İllərə düşən işıq

 

BU İŞIQ TARİXLƏŞİR, AMMA SÖNMÜR

 

 

 

Şair, tədqiqatçı, milli duyğularla yaşayıb-yaradan qələm sahibi, ən başlıcası,həssas insan kimi çox sevdiyim Sona Vəliyevanın "İşığa gedən yol"adlı iki hissəli romanının qəlbimdə yaratdığı təəssüratları oxucularla bölüşməyə zərurət duydum.

 

Sona xanımın yaradıcılığına mənə ilk dəfə bələdçilik edən müəllifin şeirləri olmuşdu. Ruhumun ünvan tapdığı misraları var ki, illərdir mənimlə səhərləri qarşılayır, axşamlara, onun sabahkı ümidlərinə yol açır. Musiqi libası biçilmiş nəğmələrinin ahənginə qoşulub əlim yetməyən, ünüm çatmayan yurd yerlərimizi, analı günlərimi oxşamaq, haylamaq, çox hallarda da ağlamaq istəyirəm. Hər kəs səni uşaqlığına çəkə bilməz ki?! O söz dünyasında doğmalıq tapa bilməsən heç bir vaxt sərhəddinə belə yaxın düşməzsən. Niyə yada salıram bunları? Sona Vəliyeva sözlə işıq yandırmağı bacaran qələm sahiblərindəndi. Belə nurun şəfəqi isə həmişə parlaqdır. Unudulmaz Məmməd Arazın misralarıdır: "Tikilən binadır yazılan əsər, ürək mühəndisdir, qələm bənna..." Mən bax bu möhtəşəm binanın pəncərələrindən illərə düşən işıqdan, o qeyri-adi "mühəndis"in ədəbiyyatımıza, mətbuatımıza vurduğu naxışlardan, bəzəkdən yeni töhfələrindən danışmaq istəyirəm.

 

Milli mənəviyyat, ədəbiyyat, mətbuat, ən başlıcası ziyalılıq tariximizə işıq salan yeni roman çox sahəli fəaliyyəti yaradıcılığı ilə adını əbədiyyətə qovuşduran Həsən bəy Zərdabinin həyatından, odlara tuş gəlmiş, zülmətdə şimşək kimi çaxmış ömür yolundan bəhs edir. Əlbəttə, milli mətbuatımızın banisi Həsən bəy Zərdabidən müntəzəm olaraq yazılıb, müəyyən tədqiqatlar qələmə alınıb, bədii sənədli filmlərdə obrazı yaradılıb, müxtəlif verilişlərdə maraqlı söhbətlər aparılıb. Amma ədəbiyyat tariximizdə ilk dəfədir ki, bu dahi şəxsiyyət barəsində belə böyük həcmdə bədii əsər - roman qələmə alınıb. Bu əsərin istər ədəbiyyatımıza, istərsə mətbuatımıza gətirdiyi yeniliklər, töhfələr çoxdur. Yazıboyu yeni nəşrin məziyyət bədii dəyərindən danışmaq istəyirəm.

 

Öncə, müəllifin dili yazı üslubu bir oxucu kimi məni valeh etdi. Bədii əsər üçün vacib olan bu məqamın sükanını müəllif ilk səhifədən başlayaraq sonacan əlində möhkəm saxlaya bilib. Açıq deyək, həyat gerçəkliyini bədii ədəbiyyata gətirmək, onu oxunaqlı bir dillə qələmə almaq müəllifdən böyük söz ustalığı ilə bərabər, hadisələrin cərəyan etdiyi bölgələrin ab-havasını dəqiq bilməyi, ayrı-ayrı şəxsləri dərindən tanımağı, təkcə cəmiyyəti, siyasəti, mövcud problemləri deyil, adicə təbiət hadisələrini dürüst bilməyi tələb edir. Çünki məhz o zaman əsər inandırıcı təbii alınır. Kitabın ilk səhifələrindən - Kürün sahilində, sonra evdə, valideynlərinin yanında, mədrəsədə...balaca Həsənin düşüncələri, sualları, maraq dünyası diqqət çəkir. Babası Rəhim bəyin ona bağışladığı kiçik qılınca nəqqaş vasitəsi ilə yazdırdığı sözlərə fikir verin: " Tanrıdan sənə ağlının dilinin qılıncdan iti olmasını diləyirəm". Baba öyüdü balaca Həsənin düşüncələrinə elə həkk olunur ki, ömrü boyu məhz iti ağlının, təfəkkürünün sayəsində millətinin işıqlı sabahları üçün çalışdı, mübarizə apardı,adını bir çox elm sahələrinin, mətbuatın, teatrın baniləri sırasına yazdı.

 

Kitabda oxuyuruq: "Elm, xeyirxahlıq, yaxşı əməl əkinçilik kimidir. Əkilən toxum bəhrəsini nəzərdə tutulmuş yerdə, gözlənilən vaxtda verməsə , zamansa bar verəcək. Əkilənlər bir gün biçilir, bəhrə verir. Sən biçməsən , oğlun, qızın bu əkindən mənfəət götürür.

 

-Deyirsən, mən əkinçimi olacam ata?- Həsən təəccüblə soruşdu.

 

-Yox, sən, daha böyük işlər görəcəksən. Sən mənim arzularımın əkinçisi olacaqsan, əkinçi, Həsən- atası yarızarafat gülümsəyərək onu başı üstünə qaldırdı". Bu söhbət olub, ya yox, fərq etmir. Dialoqu müəllifin tapıntısı kimi dəyərləndirərək ürəklə deyirəm ki, bu, əslində özünü doğruldan həqiqətin rəmzidir. Milli mətbuatımızın əsası məhz "Əkinçi" qəzeti ilə qoyuldu. Baş "Əkinçi" Həsən bəy Zərdabi oldu. Atanın heç ağlına da gəlməzdi ki, zarafatla "əkinçi Həsən" dediyi oğlu zamansa milli-mənəvi düşüncələrimizdə, tariximizdə, tədqiqatlarımızda məhz bu adla qoşa yaşayacaq. "Əkinçi Həsən"in "Əkinçi"si əbədiyyət zirvəsinə çevriləcək.

 

Hələ o möhtəşəm günə qədər görüləsi işl

 

ər çox idi. Rəhim bəyin ən böyük arzusu Həsəni oxutmaq, ona dürüst təhsil vermək bu istiqamətdə faydalı seçimlər axtarmaq oldu. Beləliklə, mədrəsədən başlanan yol Şamaxı, Tiflis gimnaziyalarından keçdi. Romandan bir ləçək: "Gimnaziyanı medalla bitirdiyi üçün onu birbaşa Moskva Dövlət Universitetinə göndərmək məsələsi həm gimnaziyada, həm təhsil idarəsində müzakirə olunmuş təsdiqini tapmışdı. Onu Fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə qəbul etmişdilər. Tiflisdən Moskvaya göndərilən məzunların içində Həsən yeganə müsəlman idi". Müəllif bununla, Həsənin hansı çətinlikləri dəf edəcəyini, maneələrdən keçəcəyini əvvəlcədən oxucusuna xatırlatmaqla qəhrəmanının dərin mənəvi məziyyətlərə, daxili zənginliyə, iradə parlaq gələcəyə doğru inadlı yürüş etmək qabliyyətinə malik olduğunu maraqlı detallarla qələmə alıb.

 

Nəhayət Moskva həyatı... Təbii ki, oxucularımızın çoxu Həsən bəy Zərdabinin bioqrafiyasını bilməmiş deyillər, amma müəllif çox incə məqam bədii üsullarla tanıdığımız, amma könül dünyasından dərindən xəbərimiz olmayan, millətini, Vətənini canından, varlığından, ürək çırpıntılarından yuxarıda tutan, onların parlaq gələcəyi yolunda məhəbbətindən belə keçməyi bacaran bu böyük şəxsiyyətin daxili nəhəngliyini elə gözəl , təsirli açıb ki... Bu yerdə sizə "əhsən" deməli oluram, Sona xanım! Universitet rektorunun qızı Vera Solovyova uca boylu, yaraşıqlı qafqazlı balası Həsənə aşiq olur. Həsən bəy özü bunu duyur, dostları da deyirlər, nəhayət, Vera da etiraf edir, amma bu Vətən sevdalısı "mən Moskvaya ancaq təhsil almağa gəlmişəm" fikrini beynindən ürəyinə ötürüb. Səmimi dostluq əlaqələri isə ömürlərinin sonunacan davam edib.

 

Müəllifin böyük ustalıqla tarixə səyahəti - Həsən bəyin Mirzə Fətəli Axundzadə və onun dostları ilə görüşləri kitabın maraqla oxunduğu səhifələrini təşkil edir. Həqiqətən də söz insanın içinin ətridir. Düşüncən, zəkan, daxili aləmin nədirsə sözün ora güzgü tutur. Bu mənada yeni kitab oxucuya həm müəllifini yaxşı tanıdır, həm də qəhrəmanlarını, yaratdığı, təqdim etdiyi obrazları.

 

"İşığa gedən yol"un yolçusu keşməkeşlərdən, zülmətdən,qəhr və itkilərdən, yalanlardan, riyalardan, minbir çətinliklərdən nuraqənşər addımladığı illərin heç birinə borclu qalmırdı. Müəllif qəhrəmanının bənzərsizliyini, fədakarlığını həyatın rənglərinə elə ustalıqla qovuşdurub ki... Həsən bəyin qarşısına müsbət insanlarla bərabər, şər qüvvələr də çıxırdı. Bu mətin insansa öz məqsədi və məramı yolunda bütün təzadlara sinə gərərək qalib gəlirdi. Ömrünün qızıl günləri müxtəlif bölgələrə-kəndlərə, şəhərlərə səpələnən Həsən bəyin obrazı dolğun yaradılıb. Bu narahatlığın içində Həsən bəyin özünə ünvanladığı sualların bəlli cavablarında işıq dolu arzularının mənası açılır: "Rahat həyat mənim ən böyük narahatlığım olar. Minlərlə insan savadsızlığın, ədalətsizliyin içində boğulduğu, məndən imdad gözlədiyi halda, mən tək özümü, yaxınlarımı düşünə bilmərəm axı". Odların, məşəqqətlərin üzərində addımlayasan, amma mətinliyini itirməyəsən, millətə xidmətdən geri çəkilməyəsən, əksinə həmişə toxdaq görünməyə çalışasan. Bu cür bir fədaini bədii ədəbiyyata gətirməyin də öz çətinliyi var.Hər şeydən əvvəl,inandırmağı bacarmalı və ürəyə təsir etməlisən ki, yazdığın qəbul oluna, qəhrəmanın da olduğu kimi alına. Müəllifi təbrik etmək olar. Tariximizə tutulan bu aynada bir çox müəmmalar aydınlaşıb.

 

"Tarixdə qoşa izlər" - bu başlıqdakı hekayətdə Həsən bəylə onun ömür-gün dostu Hənifə xanım barəsində əsl sevgi, inam, etibar haqqında nağıla bənzər, amma həqiqət olan bir həyat dastanının ürək titrədən məqamlarını oxuyuruq. Tarixdən də məlumdr ki, Hənifə xanım çox mükəmməl və kamil bir qadın olub. Həsən bəy Zərdabinin bir çox uğurlarında onun danılmaz xidməti var. Müəllif Hənifə xanımın işıqlı portretini görün hansı məqamda naxışlayıb: "Hənifə xanım türbə daşlarına əlini sürtərək pıçıltı ilə Tanrıya dua etməyə başladı... Allahım, insanların içini öz nurunla bəzə, bəlkə, onda onların xeyirinə deyilənlər aydın dərk olunsun. Allahım, dünyada heç bir faydası olmayan gərəksiz var-dövlətləri verdiyin,verdiyinlə sınağa çəkdiyin şəxslərin səxavət qapılarını açıq eylə. Xalqa, millətə rəhm etməyə az da olsa, könül işığı göndər. Allahım, özünü şam kimi xalq yolunda əridən Həsənimə kömək ol".

 

1873-cü il 10 mart - Şərqdə ilk teatr, 1875-ci il 22 iyul - milli mətbuatımızın qaranquşu "Əkinçi" nin işıq üzü görməsi və bu möhtəşəm nailiyyətlərin həyata keçməsində Həsən bəy Zərdabinin müqayisəsi tapılmayan xidməti! Bədii əsərdə bu rəqəmlərin arxasındakı həqiqətləri, məram və mətləbləri sözün hikmətilə ifadə etmək əsl yazıçı qələminin qüdrətində mümkündür. Sona xanımın təfəkkürü və bu idrak bulağından bəhrələnən qələmi ədəbiyyatımıza çox mükəmməl bir ədibin gəldiyini məharətlə təsdiqlədi. Əlbəttə, bu məqamda müəllifin millət aşiqliyi, torpaq sevgisi, vətənpərvərlik duyğuları, ənənələrə sədaqəti və həyat gerçəkliyinə sadiqliyiöz sözünü deyib. Etiraf edək ki, Sona Vəliyeva yaradıcılığın hansı sahəsində qələmini işlədibsə uğur qazanıb. Səbəb sadədir. Bütün bunların mayasında Allahdan gəlmə bir istedad var. Bu qızıl külçəni parıldadansa zəhmətdir, bilikdir, geniş dünyagörüşdür. Bəlli faktlara bədiiyyat libası geyindirmək əzablı bir sənət yoludur. Bu həcmdə roman yazmaq isə insandan istedadla bərabər, qələmlə ünsiyyət vərdişi, səbir və öz işinə səngiməz bir sevgi tələb edir. Sona xanım şeir kitabları, tədqiqat əsərləri ilə ədəbiyyatda, poeziyada öz yerini, imzasını illərdir ki, təsdiqləyib. Nəsrimizə bu formada gəlişi isə məni bir dost kimi fərəhləndirdi. Yeni istiqamətiniz mübarək olsun!

 

Bu əsər mətbuat tariximiz üçünbir töhfədir, desəm, yanılmaram. Burada təkcə Həsən bəy Zərdabi deyil, onun əqidə dostları, həmkarları, eləcə də İsmayıl bəy Qaspıralı, Əlimərdan Topçubaşov, Əhməd Ağaoğlu, Məhəmməd ağa Şahtaxtılı, Əli bəy Hüseynzadə... kimi şəxsiyyətlərlə bağlı maraqlı məqamlar qələmə alınıb. Bu kitab əslində bədii üslubda işlənmiş mükəmməl və çox istiqamətli bir tarixi mənbədir. Dərslik də demək olar. Baxın, mətbuat tariximizi öyrənmək istəyənlər, maarifçilik istiqamətində müəyyən məlumatlar axtaranlar, ermənilərin Bakıda və digər ərazilərimizdə törətdikləri vəhşilikləri bilmək, eləcə də bütövlükdə Həsən bəy Zərdabinin kimliyini dərindən dərk etmək üçün bu kitabdan faydalanmaq mümkündür. Yazımın əvvəlində dediyim kimi kitabın dili, üslubu çox aydın və səlisdir. Rahat oxunur. Cümlələr bir-birləri ilə çox yumşaqmaqnit cazibəsilə birləşiblər. Çətini əlinə alıb oxumağa başlamaqdır. Bitirməyincə yerə qoymaq istəmirsən.

 

...İnsanlıq qarşısında fədakarlıqla xidmət edənlərin məramı bir ömür boyunca yaşadığı illərə işıq salır. Bu yazıçı da ola bilər, jurnalist də, siyasətçi də, maarifçi də,həkim də...İllər dəyişsə də, zaman sürətlə ötsə də bu işıq heç zaman sönmür, eləcə tarixləşir. Məhz Həsən bəy Zərdabinin yandırdığı işıq kimi. "İşığa gedən yol" isə heç zaman bitməz.

 

Sonda bir arzumu da bildirmək istərdim. Bu əsər əslində Həsən bəy Zərdabi haqqında bədii film çəkmək istəyənlər üçün hazır mənbədir. Məhz "İşığa gedən yol"un motivləri əsasında ssenari hazırlayaraq mükəmməl bir ekran əsəri yaratmaq olar. Məncə, bu barədə düşünməyə dəyər.

 

 

 

Flora XƏLİLZADƏ

525-ci qəzet.- 2016.- 5 iyul.- S.7.