuduğum 60-cı illərin lap axır illəri,
məsələn, 1969-cu il. Hələliksə
mən Dəyirman həyətindəyəm... Yox,
tələsməyək, daha bir xatirə zühur etmək istəyir,
bunu da danışıb qayıdıram Dəyirman həyətinə.
Yenə də Qızı görmək istəyirəm. Yay tətilidir,
zavoddan məzuniyyət götürüb Ağdama getmişəm,
amma on gündən çox qala bilməyib
qayıtmışam Bakıya. Məni
dartıb gətirən qüvvənin sahibini görməkdən
ötəri ölürəm. Avtobusdan
düşən kimi yataqxanaya yox, sevimli Vidadi küçəsinə
yollanıram. İstidir. Məhlənin əsas sakinləri dağ yəhudiləridir,
hamısı siçanlı-siçovullu həyətlərindən
çıxıb döşənişiblər asfalt səkiyə.
Tər tökən arvadlardan biri yalın əli
ilə boynunu-boğazını kisələyib çirk
çıxardır. Burnu az qala yerə
dəyən kişi papiros fısqırdır. Tüstü
tək onun ağzından-burnundan deyil, ikiqat olmuş bədəninin
hər yerindən çıxır. Adama elə gəlir
ki, yavaş-yavaş tüstüləyən kişi,
nəhayət alovlanacaq. Uşaqlar
qara-qışqırıqla ora-bura qaçışırlar.
Əksəriyyət öz dilində danışır,
qır-bır küçəni başına alıb. Görüşmək imkanı yoxdur. Bax, onda ağlıma elə bir fənd gəldi ki,
ixtiraçı olduğuma qəfil inandım. Sonralar bu ixtiraçılıq qabiliyyəti mənə
dramaturgiyanın ən vacib şərtlərindən birini mənimsəməyə
yardımçı oldu. Bu da gözlənilməz
hadisələr, situasiyalar və peripetiyalar yaratmaq
bacarığıdır.
Davam edək:
mən başımı dik tutub qətiyyət və inamla səkilərə
sərələnmiş adamların yetik baxışları
altında açıq alaqapıdan ovuc boyda həyətə
girirəm. Bir neçə qonşunun yanaşı
yaşadığı ikinci mərtəbəyə
üzümü tutub özümü
çağırıram:
- Əli! Əli!..
Əli
Əmirli
525-ci qəzet.- 2016.- 20 fevral.- S.23