Qədir
(hekayə)
Qədir çəkməçi köşkündə
oturub çəkicini taqqıldada-taqqıldada müştərilərin
köhnə ayaqqabılarına əl gəzdirirdi.
Onu fikir götürmüşdü, gündəlik
qazancı evi görmürdü, bir qəpik artırıb dala
atmaqdan söhbət gedə bilməzdi.
Artırmaq cəhənnəmə, borclar kəndir olub
keçmişdi boğazına. Ərzaq
dükanlarında, ət mağazalarında adı nisyə dəftərlərinin
başında idi. İnsafən,
alqı-satqı yerlərinin heç birindən Qədiri əliboş
qaytarmazdılar. Bu balaca şəhərdə
onu tanıyanların hər biri bilirdi ki, Qədir tutquçu
deyil, əlinə pul düşən kimi gətirib borcunu
qaytaracaq. O, tez-tez Allahına şükür eləyirdi
ki, heç olmasa, az-çox tanış-bilişin etibarını
qazanıb.
Özünə qalsaydı, heç nəyi vecinə
almazdı.
Çünki Qədir binadan gözütox adam
idi. Bir şalvarı, bir köynəyi dəyişəksiz
üç-dörd il geyərdi. Bəzənib düzənməklə arası yoxdu.
Yeməyi nə idi? Balaca bir
uşaqca qarnının tutumu vardı. Onun
məzəli sözlərini, atmacalarını, lətifələrini
eşitməkdən ötrü Qədiri yüz yerə
çağırırdılar, denən heç süfrəyə
gözünün ucu ilə baxırdı?! Ancaq arvadı Nazı onun gününü göy əskiyə
bükmüşdü. Danlaq eşitməkdən
yazığın qulaqları yağır olmuşdu. Hərdən
özünü arsızlığa vururdu, əlüstü
qonaqlıqlarda, çayxanalarda gününü
yubadırdı ki, təki evə gec gəlsin, arvadının
“dır-dır”ını az eşitsin. Amma Qədir hərdən də başqa cür
düşünürdü. Başqa
cür düşünəndə Nazını haqlı
çıxardırdı. “Kopoyoğlunun
qızı düz donquldanır də, - öz-özünə
deyirdi - Qönçə günü-gündən yekəlir,
onun yükü artır. O, nə başa
düşür atasının dünya malında
gözü yoxdur. O da tay-tuşları kimi yaxşı geyinmək,
qəşəng görünmək istəyir. Arvadı
Nazı özünü nədən ötrü yırtıb
dağıdır? Usta Yusifin - Allah o
dünyasını versin - kamançası alınandan sonra
Qönçənin barmaqları əməlli-başlı
şirinləşib. Hərdən o,
kamançanın pərdələrində elə
yanıqlı xallar vurur ki, Qədirin içi göynəyir,
rəhmətlik dədə-nənəsi gəlib durur gözlərinin
qabağında. Gözlərindən
gildir-gildir yaş axır. O gün Nazı söz
salmışdı ki, musiqi müəllimi Qönçəni
Bakıda keçiriləcək gənc musiqiçilərin
müsabiqəsinə aparmaq istəyir. Qönçəni
başsız qoymamaq üçün Nazı ilə
qızını Bakıya yola salmaqdan ötrü bir ətək
pul lazımdı. Hələ arvadla
uşağa babat əyin-baş almaq məsələsi var.
Durub kimin üstünə borca gedəsən? Doğru deyiblər ki, yüz fikir bir borcu ödəmir.
Qədirin axırda öz-özünə
qımışıb, hər şeyin bir tərəfini
boş buraxmağı vardı. Heç nəyi
özünə dərd eləməzdi. Bəzən
dolanışıqdan gileylənən Nazıya deyərdi ki,
arvad, fikir eləmə, işlərin düzəlməyinə
bir şey qalmayıb.
Bu vaxt Qədirin qapısı açıldı. Uşaqlıq
dostu Fərman qapıda göründü. Onlar
möhkəm qucaqlaşdılar. Fərman
buraların qarışıqlıq olan vaxtlarında Moskvaya
gedənlərdəndir. Orada əli tutub,
neçə illərdir ayaqqabı işinə baxır.
Moskva kimi ucu-bucağı bilinməyən bir
şəhərdə ayaqqabı dükanı olmaq
zırıltı məsələdir. Hər
həftə ona Çindən mal vururlar. Dediyinə
görə, Fərmanın Bakının “Sədərək”,
“Binə” ticarət mərkəzlərində də iri
“toçka”ları var. Onun öz doğma şəhərindəki
ayaqqabı dükanı isə bəlkə də
Moskvadakından da, Bakıdakılardan da böyükdür,
ancaq işlədən yoxdur.
Fərmanın Moskvada başı çox
qarışıb. İldə bir, uzaq başı iki dəfə
buraları yoxlamağı var. Hər səfərində Qədiri
görməmiş, məclis qurub onunla doyunca gop
eləməmiş getməz.
Hər dəfə o, Qədirin dalınca maşın
göndərib hansısa restorana çağırtdırar, məclis
qurar, axırda da cibinə pul basıb evinə yola salar. Bu dəfə
özü dostunun hüzuruna gəlmişdi.
Fərmanın
qəfil gəlişinə yerində quruyub qalan Qədir bilmədi
nə desin:
- Fərman
burada otursan pal-paltarın bulaşacaq! Bəlkə gedək...
Fərman əli ilə Qədirin çiynindən
yüngülcə basıb yerində oturtdu və özüdə
yanını Qədirin qarşısında müştərilər
oturan kətilə qoydu.
Qədir əl-ayaq
elədi:
- Bayaq
termosda yaxşı çay dəmləmişəm. Bir fincan
vətən çayı vur bədənə!
O, cavab
gözləmədən termosun qapağını
açdı, xırda məcməidə çay dəsmalına
bükülmüş fincana çay süzüb dostunun qənşərinə
qoydu.
Fərman
fincanı götürüb çaydan bir qurtum aldı və
dedi:
- Qədir,
biz dostuq də?
Qədir
qaşlarını dartıb cavab verdi:
- Mən
tərəfdən hə, sən tərəfdən bilmirəm.
-
Yarım saat zarafatsız danışaq! İngilislər
deyirlər ki, parlament yumoru sevmir. Mən də
səninlə bir məsələni müzakirə etmək istəyirəm.
- Moskvadan
o boyda yolu basa-basa bundan ötrü gəlmisən?
- Tutaq ki,
elədir!
- Deməli,
ölkələrarası danışıqlar başlanır.
Buyur!
- Qədir,
- Fərman qurcuxub yerini rahatladı - sən bilirsən də,
bazarın böyründə mənim ayaqqabı dükanım
var.
- Bunu
hamı bilir - Qədir termosu açıb özünə də
çay süzdü.
- Onu da
bilirsən ki, həmən dükanı bacıoğlum
Tapdıq işlədirdi.
- Hə,
o dükan Tapdığı xarab elədi.
-
Tapdıq qoşuldu lotu-potuya, neçə dəfə məni
zibilə saldı.
-
Yaxşı elədin o dükanı bağladın. Tapdıqdan dükan işlədən olmazdı.
- Qədir!
- Bəli
Fərman!
- İndi
istəyirəm o dükanı təzədən açım!
O boyda “toçka” niyə boş qalsın ağzıgünə?
- Bundan
ötrü məni strateji əhəmiyyətli işimdən
ayırmaq lazım idi? Ə, bizdə bilirsən
nə qədər ağsaqqal var?
- Qədir,
mən özüm öz ağsaqqalımam. Səbrin olsun, məni
axıra qədər dinlə!
Qədir
qənddandan bir noğul götürüb ağzına
atdı və çay içə-içə dedi:
- Səbr
kasamdan nə qədər içirəmsə, yenə də
dolub daşır.
Fərman
Qədirin üslubunda cavab verdi:
- Mən
deyənə razı olsan, sənə Kitaydan iri bir səbr
kasası alıb göndərəcəm.
-
Qurumsağ, Kitaydan Moskvaya, Bakıya bu qədər mal vurursan,
bir dəfə yadına düşmüşəm?
- Sən
həmişə yadımdasan!
- Elədirsə,
mənə səbr kasası göndərəndə yanına
bir cüt ayaqqabı da qoyarsan. Eşitməmisən
ki, çəkməçinin ayaqqabısı yırtıq
olar?
- Bundan
sonra ayaqqabın yırtıq olmayacaq!
- Şvetzariya bankından dədəmin pulu
tapılıb?
- Mən
deyəni eləsən, onun kimi bir şeydir.
-
Yaxşı, Fərman, zarafatı bitirdim. Dediyin
nədir?
Fərman
boğazını arıdıb dilləndi:
- Qədir
istəyirəm dükanı sən işlədəsən.
Üzü-üzlər görmüş Qədir də təəccüblənərmiş. Bir anlıq
onun sifəti dondu, kiprikləri çalmadı, aralı
qalmış dodaqları bağlanmadı. Fərman
sözünün dalını gətirəndə o da hərəkətə
gəldi.
- Qədir,
razı olsan, sabahdan işə çıxarsan.
- Sən
bilən tacirliyi bacararam?
Qədir
bu sözləri elə boğazla dedi ki, təklifə razı
olduğu aydınca bilindi.
- Qırx
ildir ayaqqabı ilə əlləşmirsən? Ayaqqabı satmağa nə var? Tərəzi
işlədəcəksən? Pulunu al, malını ver! Qazancın da buradakından neçə qat çox.
Qədir artıq xəyalında dükan-bazara olan verəcəklərini
bir-bir qaytarıb adını borc dəftərlərindən
sildirirdi. Birbaşa əlborcu aldıqları da var idi. Yazıq neyləsin, həmişə xərci borcunu
üstələyirdi.
- Nə
“çorta” getdin, Qədir? Heç
dünyanı idarə edənlər bir məsələni
götür-qoy edəndə bu qədər fikirləşmirlər.
- Ona
görə dünya bu gündədir də! - Qədir
ayağa durdu və usta döşlüyünü belindən
açıb divardakı mıxdan asdı. Fərman da
ayağa qalxdı və söhbət ayaq üstə davam etdi:
- Hə,
Qədir nə deyirsən?
- Arvadla məsləhətləşməliyəm!
Ancaq düzünü desəm, mən öz sənətimi
sevirəm. Mənə qalsa, min il bu sənəti
işlədərəm.
Fərman
qayğılandı:
- Birdən
arvad “yox” dedi.
Qədir
gülümsədi:
- Mənə
elə onun “yox”u lazımdı.
- Başa
düşmədim.
- O, “yox”
deyən kimi, qaşlarımı düyünləyib səsimi
qaldıracağam. Qoy kişilənməyimi
görsün. Mən həmişə bir bəhanə
tapıb arvadın ipini yığıram.
Onlar küçəyə çıxdılar. Fərman
dostunun dediklərini zarafat sandığı üçün
söhbəti uzatdı.
- Bəs
arvad “hə” desə, nə tamaşa düzəldəcəksən?
- Onda Nazının qabağında forslanıb ləzzət
alacağam. Ailə həyatının maraqlı etmək hər
bir kişinin müqəddəs borcudur. Hələ
evə qədər yolda bəlkə başqa ssenari
cızdım.
- Qədir,
nə eləyirsən, elə, özün bilərsən,
axşama qədər mənə bir cavab ver. Üç
gün vaxtım qalıb. Dükanı təhvil verib Moskvaya
uçmalıyam!
-
Yaxşı, qardaş, gedib görüm arvad məni hara
uçurdacaq.
Qədir yolu keçib evlərin arasında gözdən
itdi. Fərmansa yolun qırağında
saxladığı “Cip”ə minib uzaqlaşdı.
Qədir həyətə girəndə arvadı Nazı
pipiyini qızardıb döyüşə hazır vəziyyətdə
dayanmışdı. Həyətin dörd-beş toyuğuna dən
səpsə də, bir gözü indicə həyətə
girən Qədirdə qalmışdı. Qədir həmişə
ona davakar olduğunu deyəndə Nazının bir cavabı
vardı: - Nə eləyirəmsə, balama görə eləyirəm!
Uşağın da qayğısı bitib qurtaran deyil. Onun hər bir
istəyi Qədirə yeni bir dava gətirirdi.
Qədir
Nazının qırımına baxıb onu qabaqladı:
- Arvad, gəl
dava eləyək! Başla görək!
Nazının
gözlərindən çınqı çıxdı:
-
Arsız! Mən nə hayda, bu nə hayda?!
Qönçə səhərdən axşamacan
məşq eləyir, Bakıya hazırlaşır. Mənim fikirləşməkdən başım
şişib. Hara əl atıram, əlim
boşa çıxır. Bu da məzə
axtarır.
Qədir
tövrünü pozmadan cavab verdi:
- Nazı
bu məsələ üstündə beş-altı dəfə
dava eləmişik də. Davanın mövzusunu dəyiş!
- Məni
ələ salırsan?
- Allah eləməsin!
- Bəs
onda bu nə danışıqdır? Mənim
başqa nə söz-söhbətim var?! Dilim
Qönçə ilə açılır, Qönçə
ilə bağlanır. Bircə balamdır.
Qara qayğı canımı alıb. Vaxt daralır. Dünən gedib
dükanlara baxmışam. Qönçənin
əyninə görə elə qəşəng paltarlar,
ayaqqabılar gəlib. Özümün də adam içinə çıxmalım yoxdur.
- Arvad,
narahat olma, mənim işim axırda düzəlir.
Nazı yenə həmləyə keçdi.
- Elə
işin axırıdır da! Bakıya getməyimizə
iki həftə qalıb.
- İki həftəyə dağı dağ üstə
qoymaq olar.
- Sən
elə dilinə güc ver!
- Hər
işi dil həll eləyir də! Danışıq olmasa, iş düzəlməz!
- İş görən adamlar kimi gur-gur guruldayırsan.
- Bəyəm
işsizəm? Bekar oturmuşam? Mənim sənətim
qədim sənətdir! Elə adamların ayaqqabısını
yamamışam, desəm, gözlərin kəllənə
çıxar.
- Bilirəm
də...Yüz dəfə demisən Lütfəli Abdullayev
şəhərimizə tamaşa verməyə gələndə
təzə ayaqqabısının dabanı qopubmuş,
qaytarıb yerinə mıxlamısan. Bir dəfə
də Qədir Rüstəmovun ayaqqabısını
yamamısan. İkisindən də pul
götürməmisən, hə, noolsun?
- Hər
halda xoş xatirələrdir də!
- Bunun xatirələrinə bax! Sənin sənətinin zamanı çoxdan
keçib. İndi təzə ayaqqabı
almaq onu yamatdırmaqdan ucuz başa gəlir. Neçə
vaxtdır deyirəm ki, işini dəyiş! Yapışmısan
çəkicdən, əl çəkmirsən.
- Bəs
hansı sənətin qulpundan yapışım?
- İndi pul alverdədir. Hamı
alıb-satır.
- Alver
üçün əldə maya lazımdır, məndə
pul var? Bəlkə evdəki köhnə
ayaqqabıları silib-parıldadım, çıxardım
bazara?
- Bircə
o qalmışdı.
- Axı
bu vaxta qədər heç nə alıb-satmamışam.
- Bundan
sonra alıb-satarsan.
- Nə
bilim, vallah!
- Mən
olmasaydım, səni çoxdan qurd-quş yemişdi. Nə
deyirəm, onu da elə!
Qədir
özünü aktyorluğa qoyub yazıq səslə dilləndi:
-
Nazı!
- Nədi?- Nazı təzədən tarıma çəkildi.
- Fərman Moskvadan gəlib.
-
Gözüm aydın! Ona “dostumdur” deyirsən.
Dostun olsaydı, sənə bir gün
ağlayardı. Ancaq qohum-əqrabasını
yanına çəkir. Sən də ona
şit-şit zarafatlardan ötrü lazımsan.
- Bəlkə
ona ağız açım?!
- Yox, yox,
lazım deyil! O özü sənin halını görmür?
- Bəlkə
görmür? O nə bilsin ki, sənin ürəyindən nə
keçir? Bir ölkədə zəlzələ
baş verəndə o biri ölkələrin
başçıları ona təsəlli teleqramı vurub
yazarlar ki, müraciət etdiyiniz halda sizə yardım göndərə
bilərik. Bunu ona görə deyirlər
ki, bəlkə heç fəlakətə
düşmüş ölkənin başçısı
yardım istəmir.
- Vallah
Əhmədi-biqəmsən! Araz
aşığındandır, Kür topuğundan.
-
Müqayisə üçün deyirəm, arvad! Gedim bir Fərmanın ağzını arayım.
Nazı
yumşaldı:
- Get, amma
keçən dəfə kimi lül-atəş leşini gətirib
üstümə atmasınlar.
Qədir
içində sevindi, əgər iki-üç aydan sonra
iş boşa çıxsaydı, daha Nazı onun beynini yeməyəcəkdi,
axı özü ərini bu işə vadar etmişdi.
O,
axşamüstü evdən çıxıb birbaşa Fərmangilə
gəldi. Yolda iki-üç nəfər ona
atmaca atıb danışdırmaq istəsə də, Qədir
onlara məhəl qoymadı. Fərmangilə
çatanda gördü ki, dostu üzüm
çardağının altında qıçını
qıçının üstünə qoyub çay
içir.
Fərman
Qədiri görüncə ayağa durub onun gəlişini
gözlədi, sonra cavab almağa tələsdi:
- Qədir,
Nazı bacının “hə”, “yox”unu öyrəndin? - deyə soruşdu.
Qədir
gülümsədi:
- “Hə”sini
də öyrəndim, “yox”unu da!
- Başa
düşmədim.
- Sən
deyənə “hə” dedi, mən deyənə “yox!”
Fərman xoşallandı.
Səhər Qədir onu çaya qonaq eləmişdi, indi
o, dostuna çay süzürdü.
Onlar qarşı-qarşıya oturmuşdular. Artıq Fərman
özünü müdir kimi aparırdı, Qədirə də
işçisi kimi baxırdı. Qədir bunu aydınca
hiss eləyirdi.
Fərman
müdirliyə başladı:
- Qədir!
Qədir
də oldu onun işçisi:
-Bəli,
müdir!
- Sabahdan
işə başlayırsan! Sənin
hesab-kitabdan başın çıxır, bilirəm. Bir dükan nədir ki, onunla bacarmayasan?
Satıcı da özün olacaqsan, mühasib də... Ayaqqabı ağır satılan şeydir, işin
çox olmayacaq. Arada Nazı bacı da gəlib
əl-ayaq verər, dükanı yığıb-yığışdırar.
-
Arxayın ol!
- Sənə
bir tapşırığım da var!
- Nə
tapşırıq? - Qədir gözlərini döydü.
-
Dükanı hırraxanaya çevirmə! İsti yer, məzə
axtaranları çənənin altına yığıb
laqqırtı vurma!
-
Arxayın ol! - Qədir bayaqkı cavabı təkrar elədi.
Fərman sözünü qurtarmamışdı.
- Mənə
görə heç kəs sənə dəyib-dolaşmaz.
İşini görəcəksən!
-
Arxayın ol! - Qədir başqa söz tapmadı.
Fərman
fikrini yekunlaşdırdı:
- Ticarətdə,
alverdə arxayınçılıq olmaz, Qədir!
-
Özümə təsəlli verirəm!
- Qorxma!
Əlinə pul dəydikcə ürəklənəcəksən!
- Nədən qorxuram! Mənim ürəyim şir ürəyidir!
Fərman
Qədirə yola salanda dedi:
- Sabah səhər
saat səkkizdə məni dükanın qabağında
gözlə!
Qədir
küçəyə çıxanda beş-altı metrlikdən
eşidilə biləcək səslə öz-özünə
dedi:
-Ömrümdə
birinci dəfədir ki, saatla işləyəcəm!
Qədir
yatağan adam deyildi. Gecə
gec yatsa da, səhər obaşdan yerindən dik qalxıb
durmuşdu ayağa. Ondan çıxmayan iş,
həyətdə ağaclara su verirdi. İndiyəcən
həyət-baca işlərini Nazı görərdi. Qədirin hövsələsi çatmırdı ki,
əlinə bel alıb bağçada bir çim vursun.
Nazı kotan kimi arvad idi.
Mağaza məsələsində Qədir hələ
özünə tam arxayın deyildi. Heç cür ağlına
sığışdıra bilmirdi ki, otuz il
işlətdiyi çəkməçi
köşkünün qapısı qıfıllı qalacaq. Öz-özünə deyirdi ki, bəlkə
gündüz dükanı işlətsin, axşam pinəçiliyini
eləsin. O qədər iki yerdə işləyən var
ki...
Ürəyinin dərinliyində mağaza işindən
gözü su içmirdi. Ancaq Nazının
ağzını yummaqdan ötrü buna məcbur idi.
Qədir
bir qədər suçuluq eləyəndən sonra eyvandan
qızı Qönçənin səsi gəldi:
- Ata, gəl,
çay hazırdır!
Sonra
Nazının xoş səsi eşidildi:
- A kişi, gəl ağzına bir şey at,
işə gecikirsən!
Nazı
“işə gecikərsən”i xüsusi əda ilə dedi, sanki
ərini öz arzularını yerinə yetirməyə səfərbər
edirdi.
Qədir arvadının və qızının həlim
baxışlarının sığalı ilə səhər
yeməyini yedi və özünü qaydaya salıb həyətə
endi. Həyət qapısından çıxanda heç
özü də bilmədi nəyə görə
qanrılıb geri baxdı. Qönçə
ilə Nazı balkonda yanaşı durub onu gendən yola
salırdılar. Hətta bir anlıq
atasının baxışlarını tutan Qönçə
ona əl elədi. Qədirin canına
istilik gəldi. Deyəsən bu qeyrət
istiliyi idi. O, qızının üzünün gülməsi
üçün bu dəqiqə hər çətinliyə
razı idi.
Qədir, deyilən vaxtdan da qabaq Fərmanın
mağazasının qabağını kəsdirdi. Dostu
vaxtında gəldi. Maşından
düşən kimi Qədiri başı ilə salamladı.
Qədirdə cavab olaraq başını tərpətdi.
Sanki əl tutmaq hər ikisinin yadından
çıxmışdı.
Fərman mağazanın seyf qapısını
açdı.
Onlar içəri girdilər. Qədir ətrafa göz gəzdirdi. İçəridə əməlli-başlı səliqə-səhman
vardı. Bir tərəfdə qadın
ayaqqabıları, o biri tərəfdə kişi
ayaqqabıları yan-yana düzülmüşdü. Yəqin ki, burada hər ölçüdə
ayaqqabı tapılardı. Hər
ayaqqabının üstündə qiyməti
yazılmışdı. Qədir əvvəlcə bir az döyüksə də, gözləri
içəriyə tez alışdı. Burada çətin nə
iş vardı? Hər şey hazırdır.
Vitrindən ayaqqabını müştəriyə
ver, pulunu al.
Fərman
yeni satıcısını mağazanın qapısı
içəridən olan balaca anbarı ilə də tanış etdi. Ayaqqabı
qutularının üzərindəki kodlarla baxıb
çeşidləri və ölçüləri ayırd
etməyi ona başa saldı. Sonra onlar
kassa aparatının yanına gəldilər.
Fərman
dilləndi:
- Kassa
aparatını işlətmək çətin deyil. Tapşıracam, başa salacaqlar. İki-üç günə dilini tapacaqsan. Yadında saxla, təcrübə hər şeyi sənə
öyrədəcək. Alverdə əsas
şey diribaşlıqdır. Əldən
iti olmalısan. İçəri girən müştərilərin
başının üstünü kəsdir! Dildən pərgar
ol! Allaha şükür, dil də səndə.
İlanı yuvasından çıxardarsan!
Qədir
dilləndi:
- Fərman,
ilanı yuvasından çıxarmaq asandır, gərək
onu ovsunlayıb yuvasına elə salasan ki, qabağına
keçəni çalmasın.
Fərman bu gün bəlkə də ilk dəfə
güldü.
-
Yaxşı, axşam gəlib sənə baş çəkəcəyəm.
İşə başla! Bazar olsun!
Fərman getdi, Qədir meydanda tək qaldı.
İki saata yaxın heç kəs qapıdan girmədi. Bu iki saatda Qədir
ayaqqabılarla əməlli-başlı tanış
oldu. Hətta zarafatla bəzi ayaqqabılara
söz də atdı. Hər mövsümə
uyğun ayaqqabı vardı burada. Allah
bilir, bəlkə də Fərman “Binə”də, “Sədərək”də
işə getməyən mallarını da gətirib
doldurmuşdu mağazaya. Bir başıçıxan adam kimi Qədir özü üçün
müəyyən etdi ki, ayaqqabılar dözümlü,
möhkəm olmasalar da, üzdən gözəgəlimlidir.
Qədir gözlərinin qapaqlarını növbəti
dəfə qaldıranda Nazı ilə Qönçə
qapıda göründü.
Arvadı ilə qızının üzü
parıldayırdı. Onları sevindirə bildiyi
üçün - bu Qədirin ailəsində az-az olurdu - bir ər
və ata kimi içinə rahatlıq gəldi.
- Bazar
olsun, a kişi! -deyən
Nazının bir gözü ayaqqabılarda
qalmışdı. Qönçə
anasına sığınıb gülümsəyirdi.
Qədiri xoşbəxt eləyən bu dəqiqələr
uzun çəkmədi. Nazı Qönçənin əlindən
tutub qadın ayaqqabıları olan sıraya sarı yönəldi.
Qədir də onların dalınca bir neçə
addım atmalı oldu. Nazı ayaqqabıların birini
götürüb, birini qoya-qoya sözə başladı:
- Deyirəm,
bu başdan Qönçəyə də, özümə də
ayaqqabı seçim, birdən yaxşı mallar
satılıb qurtarar, bizə qalmaz.
Qədir
Qönçənin uşaq ayaqqabılarına başı
qarışdığını görüb Nazının
eşidə biləcəyi səslə
pıçıldadı:
- Arvad,
qoyaydın siftə eləyəydim də... Səhərdən
burdayam, hələ qapıdan içəri boylanan olmayıb.
- Ürəyini
sıxma, mənim əlim yüngüldür. - Nazının
fikrinin doxsan faizi əlində ora-burasına baxdığı
ayaqqabıda idi. - Bizi Bakıya yamaqlı
ayaqqabıda göndərəcəksən?
-
Özümüz özümüzdən nisyə mal
götürək? Axşam Fərmana nə cavab
verəcəm?
-
Dünya dağılmaz! Maaşından çıxar!
-
“Bismillah” deməmiş maaş davası eləyim?
-
Özün bilərsən, sənə qalsa, Qönçə
Bakıya getməyəcək.
- Arvad!... - Qədirin sözünün dalı gəlmədi...
Bu vaxt Nazı seçdiyi ayaqqabını Qönçənin
ayağına geyindirirdi. Uşaq ayaqqabıları geyinəndə o, altdan
yuxarı ərinə dedi:
- Bax,
görürsən ayağına necə oldu? Elə bil balam
üçün məxsusi tikiblər - sonra qızına -
Yeri, atan da görsün!
Doğrudan da ayaqqabılar Qönçənin
ayaqlarında çox şıq görünürdü.
Qədirin satıcılığı, pulu yadından
çıxmışdı, heyran-heyran qızının
ayaqqabılarına baxırdı.
Nazı təzə ayaqqabıları qızının
ayaqlarından soyundurub qutuya qoydu və cibindən
çıxartdığı sellofan torbaya salıb əlinə
götürdü. - Yaxşı, mısmırığını sallama, -
Nazı Qönçə ilə qapıdan
çıxa-çıxa dedi, - özümə heç nə
götürmürəm, amma balama ehtiyat tuturam.
Nazı gedəndən sonra mağazaya
girib-çıxmağa başladılar. Qədir
günortaya qədər dörd-beş ayaqqabı satdı.
Bununla da Qədirin Fərmanın
dükanını işlətdiyindən
dükan-bazardakılar xəbər tutdular.
O, fasiləyə
çıxıb özünü pitixanaya verəndə
tanış-bilişlər onu yeni iş münasibətilə
təbrik elədilər. Bu təbriklər
zarafatlarla dolu idi, sanki onun yeni işi də növbəti bir
macəra yaradacaqdı. Dünənə qədər onun
söz atdığı, şəbədə qoşduğu qəssab
Dadaş qonşu stoldan irişə-irişə soruşdu:
- Qədir,
bu nə hoqqadır çıxardırsan? Bəs camaatın
ayaqqabısını kim yamayacaq?
Qədir
ilk tikəsini ağzına qoyub gülümsədi:
- Bundan sonra imkan vermərəm bu şəhərdə bir adam nimdaş ayaqqabı geyinsin. Ayaqqabı yamamaq qurtardı. Təzə ayaqqabı məndə! Qədirin qədrini bilin də! Görün sizi necə irəli aparır.
Qəssab əl çəkmədi:
- Bizə ayaqqabını havayı verəcəksən?
Qədir onu cavabsız qoymadı:
- Ə, hava da havayı deyil. Təmiz hava udmaq üçün
yaylağa çıxmaq lazımdır! Havayı
bir çöpünüzü görmüşəm? Adım nisyə dəftərlərinizdə
siyahının başındadır.
Qəssab Dadaşqarışıq içəridə
nahar eyləyənlərin dörd-beşinə Qədirin borcu
vardı. Qədir axırıncı cümləsini işlədəndə
onlar bir-birinə baxıb qımışdılar.
“Motoris”
Qulunun səsi gəldi:
- Qədir,
doğrudan pinəçiliklə üzülüşdün?
Gül kimi sənətin vardı...
Qədir
Quluya yanakı baxdı:
- Qulu, sənin
də ağzında dilin varmış. Ə,
nooldu, həmişə sözü səndən kəlbətinlə
çıxartmırdım?! Motorum xarab
olanda mənə ağıl öyrədərsən. Ay
qardaş, ayaqqabı yamamaqla ayaqqabı satmaq arasında fərq
var?
“Motoris”
Qulu konkret cavab verdi:
- Yerlə
göy qədər!
Yeməyini
yeyib qurtaran Qədir salfetlə əllərini silə-silə
ayağa durdu və hamının onun ağzına
baxdığını görüb dedi:
-
Yaxşı,gedirəm o fərqi ayırd
eləməyə.
Sonra
bufetçiyə üz tutdu:
- Göyüş, sənə iki pitinin pulunu borclu idim, bu da olsun üç! Atalar üçəcən deyib. Fərman mənə yüksək maaş boyun olub. Gələn aydan başlayıram borclarımın dalından dəyməyə! Ürəyin təzə ayaqqabı istəsə, gəl götür! Üç pitinin pulu nisyə qalar.
Hərənin ağzı bir quş tuturmuş. Qədirin “Üç pitinin pulu nisyə qalar” deməsi ildırım sürətilə bazara yayıldı. Qədir mağazaya qayıdandan sonra bir saat keçməzdi ki, hay-küylü bir dəstə içəri doluşdu. On-on iki nəfər olardılar. Bunlar hamısı Qədirin neçə illər tanıdığı bazar-dükan əhli idi. Dəstə ayaqqabılara daraşdı. Hərə özünə ayaqqabı seçirdi. Sonra yeni bir dəstə sayı çoxaltdı. Onlarda vitrinlərə cumdular. Qapıda tək-tək, iki-bir, üç-bir görünüb içəri keçənlərdə vardı.
Qədir tanıdığı adamların ona müştərilik etməsinə sevindi. İçəridə adam əlindən tərpənmək olmurdu.
- Baho! - Qədir dodaqaltı mızıldandı, mənim dost-tanışlarımdan heç birinin təzə ayaqqabısı yoxmuş.
Sonra başını aşağı əyib öz köhnə ayaqqabılarına baxdı və mızıldanmaqda davam etdi: - Bəlkə mən də özümə təzə ayaqqabı seçim?
Bu vaxt Qəssab Dadaş əlində tutduğu bir cüt ayaqqabı ilə ona yaxınlaşıb dedi:
- Qədir, bu ayaqqabının qiyməti əlli beş manatdır. Əlli altı manat mənə borcun var, ortada qalır bir manat, onu da sənə bağışlayıram.
Qədir özünü sındırmadı:
- Ə, sənin bir manatına qalmışam? Borc borcdur, onu da qaytaracam!
İkinci dəllək Nuru ona yaxınlaşdı. O, uşaq ayaqqabısı
götürmüşdü.
- Qədir
- dəllək dilləndi - bir ildən çoxdur mənə
on dörd manat verəcəyin var. Bu ayaqqabıların - o hər
əlində bir tayını tutduğu ayaqqabıları irəli
tutdu - qiyməti iyirmi beş manatdır. Sənə borclu qalıram. Yaz nisyə dəftərinə!
Qədir
dəllək Nurunu daladı:
- Nuru, sənin
kimi barmaq hesabı aparmıram, başımda hər şey
yerli-yerindədir. Sənə on dörd yox, on iki manat verəcəyim
var. Get nisyə dəftərinə yaxşı-yaxşı
bax!
Üçüncü
“motoris” Qulu Qədirin çənəsinin altını kəsdirdi:
- Qədir,
keçən ayın əvvəlində məndən nə qədər
pul almısan?
Qədir əlaçı
şagird kimi cavab verdi:
-
Keçən ayın dördündə, axşam saat
altıya işləmiş səndən otuz manat alıb
axundumuzun nəvəsinin toyuna yazdırmışam.
“Motoris”
Qulu dedi:
- Sənin
bir qızıl xasiyyətin var, neçələri kimi adamdan
aldığın borcun dalına keçən deyilsən.
Növbəti alıcının səsi “motoris” Qulunun səsini
eşidilməz etdi. Bu “Jiquli”si ilə “taksavat”lıq edən Rəşid
idi. O, gözünü-qaşını oynada-oynada dedi:
- Qədir,
beş aydır bu dükan
bağlıdır. Altı deşik
ayaqqabılarla hərlənirəm.
Qədir
Rəşidə bozardı:
- Rəşid,
ehsan paylamıram!
Rəşid
sözünü bitirməyibmiş:
- Fərman
hər il mənə bir cüt ayaqqabı
bağışlayır. Özü mənə
deyib ki, ildə bir dəfə gəl dükandan ayaqqabı
payını götür. Özü sənə
tapşırmayıb? - Qədirin susduğunu
görüb əlavə etdi - Yəqin unudub. Özün
onun yadına salarsan.
Sonra rəhmətlik kamançaçı Usta Yusifin
oğlu, qonşuda ərzaq dükanı işlədən
Cabbar yaxınlaşdı. Götürdüyü bir cüt
ayaqqabıya işarə ilə dedi:
- Qədir,
bu ayaqqabıların qiyməti əlli doqquz manatdır. Aşağı yeri yoxdur?!
Qədir
ötkəm cavab verdi:
- Yoxdur!
Cabbar
razılaşdı:
-
Yaxşı, nə deyirəm? Götürürəm, sabah gətirib pulunu verəcəyəm.
Qədir ayaqqabıları ehmallıca Cabbarın əlindən
alıb piştaxtanın altına qoydu. Cabbarın yerindən tərpənmədiyini
görüb dedi:
- Sən
rəhmətlik dədən Usta Yusifin kamançasını o
vaxt mənə nisyə verdin?
- Sən
Usta Yusifin kamançasını Kitay ayaqqabısına tay tutursan, Qədir? Səni hal əhli
bilirdim. Hayıf!
-
Neçə ildir dükan işlədirsən. Bir
dəfə heç kəsə nisyə verməmisən.
- Nisyə
götürmürəm ki... Sabah yanındayam.
- Sabah
pulu gətirərsən, ayaqqabını apararsan. Xətircəm
ol!
Cabbardan sonra Fərmanın bacısı oğlu, altı
ay əvvələ qədər bu mağazanı işlətmiş
Tapdıq gəlib Qədirin qarşısında dayandı. Onun əlində
ayaqqabı yox idi. Tapdıq kinli-kinli Qədirə
baxırdı, sanki nə deyəcəyi haqda
düşünürdü. Qədir onu qabaqladı:
-
Tapdıq, bu şəhərdə hələ heç kəs
mənə sənin kimi kinli-kinli baxmayıb.
Tapdıq
kəsədən getdi:
- Səni
burada işləməyə qoymayacağam!
Qədir
dilləndi:
- Bayaqdan
elə heç kəs məni işləməyə qoymur.
- Burada mən
işləməliyəm!
- Gəl,
əl-ələ verib işləyək də...
Tapdıq fısıldaya-fısıldaya
çıxıb getdi.
Sonra Qədir üzdən tanımadığı dörd adama beş cüt ayaqqabı satdı. Ürəyinə bir az toxdaqlıq gəldi. Ancaq rahatlığı uzun sürmədi. İçəridə qalan tanış-biliş onun üstünə hücum çəkdi. Sanki onlar sözü bir yerə qoyub eyni vaxtda dükana təpilmişdilər. Hərəsinin də qoltuğunda bir cüt ayaqqabı.
Onlar növbə ilə ayaqqabının qiymətini deyərək şifahi haqq-hesab edib aralanırdılar:
- Qədir, mənə səkkiz manat borcun qaldı.
- Qədir,
on iki manatın məndə!
- Qədir,
ayaqqabını götürürəm, oluruq başa-baş!
- Qədir,
aramızda iki manatlıq haqq-hesab qalır, gəlib dükandan
meyvə götürərsən, üzülüşərik.
- Qədir....
Qədir daha deyilənləri eşitmirdi. Onda ayıldı ki, dükanda heç kəs qalmayıb. Vitrinlərdə ayaqqabıların sırası seyrəlmişdi. Xeyli ayaqqabı aparılmışdı. O dükanın qapısını içəridən bağlayıb vitrinləri gözdən keçirdi. Yeri boş qalmış ayaqqabıların sayını bilmək su içimi kimi bir şey idi.
Bu vaxt qapı çöldən döyüldü. Qədir yerindən tərpənmədi. O, dükanı işlətmək fikrində deyildi. Bir azdan qapını bağlayıb birdəfəlik gedəcəkdi. Qapı yenə döyüldü. Qədir Fərmanın səsini eşidəndə tənbəl-tənbəl gəlib qapının açdı.
Dükanın talanmasını Fərmana çatdırmışdılar. Ona görə də içəri girən kimi bir anlıq pauza verib soruşdu:
- Qədir,
daha kiməsə borcun qalmadı?
Qədir
dilləndi:
-
Qaldı.
- Kimə?
- Sənə. Neçə-neçə adama borclu
olmaqdansa, bir Fərmana borclu olmaq daha yaxşıdır.
-
Neçə ayaqqabı getdi?
-
Saymışam, səhərdən doqquz ayaqqabı
satmışam. Üç yüz yetmiş beş
manat kassada pul var.
- Bəs
neçə cüt nisyə aparıblar?
- Otuz
yeddi cütünü!
- Demək
otuz yeddi adama borcun var imiş!.
- Yox, deyəsən
bunlar hamısı deyildi!
Fərman
kassaya sarı gəlib daxılı açdı və
pulları sayıb Qədirə uzatdı:
- Bu da
olsun sənin zəhmət haqqın!
Qədirin
cavabı qısa oldu:
- Bu
çox deyil?
-
Götür! Sən elə-belə oğlan
deyilsən. - Pulu Qədirin döş cibinə qoyandan
sonra əlavə etdi: - Açarları təhvil ver!
Qədir
açarları verib qapıdan çıxanda Fərman ucadan
dedi:
- Qədir,
biz dostuq! Sən çəkməçi işləsən
yaxşıdır!
Fərman
son sözünü dedi:
- Fərman,
ölənəcən sənə borcunu qaytardım
qaytardım, qaytara bilməsəm, qiyamət günündə
üzülüşərik!
Qədir birbaş evə gəldi. Özündə
deyildi. Nazı onun kefsizliyini
yorğunluğa yozdu.
- A kişi, siftəm sənə düşdü? Mənim əlim həmişə yüngül olub.
Qədir
dilləndi:
- Nazı əlin yüngül imiş, ayağın ağır. Fərmanla pozuluşduq.
Nazının qaşları çatıldı:
- Elə mənim götürdüyüm bir cüt ayaqqabıya görə?
Qədir
dərhal cavab verdi:
- Yooox! Özüm istəmədim. Gördüm ki, bu
iş mənlik deyil.
Nazı
yanıb-töküldü:
- Ay fərsiz,
heç olmasa Qönçənin Bakı pulunu düzələnə
qədər işləyəydin.
Qədir Fərmanın verdiyi pulları cibindən
çıxardıb Nazıya uzatdı.
- Fərman
bunları mənə zəhmət haqqı verib.
Nazının
gözləri kəlləsinə çıxdı:
-
Satıcılar günə bu qədər pul qazanır?
Qədir
sinəsini qabağa verib dedi:
- Mənim kimilər, hə!
2015
Əjdər
OL
525-ci qəzet.- 2016.- 20 fevral.- S.14-15;22