Məlahətli səsin ünvanı

 

 

 

 

İbadət Ağayev 1967-ci ildə Qarabağın məşhur mədəniyyət musiqi mərkəzlərindən sayılan Ağcabədi torpağında dünyaya göz açıb. Onda hələ uşaq yaşlarından musiqiyə böyük həvəs maraq yaranıb.

 

Şaqraq səsə malik balaca İbadət bu səbəbdən musiqi məktəbində təhsil almaq qərarına gəlib. Lakin həmin uşaq musiqi məktəbində səs şöbəsi olmadığı üçün tar sinfində oxumalı olub. Beləliklə o, burada gözəl tar çalmağı öyrənib, musiqi biliklərini mənimsəyib. Hətta xalq çalğı alətləri üzrə  keçirilən bir çox müsabiqələrə qatılıb, oxuduğu musiqi məktəbini layiqincə təmsil edib.

 

Müxtəlif dövrlərdə bir sıra musiqi ixtisaslarına yiyələnən istedadlı gənc Üzeyir Hacıbəyli adına Milli Konservatoriyanın xalq çalğı alətləri şöbəsini müvəffəqiyyətlə bitirib.

 

İllər ötdükcə İ.Ağayev muğam ifaçılığı sənəti ilə daha yaxından məşğul olmağa başlayıb, ona möhkəm tellərlə bağlanıb, bölgədə mahir xanəndə kimi tanınıb.

 

Xocavənd kənd uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışan ifaçı öz uğurlu çıxışları ilə muğamsevərlərin dərin rəğbətini qazanıb. Onu tez-tez rayonda, eləcə ətraf bölgələrdə  toy məclislərində, bayram el şənliklərində, cəbhə bölgələrində təşkil olunan konsert tamaşalarında görmək olar.

 

Ağcabədi muğam ifaçılığı məktəbinin yeni nəslinə mənsub olan xanəndə Azərbaycan xalq mahnılarını, muğamları, həmçinin müəllif əsərlərini məharətlə ifa edir, dinləyicilərin zövqünü oxşayır.

 

 Təsadüfi deyil ki, İbadət Ağayevin repertuarında xüsusi yer tutan "Mirzəhüseyn segahı", "Şahnaz", "Şur", "Zabul" dəsgahları, təsniflər, "Qarabağ şikəstəsi", "Mənsuriyyə" zərb-muğamı mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

 

Tanınmış xanəndə öz sənətinə daim tələbkarlıqla, məsuliyyətlə yanaşır. Ona görə də  həmişə öyrənməyə can atır, repertuarını zənginləşdirir. O, bu məziyyətləri öz yetirmələrindən də tələb edir,muğamın sirlərini onlara dərindən öyrədir. Onun qənaətinə görə, ifaçılıq Allah vergisidir, hər hansı məktəb oxumaqla onu əldə etmək mümkün deyil. Su gərək quyunun dibində olsun. Azərbaycan muğamlarının gözəl və bənzərsiz olmasına baxmayaraq, çətinliyini və mürəkkəbliyini vurğulayan İ.Ağayev hər oxuyanın xanəndə hesab edilmədiyini, muğam ifaçısından xüsusi istedad və hünər tələb olunduğunu qeyd edir.

 

Son illər ölkəmizdə muğam ifaçılığına yüksək diqqət və qayğı göstərildiyini dilə gətirən İ.Ağayev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bu sahədəki əvəzsiz xidmətlərinə görə təşəkkürünü və minnətdarlığını bildirib.

 

Qeyd olunub ki, belə bir dəstək və qayğı sayəsində hər il keçirilən respublika televiziya muğam müsabiqələri və digər mötəbər tədbirlər muğam ifaçılığı sənətinin respublikanın hər yerində, xüsusilə, bölgələrdə inkişaf etdirilməsində, gənc ifaçılar nəslinin yetişdirilməsində önəmli əhəmiyyət kəsb edir. Bunu Qarabağda, Ağcabədi rayonun timsalında aydın görmək olar. Görülmüş tədbirlər nəticəsində bölgədə yeni istedadlar üzə çıxarılıb, muğam ifaçılarının sayı xeyli çoxalıb. Bu işdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmiş Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi xüsusi rol oynayıb.

 

İ.Ağayev söhbətinin sonunda rayonda ustad muğam ifaçıları Asif Xəlilov, İnqilab Quliyev, Nigar Qurbanova, Sahib Quliyevlə yanaşı,  Anar Rasimoğlu, Əbülfət Məmmədov, Çinarə Ömərzadə, Bəhruz Valehoğlu   kimi gənc xanəndələrin uğurlu çıxış etdiklərini də deyib.

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet.- 2016.- 24 fevral.- S.4