Zəlimxan Yaqub unudulmazlığı

 

 

 

Zəlimxan Yaqub göylərdə sayrışan ulduz kimi sönüb getdi. Deməyə dilim gəlməsə də, o, artıq həyatda yoxdur. Amma bu bir həqiqətdir ki, onun cild-cild kitablarını mənim kimi gümanlarla açıb oxuyanlar çoxdur.

 

Şeirləri bir gün efirlərdə, məclislərdə, bədii qiraət ustalarının ifasında, bir gün də aşıqların, şeirsevərlərin və sədaqətli dostlarının ifasında səslənir. Beləliklə, onun adı zəlimxansevərlərin könlündə, şeirləri isə oxucularının dilindədir.

 

Sevə-sevə yaşadığı bu gözəl dünyamızla əbədi vidalaşandan sonra ustad şairimizin yoxluğundan ilk dəfədir ki, söz açıram. Qədirbilən insanlar Zəlimxanın nəcibliyindən, insanpərvərliyindən ürəkdolusu danışırlar. Uca Tanrı onu sanki nəciblik üçün, insanların qayğısına qalmaq üçün yaratmışdı. Bu əməlləri onun adına şərəf, qəlbinə fərəh gətirirdi. O, həyatın, insanlığın təzadlarına biganə qalmırdı. Zəlimxan gidi dünyanın təzadlarla dolu üzünü görüb ağrısını içində çəksə də, insanları sevirdi, insanlığı sevirdi. Onu son ümid yeri bilənlərin səsini qəlbi ilə dinləyirdi, ürəyi ilə eşidirdi. Onların ağrı-acıları şairin ömründən keçib gedirdi. Xüsusilə də ədəbi cameəmizin xeyirxahı kimi, yazarların ümid yeri idi Zəlimxan. Palazqulaq əskinasların gücünə həll olunan problemləri o, sözünün gücünə, sözünün hünərinə, sözünün bütövlüyünə görə həll edirdi.

Ustad şairin insana, insanlığa verdiyi dəyərin hikməti dərindəydi. Ona görə də imkanından yeddi hasar kənar olsa da, öz halalca haqqına çatmayanlara, evi yıxılanlara, koması başına uçurulanlara dayaq durmaqda köməyini əsirgəmirdi. Zəlimxan söz hünərli bütöv bir köhnə kişiydi. O, başdan-başa xarakter idi, boydan-boya kolorit idi, doğrudan-doğruya müdrik şəxsiyyət idi. Təkcə yaddaşının böyüklüyü ilə bir möcüzə idi Zəlimxan. Onun qələminin ucundan keçən kağızlar da, ağlının ucundan keçən fikirlər də, sözlər də qiymətlidir, bu sözlərin ədəbiyyatda qalacağını, yaşarılığını isə zaman göstərəcək.

 

Müşkülləri həll etmək üçün övladı yerində bir gəncin, atası yerində bir ağsaqqalın, anası yerində bir ağbirçəyin yanına düşüb kimlərin qapısını döyməmişdi?! Bu, haqqın bəsirət gözüdür! Bu, böyük ürəklikdir!

 

İndiki zamanda böyük ürəyə sahib olmaq, əlbəttə ki, zor işdir, ağır missiyadır. O, Xalq şairi kimi də, Millət vəkili kimi də öz ömrünü böyük ürəklə yaşadı. Onun ürəyi qarşısındakının ürəyindən keçənləri hiss edirdi, duyurdu. Ürəyi ürəklər üçün bir açar idi Zəlimxanın. Bilən varmı, bu böyük ürəkli insan neçə-neçə daş ürəkləri ibrət kəlamları ilə necə muma döndərirdi?! Nə qədər sınıq könülləri şair ruhu ilə sevindirirdi?! Nə qədər insanların problemlərinin həllinə yardımçı olurdu?! Bunu bir Allah bilir...

 

Həqiqət beləydi ki, Zəlimxan təkcə öz ailə ocağının deyil, başqalarının həyat qayğıları ilə də nəfəs alırdı. Bu qayğılar onu həyata bağlayırdı. Elə buna görə şairin ömür xəritəsindən zirvəli dağlar kimi düz ilqarlı, etibarlı insanlar da boylanır.

 

Zəlimxan bu həyatda olanda haqqında dəfələrlə yazmışam. Yoxluğu haqqında yazmaq isə ağırdır, xüsusilə də mənim üçün belə bir dəyərli dostun yoxluğundan söz açmaq çətindir, çox çətindir. Ona görə ki, mən onun yoxluğunu bu günə kimi dərk edə bilməmişəm. Fikrimdə, xəyalımda elə həmin ölçü-biçidə, qıvraq yerişli, iti baxışlı, gur səsli Zəlimxan yaşayır. Sanırdın ki, o gur səsdən dağların bağrı yarılacaq. Onun gur səsinə necə də öyrəşmişdik, ilahi! Danışanda ağzında sözlər yağ kimi əriyirdi... İndi gör ki, o gur səsə həsrətik. Heyif, bizləri tez tərk etdi- getdi, heyif, bizdən getdi Zəlimxan.

 

Onunla olan görüşlərimizi, ötən çağlarımızı xatırlayanda nisgilli duyğuların ağuşuna düşürəm. İndi Zəlimxanla bağlı neçə-neçə anlar, məqamlar yaddaşımda qərar tutub. Həmin görüşlərimiz zamanı aramızda olan səmimi münasibətdən, şirin söhbətdən bir kitaba sığacaq qədər xatirələr var. Bu gün acılı-şirinli xatirələri ilə baş-başa qaldığım şair dostum haqqında bu sətirləri yazarkən xəyalım göy üzündə dolaşan ruhuna sarı qanad açıb uçur, hey uçur. Üzümü ruhuna sarı çevirib Allahdan rəhmət diləyirəm, hər kəsdən xəbərsiz, qəhər məni boğur, için-için ağlayıram... İndi Zəlimxan əlçatmaz, ünyetməz ucalıqdadı. Ruhu şad olsun!

 

...Xəstəliyi haqqında mənə danışanda ürəyim alışıb yandı. Təsəlliverici sözlər söylədim, böyrək transplantasiyasından danışdım, illərlə böyrəksiz yaşamağın mümkünlüyündən söz açdım. Özünəməxsus vüqarla başını buladı. Başqa xəstəliyi səbəbindən böyrək köçürülməsinin mümkünsüzlüyünü dilə gətirdi. Bu sözlərdən sonra da qəddini əymədi. Səsində həm kövrəklik, həm də mərdanəlik duydum.

 

- Mən şeirimi yazıram. Nə qədər ki, nəfəsim gedib gələcək yenə yazacam. Şeiri ürəyimlə yazıram, böyrəyimlə yazmıram ki... - dedi. Və bu sözlərdən sonra uzaq ənginliklərə uzun-uzadı baxdı... Kim bilir nələri yaddaşının süzgəcindən keçirdi, nələri yaddaşında yerbəyer etdi?! Zəlimxanın yaddaşı yüzillərin, minillərin yaddaşı idi.

 

Gözünü dörd dolandırıb, yeri-göyü bir-birinə qatdı. İçində həyatla ölümün savaşı gedirdi sanki. Onun bu halı ürəyimi yaraladı, könlümü ağrıtdı, qəlbimi göynətdi. Dağlar kimi vüqarlı görkəmindən, əzəmətli qədd-qamətindən, məğrur baxışından, ləngərli yerişindən, şaqraq gülüşündən, aslanların mahnısına yatan səsindən əsər-əlamət qalmasa da, yaşamaq, yaratmaq həvəsi diriydi, təmkini yerindəydi. Tanrı eşqini sevə-sevə, ürəyində yaşada-yaşada yaşayırdı. Coşqun təbindən doğulan poetik duyğularla dolu söhbətləri bitib tükənmirdi. Yazın nəfəsi gələndə də, suların səsi duyulanda da, qışın sazağı göylərin ətəyinə baş qoyan, şairi başına qaldıran uca dağların zirvəsinə vüqarlı və qübarlı qar gətirəndə də qəlbi nur çeşməsi kimi aşıb-daşır, həyat eşqindən danışırdı. Danışdıqları Uca Tanrıya tapınan şair nəfəsinin dərinliklərindən gəlirdi. Söhbətinin sonunda oxuduğu şeir də bulaqların saf suları kimi ruhuma axdı. Çoxdan əzbərimdə yaşayan bu qoşma şairin öz səsində daha şirin səsləndi:

 

Payız kövrəldəndi, bahar coşduran,

Məni sərt eyləyən qış da gözəldir.

“Ürəyin daşdırmı” demə, ey insan,

Duymağı bacarsan, daş da gözəldir.

 

Bir payız günündə, ağaclarda yarpaqların saralıb-solan çağında, səsinin gur vaxtında Hüseyn Cavid adına bağda ikilikdə gəzişərkən dediyi sözlər ürəyimi bu gün də döyür: - Həzi, Uca yaradan məni yarpaq kimi saraltsın, torpaq kimi qaraltsın, varımı-dövlətimi əlimdən alsın, məni kasıbın kasıbı etsin, canıma qıysın, amma ağlımı başımdan almasın...

 

Köçüm gedim, əlim halal, dilim halal,

Allahıma tez yetişsin bu ərzi-hal.

Aşıq gəlsin əli qızıl, söhbəti bal,

Son nəfəsdə məni telli saz öldürsün.

 

...Şairin evinin astanasından yüzlərlə metr məsafədə cənazəsi aparılırdı. Aşıq Cahangirin sazının yanıqlı sədası və qəmli havacat üstündə oxuduğu könülgöynədən səsi eşidilirdi. Sazın gümüşü tellərində sanki aşığın barmaqları deyil, şimşəklər oynayırdı. Şairin tabutuna tərəf axışan insan selinin təsvirini indi sözlə ifadə etmək mümkünsüzdü. Elə bil, boyundan boy verən silsilə dağlar yerindən oynamışdı. Bu köç karvanının arxasınca göy üzündə dolan buludlar ağlayırdı, insanlar yaş tökürdü. O gün elə bil, çaylar da tərsinə axırdı, suların şırıltısı, bulaqların zümzüməsi başqa tövrdə idi.

 

Zəlimxanın öz tövrü də insanı beləcə heyrətləndirirdi. Nə qədər içidolu insan idi. Elə bil, bu dünyadan köçəndən sonra da daha gözəl bir dünyada şeirlərini yazacağına əmin idi. Zəlimxanın ağzından çıxan hər söz təkcə şair fəhmindən, şair ilhamından xəbər vermirdi, həm də ağlının itiliyi ilə diqqəti çəkirdi. O, kəskin ağrılarla baş-başa qalanda da ürəyindəki misralar söz-söz, sətir-sətir sıralanırdı. O, anadan şair doğulmuşdu. Onu bir ulu qüdrət bəxş etmişdi xalqımıza. Şair taleyində bütün yaradıcılığı boyu, bütün ömrü boyu o ulu qüdrətin əli həmişə üstündə idi.

 

Amansız və zamansız ölüm Zəlimxanın ömür karvanını 66 yaşın tamamına sayılı günlər qalmış haqladı. O, uzun ömür yaşamadı, dağ ömrü yaşadı. O, ömrünün enişindən-yoxuşundan, bəndi-bərəsindən, körpüsündən, dönüm-döngəsindən, səddindən-sərhəddindən keçərək ulu saz-söz diyarı Borçalının Kəpənəkçi kəndindəki ata evindən dünyanın Kəbə evinəcən, Ağ evdən Çin səddinəcən uzun bir yol keçdi, dünyanı-cahanı dolandı. Bu azman şairin söz köhləni yoxuş yordu, bələn aşdı və beləcə bəlli bir yaşda dünyadan köçdü. Doğrudan da ömür ani-həyat fani imiş. Şairin özü dünyanın faniliyi haqda belə yazıb:

 

Bu dünya budursa, gördük, tanıdıq,

Hər cür meyvəsini dərdik, tanıdıq.

Köçünü dağlara sürdük, tanıdıq,

Gəl gedək, gəl gedək, gəl gedək, lələ!

 

...Xəstəlik onu üzsə də, əldən  salsa da, yenə yazırdı, yaradırdı, tədbirlərə, görüşlərə gedirdi. Oxucularla sonuncu görüşlərindən birinə məni də dəvət etmişdi. Görüş Qaradağ rayonunun Buta qəsəbəsindəki 184 saylı məktəbdə idi. Telefonda zəlimxansayağı ərkinin, ağayanalığının, mehriban və məzəmmətedici səsinin qarşısında susub dinləyirdim:

 

- Özün o rayonda yaşayasan, orada şeir-sənətlə bağlı tədbirdə iştirak etməyəsən... Bilirsən, bu, ağlı ola-ola, ağılsız olmağa bənzəyir. Həm eloğlum, dostum kimi, həm də bir qələm adamı kimi yanımda olmalısan, söz deməlisən. Sən də gəlməyəndə kim gəlməlidir? İstedadın var, yaradıcılığın var... Sən niyə belə gözəgörünməz olubsan?

 

Mən də zərif bir zarafatla şairin məzəmmətindən qurtulmaq üçün dedim:

 

- Şair, gözə görünməyinə görünürəm, amma hər gözə görünmürəm.

 

Zəlimxan Yaqub dalğın-dalğın xəyallara dalırdı, xəyalında zülmət qaranlıqları nurlu gündüzlərə qovuşdururdu. Hər açılan səhərə könüldolusu tamaşa edirdi, göyləri- yerləri seyr edirdi, insanlara qucaq açırdı. Amma cahillərdən gen gəzirdi. Özü mənə belə bir əhvalat danışmışdı:

 

- Yasamalda yaşadığımız vaxtlar idi. Hər səhər işə gedəndə bir kəmfürsət yolumun üstündə durub mənə deyirdi “Zəlimxan müəllim, sabahın xeyir. Mən də deyirdim, axşamın xeyir”. Bu minvalla həmin söhbət dəfələrlə təkrarlandı. Axır bir gün o kəmfürsət dilə gəlib dedi:

 

- Ay Zəlimxan müəllim, mən hər gün sizinlə görüşəndə “sabahınız xeyir” deyirəm. Siz isə nədənsə mənə “axşamın xeyir” deyirsiniz...

 

Dedim ki, sözün dəyərini dərk etməyənləri səhər də, axşam da görsəm, dünya gözümdə zülmət qaranlığa dönür.

 

Bəlkə də aqillə cahilin ünsiyyəti elə belə də olmalı imiş?! Uca sözün dəyərini dərk etməyənin birisi Zəlimxanın qəlbinin dərinliklərinə necə baş vura bilərdi? Axı, Zəlimxan sözə qədir-qiymət verilməyən məclisə qədəm basmazdı, söz qədri bilməyənlərlə üz-üzə, gözə-gözə gəlməzdi, söz xiridarı olmayan yerdə söz bardağından bir damcı da süzməzdi. Onun məclisləri ariflərin söz məclisiydi. O, məclisindəkilərdən işıq umurdu, nur istəyirdi. Uca sözü ucaldan işıq, insanlığı qaranlıqdan aydınlığa çıxardan işıq! Buna görə də şair qanıqaraldan işləklərdən uzaq dururdu. Onu hisslərindəki dərinlik belə tərbiyə etmişdi. Cahillərin, kəmfürsətlərin bu hisslərə yaxın düşməsi yasaq idi.

 

Zəlimxan Yaqubun ömür kitabı bağlansa da, qələmindən çıxan cild-cild kitabları bağlanan deyil. O kitablar şairin sadiq oxucuları tərəfindən zaman keçdikcə yenə açılacaq, yenə sevilə-sevilə oxunacaq, Zəlimxanın dilinin şəhdi-şirəsi yenə dillərdə əzbər olacaq. Zəlimxan Yaqub unudulmayacaq...

 

 

Həzi HƏSƏNLİ

525-ci qəzet.- 2016.- 20 fevral.- S.18