Paşa Qəlbinur haqqında filmin təqdimatı olub
Görkəmli alim və şair
Paşa Qəlbinurun həyat və yaradıcılığına həsr
olunmuş “Nur adındır, işıq
andın!” sənədli
filminin Milli Konservatoriyada təqdimatı
keçirilib.
Cəmil Quliyevin ideyası, İctimai Televiziyanın təşəbbüsü əsasında
çəkilən filmin
rejissoru Mahirə Cəfərovadır.
Filmdə Paşa Qəlbinurun həkim, alim, müəllim, şair və esseist-filosof kimi çoxşaxəli fəaliyyəti işıqlandırılıb.
Şairin bioqrafiyasının ən
önəmli məqamları,
onun xarakter cizgiləri həm özünün, həm də ölkənin tanınmış elm və
sənət adamlarının
dilindən verilib. Paşa
Qəlbinur ömür
yolunun çox vacib məqamı olan peşə-sənət
seçimi barədə
danışarkən deyir:
“Orta məktəbdə
ixtisasımla bağlı
tərəddüd yaşayırdım.
Təyyarəçi, güləşçi, hətta futbolçu olmaq fikrinə belə düşmüşdüm.
Mənim
dayım həkim idi. Sonralar - orta məktəbin
yuxarı siniflərində
elə dayımın peşəsindən ciddi təsirlənərək həkim,
həm də göz həkimi olmağa qərar verdim”.
Şair
ədəbiyyata, sözə
bağlılığını isə bu cür
ifadə edir: “Şairlik mənim taleyimdir. Mən onu seçməmişəm.
Poeziya özü məni arxasınca aparıb, öz möcüzəvi dünyasına qatıb”.
Filmdə akademik Rafael
Hüseynov, professorlar
Eldar Şahbazov, Zəhra Quliyeva, Xalq artisti Flora Kərimova, şair Cabir Novruz, bəstəkarlar
Şəfiqə Axundova,
Nəriman Məmmədov
və başqalarının
Paşa Qəlbinurla bağlı fikirləri yer alıb.
Ekran işinin
nümayişindən sonra
tədbir tamaşaçıların
çıxışları ilə davam edib. Professor Nizaməddin Şəmsizadə
düşüncələrini bölüşərək deyib:
“Paşa Qəlbinur şair və esseistdir. Həmçinin loğmandır, yəni
ki, filosof və həkimdir. Onun poeziyası, esseistikası,
miniatür romanları
və görkəmli oftalmoloq kimi fəaliyyəti Azərbaycan
ictimaiyyəti üçün
böyük dəyər
kəsb edir”.
Millət vəkili, publisist Fazil Mustafa P.Qəlbinuru vətəndaşlıq borcunu layiqincə yerinə yetirən ziyalı adlandırıb: “Əslində hər kəsin təsəvvüründə Paşa Qəlbinurun öz obrazı, öz filmi var. İstər miniatür romanlarında, istər poeziyasında, istərsə də yaradıcılığının, fəaliyyətinin digər sahələrində... Azərbaycan ictimaiyyətində faydalı ziyalı defisiti var. Yəni, sakitcə gününü-güzəranını keçirib yaşamaq istəyən insanların sayı çoxdur. Ancaq cəmiyyətin, millətin yükünü çiyinlərinə götürmək, daşımaq, o ağırlığın altında tab gətirmək hər insanın işi deyil. Mən düşünürəm ki, Paşa Qəlbinurda, bax, bu cür ziyalı keyfiyyəti var və o, həmişə özünü bu yükü qaldırmağa borclu bilir. Hər bir məsələdə söz sahibi, fikir adamı kimi vətəndaşlıq borcunu yerinə yetirə biləcək insan olmaq asan deyil. Paşa Qəlbinur məhz belə ziyalılardandır”.
Jurnalist Telli Pənahqızı P. Qəlbinuru daha çox söz adamı kimi səciyyələndirib: “Paşa müəllim mənimçün daha çox söz adamıdır. O, öz qəlbinin nuru ilə bizə şeirlər pıçıldayır. Paşa Qəlbinur işığın ucunda od-alvolu paltar geyib cihad edən bir şairdir”.
Böyük bəstəkar Arif Məlikov, professorlar Tofiq Məlikli, Əlişir Musayev, ictimai xadim Tağı Əhmədov və başqaları da çıxış edərək Paşa Qəlbinur haqqında düşüncələrini paylaşıblar.
Sonda Paşa Qəlbinur söz alaraq filmin yaradıcı heyətinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 2 iyul.- S.16.