Dünya, yaman yiyəsizsən!  

 

Yaddaşında ağrı, əzab

Karvanıdır bəzi illər;

Bir senator deyən zaman

"Mərd, mübariz ermənilər",

Qar ələndi başıma, qar!

Dünya, yaman sarsılıram-

qəribə işlərin var;

Yalan-palan diyar-diyar,

İqlim-iqlim yayılırmış.

Nankor - qoçaq, nökər-rəis,

Xəbis sirdaş sayılırmış.

Biri üçün niyə yaxşı,

Biri üçün niyə pissən;

Hanı aqil hökmdarın,

Dünya, yaman yiyəsizsən!

 

Hökmdarın biri müdrik,

Biri hətta səfil olub;

Zəlzələlər, qasırğalar

Gah yavaş, gah qəfil olub;

Sülhü vaxt qorumuşuq-

Dava iflic, zəlil olub.

Qismətin dən boyda sevinc,

Vətən boyda nisgil olub.

Guya yoxdur dərdi-sərin,

Guya qayğı, qayəsizsən?

Hanı aqil hökmdarın?

Dünya, yaman yiyəsizsən!

 

Faciəmiz-cəhalətin

Siyasətdən dəm vurması,

Rəzalətin, səfalətin

Qoşa qanad sındırması,

Bir xalq topa tutularkən

Min millətin yan durması,

Banqladeş mollasının

Məktəb, meşə yandırması...

 

Min oyunun sonu dəhşət,

Milyon tale, ocaq keçir;

Çeçen qanı axıdanlar

Daha kimi hədəf seçir?

Arazın sağ sahilində

Dığalarla təlim keçir.

Serb dağıdıb Bosniyanı,

Haqq, ədalət, insaf hanı?

 

Afrikanı səmum kimi

Çulğalayan aclıq, vəba

Ərzi gəzir qitə-qitə,

Mahal-mahal, oba-oba.

Ruandalı uşağa bax-

Bir sümükdür, bir dəri;

İmperiya qırır hələ

Əfqanları, ərəbləri.

Yaxın Şərqdən köç eyləyən-

Mühacirlər axın-axın;

Avropadan istəyirlər

Çarəsini yaşamağın...

Nə qədər ki, zalım "ağlar"

Sıxışdırır "qaralar"ı,

Nə qədər ki, sağalmayıb

Xocalımın yaraları-

Bir az ahıl,

Bir az çocuq,

Bir az qozbel,

Bir az düzsən;

Hanı aqil hökmdarın?

Dünya, yaman yiyəsizsən!

 

Narahatdır bəşəriyyət-

Sabaha yol gedə-gedə;

Üç-dörd böyük, qoçu dövlət

Kiçiklərə gəlir hədə;

Diplomatın gözü qalıb

Malda, pulda, əmtəədə.

Heç əvvəlki deyil NATO,

Kəsərsizdir BeEmTe də!

Əsrin gərgin çağında da

Ağsaqqalsız, dayəsizsən;

Hanı aqil hökmdarın?

Dünya, yaman yiyəsizsən!

 

 

Oqtay Rza

əməkdar müəllim

525-ci qəzet.- 2016.- 25 fevral.- S.8.