Deyib ki, yadigar qalsın...

 

AKADEMİK TEYMUR BÜNYADOVUN DÜŞÜNCƏ VƏ SÖZ XƏZİNƏSİ

 

Nə vaxtdır xalqımızın içində, onun xeyrində-şərində, saz-söz məclislərində bir xalqşünas alim, ömrünün qürub çağını yaşayan müdrik bir el ağsaqqalı görünür. Bu, çox sadə və mehriban davranışı, şirin ləhcəsi, səmimi söhbətləri, ağıllı məsləhətləri ilə hamımızın doğmasına çevrilmiş akademik Teymur Bünyadovdur.

 

Tarixçi, arxeoloq, etnoqraf, yazıçı, şair, publisist, pedaqoq və bunların hamısının ortasında dayanan kövrəkqəbli, safniyyətli, nəcibürəkli, hatəmsəxalı, böyük bir insan - Teymur Bünyadov. Canından artıq sevdiyi Azərbaycanı qarış-qarış gəzən, onun hər daşına, hər divarına dərindən bələd olan, hamı ilə öz dilində danışan və danışdıqca, yazdıqca müdrikləşən, dədələşən Dədə Teymur. Son yüzillikdə xalqının bütün ağrı-acısını özü yaşayan, özündə daşıyan Teymur müəllim. Onun təkcə “Göz yaşları” romanını oxumaq yetər ki, biləsən bu insan nələr çəkib, nələrdən keçib. Bəlkə elə buna görə də o, bu gün bu zirvəyə çatıb.

 

Belə bir insanın müasiri olmaq, onunla oturub-durmaq, elə böyür-başında fırlanmaq, sözlərinə qulaq asıb, yazdıqlarını oxumaq böyük xoşbəxtlikdir. Mən o xoşbəxtlərdən biriyəm.

 

Bu yaxınlarda bir yas məclisində Teymur müəllim mənə dedi ki, gələrsən yanıma, iş yerimə, sənə bir bekara kitab verəcəm, aparıb baxarsan. İki gündən sonra getdim, qalxdım Elmlər Akademiyasının yeddinci mərtəbəsinə. Teymur müəllim iş otağında idi. Məni görcək “gəldinmi, ağrın alem?”dedi. Oturdum, çay gətirtdi, bir az ordan-burdan söhbət elədik, sonra arxasında oturduğu masanın gözündən bir kitab çıxartdı, içini yazdı və mənə uzatdı. Kitabı götürüb üzünə baxdım, başında  Teymur Bünyadov, ortasında isə “Dedim ki, yadigar qalsın...” sözləri yazılmışdı. Dərhal xəyalımdan Səməd Vurğun keçdi:  

 

“De gəlsin hər nəyin vardır, 

 

Deyilən söz yadigardır”.

 

Dedi: “ Bu mənim ürəyimdən keçənlər, ürəyimə köçənlərdi, oxu, yadda saxla!” 

 

Dedim: “Baş üstə, Teymur müəllim”. Halallaşıb ayrıldıq. Akademiyanın bağına düşəndə ürəyim dözmədi, bir tərəfdə oturub kitabı açdım, əvvəlcə birnəfəsə müəllifin öz kitabına yazdığı ön sözünü oxudum, duyğulandım, kövrəldim. Teymur müəllim sanki dünyayla, bizlərlə vidalaşan bir doğma insan kimi hardan gəldiyini, nələr gördüyünü, nələrdən keçdiyini, nələr etdiyini qısa şəkildə gözdən, sözdən keçirərək bizə bir daha kim olduğunu bildirirdi. Sonra bu kitabın hansı istəkdən yaranması barədə söz açaraq söyləyirdi ki, niyyəti bu kitabla ömrü boyu yaşadığı, keçirdiyi, duyduğu hisslərdən irəli gələn düşüncələrini, nəticələrini, könül pıçıltılarını bir müdrik ağsaqqal deyimi, kəlamı kimi bizlərə ərməğan etmək, əmanət qoymaqdır. “Heç olmasa, onların bir xeylisi qəlbinizə yol tapsa, həyatınıza şam-çıraq tutsa, sevinər, xoşhal olaram. Necə deyərlər, ondan sonra nə dərdim, nə məlalım... Zaman keçər, dövran dəyişər. Mənim könül əmanətimin bəziləri xalqın dilində səsləşər, xalqlaşar. Onda qəlbim rahat, ruhum şad olar. İnşallah...” -yazırdı Teymur müəllim.        Kitabın 18-ci səhifəsini açıb bir az oxuyanda gördüm ki, ilahi, burda nələr yoxdu! Bunlar ki elə əsl atalar sözləridi, məsəllərdi: qısa, lakonik, amma nə qədər ustalıqla, incəliklə toxunmuş poetik, aksiomatik, dərin mənalı “söz dağarcıqlarıdı”! Niyə də olmasın, axı bütün atalar sözlərini elə Teymur müəllim kimi dünyagörmüş, nurani-pirani ağsaqqallarımız, ağbirçəklərimiz nə vaxtsa deməyiblərmi!?  

 

Kitabı bağlayıb, gəldim evə, fikirləşdim ki, bu sözləri yavaş-yavaş oxumaq, dərk etmək, yadda saxlamaq lazımdır. Elə də etdim. İndi bu kitab mənim stolüstü kitabımdır, məsləhət, istinad yerimdir. Tez-tez baxıram bu kitaba, Quran kimi. Bəli, “atalar sözü qədir-qiymətdə müsəlmanların müqəddəs kitabından heç də ucuz deyildir”... “Atalar sözü Qurana girməz, amma onunla yanaşı gedər.” -yazır məşhur Azərbaycan folklor toplayıcısı Əbülqasım Hüseynzadə. Bu kitabda Teymur Bünyadovun  həyatımızın, mənəviyyatımızın 29 sahəsini, mövzusunu əhatə edən atalar sözü səviyyəsində müdrik deyimləri, hikmətli kəlamları var, hamısı da bir-birindən gözəl, tutarlı, məntiqli və mənalı. Qəti olaraq əminəm ki, onların çoxu, müəllifinin istədiyi kimi nə vaxtsa dillər əzbəri olacaq, xalqlaşacaq, əbədiləşəcək. Yazımın sonunda istərdim  bu deyimlərdən bir qismini sizlərin diqqətinə çatdırım:

 

Ana dilini unudan, anasını da unudar.

 

Anasını itirən dünyasını itirər.

 

Ata ocağını satan vətənini də satar.

 

Ata oğula görə tanınanda xoşbəxt olar.

 

Bir ürək ki, vətən üçün döyünmür, sussa yaxşıdı.

 

Elə qalmaqal bədəsildən, müxənnətdən düşər.

 

Elsiz də, yarsız da yaşamaq dəhşətdi.

 

Evi kişisiylə, qızı anasıyla      .

 

Əvvəl el üçün, sonra ev üçün.          

 

Həyat məhəbbət olan yerdədi.

 

Qanla alınan torpağı qanla qaytararlar.

 

Nəfsi toxun ürəyi sağlam olar.

 

Ovu bərəsində, işi vədəsində.          

 

Torpaq əkənin, qeyrət çəkənin.

 

Vətənin qeyrətini qeyrətlilər çəkər.

 

Yaxşıların yaxşısıdı yaxşılıq.

 

Anadan doymaq, yurdu gözdən qoymaq olmaz.

 

Arvaddan yarımayan övladdan çətin yarıyar.

 

Ataya ata demək asan, oğul olmaq çətindi.

 

Ataya layiq olmaq borcdu, üstün olmaq şərəf.

 

Ata güllə atan atasını güllələsə yaxşıdı.

 

At atdan, oğul arvaddan.

 

Ər yarı ilə, ağac barı ilə gözəldir

 

Kişi evin qulu, çölün ağası.

 

Qadın kişini ucaldar da, vaxtsız qocaldar da.

 

Qadın sığal istər, körpə nağıl.          

 

Oğulu gözdən, qızı sözdən qoru.

 

Palıqın közü, kişinin sözü.

 

Əmək itirənin əməyi itər.

 

İnsan “mənəm” deməz, mənəmlik göstərər.

 

Yaxşıya rəhmət, yamana lənət oxunar.

 

Erməninin qocası donuza gedər, azərbaycanlının qocası şeir yazar.

 

Dağlar qarınan, aran barınan gözəldi.

 

Gül açılar yaz olar, qız qarıyar söz olar.

 

Qonşu qonşuya tən gərək, tən olmasa gen gərək.

 

Maddiyyat mənəviyyatı üstələyəndə qiyamət qopar.

 

Oğurluqla varlananın həyatı fəlakətlə qurtarar.

 

Şərəfli ömür sürmək, şərəflə dünyadan köçmək gözəldi.

 

Dinli, imanlı ağsaqqallar pirdi, ocaqdı.

 

Dünya kimə dağ verir, kimə dağ çəkir.

 

Arxa əlsizə əl, dilsizə dil verər.

 

Ah-vay dağı da yandırar, daşı da.

 

Metalı nəm, insanı qəm çürüdər.

 

Öləni ağlamaqdansa, pis günə qalanı ağla.

 

Təndir göz çıxardar, müdrik söz.

 

Yetimin qəlbi nəmli, gözü nəmli olar.

 

Gözəlliyi görməyən iki gözdən kordur.       

 

Göz gördüyünü, ürək sevdiyini söylər.

 

Dostu çox olan dostsuz qalar.

 

Xain baxışından bəlli olar.

 

Yağıya yazıqdı demə, yazıq günə qalarsan.

 

İtdən qorxma, it sifətdən qorx.

 

Keçmişini bilməyənin nə gələcəyi?

 

Ağalıq etmək istəyən nökərçiliyi də bacarmalıdır.

 

Dəliyə qız, dələduza üz verməzlər.

 

Göynən gedən göydə qalar.

 

Haşa bədnəzərdən, mərdiməzardan.

 

Kasıbın ürəyi böyük, çörəyi şirin olar.

 

Qanmayana hoş da birdi, toş da bir.

 

Qızıl dirəkdənsə, qızıl bilək istə.

 

Murdarı ha suya sal    .

 

Nə arvadın, nə atın cilovunu buraxma.

 

Şirdən şir, tülküdən tülkü olar.

 

Şahı görmək üçün vəzirə baş əy.

 

Tərbiyə görməyəndən tərbiyə gözləməzlər.

 

Toydan qal, yasdan qalma

 

Ürəyi az yüklə, yata bilər.

 

Varlı dövləti, varı ilə, kasıb etibarı, ilqarı ilə.

 

Alim yanında dilini, sənətkar yanında əlini saxla.

 

Vəzifə gəldi-gedər, alimlik qiyamətə qədər.

 

Ağılsızdan ağıl ummaq ağılsızlıqdı.

 

Fərasətli oğul yerişindən bəllidi.

 

Özünün yerini bilən, sözünün də yerini bilər.

 

Sözgötürən, sözötürən qələbə çalar.

 

Arxa duranlar az, arxadan vuranlar çox.

 

Elə qul ol ki, elin ağası olasan.

 

Yerini bilməyən yerişini də bilməz.

 

Elmi elmsizə tapşırsan fəlakət olar.

 

Əzəl tərbiyə, sonra təhsil.

 

Sənətkar cavan, alim müdrik çağında sevilər.

 

Çox bilən ol, çox bilmişdik eləmə.

 

İş göstər, söz güləşdirmə.

 

İş görənin, at minənin.

 

İşləyən iş, işləməyən bəhanə axtarar.

 

Kasıbın ürəyi böyük, cibi boş olar.

 

Qabaqda gedəni öyərlər, dalda qalanı döyərlər.

 

Qonaq gəlməyən evə Əzrayıl gələr.

 

Qədərində yeyən, içən sağlam olar.

 

Yaltaqlığın o tərəfi satqınlıqdı.

 

Yavaş getsən ölü, iti getsən dəli deyərlər.

 

Arsıza ar nə lazım, sağalmaza var nə lazım.

 

Bədəsildən bəd övlad törər.

 

Xəsis ol, xəbis olma.

 

Ləyaqətsiz özündən aşağıya alçaq, yuxarıya padşah deyər.

 

Vəzifə insanın ağlını almasa yaxşıdı.

 

Arxa dur, arxadan vurma.

 

Xəbisin qarnı qurdlu olar.

 

Kişiliyin bir yaraşığı da ağayanalıqdı.

 

Qeyrətsiz yaşamaqdansa, qeyrətli ölmək yaxşıdı.

 

Tülkü qorxaq olar, tula yaltaq.

 

Türk ayağın uzadar, əlin uzatmaz.

 

Aradan pərdə götürüldü yaşamağa dəyməz.

 

Gülər üzlünün ömrü uzun olar.

 

Haram yemə, halal ye, ömrün uzansın.

 

Ürək bulandırma, ürək qızdır.

 

Vara güvənmə, yara güvən.

 

Çörək itirənin çörəyi itər.

 

Əyri yolla varlanan tez vərəmlər, tez ölər.

 

Cibdən yox, qəlbdən dövlətli ol.

 

Varlının qəmi sevincindən çox olar.

 

Dağlar qarıyla, bağlar barıyla, gözəllər yarıyla gözəldir.

 

Əl tutan ol, əl uzatma. Kasıbın payını yeyənin payı palçığa dönər.

 

Sağlığını sağlam olanda qoru.

 

Sınan qəlbi ha yapışdır, yapışmaz.

 

Yaramazla yarıtmaza iş tapşırma.

 

Düşmən yerişindən, dost baxışından bilinər.

 

Fikir eləmə, şükür elə.

 

Əziz oxucular, bilmirəm siz nə düşündünüz, mənə belə gəlir ki, dünyamızın bu qarmaqarışıq dövründə, vətənimizin çox çətin imtahana çəkildiyi, mənəviyyatımızın deformasiyaya uğradığı bir zamanda, özümüzü itirməmək, kimliyimizi unutmamaq naminə akademik-ağsaqqal Teymur Bünyadovun bu həyati vacib kəlamlarını, digər atalar sözlərimiz kimi, ailələrimizdə, orta və ali məktəblərimizdə kəlmə-kəlmə oxumalıyıq, keçməliyik, öyrənməliyik. Küçələrimizə yazıb yapışdırmalıyıq və bu kəlamlara riayət etməliyik. Yoxsa vay halımıza! Onu da nəzərinizə çatdırım ki, Teymur müəllimin eyniadlı bu kitabı Tehran şəhərində böyük tirajla çap olunmuş, internetdə 30 mindən çox insan tərəfindən izlənmişdir. Hal-hazırda həmin kitab Tehranda “Xudafərin körpüsü” jurnalında hissə-hissə də çap olunur.

 

Valeh NƏSİBLİ 

Filologiya üzrə elmlər doktoru

525-ci qəzet.- 2016.- 2 iyul.- S.23.