Fədakar folklorşünas, ciddi ədəbiyyatşünas - professor Muxtar Kazımoğlu

 

 

Onun yaradıcılığı və apardığı çoxşaxəli araşdırmaları haqqında çoxdan yazmaq fikrindəydim. Sərlövhəyə çıxardığım “fədakar” və “ciddi” ifadələri də gəlişigözəl söz, difiramb deyil.

 

Professor Muxtar Kazımoğlunu tanıdığım vaxtdan mən onda “fədakarlıq” və “ciddilik” kimi keyfiyyətləri çox görüb müşahidə etmişəm. O, elmə, folklora, folklorşünaslığa, ədəbiyyata, ədəbiyyatşünaslığa, sənətə, sənətşünaslığa daim qayğı və sayğı ilə yanaşıb. Elmi prioritetlərində nəyi dominanta çeviribsə, atalar demişkən, orada “Ağa yarıdıb, Haqq çıxarıb”. Üz çevirdiyi obyektə, müraciət etdiyi predmetə məsuliyyətlə yanaşıb. Hamının görüb yığdığı, oxuyub ümumiləşdirdiyi mətnlərdən digərlərinin eyninə gəlməyən, nəzərindən keçməyən mətləblər arayıb-araşdırıb ortaya qoyub. Təfəkkürünün bucağının elə tərəflərini hərəkətə gətirib silkələyib ki, oradan az əhəmiyyətli görünən məqamlarda belə incə və böyük mətləblər yer alıb. Professor Muxtar Kazımoğlu bütün bunlara böyük inadı, inamı və imanı, məqsədə doğru irəliləməsi sayəsində nail olub. Nailiyyətləri bütün istiqamətlərdə əsaslı olsa da, folklora xidmət, folklorşünaslıq sahəsində araşdırmalarda daha çox görünüb, amma hikkədən, mənəmlikdən, xudpəsəndlikdən kənar olub.

 

Ölkəmizdə folklora müraciət, ona diqqətli münasibət daim yüksələn xətlə getsə də, AMEA-nın nəzdində ayrıca Folklor İnstitutunun yaranıb fəaliyyət göstərməsi elmimizdə son dərəcə böyük və əlamətdar hadisə idi. Onun ilk direktoru professor Hüseyn İsmayılov folklorun toplanması, öyrənilməsi, araşdırılması və nəşri işini böyük əzmlə yerinə yetirdiyi kimi, ondan sonra Folklor İnstitutunun rəhbərliyinə gətirilən Muxtar İmanov nəinki həmin dəst-xətti qoruyub saxlayıb, həm də folklor və folklorşünaslıq istiqamətində aparılan işlərə yeni impuls verib, İnstitutda xüsusi canlanma yaradıb. Regional folklor nümunələrinin toplanılmasına, onların xarakterik çalarlarının öyrənilməsinə, çeşidli janrların səciyyəvi xüsusiyyətlərinin araşdırılmasına böyük önəm verərək onları mühüm tədqiqatlar obyektinə çevirib. Bu gün Folklor İnstitutu nəhəng elmi araşdırmalar “cəbhəsi”ni xatırlatmaqdadır. Və bu “cəbhə”nin ön cərgəsində “döyüşlər”ə intensivlik gətirən də elə professor Muxtar Kazımoğlunun özüdür. Muxtar Kazımoğlu olduqca çevik və dinamikdir. Xarakteri statikliyi sevmir. Folklor və folklorşünaslığımızın inkişafına təkan verə biləcək hər bir qərarın yerinə yetirilməsində israrlıdır. Yəqin onun elə beləcə dinamik keyfiyyəti də professor Muxtar Kazımoğlunu digərlərindən fərqləndirməkdədir.

 

Muxtar Kazımoğlunun tədqiqatları əsasən iki istiqamətdədir. Folklorşünaslığın və ədəbiyyatşünaslığın müxtəlif problemlərini qabartmağa çalışan Muxtar Kazımoğlunun bir-birinin ardınca Azərbaycan elm ictimaiyyətinə təqdim etdiyi “Müasir Azərbaycan nəsrində psixologizm” (1991), “ Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006), “Folklorda obrazın ikiləşməsi” (2011), “Epos. Nəsr. Problemlər” (2012), “Portretlər”  (2013), “Folklor həm keçmiş, həm də bu gündür” (2014), “Sənət qayğıları” (2015) və sair monoqrafik araşdırmaları, çoxsaylı məqalələri, müxtəlif səpkili Respublika və Beynəlxalq səviyyəli konfrans və simpoziumlarda çıxışları və məruzələri bu fədakar alimi çağdaş dövr folklorşünaslığının və ədəbiyyatşünaslığının öncüllərindən birinə çevirib. Professor Muxtar Kazımoğlunun qələmə aldığı bütün əsərləri kifayət qədər maraq doğurmaqdadır. Bununla belə onun “Folklorda obrazın ikiləşməsi” monoqrafiyasında ikiləşməyə müxtəlif yönlərdən (“ciddi” yöndə və komik yöndə ikiləşmə ilə yanaşı, həm də folklordan yazılı ədəbiyyata transformasiya olunmuş (H.Cavid və C.Məmmədquluzadə dramaturgiyasında ikiləşməyə nəzər salınır) diqqət çəkilir, çözülməsi zəruri hesab edilən hallar üzərində dayanılır. Problemə yetkin baxış və onun incələnməsi nəinki milli folklor nümunələri, böyük ədiblərimizin bədii irsinə söykənilərək sərgilənir, həm də dünya folklor praktikasında və nəzəriyyə müstəvisində tədqiq olunur. Bizə belə gəlir ki, professor Muxtar Kazımoğlunun “Folklorda obrazın ikiləşməsi” monoqrafiyasının müddəaları “obraz” probleminə bundan sonra yeni kontekstdə baxış tələb edəcəkdir. Bu əsərin nəzəri və praktik dəyərinin artacağı zaman keçdikcə şübhə doğurmayacaq.

 

Muxtar Kazımoğlunun “Folklorda obrazın ikiləşməsi”ndən başqa son vaxtlarda qələmə aldığı digər bir maraqlı əsəri də vardır ki, onun keyfiyyətləri haqqında oxuculara ayrıca olaraq eksklüziv də olsa məlumat verməyi vacib hesab edirik. Bu, 2015-ci ildə (“Elm və təhsil” nəşriyyatı) işıq üzü görmüş “Sənət qayğıları” kitabıdır.  Bəri başdan deyək ki, “Sənət qayğıları” kitabını professor Muxtar Kazımoğlu özünəməxsus maraqlı bir  üslubda qələmə almışdır. Üç bir-biri ilə üzvi surətdə bağlı (Şifahi söz sənəti, Yazılı söz sənəti, Söz sənəti və ömür-gün qayğıları) başlıqlarda müəllif, bir tərəfdən, yetərincə avtonom (özü kimi muxtar), digər tərəfdən, bir-birindən qaynaq alıb onu istiqamətləndirən və tamamlayan hadisələrdə müəllifin oxucu (tədqiqatçı) ilə daxili düşüncələri, ürək söhbətləri nəzəri və praktik zəmində əksini tapmışdır. Muxtar Kazımoğlunun belə incələmələrində, (məsələn, “Dədə Qorqud” eposundan yuxarı və aşağı paralelliyə nəzər salması) problem fərdi baxış bucağı ilə yaddaşlara çökdürülməklə burada bədii sözün qüdrəti özünəməxsus bir biçimdə incələnir, göyə, Allaha, hökmdara xüsusi münasibət sərgilənir. Göy, Allah, hökmdar hadisələrin iştirakçısı olmasa da, dastan boyu orada müqəddəs varlıqlar kimi təqdim edilməsi, insanları bütün uğurlarını ilahi qüvvəyə bağlaması, Göyün, Allahın və hökmdarın mühüm əlaməti kimi onların ucalığının, yüksəkliyinin göstərilməsi əsaslandırılır. Əsərdə yer almış əhvalatların ayrı-ayrı obrazlar üzərində qurulmasının mahiyyətə xidməti vurğulanır. Bəzi arxetiplərin (xoşbəxtlik və bədbəxtlik, sevinc və kədər), onların vasitəçisi olan (dağ, ağac, su) obrazların mifoloji köklərinə işıq tutulur, türk mifoloji təfəkküründə və təsəvvüründə dağın yerlə göyü birləşdirən dirək kimi təqdim olunması əsaslandırılır. Tanrıya daha yaxın olan dağ anlayışının müxtəlif tərəfləri aşkarlanır.

 

Professor Muxtar Kazımoğlu “Şifahi söz sənəti” adı altında birləşdirdiyi araşdırmalarında “Dədə Qorqud” eposundakı yuxarı və aşağı paralelliyin başlıca mahiyyətini izah etdikdən sonra, folklorda lokallıq və universallıq, qaravəlilərin ilkin mahiyyətinə aydınlıq gətirir, oyunların və ayinlərin xarakterik cəhətlərinə nəzər salır, Güney Azərbaycandan olan “Koroğlu” dastanının toplanmasında yeni ortaya çıxarılmış bəzi məqamlara diqqət yetirir, “Koroğlu”nun indiyəcən çap olunmuş nüsxələri ilə M.H.Təhmasib nəşri üzərində həmin mətnin tutuşdurularaq geniş müqayisələr aparılmasına imkanlar açıldığını ortaya qoyur, dastanın şifahi danışıq dilində təqdim edilən qollarının Güney Azərbaycanda, xüsusən onun Xələc, Əfşar, Şahsevən ellərindəki ləhcə xüsusiyyətlərini araşdırmaqda dilçilərimizə zəngin material verə biləcəyinin vacibliyini vurğulayır.

 

Professor Muxtar Kazımoğlu folklorşünaslığın müxtəlif  problemlərini ustalıqla incələyən alim olduğu kimi, həm də ədəbiyyatşünaslıq məsələlərinin məsuliyyətli bilicisi olduğunu qeyd etməyə ehtiyac vardır. Bu baxımdan onun “Sənət qayğıları” kitabının ikinci bölməsindəki “Yazılı sənət nümunələri” başlığı altında əksini tapmış,  Yusif Səmədoğlunun “Qətl günü” romanının müxtəlif tərəfləri, buradakı hadisələr, zaman keçidləri, mürəkkəb biçimli daxili monoloqları, roman müəllifinin keçirdiyi hiss və yaşantıları, həyat həqiqətləri, romandakı mifologizm ünsürləri barədə fikirləri diqqəti xüsusilə cəlb edir.

 

Professor Muxtar Kazımoğlu elə həmin bölmədəcə filologiya elmləri doktoru Cəlal Qasımovun “Cavidi məhbəsə aparan yol” kitabından gəldiyi nəticələri “Sənətkarın ölməzliyi” adı altında təqdim edir. Burada o, H.Cavidin bütün təqib və təzyiqlərə baxmayaraq, türkçülük əqidəsinə sadiq qalıb Azərbaycan və Türkiyə türkcəsinin qovşuğunda yaratdığı özünəməxsus bir dillə danışmasından, onun yalançı vətənpərvərliyi rədd etməsindən danışır, Cavid yaradıcılığını birtərəfli yanaşmalardan qorumağın vacibliyindən, ədibin sənətkarlığının və təfəkkürünün mayasını təşkil edən, bu yaradıcılıqda milliliklə bəşəriliyi qovuşduran, insan olmaq faktorunun vacibliyini ortaya qoya biləcək nümunələrin mühümlüyünü vurğulayır.

 

Muxtar Kazımoğlunun “Sənət qayğıları” kitabında çağdaş Azərbaycan poeziyasının qabaqcıl nümayəndələrindən olan Adil Cəmilə həsr etdiyi “Adım ayrılıqdır” yazısı da maraq doğurur. Burada, o, Adil Cəmilin qəm-qüssə, həsrət-nisgil fəlsəfəsinin köklərini incələməklə şairin yaradıcılığında həsrətin tarixinə işıq salıb, şeirlərində el-oba yanğısını, dərd libası geymiş nümunələrin kədəri necə yaşadığını, onun tənha, köməksiz qalmasının vətən dərdi, Qarabağ həsrəti ilə necə uyuşduğunu, şairin belə vəziyyətinin onu öz içindən necə yıxdığını özünəməxsus bədii-nəzəri-estetik ümumiləşdirmələrlə ortaya qoya bilmişdir.

 

“Sənət qayğıları” kitabında professor Muxtar Kazımoğlunun “Teymur Kərimli ilə klassik ədəbiyyat üstündə dərdləşmə” adlı yazısı, tanınmış ədəbiyyatşünas-tənqidçi mərhum Arif Əmrahoğluna həsr etdiyi “Yorğunluq”, Sona Vəliyevanın şeirlərinə nəzər saldığı “Tənhalıq qıfılbəndi”, ibtidai siniflərdəki orta məktəblərdə tədris olunan ədəbiyyat nümunələrində vətənpərvərlik məsələlərini çevrələyən “Oxu kitablarında vətənpərvərlik dərsləri” adlı təhlil xarakterli araşdırması da dəyərli materiallardır. Professor Yavuz Axundlunun “Ədəbi mühit və sənətkar” kitabından aldığı təəssüratlar nəticəsində araya-ərsəyə gələn “Mirzə Cəlil yurdunda ədəbi proses”lər sərlövhəli təhlil də diqqətəlayiqdir.

 

Bütün söylədiklərimiz göstərir ki, imanı özünə məslək seçmiş professor Muxtar Kazım oğlu İmanov folklorşünaslığımız və ədəbiyyatşünaslığımız naminə “Söz”ü müqəddəsliyindən yapışıb öz “Yol”unu uğurla davam etdirməkdə, “Yol”a və “Söz”ə urvat gətirməkdədir.

 

 

Nizami TAĞISOY

Professor

nizami.mamedov@mail.ru

525-ci qəzet.- 2016.- 2 iyul.- S.19.