Şeirimizin Nərimanı

 

XALQ ŞAİRİNİN 85 İLLİYİNƏ

 

Nəriman Həsənzadə gözəl insandır! Onu 85 yaşında da ruhən cavan saxlayan elə bu insanlığıdır. Bu insani xüsusiyyətlər onun şeirlərində də öz əksini tapır.

 

Nəriman Həsənzadə şeirlərinə, şeirləri də ona oxşayır. Mən onun üzündə həmişə xoş bir təbəssüm görmüşəm. Vallah, inanmağım gəlmir ki, Nəriman Həsənzadə kiminsə paxıllığını çəkə, kiməsə badalaq vura, öz şəxsi mənafeyi və istəkləri üçün məkrli yollardan keçib istəyinə nail ola. Təbii ki, onun da bu dünyada xoşlamadığı insanlar, xasiyyətlər, hadisələr ola bilər, lap elə dostları olduğu kimi, düşmənləri də ola bilər, amma yenə inanmağım gəlmir ki, kimsə Nəriman Həsənzadəni özünə əbədi düşmən hesab eləsin.

 

Şeir yazdığım gün məğrur oluram,

İlham ki, xəfifcə sinəmə dolur;

Bir şeh damlasıtək büllur oluram,

Dünya dünyada yox, məndə əks olur.

 

Nəriman Həsənzadə mənim fikrimcə, müasir Azərbaycanın ən xoşbəxt şairlərindəndir. O, yaradıcılığının "məşq" dövrünü - əllinci illəri arxada qoyandan sonra, altmışıncı illərdə artıq istedadlı bir şair kimi ədəbi aləmdə etiraf edildi. Nəriman Həsənzadə ömrü boyu onu duyan, sevən insanların əhatəsində olub. Belə insanlardan biri də Azərbaycanın görkəmli yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayev olub. Mir Cəlal müəllim Nərimanın "Könlüm şeir istəyir" kitabına yazdığı ön sözdə öz ürək sözlərini belə ifadə etmişdi:

 

"Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir.

 

Nərimanın şeirləri danışıq dilinə yaxın, sadə, səlis üslubu ilə də seçilir. Adama elə gəlir ki, bunlar yazılmır, söylənir. Kitabdan, rəsmiyyətdən uzaq, ürəkdən gələn şirin, maraqlı bir söhbətdir. Əlbət ki, bu yalnız şeirlərin şəkli xüsusiyyəti ilə yox, həm də məzmunu ilə bağlıdır. Nəriman oxucusunu çoxdanın dostu, tanışı və ürək sirdaşı kimi  dindirir".

 

Mir Cəlal müəllimin bu mülahizələrinin söylənildiyi vaxtdan az qala əlli beş il keçir. Amma elə bil indi deyilib.

 

Və qeyd edim ki, istər müasirləri olan görkəmli tənqidçi və ədəbiyyatşünaslar, istər qələm dostları, istərsə də sonrakı ədəbi nəsillərin nümayəndələri Nəriman Həsənzadə yaradıcılığını çox yüksək qiymətləndiriblər.

 

Böyük ədibimiz Mirzə İbrahimov yazırdı: "Nərimanın şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbiət və insanlar haqqında, onların bitməz-tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına da gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır, fikrini, düşüncəsini bu aləmin sirlərini dərk etməyə yönəldir". N.Həsənzadə bu mənada ədəbi tənqidin sevə-sevə müraciət etdiyi, üz tutduğu ədəbi şəxsiyyətlərdən biridir.Şəxsən mən də bir tənqidçi kimi onun poeziyasından bir neçə məqalə yazmışam, çalışmışam ki, şairin ruhunu tuta bilim.

 

Gəlin, bir anlığa təsəvvür edək ki, bizim son altmış beş illik poeziya, dramaturgiya və publisistikamızda Nəriman Həsənzadə adlı bir müəllifimiz yetişməyəydi.  Onda bu altmış  beş illik ədəbi prosesimizdə böyük bir boşluq, bir çat yaranmış olardı. Lirikamızda Nəriman Həsənzadə zərifliyi, incəliyi, epik poeziyamızda Nəriman Həsənzadə dəst-xətti görünməzdi. Şeirimizdə elə nümunələr var ki, onları məhz Nəriman Həsənzadə yaradıb, onlarsız poeziyamızı təsəvvürə gətirmək qeyri-mümkün olardı. Oxucularla açıq və səmimi danışmaq ədası, onların ürəyinə, hiss və duyğularına yol tapmaq bacarığı, təbiilik və səmimiyyət... bütün bunlar Nəriman Həsənzadə poeziyasını elə ilk baxışda təyin edən xüsusiyyətlərdir. Nə yaxşı, şeirimizin Nərimanı var,-deyirik.

 

"Şeir mənim aləmimdə bütöv bir kainatdır, müxtəlif səslərilə, rənglərilə birlikdə təbiətin özüdür, əslidir, surəti deyil. O da canlı orqanizmdir, təbiət qədər doğma və amansızdır. Mən indiyə qədər nə çəkmişəmsə, şeirdən çəkmişəm. Onun ağırlığı altında təntimişəm, amma həmişə bu, mənə fərəh verib. Ağrılardan doğan sevincim olub. Mən bu əzabı həyatda bəlkə də heç bir əyləncəyə dəyişmərəm. Axı, bir də bu məndən asılı olan şey deyil. Mənim səadətim də bundadır".

 

Bu, Nəriman Həsənzadənin şairlik kredosudur. O, bütün yaradıcılığı boyu bu amala daim sadiq qalıb, şeirdən, poeziyadan, öz təmiz hiss və duyğularından heç vaxt üz döndərməyib.

 

Mən Nəriman müəllimin poetik yaradıcılığını xarakterizə etsəm, bircə sözün üzərində dayanaram: SEVGİ...Bu sevgin mənbəyi Anadan başlanır, sonra həyatı yarıda qırılmış bir gözəl qadına məhəbbətlə davam edir, get-gedə bu sevginin sərhədləri böyüyür, bir ürəyə sığmır, böyük Azərbaycan sevgisinə çevrilir. ANA, SEVGİLİ, VƏTƏN məhəbbəti  DÜNYAYA, KAİNATA sevgiylə qovuşur.

 

Budur, şair anasının məzarını ziyarətə gəlib:

Bu gülün rəngində vardı bir donun,

Həyatı sevirdin, axı sən, ana.

Nə deyim, bəlkə də geyinib onu

Təzədən dünyaya gəlmisən ana.

 

Bu şeiri Azərbaycan poeziyasında ana haqqında yazılmış ən gözəl nümunələrdən biri hesab edirəm. Ana məzarı, üstündə bitən bir gül. Nə qədər uğurlu bir bənzətmədir.

 

Səksəninci illərin sonlarında Nəriman müəllimin həyat yoldaşı -Sara xanım dünyasını dəyişdi. Cavan Nəriman vaxtilə gələcək həyat yoldaşına gözəl sevgi şeirləri həsr eləmişdi, bu şeirlər hicran qəmindən, kədərindən uzaq şeirlərdi. Amma Sara xanım vaxtsız getdi dünyadan və Nəriman müəllimin sevgi şeirlərinin də ahəngi dəyişdi. Qəm, kədər öz yerində, amma bu sevgi şeirlərinə doğrudan da bir hicran, əbədi ayrılıq duyğuları yol tapdı. İnsan ən əziz adamını itirəndə ya başına hava gəlir, ya da filosofa çevrilir. Ailə-qadın-cəmiyyət problemi, tənhalıq, təkliyin gətirdiyi faciə...bütün bunlar onun bir çox şeirlərinin leytmotivinə çevrildi.

 

Mən kimin yanına qayıdım evə,

bir eyvan, dörd divar, çoxlu daş qalıb.

Sənlə dolu idi boş evim əvvəl,

indi dolu evim sənsiz boş qalıb.

 

Dünyada ən böyük itki qadındı,

gördüm anamda da, qadınımda da.

Evin yiyəsiydin, indisə torpaq,

sənsən sağ canımda ağrıyan yerim.

Çöldə qalmaq olmur, evdə yaşamaq,

gedən yerim var, nə qalan yerim.

 

Evdən, ailədən başlanır Vətən,

qadından başlayır.

  

Qadınsız kişiyə ər deyən olmaz,

Qadındır kişinin ər ləyaqəti.

 

Qadınsız çətindi həyatı sevmək

sevgisiz həyat da bir həyat deyil.

 

Nəriman Həsənzadə yaradıcılığından söz açan müəlliflərin bir çoxu  onun vətənpərvərlik ruhu aşılayan şeir və poemalarına çox az müraciət ediblər. Halbuki, onun bu mövzuda elə əsərləri var ki, indinin özündə də aktuallığını itirməyib. Onun "Zümrüd quşu" və "Nəriman" poemaları tarixi yaddaşımızın poeziyada əksi kimi çox təsirli əsərlərdir. Ümumiyyətlə, tarix N.Həsənzadənin yaradıcılığından qırmızı bir xətt kimi keçir. Bu xəttin bir ucu XX əsr Azərbaycan həqiqətləri, bir ucu Cənub həsrəti, bir ucu Nizamidən üzü bəri bizim böyük sənətkarların faciəli taleləri, bir ucu da dünyanın indisindən antik dövrünə qədər keçdiyi yoldur.O, həmişə poeziyasında qəhrəmanlığı vəsf edib - Nuru Paşadan poema yazıb, Qaçaq Kərəmi tərənnüm edib. Həmkarım Nizami Cəfərovun bu fikriylə tam şərikəm ki: "Nəriman Həsənzadənin bütün yaradıcılığının baş qəhrəmanı Tarixdir".

 

N.Həsənzadə bir şeirində ("Qız qalası") yazır ki, Azərbaycan torpağında, ola bilməz dillər töksün, ya diz çöksün ata qızı qabağında,  Öz qızına, balasına, doğma ciyərparasına  "sevgilim ol", "arvadım ol" desin ata". Odur ki, bu əfsanə işğalçının söz yarasıdır, həqiqət deyil. Ümumiyyətlə, xalqın etnogenezisi, adət-ənənələri, milli xüsusiyyətləri, poeziyası və musiqisi, qəhrəmanlıq tarixi, eyni zamanda, faciəli dönümləri  ilə bağlı nə varsa, şair onlara qarşı çox həssasdır. "Kərkük yaylığı" şeirində Füzuli yada düşür:

 

Taleyin qürbətə düşüb güzarı,

ayrılıb yollarda duman, sis qalıb.

Burda bir heykəl var-yoxdu məzarı,

orda bir məzar var - heykəlsiz qalıb.

 

N.Həsənzadənin yaradıcılığında tarixi şəxsiyyətlər mövzusu ayrıca bir tədqiqat əsəri ola bilər. Onun "Nəriman"  və "Zümrüd quşu" epik-dramatik poemaları, "Nuru Paşa" poeması, "Atabəylər" və "Pompeyin Qafqaza yürüşü" mənzum pyesləri düşünülmüş bir bədii konsepsiyanın reallaşmasıdır. "Nuru Paşa" istisna olunmaqla adını çəkdiyimiz digər əsərlər Sovet dövründə yazılmışdır.Olsun ki, "Nəriman" poemasında o zamankı həqiqi tarixin unutdurulduğu dövrün məhsulu olan  Azərbaycan tarixi kitablarından gələn müəyyən təsirlər var, amma N.Həsənzadə böyük Nərimanın Azərbaycan qarşısında xidmətlərinə heç bir kölgə salmamışdır.

 

"Nuru Paşa" poemasına gəldikdə isə, artıq bu əsərdə Şair Nəriman Həsənzadə ilə Tarixçi-tədqiqatçı Nəriman Həsənzadə birləşir. Əsərdə  Qafqaz İslam Ordusunun komandanı, Osmanlı ordusunun general-leytenantı Nuru Paşanın Bakının azad olunması uğrunda (1918) Gəncədən Bakıya qədər keçirdiyi uğurlu döyüş əməliyyatından söz açılır. Ancaq poemada Nuru Paşanın bu tarixi missiyasının tərənnümü ilə yanaşı, istiqlal və azadlıq düşüncələri də öz əksini tapmışdır.

 

Nəriman Həsənzadə təzadlar şairidir. Həyatda, cəmiyyətdə, böyük dünyamızda baş verən hər hansı bir hadisə onun poeziyasında öz əksini tapır. Onun "Kimin sualı var?" adlı poemasında cəmiyyətdəki haqsızlıqlar, bu haqsızlıqların rişələri, kökləri araşdırılır.  Poemada xoşbəxt olmağa çalışan iki insanın faciəsindən söz açılır, biri İlhamdır, biri Ağgün. Bu iki gəncin bir güclü rəqibləri var. Onun adı Ədalətsizlikdir ki, Ədalət adı ilə onların qarşılarına çıxır. Bəli, iki gözəl insanı həyatda bədbəxtliyə düçar etmək üçün bir adam da kifayət edərmiş. Bir adam!..Amma görün, o bir adam necə arxalıdır, hər yerə şaxələnib. Bir şaxəsi ali məktəbə, biri nazirliyə, biri daha böyük yerə... Bu şaxələr uzandıqca istedadın yolunu kəsir, qəlbini yaralayır. Ağgün böyük sevgiyə layiq ikən fəlakət izləyir onu, nüfuzlu bir institut professorunun oğlu Ədalət onun saf və bakirə duyğularına xəyanət edir. Onu öz ailələrinə yaraşdırmayan professorun səyi ilə Ağgün institutdan çıxarılır, hardasa uşaq bağçasında işə düzəlir.  İllər keçir... Ömrü tənhalıqda keçən Ağgün səhvlərini bir-bir xatırlayır. Amma ömrün bu anları onu adi bir qızdan düşünən insana çevirir. Özünü dərk etməyə başlayır.

 

Ağgün qız yatmışdı, gəlin oyandı,

Dünyada təzədən doğuldu Agün,

 

Həyat çox sərtdir, mürəkkəbdir və elə olur ki, başdan-ayağa günah içində batanı da silkələyir, onu ADAM OLMAĞA  səfərbər edir. Çünki təməli gözəlliklə yoğrulan, yaxşılıq, xeyirxahlıq üstündə qurulan bir həyatda həmişə günah içində yaşamaq, kimlərəsə pislik edə-edə yaşamaq da yaşamaq deyil... Poemada, bütün əsər boyu yaxşılıq-xeyir-gözəllik şəri-pisliyi-rəzilliyi mühakimə edir.  Ən çox da ittihamçı İlhamdır... O, hörmətli professorunun səhvlərini üzünə deyir, onun elm aləmində yüksəkdə dura-dura bir insan kimi alçaldığını, mənən cılızlaşdığını çəkinmədən söyləyir. Öz kasıb, əlləri qabarlı anası ilə Ədalətin anasını müqayisə edir, məhəbbəti ucundan fəlakətə yuvarlanan Ağgünün çox təmiz, pak bir qız olduğunu söyləyir.

 

Nəhayət, Ədalətin özündə də mənəvi bir tərpəniş başlanır. Başqa bir qızla evləndiyi günün səhərisi hiss edir ki, can atdığı səadət bu deyilmiş.

 

Bəzən şairlərin yaradıcılığından söz açanda "millət şairi", "istiqlal şairi", "azadlıq şairi", "məhəbbət şairi", "təbiət şairi" və s. bu qəbildən olan ifadələr işlədirlər. Təbii ki, belə bir bölgü və bu prinsip çox zaman özünü doğrultmur. Nəriman Həsənzadəyə gəldikdə, bütün bu ifadələri bir kənara qoyub  O,  ŞAİRDİR deyirik. Şair üçün təbiətin gözəlliklərindən yazmaq, poetik boyalarla, sözün rəngləriylə tablolar çəkmək, yaxud Vətəninin, xalqının azadlığı, müstəqilliyi barədə düşüncələrini ifadə etmək, sevdiyi xanımına şeirlər həsr etmək... bütün bunlar onun missiyasına aiddir. Şair odur ki, o, bizim düşündüyümüzü deyə bilir və bununla da bizim üçün doğmalaşır.N.Həsənzadə 90-cı illərin o çətin, mürəkkəb, sarsıntılı günlərində bir çox şeirlər yazdı, sanki ürəyimizdən keçənləri poeziyanın etiraz nidalarına çevirdi. Şair 90-cı illərin əvvəllərində İranda oldu, "Cənub həsrəti" silsiləsi də bu zaman yarandı.

 

Keçdim Culfadakı dəmir körpüdən,

orda fars dayanıb, burda rus durur.

Qarşıda - ikiyə bölünmüş Vətən,

Ortada - bir Araz, bir namus durur.

 

Nəriman Həsənzadə dünyaya göz açdığı Poylu haqqında gözəl bir poema yazıb. Xatırlayıram ki, 2007-ci ilin dekabr ayında Nəriman Həsənzadə ilə birgə mən də onun doğulduğu həmin qəsəbəyə getdik. Həmyerliləri Nəriman müəllimi çox hərarətlə qarşıladılar. Televiziya çəkiliş aparır deyə nənələr, ağsaqqal kişilər, Poylunun cavan qızları, oğlanları onun pişvazına çıxdılar. Əsl el bayramıydı. Nəriman müəllim də şeirlər oxuyur, bu kənddə keçirdiyi uşaqlıq və gənclik illəri haqqında xatirələr söyləyirdi. Amma onun çıxışında bir nisgil də hiss elədim. Dedi ki,bu kənddə daha mənim yaşıdlarımın sayı azalıb. Onda hiss elədim ki, ömür keçib, gün keçib, Nəriman Həsənzadə daha axtardıqlarını tapa bilmir. Amma onu da hiss elədim ki, həmin iki günlük səyahətdə bütün Ağstafa, Qazax eli -qocalı, cavanlı - Nərimanı sevirlər. Bu sevgi isə Nəriman müəllimin bütün ömrünə yetər..

 

Bu dünyanın gözəl vaxtı Poyluda qaldı,

Bir qız mənə süzgün baxdı, Poyluda qaldı,

Göy üzündən ulduz axdı,-Poyluda qaldı,

Taleyimin dalısınca getdim Poyludan,-

Beşiyimin görüşünə döndüm sonradan. 

 

Bu yazıda, təbii ki, Nəriman Həsənzadənin çoxcəhətli yaradıcılığını bütünlüklə təhlil etmək mümkün deyil. O, elə şairlərdəndir ki, tənqidçiyə söz demək, təhlil etmək imkanı verir. Mən isə sadəcə bir yubiley məqaləsi yazdım. Azərbaycan şeirinin Nərimanı isə artıq doqquzuncu onilliyini yaşayır.  Yolun uğurlu, Nəriman baba!

 

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

525-ci qəzet.- 2016.- 24 fevral.- S.4.