İntizar” operası - iki yaradıcı xanımın ortaq əsəri

 

 

 

Azərbaycanda əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan opera sənəti ənənəsini layiqincə davam etdirən görkəmli bəstəkarlarımızdan biri Firəngiz Əlizadədir.

Xalq artisti, professor Firəngiz Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın librettosu əsasında qələmə aldığıİntizaroperası 21-ci yüzilin əvvəlində yaranan, vətən mövzusunu parlaq əks etdirən səhnə əsəridir. Bu möhtəşəm əsərdə Azərbaycan xalqının ağrı-acıları, xeyirlə-şərin mübarizəsi, günahsız insanların ölümü, yadellilərin azərbaycanlı ailələrini amansızcasına qətlə yetirməsi əsas mövzu kimi götürülüb. Deməli, əsərin məzmununda xalqımızın Qarabağ dərdi əsas motiv mövqeyindədir.

 

Tərəddüdsüz deyə bilərik ki, həm vətənpərvərlik ruhuna, həm sənətkarlıq baxmından bu əsər müasir dövrdə böyük önəm kəsb edir. Qeyd edək ki, operanın obrazları, ifadə tərzi yüksək səviyyədədir. Musiqi məzmunu çox zəngin, orkestr səslənməsi olduqca dolğundur. Orkestrin tərkibinə xalq çalqı alətlərinin daxil edilməsi, muğam müasir bəstəkarlıq üslubunun qovuşdurulması zəngin bir musiqi əsəri yaradıb. Eyni zamanda operada elektron musiqidən istifadə olunmağı diqqətəlayiqdir.

 

Əsərdə Vətən mövzusu fəlsəfi səviyyəyə ucaldılaraq, opera dili ilə öz mükəmməl ifadəsini tapıb. Operada əvvəldən-sonacan qaranlıq gecənin aurası, qara buludların bir an olsun belə çəkilməməyi diqqətdən yayınmayan vacib üslubi məqamdır. Bu möhtəşəm səhnə əsərinin ən başlıca uğuru sözlərlə musiqinin vəhdətindən irəli gəlir ki, nəticədə, insan bu operanı böyük maraqla, fikri bir an da yayınmadan izləyir.

 

Azərbaycanın tarixi, xalqın keşməkeşli tarixi, məişət həyatı olduqca gözəl ifadə edilib. Opera boyunca ürək çırpıntıları, insanı tərk etməyən hiss-həyəcan duyğusu bu əsərinİntizaradlandırılmağının heç təsadüf olmadığını göstərir. Maraqlı məqamlar, obrazlı ştrixlər olaraq operada suyun alovlanmağını, evin od tutub yanmağını bu kimi bir çox detalları da qeyd etmək istərdim.

 

Torpağımızda yer verdiyimiz, rahat yaşamalarını təmin etdiyimiz hiyləgər düşmənlərin bizə yaşatmış olduqları amansız hadisələr, faciələrimizin mahiyyətiİntizaroperasında o dərəcədə dolğun ifadə edilib ki, hər bir insansevər, haqq-ədalət tərəfdarı olan, sənətsevər insanın ürəyindən xəbər verir.

 

İntizaropesında Qarabağ uğrunda şəhid olan əsgərlərin məcazi olaraq dirilməyi, atın sujet xəttində diqqətçəkən detal kimi yer almağı gözəl bir mesajın ifadəsidir. O mesajı belə mənalandıra bilərik ki, biz Allahın böyüklüyünə, haqqa inanan bir millətik. Qələbəyə olan inamımız böyükdür. Bu intizar heç uzun çəkməyəcək. Haqq günəşi qarala bilməz, bu gün olmasa da, sabah mütləq doğacaq o günəş.

 

Bu yığcam qeydləri hər iki yaradıcı xanımın - Nərgiz xanım Paşayeva və Firəngiz xanım Əlizadəni birgə ərsəyə gətirdikləri bu gözəl yaradıcılıq abidəsinin milli opera sənətimizin tarixinə həkk olunması münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, bu uğurlu əməkdaşlığın ən azı “İntizarkimi dəyərli olan yeni bəhrələrinin çox da intizarında qalmayacağıq.

 

 

Aysel KƏRİM

525-ci qəzet.- 2016.- 2 iyul.- S.16.