Bilmirəm

 

Ay alın yazımın yaşıl talası,

Ölsəm, avazıyan rəngin solası.

Bir az yaxına gəl, a dağ lalası,

Qoy al yanağından öpüm, göyərsin.

 

Oyan, qara bəxtim, təzədən oyan,

Sən mənə sirdaş ol, mən sənə həyan.

Yuxumda çiçəyi, gülü çırtlayan,

Çəməni gözümə təpim, göyərsin.

 

Əriməz könlümü üşüdən o qar,

Nakam sevgim kimi gecikdi bahar.

Ovcumda bir xışma qəm toxumu var,

Bilmirəm hayana səpim, göyərsin...

 

Adsız şeirlər

 

Qəfildən qarşıma çıxdın,

tanış bir küçədə.

Üzünü çevirib getdin...

Aman Allah,

məhəbbət puç olanda

adam yadlaşırmış

necə !..

 

lll

 

Gözlərimiz dənizdir,

kipriklərimiz

bir-birindən aralı

sahil.

Ömür boyu

işıq soraqlaya-soraqlaya

zülmətlə savaşa çıxırıq,

elə bil...

 

lll

 

Ömür yelkənsiz

qayıqdır,

Həyat

Qabarıb-çəkilən

dəniz.

Hara getsək

əzəl-axır

ölümün

dayandığı sahilə

yan alırıq biz...

lll

Dodaqlarım

çatlayan nar qabığı,

Arzular sonsuz,

xəyallar dərin.

Xəbərim yoxdur

özümdən,

Bilmirəm acıyam,

yoxsa şirin?

lll

Saçlarımda

illərin sazağı,

Alnımdakı qırışlar

Şırım-şırım.

Heç bilmirəm

qarşıma çıxan

qara daşları

necə aşırım?

lll

Gözlərimdə

illərin

qar soyuqluğu,

Sinəmdə

bir udum

yaz havası.

Məni

yaşamağa

səsləyir,

Gözlərimdəki

işıqla, zülmətin

cəngi-davası...

 

lll

 

Atam öləndə

hələ çox

cavan idim,

Hönkür-hönkür

ağlasam da

ürəyimi boşaldıb

kiridim.

Aylar dolandı,

illər keçdi,

İki min üçün

fevralında,

anam da

dünyadan köçdü.

Bax elə onda

anladım ki,

Ömür darısqal

bir qutu imiş.

Dünyanın

ən ağır yükü

heç demə

övlad çiynindəki

ana tabutu imiş...

 

Vaxtıdı

 

Xəyalım atını çapır yüz yerə,

Gözümün önündən keçir dağ, dərə.

Sübh çağı boylanır al şəfəqlərə,

Suların yuxumu yozan vaxtıdır.

 

Nəfəsi duyulur dağlarda qışın,

Canına üşütmə düşür yoxuşun.

Axan gur sellərin, yağan yağışın,

Daşların nizamın pozan vaxtıdır.

 

Qopub ayrılsam da öz günahımdan,

Ürəyim titrəyir hərdən ahımdan.

İmdad diləyərək qibləgahımdan,

Qalxıram minbərə, azan vaxtıdır...

 

Zülmətdə qərq oldu arzu-diləklər,

Göylərə səsləyir məni mələklər.

Üstümdən adlayır soyuq küləklər,

Deyəsən, ömrümün xəzan vaxtıdır.

 

İsmayıl İMANZADƏ

525-ci qəzet.- 2016.- 27 fevral.- S.22