İmperiyalar və onların süquta sürüklənməsi

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

4. 1916-1917-ci illərdəki müharibədə böyük qırğın

 

Şərqdəki uğur almanları qərbdə müdafiə olunmağa qadir etdi. 1914-cü ildə qazılan əvvəlki tranşeylər bu vaxt yaxşı düzəldilmiş müdafiə sisteminə çevrilmişdi. Tranşeylərin hər iki xətti 3-5 fut hündürlüyündəki və 30 yard genişləndiyindəki tikanlı məftillə mühafizə olunurdu. Onlarda beton pulemyot yuvaları var idi, xeyli arxadan ağır artilleriya ilə müdafiə olunurdular.

 

Tranşey döyüşünün gözlənilməyən inkişafı hərbi liderləri azdırırdı. Onlar əvvəllər hərəkət və manevr etməklə müharibə aparmışdılar. Əsgər kütləsi öz tranşeyindən dırmaşıb çıxıb, süngüləri ilə düşmən tranşeyinə tərəf gedirdilər.

 

Hücum nadir hallarda baş tuturdu. Pulemyot müdafiəsiz adam dəstələrinin açıq çöldə irəliləməsini dayandırırdı. 1916-cı və 1917-ci illərdə milyonlarla gənc adam cəbhəni yarmaq istəyəndə həlak olmuşdu. 1916-cı ildə on ay ərzində Verdendə bir neçə kvadrat millik yerdə 700 min adam öz həyatını itirmişdi.

 

Qərb cəbhəsindəki tranşey vuruşması ağla sığmayan dəhşətlər meydana gətirdi. Çox sayda iştirakçılar döyüş meydanının artan qarışıqlıq dumanından söhbət açırdılar. Hücum edən əsgərlər “adam olmayan torpağa” girdikdə səs-küy, pulemyot atəşi, artilleriya mərmiləri onları çox vaxt panikaya salırdı.

 

Döyüş meydanının mənzərəsini tikanlı məftillər, mərmi deşikləri, palçıq, yaralanmış və ölən adamlar korlayıb, cəhənnəmə döndərirdi. 1915-ci ildə zəhərli qazın tətbiq edilməsi yeni formada olan yaralar əmələ gətirdi. Bu vaxt əsasən xardal qazından - ipritdən istifadə olunurdu. Almanlar zəhərli qazdan istifadə etməyə başlayanda, düşmən əsgərlərinin bədənində təhlükəli yaralar əmələ gəlirdi. Almanlar şərqdəki rus cəbhəsində bundan daha çox istifadə edirdilər.

 

Tranşeydə əsgərlər həmçinin ölümün daimi həmləsi ilə bir yerdə yaşayırdılar. Mühit ölüm nişanələri ilə doluydu. Döyüş aylarla gedəndə onlar ortaya ölmüş adamların saysız-hesabsız cəsədlərini və ya artilleriya atəşindən bədən orqanlarını itirmiş əsgərlərin qalıqlarını gətirib yığırdılar. Bəzi əsgərlər xatirə kimi parçalanan cəsədlərin üfunətini və siçovul dəstələrinin tranşeylərdə piylənib şişmələrini yada salıırdılar.

 

Qərb cəbhəsindəki pat vəziyyətinin digər bir cəhəti də ondan ibarət idi ki, hər iki tərəf yeni müttəfiqlər axtarırdı ki, onlar, yəqin ki, qələbə üstünlüyü verə bilərlər. Osmanlı imperiyası 1914-cü ilin payızında artıq Almaniyanın tərəfində müharibəyə girmişdi. Rusiya, Böyük Britaniya və Fransa noyabrda Osmanlı imperiyasına müharibə elan etdilər. Baxmayaraq ki, Britaniya imperiyası öz qüvvələrini Konstantinopoldan cənubi-qərbdə olan Qallipoliyə 1915-ci ilin aprelində çıxartmaqla, Balkan cəbhəsini açmağa cəhd etmişdi. Lakin Bolqarıstanın Mərkəzi Dövlətlər (Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyası belə adlanırdı) tərəfdə müharibəyə girməsi və Qallipolidəki məhvedici kampaniya onları geri çəkilməyə məcbur etdi. İtalyanlar isə, Fransa və Britaniya ona müharibədən sonra Avstriya ərazilərini ələ keçirmək barədə vəd verdikdə müttəfiqlərin tərəfində vuruşmağa keçmişdi.

 

Dünyanın başqa hissələrində əsas Avropa dövlətləri müstəmləkə imperiyalarına nəzarət etdiklərindən, Avropadakı müharibə tezliklə dünya müharibəsinə çevrildi. İmperiyalar əvvəlki müharibələrin təkcə vasitələrini və miqyasını dəyişməyib, həm də onun mahiyyətini əks etdirmək məqsədilə adını da dəyişdirmişdilər. İmperiyalar öz qitəsindən çıxıb dünyanın başqa guşələrinə  yayıldıqlarından, onların bir-birilə vuruşması da, dünyanın çox hissəsini üz-üzə qoymuşdu və bu, həqiqətən də dünya müharibəsi adlanmağa layiq idi.

 

Orta Şərqdə Britaniya zabiti Tomas E.Lourens (1888-1935-ci illər), o, daha çox ərəbistanlı Lourens kimi tanınırdı, 1916-cı ildə ərəb hökmdarlarını Osmanlı ağalarına qarşı qiyama qalxmağa təhrik etdi. 1918-ci ildə Misirdən və Mesopotamiyadan olan Britaniya qüvvələri Osmanlı imperiyasının Orta Şərqdəki qalığını məhv etdi. Onların Orta Şərq kampaniyaları üçün Britaniya qüvvələri üçün Hindistandan, Avstraliyadan və Yeni Zelandiyadan adamlar səfərbərliyə alınırdı. Britaniya itkiləri arasında Avstraliya və Yeni Zelandiya əsgərləri çoxluq təşkil edirdi. İmperiya tabeliyində olan xalqlardan müharibə Molox kimi kütləvi qurban tələb edirdi.

 

Müttəfiqlər həmçinin Almaniyanın Avropadakı əvvəlcə işğal etdiyi əraziləri və həmçinin güclü hərbi-dəniz qüvvələrinə malik olmayan Afrikadakı Almaniya müstəmləkələrini tutmaqda üstünlük əldə etdilər.

 

Dünya müharibəsində Britaniyanın ilk atəşi həqiqətən də Britaniyanın Afrika qoşunları 1914-cü ilin avqustun sonuna yaxın alman müstəmləkəsi olan Toqolandın içərilərinə girən vaxt açılmışdı. Lakin Şərqi Afrikada alman komandiri polkovnik Paul fon Lettou - Forben dörd il ərzində Afrika qoşunlarını bir kampaniyadan digərinə keçirməklə vuruşmağa cəlb etmişdi. O, Avropada barışıqla müharibə başa çatanda, sonrakı iki həftə ərzində də hələ təslim olmamışdı.

 

Afrikadakı döyüşlərdə Müttəfiqlərin hökumətləri əsasən afrikalı əsgərlərdən istifadə edirdilər, bəzi dövlətlər isə, xüsusən Fransa Afrika qoşunlarını Avropada döyüşməyə götürürdü. Fransa 170 mindən çox Qərbi Afrika əsgərini ordu sıralarına çağırmışdı ki, onlardan çoxu Qərb cəbhəsinin tranşeylərində vuruşurdular. Afrikalı qoşunlar alman Reynlandında müharibənin sonunda işğalçı qüvvə kimi istifadə edilmişdi. 80 min afrikalı Avropada həlak olmuş və ya yaralanmışdı. Orada onlar çox vaxt tanımadıqları yerə və iqlimə görə həm də başqalarından fərqli bir ziyan çəkirdilər.

 

Yüz minlərlə afrikalı həmçinin işçi qüvvəsi kimi, xüsusən ehtiyatları daşımaqda, yolları və körpüləri tikməkdə istifadə olunurdu. Şərqi Afrikada hər iki tərəfdən yığılan afrikalı fəhlələr onların orduları üçün hambal kimi işlədilirdi. 100 mindən artıq bu zəhmət adamları laqeydlik üzündən xəstəlikdən və aclıqdan ölmüşdü.

 

I Dünya müharibəsinin Afrikaya bilavasitə təsiri, Almaniyanın Afrika müstəmləkələri sadəcə qalib dövlətlərə, xüsusən Britaniya və Fransaya keçəndən, müstəmləkəçilik idarəçiliyinin genişlənməsi oldu. Lakin müharibə həm də avropalılar üçün əvvəlki niyyətdə nəzərdə tutulmayan nəticələrə səbəb oldu. Afrika əsgərləri, hansılar ki, Müttəfiqlər üçün müharibəyə girmişdilər, xüsusən o adamlar ki, Afrikanı tərk edib, Avropada vuruşurdular, siyasi cəhətdən agah olanlara çevrildilər, siyasi və sosial bərabərliyi müdafiə etməyə, təbliğ etməyə başladılar. Fransada vuruşan bir afrikalının dediyi kimi, “biz özümüz üçün vuruşurduq ki, fransız vətəndaşlarına çevrilək”. Bunu ona görə edirdilər ki, onlar müharibədən sonra vətəndaşlıqla və siyasi imkanlarla mükafatlandırılacaqdı. Ümidləri boşa çıxdıqda, onlar tezliklə müstəmləkə əleyhinə olan hərəkata qoşuldular.

 

Şərqi Asiyada və Sakit okean zonasında Yaponiya 23 avqust 1914-cü ildə müttəfiqlərə qoşuldu, ilk növbədə Asiyadakı alman ərazilərini tutdu. Bir yapon dövlət xadiminin bəyan etdiyi kimi, Avropada müharibə “Yaponiyanın taleyinin inkişafı üçün ilahi kömək idi”. Yaponiya Çindəki alman ərazilərinə, həm də Sakit okeandakı almanlar tərəfindən işğal edilmiş adalara sahib oldu. Yeni Zelandiya və Avstraliya Yeni Qvineyanın almanların əlində olan hissələrini işğal etməkdə tezliklə yaponlara qoşuldular.

 

Müharibədə Birləşmiş Ştatlar neytral qalmağa çalışırdı, lakin dartılıb müharibəyə cəlb edildikdə bunun daha çətin olduğunu gördü. Baxmayaraq ki, münaqişədə xeyli rəğbət hissi Britaniyaya bəslənirdi, Amerikanın müharibəyə cəlb edilməsinin bilavasitə səbəbi Almaniya ilə Böyük Britaniya arasındakı dəniz münaqişəsindən böyümüşdü. Yalnız bircə dəfə Almaniya və Britaniya hərbi-dəniz qüvvələri birbaşa vuruşa girmişdilər - 31 may 1916-cı ildə Yutland döyüşündə, bu vaxt almanlar həlledici olmayan bir qələbə çalmışdılar.

 

Britaniya öz üstün hərbi-dəniz qüvvələrindən maksimum səmərə ilə istifadə edib, Almaniyanı dəniz blokadasına aldı. Almaniya blokadaya qarşı sualtı qayıqlarla qeyri-məhdud qaydada istifadə etməklə müharibə aparmağa məcbur edildi. 1915-ci ilin əvvəlində Almaniya hökuməti Britaniya adaları ətrafındakı arealın müharibə zonası olduğunu elan etdi və ona daxil olacaq hər bir gəmini torpedo atəşi ilə hədələdi. Sərnişin xətlərində almanların gəmiləri batırmalarına görə güclü amerikan protestləri, xüsusən martın 7-də ingilis gəmisi “Lazitaniya”nın batırılması, bu vaxt yüzdən artıq amerikalı həyatını itirmişdi, Almaniya hökumətini məcbur etdi ki, sualtı gəmilərdən qeyri-məhdud istifadə etməklə aparılan vuruşun şəklini sentyabr ayında dəyişdirsin və bir il sonra bu qaydada müharibənin aparılmasını dayandırsın.

 

1917-ci ilin yanvarında almanlar digər bir hərbi oyuna keçdilər və sualtı qayıqlardan qeyri-məhdud istifadə ilə müharibənin aparılması qaydasına qayıtdılar. Alman hərbi-dəniz zabitləri imperator II Vilhelmi inandırmışdılar ki, sualtı qayıqlardan qeyri-məhdud istifadə ilə müharibənin aparılması beş ay içərisində ingilisləri ac qoya biləcəkdir. İmperator amerikanlar barədə maraqlandıqda, ona heç də narahat olmamağı demişdilər. Alman hərbi-dəniz qüvvələri baş qərargahı isə, amerikanların “qaydalarının pozulmuş” olduğunu “və onlar intizamsızdırlar” demişdi. Amerikanlar hərəkət etməmişdən əvvəl artıq britaniyalılar ac qalacaqdır. Hətta əgər amerikanlar müdaxilə etsələr ehtimalına admiral Holtsendorf imperatoru əmin etmişdi ki, “mən siz əlahəzrətə bir zabit kimi söz verirəm ki, bir nəfər də olsun amerikan qitəyə ayaq basmayacaqdır”.

 

Sualtı qayıqlardan qeyri-məhdud istifadə ilə müharibə aparılmasına qayıdılması 1917-ci ilin aprelində Birləşmiş Ştatları müharibəyə girməyə məcbur etdi. Amerikan qoşunlarının Avropaya böyük sayda gəlməmələrinə baxmayaraq, Birləşmiş Ştatların 1917-ci ildə müharibəyə girməsi Müttəfiq Dövlətlərə onların möhtac olduqları psixoloji durumun yüksəlməsini verdi. 1917-ci il onların heç biri üçün yaxşı deyildi. Qərb cəbhəsində hücumlar biabırçı qaydada məğlubiyyətə uğramışdı. İtalyan orduları oktyabrda və noyabrda darmadağın edilmişdi. Kaporettoda italyanlar avstriyalıların və almanların hücumuna məruz qaldıqda yüz minlərlə itki vermişdi. Rusiyadakı bolşevik inqilabı ölkənin bu dövlətin müharibədən geri çəkilməsinə səbəb olmuşdu. Mərkəzi Dövlətlərin vəziyyəti daha yaxşı görünürdü. Osmanlı imperiyasında müharibə yorğunluğuna baxmayaraq, Bolqarıstan, Avstriya-Macarıstan və Almaniya ondan öz rüsumlarını götürməyə başlamışdılar. Burada vətəndəki cəbhə sürətlə müharibə cəbhəsinə daha çox aid olmağa başladı. 

 

5. Yeni növ müharibə aparılması qaydası

 

1915-ci ilin sonundan döyüş cəbhəsində təyyarələr meydana çıxdı. Təyyarələr ilk dəfə düşmən mövqeyini pozmaq üçün istifadə edilmişdi, lakin tezliklə onlar yerdəki hədəflərə, xüsusən düşmən kommunikasiyalarına hücum etməyə başladılar. Hava məkanına nəzarət etmək üstündə vuruşlar baş verdi və sonrakı dövrlərdə bu artdı. Əvvəllər təyyarəçilər əldə saxlanan tapança ilə biri digərinə atəş açırdı, lakin sonralar təyyarələrin burnuna pulemyotlar yerləşdirildi və onlar göydə xeyli təhlükələr törətdilər.

 

Almanlar həmçinin özlərinin nəhəng hava gəmilərindən - tspeppelinlərdən Londonu və Şərqi İngiltərəni bombalamaq üçün istifadə etdilər. Bu, az ziyan vururdu, lakin adamları qorxudurdu. Almaniyanın düşmənlərinə ancaq tezliklə məlum oldu ki, tseppelinlər hidrogen qazı ilə doldurulduğundan, təyyarə topları ilə onlar vurulduqda, tezliklə alovlanan cəhənnəmə çevrilirlər.

 

Tanklar həmçinin 1916-cı ildə Avropa döyüş meydanlarında tətbiq olundu. Britaniya modeli olan birinci tankda tırtıllardan istifadə olunurdu, bu, onu hamar olmayan yerlərdə hərəkət etməyə qadir edirdi. Tanklarla silahlanmaqla xalqlar düşmənin pulemyot mövqelərinə olduğu kimi, düşmən piyadalarına da hücum edə bilirdi. Lakin ilk tanklar səmərəli deyildi, yalnız 1918-ci ildə Britaniyanın V Mark modeli tətbiq olunmaqla tanklar daha güclü maşına və yaxşı manevr etmək qabiliyyətinə malik olan bir silah növünə çevrildi. Onlar bu vaxt böyük miqdarda istifadə oluna, piyadaları və artilleriyanı koordinasiya edə bilərdi. Ona görə də onlar geri çəkilən alman ordusunu arxaya atmaqda səmərəli vasitəyə çevrildi.

 

Tank I Dünya müharibəsinə çox gec gəlmişdi və o qədər də böyük effektə malik deyildi. Lakin tam yeni növ müharibə aparılması qaydasının yaradılmasında tankın potensialı həyata keçiriləndə, bunu edən adamlara həmin dərs unudulmamışdı. II Dünya müharibəsində yüngül hücumlar tank kolonnalarından istifadə edilməsi ilə həyata keçirilirdi və kütləvi hərbi hava qüvvəsi isə orduları döyüş xətlərindən tezliklə kəsilməyə və bütöv düşmən ordularını dövrəyə almağa qadir etdi. Bu, II Dünya müharibəsinin öz sələfi olan tranşey müharibəsindən uzaq bir döyüş harayı idi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2016.- 2 iyul.- S.20.