“Baş”lanğıc - Birinci hissə
Elçinin “Baş” romanında metafizika məsələsi
Xalq
yazıçısı Elçinin son romanında ilk diqqəti
çəkən əsərin qulağa qəribə gələn
adıdır - “Baş”: bu adda nəsə bir sərtlik,
amansızlıq, yerə-göyə meydan oxuyan təkəbbür,
birbaşalıq var; üstəlik də çox
qısadır, elə bil, ya bəmdən qəfil zilə
qalxır, ya da zildən qəfil bəmə düşürsən;
və nəhayət, bədiilikdən daha çox nəsə
anatomik təəssürat oyadır. Amma elə ki,
“Baş”ı “baş”a vurursan, tam əksini
düşünürsən: “Romana bundan yaxşı ad tapmaq
çətin ki mümkün olsun”.
“Baş”ın
fabulasında gürcü mənşəli rus generalı Sisianovun
Bakının qoşa qala qapıları önündə
öldürülməsi, sonra başının kəsilib
İran şahı Fətəliyə ərməğan
göndərilməsi ilə bağlı məşhur tarixi
olay durur və bütün əsər boyu kəlləsi
alınmış müxtəlif şəxslərdən
söz gedir - Vilyam Mons, Mariya Hamilton, Danton, Molla Pənah Vaqif,
Yemelyan Puqaçov və sair və ilaxır. Milli
tariximizin minlərlə olayı içindən məhz
Sisianov olayının seçilməsi də, yəqin ki, kəsik
baş məsələsi ilə bağlıdır.
Yazıçının bu obraza müraciəti bir
neçə minillik frenoloji ənənəyə söykənir. Orfeyin öncəgörənlik
edən kəsik başından “Kəsik kəllənin
nağılı” adlı xalq nağılımıza,
simvolistlər və neoromantiklərin poeziyasından “Hamlet”
(Şekspir), “Ruslan və Lyudmila” (Puşkin) , “Professor Douelin
başı” (A.Belyayev) və “Kəsilmiş baş”a (A.Merdok)
qədər bu obrazın zahirən bir-birinə zidd iki rəmzi
mənası olub: ölüm və ölməzlik.
İnsan öz ölməzliyini ölüm hesabına dərk
edir. Kəsik başın simvolikası bu üzdən
ikiüzlüdür. Buna görə
hökmdarlar düşmənlərin qafa tasından düzəldilmiş
piyalədən şərab içməklə dirilik suyu
içdiklərini zənn edirdilər.
Kəsik
başın üçüncü rəmzi mənası bu iki
zidd məqamı bir araya gətirir: ölümlü və
ölümsüz dünya arasında əlaqələndiricilik,
mediumluq, qeybdən xəbər vermək, öncəgörənlik.
Bu rəmzi mənalar Elçinin romanının məzmunuyla
da təsdiqlənir. Rusiyanın dünya fütuhatı
ideyası ilə alışıb-yanan general Sisianov
ömrün mənası, dünyanın faniliyi, ruhun ölməzliyi
və Allahın varlığı barədə həqiqəti
yalnız başı kəsiləndən - ruhi-metafizik aləmə
keçəndən sonra dərk edir.
Ad məsələsi üzərində belə geniş
dayanmağımız təsadüfi deyil. Postmodernizmə
görə, ad işarələdiyi şeylə heç bir
daxili bağlılığı olmayan şərti semiotik
vahiddən başqa bir şey deyil - “Qızılgülün
adını dəyişsən, onun ətri dəyişməz”
(Şekspir). “Qızılgülün adı”nın müəllifi, postmodernizmin xaç
atası da bu fikri dolayısı ilə təsdiq edir: “Ad
dolaşdırmalıdır, nizama salmalı deyil”. (U.Eko, “Kənar
qeydlər”)
Tradisional
düşüncəyə görə isə ad işarələdiyi
əşyanın canı, yəni mahiyyətidir, divin canı
şüşədə olduğu kimi, əşyanın da canı
sözdədir: “Can sözdür əgər bilirsə insan,
sözdür ki, deyirlər özgədir can” (Füzuli).
Çünki söz hər şeyə öz canından can
verib. O, Yaradandır: “Başlanğıcda söz var idi,
söz Allahda idi və söz Allah idi” (Yəhyanın
“İncil”i).
Elçinin romanında adlandırma mahiyyəti ifadə
edir, çünki o, postmodernist yox, tradisionalist roman,
ölüm yox, dirilmə haqda əsər yazıb, başqa
sözlə, Şekspirdən Füzuliyə, qərbdən
şərqə qayıdıb. Burda iki nüansa fikir
verək. Nə qədər qəribə səslənsə
də, biz tradisionalizm terminini yenilik anlamında işlədirik,
çünki tradisiya tam unudulub, yenidən xatırlananda
artıq yenilik kimi təzahür edir. Elçinin
son romanında da bədii nəsr təfəkkürümüzün,
demək olar ki, tam unutduğu məsələdən söz
gedir. Digər tərəfdən, biz “şərq”
deyəndə dünyanın adətən üz-üzə
qoyulan iki coğrafi cəhətindən birini yox, tarixən
şərqi də, qərbi də özündə birləşdirən
vahid mənəvi məkanı nəzərdə tuturuq. İntibah dövründən sonra qərb o mənəvi
məkandan uzaqlaşıb, şərq isə ona sadiq
qalıb. Bu üzdən şərqə
qayıdışdan danışmaq ərazi yox, tarixə, məkan
yox, zamana qayıdışdan söz açmaq deməkdir.
“Mahmud və
Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”ndən
sonra “Baş” Elçinin dördüncü romanıdır,
amma məsələ sayda yox, son romanın öncəkilərlə
daxili-tipoloji bağlılığında, yəni bu əsərlərin
kəmiyyət yox, keyfiyyət əlaqəsindədir. Birinci roman - “Mahmud və Məryəm” irfani (ilahi)
eşqin gətirdiyi ölməzlikdən,
üçüncü roman - “Ölüm hökmü” isə
şəxsiyyətə (insana!) pərəstişin törətdiyi
ölümdən bəhs edir. Məndən
içəridəki “mən” insanı ölməzliyə
aparır. “Mahmud və Məryəm” bunu
deyir. “Mən”dən çöldəki mən
(eqo) insana ölüm gətirir. “Ölüm
hökmü” isə bundan danışır.
Fikrin yönəlmə ünvanları da bu əsərlərin daşıdığı başlıca ideya yükünə uyğundur. “Mahmud və Məryəm”də bu ünvan göylər səltənəti (metafizik aləm), “Ölüm hökmü”ndə yeraltı dünyadır (qəbristanlıq) və onlar bir-birini diametral surətdə inkar edir. Ona görə bu dördlükdə “Mahmud və Məryəm”in tərs-müqabili - assendenti məhz “Ölüm hökmü”dür.
Dante semiotik sistemi üzrə desək, bunlardan
birincisi cənnət, ikincisi isə cəhənnəmi
işarələyir. Bu sistemdə ikinci (“Ağ dəvə”) və
dördüncü (“Baş”) romanlar keçid xarakterlidir.
“Ağ dəvə” ölməzlikdən ölümə,
“Baş” isə ölümdən ölməzliyə
keçidi əks etdirir. Təsadüfi deyil ki, “Ağ dəvə”
romanının mahiyyətini özündə daşıyan əsas
obraz (Ağ dəvə) ölümü simvolizə edir.
Başqa sözlə desək, “Ağ dəvə” bu sistemdə
cənnətdən cəhənnəmə, “Baş” isə cəhənnəmdən
cənnətə keçidi göstərir. Odur ki, bu dördlükdə “Ağ dəvə”nin assendenti məhz “Başdır”. Qısa
strukturoloji araşdırmamızı belə yekunlaşdıra
bilərik:
“Mahmud və
Məryəm” - cənnət;
“Ağ dəvə”
-cənnətdən cəhənnəmə, ölməzlikdən
ölümə eniş;
“Ölüm
hökmü”- cəhənnəm, ölüm;
“Baş”
- cəhənnəmdən cənnətə, ölümdən
ölməzliyə yüksəliş;
Təkcə Elçin yox, istənilən
yazıçının (insanın!) düşüncəsinin
konturları ən qabarıq ifadəsini Dantedə tapan bu modelə
uyğundur və bunun səbəbi aydındır - insan
ölməzlikdən (cənnətdən) gəlib və onun
düşüncəsinin hər üç qatında
(şüuraltı, şüur, şüurüstü) yenidən
ölməzliyə qovuşmaq istəyi var.
Dantedən
sonra bu məsələ Miltonu düşündürüb və
təsadüfi deyil ki, ingilis şairi öz məşhur
poemasını iki hissədən ibarət yazıb:
“İtirilmiş cənnət”; “Qazanılmış cənnət”.
Milton modeli üzrə desək, Elçinin dörd
romanından ilk ikisi “cənnətin itirilməsi”, son ikisi isə
“qazanılması” prosesinə uyğun gəlir.
Cəhənnəm-cənnət modeli dini
düşüncənin daşıyıcıları olan Dante
və Miltonun öz iradələri ilə yaranır. Modern-postmodern
dövrün yazıçısı Elçində isə
prosesin ən azı ilk yarısı (cəhənnəm)
qeyri-iradi, şüuraltı olaraq meydana çıxır.
Prosesi bir çevrə kimi təsəvvür
etsək, onun ilk yarımçevrəsində Elçinin
Vergilisi (bələdçisi) hələ
şüuraltıdır. Növbəti yarımçevrədə
proses aydın dərk olunmuş nəzəri təfəkkür
qatına keçdiyindən, yazıçı artıq onu sadəcə
icra etmir, həm də idarə edir. Onun bələdçisi
rolunda şüuraltı yox, indi şüur (hətta ola bilsin ki şüurüstü!)
çıxış edir. Bu, məntiqidir.
Axı, söhbət başdan gedir. Keçid dövrü axır ki, “baş”a
çatıb və d diaqnozu ilə (“Diaqnoz D”) dəlixanadan
qaçan Sovet adamının (“Dəlixanadan dəli
qaçıb”) ağlı axır ki başına gəlib.
Elçin
Qoqol (“Dəlinin qeydləri”, “Ölü canlar”), yaxud C.Məmmədquluzadənin
(“Ölülər”, “Dəli yığıncağı”) dəf
edə bilmədiyi ölülər-dəlilər
mövzusundan keçib, ölülər-dirilər mövzusuna
çata bilir. Çünki onu nə Qoqol kimi
şüuraltının infernal qatları özünə
çəkir, nə də o, C.Məmmədquluzadə kimi
neytral zonaya düşür. Hər iki
yazıçı üçün xarakterik olan ruhi-psixoloji
maneələri aşmaqda “Baş” müəllifinin əsas
istinad nöqtəsi şüurüstü intellektdir. Bu intellektlə təmas hesabına o sadəcə
ölülər və dəliləri yox, həm də diriləri
yazmaq qərarına gəlir. Diriləri
yazmaq isə artıq Qoqol yox, Tolstoyla` (“Dirilmə”), C.Məmmədquluzadə
yox, İsa Muğanna ilə (“İdeal”) anoloji
düşüncə sahəsinə keçmək - dirilmə
zonasına daxil olmaq deməkdir.
Şüurüstü məsələsi ilə
bağlı kiçik bir laborator remarkaya lüzum
görürük. Hər hansı yazıçı
şüurüstünün verdiyi informasiyanı birbaşa
öz şəxsi ruhi-psixoloji təcrübəsi (bədəndənkənar
hissiyyat) hesabına da, bu təcrübəni keçirən
yazıçı və mistiklərin
yaradıcılığından bəhrələnmək
yoluyla da əldə edə bilər. Şübhəsiz
ki, birinci variant daha yaxşı olardı. Lakin
belə bir ruhi-mistik təcrübəyə ya birbaşa, ya da
dolayısı ilə bələd müəllifin əsəri
kimi “Baş” hər iki halda bədii nəsrimiz
üçün yenilikdir və bununla da maraqlıdır.
Elçinin daha iki əsəri - “Şekspir” və
“Teleskop” pyesləri də ən ümumi ideya-məzmun
yönündən “Baş”la eyni sistemə daxildir. Əgər
yazıçı “Şekspir”də sənət bu
dünyanın yeganə həqiqətidir qənaətinə gəlirdisə,
son romanında Qurbani, Xətai, Füzuli, Vaqif və digərlərinin
poeziyası timsalında sənəti də fani dünyanın
efemer komponentləri sırasına daxil edir və beləliklə,
əvvəlki fikrinə önəmli bir redaktə edir.
Kosmoloji təfəkkürlə
yazılan “Şekspir”dən fərqli olaraq, metafizik (kosmos
ötəsi!) düşüncənin məhsulu olan “Teleskop”un
qəhrəmanı ruhdur və bu yöndən o, “Baş”a daha
yaxındır, çünki “Baş”ın da əsas qəhrəmanı
ruhdur. Lakin “Şekspir” və “Baş”da sənətə
münasibətdə fərq olduğu kimi, “Teleskop” və
“Baş”da da ruha, ümumən metafizika məsələlərinə
münasibətdə radikal fərqlər var.
“Teleskop”da bərzəx aləmindən yeri seyr edən və
“O dünya, yoxsa bu dünya?” dilemması qarşısında
qalan ruh ikiüzlü gerçəkliyin hər iki üzünə
münasibətdə postmodern ikibaşlılıqdan doğan
açıq-aşkar ironiya sərgiləyir. Saysız-hesabsız mələklər
ordusundan tutmuş, İlahi Dəftərxananın (lövhi-məhfuz!)
katibləri olan baş mələklərə, hətta
Yaradanın özünə qədər heç kim və heç nə bu ironiyadan
sığortalanmayıb. Nə
üçün? Çünki təkcə
pyesin qəhrəmanı yox, müəllifi də hələ
metafizik seçimini etməyib.
Amma pyesdəki inkarçılığın şiddəti
və miqyası yazıçının belə bir seçimə
maksimum yaxınlaşmasından xəbər verir. Çünki
pozulmaz bir ilahi qanun var - son həddinə çatan istənilən
təzahürün varolma limiti bitir və o özünün əksinə
çevrilir. Məsələn:
-İntibah
dövründən başlayan insanmərkəzçi
düşüncə (antroposentrizm) maarifçilikdə
yüksək həddə çatır;
-insan və insani dəyərlərin ön plana
çəkilməsi (humanizm) modernizmdə, xüsusən də
ekzistensializmdə hər kəsin konkret olaraq özünü
mütləqləşdirməsi ilə əvəzlənir -
“İnsanların sayı qədər “allah” var! Bir həqiqət
var, o da mənəm! Əbədi Sizif əzablarına
dözərəm, amma başımın üstündə
heç bir baş tanımaram!” İnsanın
özünü ali dəyər
saymasında bu, sadəcə yüksək yox, artıq son hədd,
atomar dalan idi!
Əksinə çevrilmə qanunu üzrə
özünüinkar başlamalıydı.
-modernizmin ardınca gələn postmodernizm bu üzdən
nəinki insan, ümumən hər şeyi inkar edirdi;
postmodernizm inamsızlığın son həddi idi; daha
inanmamağa kimsə və ya nəsə yoxuydu; indi
inamsızlığın (imansızlığın!)
inkarı və inamın (imanın!) təsdiqi tələb
olunurdu.
Əksinə çevrilmə qanunu üzrə növbəti
özünüinkar başlamalıydı.
Tradisional metafizik həqiqətlərin təsdiqinə
söykənən “Baş” romanı bu çoxəsrlik əksinə
çevrilmələrin ən son dalğasında yaranıb. Romanın
psixoloji əsasında əksinə çevrilmə qanunu
durur. Bu üzdən romanda “Teleskop”
üçün səciyyəvi olan postmodernist
ikibaşlılıqdan, metafizik gerçəkliyin
varlığına skeptik münasibət və sətiraltı
ironiyadan əsər-əlamət yoxdur. Çünki
“Teleskop”un dilemma qarşısında qalan müəllifindən
fərqli, “Baş”ın müəllifi artıq öz metafizik
seçimini edib. Roman öz mahiyyəti etibarilə
bu seçimdən doğan qənaətləri ifadə edir.
Müəllif bu romanda yeni düşüncə müstəvisinə
- rasional Arsitotel məntiqindən irrasional Platon məntiqinə
keçir. Burda Nizaminin “İskəndərnamə”sində Platon
və Aristotelin yarışı ilə bağlı remarkaya
ehtiyac olacaq. Aleksandr Makedonskinin münsiflik
etdiyi bu yarışda Aristotel eksperiment predmeti kimi seçilən
adamı tütək çalmaqla ancaq öldürə bilir,
Platon isə öz tütəyi ilə onu dirildir və qalib gəlir.
Aristotelin rasional məntiqi ancaq ölümə qədər
gedir, Platon isə öz irrasional idrakı ilə ölməzliyə
(metafizik qata!) keçir. Əsas məsələ (Maqnum Opus!) isə
insanın öz ölməzliyini dərk etməsidir. Nizami tütək haqq-hesabı ilə bunu deyir.
Nizami modelini Elçinin romanlarına tətbiq etsək,
“Ölüm hökmü” yazıçının
düşüncəsindəki aristotelizmə verilən
hökm, “Baş” isə artıq platonizmə keçiddir. Aleksandr
Makedonskidən roman yazan Nizamidən səkkiz əsr sonra rus
imperatoru I Aleksandrdan roman yazan Elçin də Aristotelin tütəyini
qoltuğuna verir. Çünki o artıq
rasional Aristotel məntiqi ilə yox, irrasional Platon məntiqi ilə
düşünür. İndi onun gerçəkliyə
münasibəti Platonda olduğu kimi konseptualdır, yəni o təkcə
ölümün bəri yox, o biri üzünü də
gerçək sayır.
Buna görə son romanında yazıçının
istər ölməz, transsendent ruha, istərsə də
ümumən metafizik gerçəkliyə münasibəti
birmənalı olaraq təsdiqedicidir.
Bu fakt
yazıçının son iyirmi beş
illik yaradıcılığında özünü bəzən
ünsür, bəzən isə sistem şəklində
büruzə verən (“Teleskop”da olduğu kimi) postmodernist
düşüncə və üslubla vidalaşmasından xəbər
verir. Çünki postmodernizm heç bir əbədi
gerçəkliyi, heç bir metafizik nizamı (nizamiliyi!) qəbul
etmir.
Beləliklə, Elçinin son romanı sadəcə
“Baş” yox, həm də “baş”lanğıcdır. Roman öz
müəllifinin yaradıcılığında yeni, daha kamil
bir dönəmin başlanmasından xəbər verir. Terminoloji tələskənliyə yol vermək
ehtimalını da göz önünə almaqla, bu mərhələni
metafizik realizm adlandırmağı təklif edirik. Bir
daha diqqət edək - METAFİZİK REALİZM! Adından da göründüyü kimi, bu meyl ənənəvi
realizmə metafizik qatın əlavəsilə şərtlənən
yaradıcılıq metodudur. Rus ədəbiyyatında
bu metodun tanınmış nümayəndəsi və nəzəriyyəçisi
olan Yuri Mamleyev özünün “Varlığın taleyi” əsərində
yazır: “...metafizik realizm metafizik səviyyəni, ruhi
axtarışları, insan qəlbi və kainatın gizli sirlərini
və sairi özündə birləşdirən ənənəvi
realizmdir”.
Amma metafizik realizm məsələsində Mamleyevə
istinad rus yazıçısı ilə Elçin arasında
metodoloji bərabərlik işarəsi qoymaq kimi
anlaşılmamalıdır. Öncə məsələnin təkcə
bu iki yazıçı yox, istənilən
yazıçıya aid olan ümumi yönlərindən
başlayaq:
-eyni metodla yazan və metodoloji yöndən tam
üst-üstə düşən iki yazıçı təsəvvür
etmək çətindir. İstedad həmişə fərdidir
və heç bir nəzəri çərçivəyə
sözün tam mənasında sığmır; hər
hansı bir yazıçının müəyyən
metodoloji düşərgəyə aid edilməsi onun
özünəxas cəhətləri üzündən həmişə
qaçılmaz şərtliklərlə bağlı olur;
-adi
gerçəklikdən fərqli olaraq metafizik reallıq hər kəsə fərdi
qaydada açılır, hər kəs onu dünyada yalnız
özünə məxsus olan formada görür və göstərir;
çünki metafizika daxili gözlə görülür və
heç kəs başqasının daxilinə girib
varlığa ordan baxa bilməz; metafizikanın hamını və
hər şeyi özündə birləşdirən həqiqət
nöqtəsinə (vadiyi-vəhdət) isə çox az adam
gedib çatır; bizcə, Mamleyev bu yolun təriqət,
Elçin isə mərifət mərhələsindədir.
Bizim üçün daha maraqlı olan Elçindən
söz gedəndə mərifət məqamı göydəndüşmə
bir yarlıq olmayıb, dəqiq göstəriciyə malikdir. Klassik təsəvvüfə
görə, insan bədən və ruh da daxil olmaqla
iç-içə yerləşən yeddi candan ibarətdir.
Mərifət bu canların bir-birindən
ayrılması ilə başlayır və ruhun bədəndən
ayrılması ilə başa çatır. Elə ki,
ruh bədəndən ayrılır, insan özünü bədən
yox, ruh kimi dərk edir və onun
dünyagörüşündə radikal dəyişiklik
başlayır - o hər şeyə Allahın zərrəsi
olan ruhun gözüylə baxır, bununla da aprior ilahi bilgi, yəni
əzəli mərifət (qnozis) kəsb edir.
Bu anlamda ruhu bədənindən ayrılan və
özünü ruh kimi dərk edən qəhrəmanın
düşüncələrindən ibarət “Baş”
romanı postmodern ötəsi mərifətnamə, onun müəllifi
isə mərifət sahibidir. Amma romanın klassik təsəvvüfdən
bir fərqi var. Sufilər bu mərifətə ölməmişdən
öncə, romanın qəhrəmanı isə öldükdən
sonra çatır.
Bütün bunlar hər hansı iki yazıçı arasında sözün tam mənasında metodoloji qeyri-bərabərlik məsələsinin ən genəl yönləridir. Amma məsələnin bilavasitə Mamleyev və Elçinlə bağlı özəl yönləri də var. Rus yazıçısının romanlarında (“Moskva qambiti”, “Özgə”, “Rusiya ilə təkbətək”, “Ruhun imperiyası”, “Dünya və qəhqəhə”, “Dəhşətin qanadları”, “Kainat tarixi”, “Sondan sonra” və s.) qatı metafizka adi gerçəkliklə əriş-arğac kimi iç-içədir və onları bir-birindən ayırmaq mümkünsüzdür. Elçinin romanında isə dumanlı metafizik eyhamlar, güclə sezilən metafizik işarələrin adi gerçəkliyə zərif müdaxiləsindən danışmaq olar. Burda metafizik gerçəklik və adi gerçəklik ikimərtəbəli evin ayrı-ayrı qatlarıdır - birinci qat adi, ikinci qat metafizik gerçəklikdir. Sadəcə, hansısa gözəgörünməz çatların hesabına ikinci qatdan birinci qata nələrsə sızır.
Yuxarıdakı fərqə uyğun olaraq, Mamleyevin qəhrəmanları bütün qeyri-adilikləri, qəribəlikləri ilə birlikdə real şəxslər, Elçinin baş qəhrəmanı isə xalis metafizik subyekt, transsendent mən, yəni ruhdur.
Y.Mamleyevin romanları üçün xarakterik olan aqressiv psixoloji iqlim, psixopat qəhrəmanlar, ölümün empirik dərki naminə törədilən eksperimental qətllər, zorlanma və intiharlar, bir sözlə, infernalizm (“çernuxa”) elementləri Elçinin romanında ya ümumən yoxdur, ya da önəmli dərəcədə yumşalıb. Hər şeyin (eləcə də insanın!) göründüyündən daha böyük anlam daşımasına dair magik-metafizik duyum bu yazıçıların hər ikisinə xasdır, bir fərqlə ki, Mamleyev daha çox qara, Elçin isə daha çox ağ maqdır.
Bəs, metafizik problematikadan söz gedəndə, çağdaş Azərbaycan nəsrində durum necədir? Əgər şüuraltı yox, yazıçı tərəfindən aydın dərk olunan metafizikadan danışsaq, xeyli tərəddüd etməli olacağıq. Halbuki, Azərbaycan Nizami, Nəsimi, Xətai, Füzuli, Cavid kimi metafizik dühalar yetirən klassik şərq ölkəsidir. Şərqdə isə metafizikaya sədaqət qərblə müqayisədə qat-qat güclü olub və indi də elədir. Qərb-xristian metafizikası da öz mənşəyi etibarilə qərb yox, şərq hadisəsidir - Həzrəti İsa qərbdə yox, şərqdə doğulub və fəaliyyət göstərib. Bəs, onda bədii nəsrimiz metafizik mövzular baxımından niyə xüsusi parlaqlığı ilə seçilmir?
Bunun çoxlu səbəbləri sırasında ikisini daha önəmli sayırıq:
-qərb fəlsəfəsində Dekartın deizmi, Spinozanın panteizmi, Feyerbaxın ateizmi, Marksın materializmi, Kontun pozitivizmindən tutmuş Haydeggerin ekzistensializminə qədər əsrdən-əsrə güclənən antimetafizik meyl ötən yüzildə dünya insanının düşüncəsində şəriksiz avtoritetə çevrilmişdi; bu, problemin fəlsəfi əsası idi;
-qatı antimetafizik ideologiyaya malik Sovet rejimi (xüsusən də Stalin dönəmində!) əbədiyyətin qapısını ədəbiyyatın üzünə bərk-bərk bağlamışdı; bu isə problemin siyasi-ideoloji əsası idi.
Əslində, bu amillərdən ikincisi birincinin qanuni və məntiqi davamı (Marks-Engels-Lenin-Stalin!) idi və problemin bir əsası vardı - Yeni Dövrdən üzü bəri getdikcə daha çox maddiləşən insan düşüncəsinin hər cür metafizik-ruhani başlanğıcdan uzaq düşməsi.
Bununla belə, 60-cı illərdən sonra yaranan bədii nəsr örnəklərimizdə metafizika özünün istər infraqırmızı (Y.Səmədoğlu, M.Süleymanlı, A.Məsud), istərsə də ultrabənövşəyi (İ.Muğanna) layı ilə mövcud idi. Lakin bu yazıçıların əsərlərindəki metafizikanın hökmən ya kosmoloji (İ.Muğanna), ya mifoloji (Y.Səmədoğlu), ya psixoloji (M.Süleymanlı, A.Məsud) aşqarı var. Çünki onların əksərinin əsərlərindəki metafizik duyum şüuraltı faktı kimi meydana çıxır. Muğannanın bilavasitə şüurüstünün diktəsilə yazılan “İdeal”ı bu yöndən bir istisna olsa da, yazıçının metafizika anlayışı sonucda kosmosla eyniləşir. Metafizika isə kosmik yox, metakosmik (kosmos ötəsi) “ərazi”dir. 90-cılardan H.Herisçinin “Solaxay” romanına gəlincə, əsərdə metafizik ərazinin təsvirindən daha çox, sirr aləminə çıxış metodundan (insanın indiyədək latent qalmış sol tərəf imkanlarının aktivləşdirilməsi - ambideksteriya) söz gedir. Bütün bunlar “Baş” romanını milli bədii nəsr düşüncəmizdə xalis, kristal metafizikanın təsvir olunduğu ilk əsər kimi dəyərləndirməyə əsas verir.
Eyni təsnifatı yuxarıda adı keçən yazıçıların insana münasibəti baxımından da aparmaq olar. Onlar ya mifik (Y.Səmədoğlu), ya psixoloji (M.Süleymanlı, A.Məsud), ya da kosmik (İ.Muğanna) insandan danışıblar. “Baş” metafizik insandan söz açır. H.Herisçinin tibbi-eksperimental yolla qeybdən informasiya alan ambidekster qəhrəmanı isə ümumən insan yox, post insandır.
Altmışıncı illərdən öncəki sosrealist nəsrin qəhrəmanının isə bu təsnifata dəxli azdır. Tipik Sovet nəsrinin qəhrəmanına hətta homo sapiens də (ağıllı adam) demək çətindir, çünki totalitar kommunizm ideyasının köləsi olan bu adamda məhz fərdi ağıl çatmırdı. Çüzi istisnaları çıxmaqla, Stalin dönəminin nəsr qəhrəmanı polad çəkicini burjuaziyanın başına vuran fəhlə, yaxud orağını o çəkicə söykək verən kəndli də, oraq-çəkic tandeminin təşkilatçısı olan inqilabçı, yaxud bu tandemə mədhiyyələr düzüb-qoşan şair də ola bilərdi, amma mifoloji özümüz-özgələri modeli (binarlıq!) üzrə yaradılan bu sxematik məxluq istənilən halda canlı insan deyildi.
Əslində, homo metafizikus da insan deyil, lakin o, normal insanın (homo sapiensin!) düşüncə hüdudlarını ondan yuxarı qalxmaqla aşır. Halbuki tipik sosrealist nəsrin qərhəmanı bu hüduddan sadəcə aşağı düşürdü. Klassik şərq kəlamçılarının dili ilə desək, insanlığı iki cür aşmaq olar - ya mələk, ya da heyvan olmaqla. Sosrealist qəhrəman ikincilərdən idi. Təsadüfi deyil ki, C.Oruel totalitar Sovet rejimini ifşa edən iki məşhur antiutopik əsərindən birini “Heyvanxana” adlandırır, ikincisində (“1984”) isə kommunist inancını nəzərdə tutaraq, “İnanclı adama ağıl lazım deyil” deyə ironiya edirdi.
Sual oluna bilər ki, axı, metafizik qata çıxmağın əsərin bədii-estetik dəyərləndirilməsinə nə dəxli var? Bu, doğrudanmı, bədii mətnin analizində həlledici meyardır? Metafizika anlayışı üzərində israr etməyimiz (metaisrarımız!), bütün yazı boyu dünya və milli ədəbiyyat tarixinə ekskurslarımızda bu anlayışı etalon kimi götürməyimiz hər şeydən öncə “Baş” romanının özünün məzmunundan doğur; biz, sadəcə, faktı analitik registrasiyadan keçiririk; bu, metafizika anlayışına ardıcıl müraciətimizin konkret tərəfidir.
Digər tərəfdən, ədəbiyyat sadəcə söz oyunu deyil, zamanın qarşıya çıxardığı dürlü suallara bədii cavab cəhdidir; zamanın doğurduğu bütün sualların fundamental cavabı isə məhz zamansız metafizik “baş”lanğıcdadır; insanın ən böyük problemi odur ki, gerçəkliyin metafizik əsaslarına inamını itirib və heç cür başa düşmək istəmir ki, metafizikaya keçid problemlərin ən dərin əsaslarına getmək, tikanı kökündən çıxarmaq deməkdir; bu problemin ümumi (qnoseoloji) tərəfidir.
Nəhayət, çoxqatlı, çoxrəngli varlığın vahid metafizik əsasına yaxınlaşmaqla biz onun ana dilini öyrənir və onunla dil tapırıq; metafizik dil vahiddir; bu gün dünya ədəbi prosesindən təcrid olunmağımızın “baş”lıca səbəbi metafizik dili unutmağımızdır; dünya ədəbi prosesinə qoşulmağımızın ilk baxışdan görünməyən yolu metafizik təfəkkürdən keçir; bu isə problemin ümumi (komparativist) tərəfidir.
Odur ki, Elçinin metafizik əsaslara “baş” vuran romanını istər öz müəllifinin yaradıcılığı, istərsə də ümumən bədii nəsr düşüncəmizdə ikinci nəfəsin açılması kimi dəyərləndirmək olar. Metafizik Amerika artıq açılıb, yeni ərazi kəşf olunub. Əgər digər yazıçılarımızın bu xam ərazinin dərinliklərinə yetməyə gücü çatsa, milli bədii nəsr düşüncəmizdə yeni (sonsuz!) üfüqlər açılacaq və indiyə qədərki nəsrimiz gələcək ədəbiyyatımızla müqayisədə Lobaçevskinin fəza həndəsəsi müqabilində Evklidin müstəvi həndəsəsi kimi görünəcək.
Amma burda iki ciddi perspektiv təhlükə amili də görürük.
-birincisi, metafizikanın qətl, zorlama, intihar, satanizm və sair kimi qaranlıq məsələlərlə bağlı infernal yönlərinin inkişafı, yəni “Baş”dan monstr düzəltmək, demonologiya, qotika;
-ikincisi, “baş”larını “Baş”a qoşan çoxsaylı epiqonçular tərəfindən metafizik düşüncənin işıqlı tərəflərinə parodiyalar yazılması; bu hələ ilk örnəyini verən metafizik realizmdən yenidən postmodernizmə qayıtmaqdan, bu qayıdış isə bir-birindən uğursuz milli sorokin və limonovlar sırasına onlardan da uğursuz milli pelevinlər əlavə etməkdən başqa bir şey olmayacaq; Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesində mələklərin göydən endirdiyi qoçun başından xaş bişirmək istəyən əyalət alkoqolikləri kimi, onlar da uzaq”baş”ı xaş eləmək istəyəcəklər.
Əsəd
Cahangir
525-ci qəzet.- 2016.- 20 fevral.- S.16-17