İnsan kimi də, sənətkar kimi də Nadir

 

RƏSSAM NADİR BAYRIŞOVUN 60 YAŞINA

 

 

Bu yaxınlarda bir tanışım, rəssam dostum Nadirin 60 yaşının tamam olduğunu mənə xatırlatdı.

 

Əvvəlcə inanmaq istəmədim. Yəni Nadirin Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib Həsənabad məktəbinə (o vaxt kənd Sovetabad adlanırdı) işləməyə gəlməsindən 41 il keçib?! 19 yaşında müəllimliyə başlayan görkəmcə dərs dediyi şagirdlərdən fərqlənməyən məktəbin ən gənc müəllimi nə tez 60 yaşa çatdı?! Təvəllüdünü xatırladım - 1956-cı il. Hə, deyəsən mən səhv edirəm. Doğrudan da o vaxtdan 41 il keçib, doğrudan da, məktəbin "ən gənc müəlliminin" 60 yaşı tamamdır!

 

Telefonu götürüb ona zəng edirəm:

 

- Nadir, 60 yaşını təbrik edirəm! Daha uzun illər sağlam, mənalı ömür arzulayıram!

 

Səsimdən tanıyır:

 

- Qardaş, sağ ol! Nə yaxşı yadına düşüb!... Görürsən də! İndi atamdan da, anamdan da yaşlıyam... Rəhmətlik İsmayıl (rəssam dostumuz İsmayıl Qasımovu deyir) hər gün idman edərdi, yeməyində-içməyində diqqətli olardı, ancaq 60 yaşa çatmadı... Doğrudan da, dünyanın qəribə işləri var! Mənim ağlıma gəlməzdi ki, bu qədər yaşayacam!

 

- İnşallah, hələ neçə onilliklər keçirəcəksən!

 

- Nə bilim, vallah. 60-a çatmışamsa, demək üzüm bərkdir, ola bilər...

 

Bir az susur. Sonra:

 

- Qardaş, qonaqlıq-filan keçirməmişəm. Keçirəsi olsam, sən başda olacaqsan.

 

- Sağlıq olsun, mütləq gələrəm.

 

Xudahafizləşirik.

 

Mən yaşca Nadirdən böyüyəm. Onu uşaqlığından tanıyıram. Onların ailəsi ilə bibimgilin ailəsi yaxın dost idi. Tez-tez qonşuluğumuzda yaşayan bibimgilə ailəvi qonaq gəlirdilər. Yay tətilini çox vaxt qardaşları ilə birlikdə onlarda keçirirdilər. İllər keçdikcə Nadirlə aramızda səmimi münasibət yarandı, dostlaşdıq. Sonralar bibim qızı ilə evlənən Nadirlə qohum da olduq. Nadirin müəllim işlədiyi vaxtlarda tez-tez görüşür, oturub söhbətləşirdik. Ən çox o danışırdı. O zamanlar fəlsəfə ilə, incəsənət tarixi ilə maraqlanır, oxuduğu kitabları mənimlə müzakirə edirdi. Müxtəlif cərəyanlardan, onların yaradıcılıqlarından, klassik İtaliya, Fransa, İspaniya rəssamlarından müasir Azərbaycan rəssamlarına qədər mən ondan öyrənirdim. Rəssamlıq bacarığım olmasa da, incəsənətin bu növünə məndə maraq oyanırdı. Qəlbi yaradıcılıq eşqi ilə dolu olan Nadiri rayon mühiti, müəllimlik sıxırdı. Ovqatından asılı olaraq bəzən bədbin notlarda danışsa da, həm mənim üçün, həm də özü üçün nikbin planlar da cızırdı. Özü üçün belə qərara gəldi ki, mütləq təhsilini davam etdirməli, Bakı mühitində yaşamalıdır. Elə də etdi. Ailəli, iki uşaq atası olmasına baxmayaraq Azərbaycan Dövlət İncəsənət Universitetinin Rəssamlıq fakültəsinə qəbul olundu. Həm əyani oxumalı, həm də ailə saxlamalı idi. Nadir üçün də, ailəsi üçün də çox çətin idi. Bütün çətinliklərə dözərək təhsilini tamamlayıb rayona döndü. Keçən əsrin 80-ci illərinin axırları idi. Ölkədə ictimai-siyasi vəziyyət qarışmışdı. Nadir həm sifarişlə iş görüb ailə saxlayır, həm də birotaqlı, təmirsiz emalatxanasında yaradıcılıqla məşğul olur, yeni-yeni mövzular üzərində işləyirdi, öz üslubunu tapmaq üçün axtarışdaydı. Bəzən sifarişləri çatdırmaq üçün aylarla yaradıcı işlərinin üstü açılmır, yarımçıq işlərinin üstünə örtdüyü qəzetlər saralırdı. O vaxtlar Nadirin gileylənərək söylədiklərini indi də xatırlayıram:

 

- Həvəslə bir işə başlayırsan. Fikirləşirsən ki, arzuladığım işi axır ki, ortaya qoya biləcəksən. Ancaq dolanmaq üçün aylarla başqa işlər görməyə məcbur olursan. Sonra həvəslə başladığın işə yenidən qayıda bilmirsən, qayıtsan da əvvəl fikiləşdiyin iş alınmır.

 

Nadir yaradıcılığının ilk illərində öz fərdi üslubunu yaratmağa çalışır, daxili dünyasını ifadə edə biləcək mövzular üzərində işləməyə can atırdı. Əlbəttə, öz fikirlərini ifadə edə biləcək kompozisiyalar, mövzular, rəng çalarları vasitəsilə.

 

İki il əvvəl Vəcihə Səmədova adına sərgi salonunda Nadirin fərdi sərgisi açıldı. Görkəmli sənətkarların onun haqqında dediyi xoş sözlər, televiziyada sərgi haqqında, Nadirin yaradıcılığı haqqında verilən verilişlər, görkəmli sənətşünas alim Ziyadxan Əliyevin onun haqqında yazdığı məqalələr dostumun arzuladığı uğura çatdığına məndə inam yaratdı. Fikirləşdim ki, Z.Əliyev kimi bir alim Nadiri B.Kəngərli ilə müqayisə edirsə, demək, o bu uzun illərdə boşuna yaşamayıb.

 

Z.Əliyev Nadirə həsr etdiyi məqalədə yazır: "Onun yaradıcılığında ötən əsrin sonlarında respublikamızda baş verən olaylarla bağlı neçə-neçə mövzunun yer alması da bilavasitə onun bu hadisələrin içində olmasından, müasirlərinin yaşadıqları təzadlı anlara şəxsən şahidlik etməsindən irəli gəlirdi". Bu sətirləri oxuyarkən onun çətin keçən mübarizələrlə dolu əzablı həyatı gözüm önündə canlandı. Nadir SSRİ-ni dünyanın ən qəddar imperiyası hesab edirdi. Məlum 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki hadisələrdə o, rayonda ən fəal hərəkatçılardan idi. Mitinqə adam yığmaq üçün rastına düşən maşına minib kənd-kənd, küçə-küçə meqafonla gəzirdi.

 

Bir dəfə ikilikdə oturub dərdləşirdik. Birdən Nadir söhbəti dəyişib dedi:

 

- Qardaş, görürsən də! Ailəmizi, öz işlərimizi atıb, gecə-gündüz təbliğat aparırıq, hansı çətinliklərlə üzləşirik. Hitlerin yıxa bilmədiyi imperiyanı yıxmaq istəyirik. Neçə vaxtdır heç kim sifariş vermək istəmir. Hamısı xəbər göndərir ki, cəbhəçilərdən uzaqlaş, nə istəyirsən verək. Mən də onlar istəyəni eləmirəm.

 

O, bir ara susdu. Sonra fikrini toplayıb dedi:

 

- İndi başımıza and içən oğlanlar var ha, hakimiyyətə gəlsələr, görərsən, bizə heç "zdrasti" də eləməyəcəklər.

 

Nadirin "öncəgörənliyini" sınamaq üçün çox gözləməli olmadıq. Bir neçə aydan sonra dostlarımız doğrudan da iş başına keçdilər. Nadir isə olan-olmazını yığıb Bakıya köçməli oldu.

 

Nadirin 90-cı illərdəki Bakı həyatını təsəvvür etmək üçün tanınmış şair, yazıçı-publisist Əjdər Olun "Börüsoy" hekayəsini oxumaq kifayətdir.

 

1990-cı il 20 Yanvar faciəsindən 5 gün sonra Neftçalada da qırğın oldu: 2 nəfər öldürüldü: 10 nəfərdən artıq adam ağır yaralandı, 30-dan artıq adam isə həbs edildi. Hərbi komendantlıq Nadiri və qardaşı Natiqi həbs etmək üçün hər yerdə axtarırdı. O zaman Natiq bizim evdə, Nadir isə qonşumuz rəhmətlik Ruhulla müəllimgildə gizlənirdi. 4 gündən sonra xəbər verdilər ki, onların yerini öyrəniblər. Biz Natiqi rəhmətlik İsmayılla gecə ikən Şirvan şəhərinə qaçırdıq. Nadir isə qaynı Bəxtiyarın Arzuman adlı tanışının motosikleti ilə Neftçaladan 30 kilometr aralıda olan Lerik obalarındakı çoban tanışının yanına pənah apardı. Bu gün o hadisələri - çoban itlərinin üstlərinə cummasını, onları canavarboğan itlərin ağzından oba adamlarının güclə xilas etməsini, yanvarın soyuğunda, gecənin zülmət qaranlığında motosikletlə birlikdə kanala düşmələrini... yumorla danışsa da, onun həyatında necə çətin günlərin olduğu göz önünə gəlir...

 

O günlər elə hamı üçün çətin keçirdi. Amma 90-cı ilin qanlı yanvarı Bayrışovlar ailəsinə daha ağır zərbələr endirdi.  Böyük qardaşlar Natiqlə Nadir Neftçalada canlarını qoymağa yer tapmadıqları, yaxalarını təqiblərdən qurtarmaq üçün tez-tez yerlərini dəyişdikləri bir vaxtda onların kiçik qardaşları Ramizi Bakıda tutub Şüvəlan təcridxanasına salmışdılar. Təcridxanadan çıxdıqdan sonra fevralın şaxtalı, qarlı qış günlərində Ramizin itkin düşməsi xəbəri yayıldı. Bir neçə gündən sonra  isə onun müəmmalı şəkildə donmuş cəsədini Bakının mərkəzi küçələrindən birindən tapdılar. Böyük qardaş Natiqin də səhhəti pozuldu, o sağalmaz bir dərdə  düçar oldu. Natiq artıq neçə illərdir çarpayı dustağıdır, ailəsi ilə birlikdə o ağır günlərin əzabını çəkir...

 

Bu yaxınlarda Nadir rayona gəlmişdi. Bir neçə dost-tanış bir yerə toplaşmışdıq. Ötən günləri xatırlayırdıq. Lerik obalarındakı əhvalat da yada düşdü. Nadir dedi:

 

- Hələ siz obadan sonra başıma gələni bilmirsiz. İki həftədən sonra xəbər gəldi ki, daha sakitlikdir, qayıt. Mən də evə döndüm. Heç iki gün keçməmişdi ki, dostlar xəbər çatdırdılar, bəs gəlməyindən komendant xəbər tutub, səni həbs edəcəklər. O vaxt fevral ayı çox soyuq keçirdi. Bu dəfə də motosikletdə torpaq yolla Salyan rayonunun Qızılağac kəndindəki qohumumuzgilə getməyi qərara aldım. Biz kəndə çatanda səhər təzə açılırdı, mal-qara örüşə buraxılırdı. Motosikletin üstündə ikimiz də donmuşduq. Əl-ayağımızı hiss etmirdik. Arzuman motosikleti saxlaya bilmirdi. Qarşımıza çıxan qoyun sürüsünün içinə girərək birtəhər dayana bildik. Bizi donmuş vəziyyətdə, qucaqlarında evə apardılar...

 

İlk dəfə idi ki, başına gələnləri yumorsuz nəql edirdi. Danışdıqca da o günlərin soyuqluğunu, həyəcanını canında hiss edirdi.

 

Ötən ilin noyabrında Bakıya, Nadirin emalatxanasına getmişdim. Mən orda olarkən görkəmli rejissor Mərahim Fərzəlibəyov iş yoldaşı Çingiz Ələsgərli ilə ora gəldi. Bir neçə saat bir yerdə olduq. Mərahim bəylə ikilikdə söhbət edərkən Nadir haqqında dedi:

 

- Rəhmətlik İlhamın sağlığında (mərhum Xalq artisti İlham Əsgərov) boş vaxtlarımızda həmişə onunla gəzməyə çıxır, söhbətləşirdik. İlhamın ölümündən sonra asudə vaxtlarımda Nadirin yanına gəlirəm. Onun yanında özümü rahat hiss edirəm, onunla söhbətləşmək, işlərinə tamaşa etmək, zarafatlaşmaq mənə xoş təsir bağışlayır. Çünki Nadir səmimi insandır, dostluqda təmənnasızdır.

 

Belə fikir söyləyənlər var ki, insanın adı ilə xasiyyəti, xarakteri arasında bağlılıq var. Yəni insanın adı onun haqqında nələrsə deyir. Mən heç vaxt bu fikirlə razılaşmamışam. Ancaq dostum Nadir haqqında düşünərkən mənə elə gəlir ki, deyəsən, bəzi insanlarda doğrudan da belədir. Çünki Nadir xarakteri, dünyabaxışı, insanlara münasibəti və bir çox başqa keyfiyyətlərinə görə fərqli insanlardandır, yəni nadirdir.

 

Nadir, 60 yaşın mübarək! Sənə ailənlə, sevimli nəvələrinlə birlikdə bol ruzulu xoşbəxt ömür arzulayıram. Tezliklə aparıcı mövzun olan Qarabağ mövzusunun ikinci hissəsini - Qələbədən sonrakı dövrünü fırçanla əbədiləşdirəsən! İnşallah, tezliklə bu günü görərik!

 

Fərhad ƏZİZBƏYLİ

525-ci qəzet.- 2016.- 6 iyul.- S.6.