Qədim və yeni "İpək
Yolu" üzərində yerləşən Hacıqabul
YOLBOYU SALINAN YAŞILLIQ SAHƏLƏRİ ARTIQ MEŞƏ MASSİVİNƏ ÇEVRİLİB
Ekologiya və
ətraf mühitin mühafizəsi
Məşhur deyimə görə, dostu tanımaq
üçün onunla yol yoldaşı olmaq lazımdır. Çünki
yol ünsiyyətdir, mədəniyyətdir. Lakin çox zaman dostu yolda tanımaq, anlamaq
mümkün olsa da, yollarımızı heç cür
tanımaq olmur.
Bu işə cavabdeh olan şəxsləri isə
başa düşmək çox çətindir. Çünki
dostdan fərqli olaraq, köhnə, baxımsız yol uzun illərin
sınağından üzüağ çıxa bilmir. Ona görə də yolları müəyyən
müddətdən sonra təmir etmək, yenisi ilə əvəz
etmək lazımdır. Axı, yol da daimi
qulluq tələb edir.
5-10 il əvvələ kimi bu mənzərə hər
bir azərbaycanlı və ölkəmizə gələn əcnəbilərə
tanış idi. Sovet dövründən qalma yararsız asfalt
örtükləri bəzi hallarda yenilənsə də,
ömrü uzun olmur, qısa müddət ərzində
çat verərək yararsız hala gəlirdi. Lakin indi həm ölkə vətəndaşları,
həm də ölkəmizə gələn əcnəbilər
bu illər ərzində Azərbaycanda yol-nəqliyyat
infrastukturunun müasirləşdirilməsi istiqamətində
xeyli işlərin görüldüyünün şahidi
olurlar. Bakı və onun qəsəbələri,
eləcə də bölgələrin ümumi inkişaf konsepsiyasına
uyğun olaraq ölkəmizdə yolların yenilənməsi,
ətrafında yaşıllıqların salınması
istiqamətində də əsaslı tədbirlər həyata
keçirilir. İndi beynəlxalq tədbirlərin
məkanına çevrilən, turizm potensialını
günü-gündən artıran Azərbaycanın avtomobil
yolları səliqəli, rahat və gözoxşayan olması
ilə fərqlənir. Artıq neçə
ildir ki, yollarda təmir-tikinti, yenidənqurma işləri
geniş vüsət alıb. İnşa
olunan yeni körpülər, tunellər ölkəmizə
müasir görkəm verir, nəqliyyat axının
sıxlığının azaldılmasında mühüm
rol oynayır. Bütün bunlar səfərə
çıxan insanlarda xoş ovqat yaratmaqla yanaşı,
sürücülərin də sevincinə səbəb olur.
Son 10 ildə
yolların saxlanması üçün 200 milyon manatdan
çox, yolların, körpülərin, keçidlərin
tikilməsi, yenidən qurulması və bərpasına isə
1 milyard manata yaxın vəsait sərf olunub. Bu illər ərzində
200-dən çox
körpü və yol ötürücüsü
tikilib, 85 körpü əsaslı təmir olunub.
Keçən
il ərzində "Azəryolservis" ASC tərəfindən 524,4
km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən
qurulub, təmir olunub. Bundan əlavə 12 ədəd yeni
avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi
istismara verilib. O cümlədən, regionlar üzrə
ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli,
167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda
avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub. Ümumi istifadədə olan avtomobil yollarında 12 ədəd
körpü tikilib, 2 ədədi təmir edilib. Bakı
şəhəri üzrə isə 144,1 km uzunluğunda
avtomobil yolu, prospekt və küçə tikilib, yenidən
qurulub, təmir olunub, 3 ədəd yol
ötürücüsü, 2 ədəd tunel, 9 ədəd
piyada keçidi istismara verilib.
Sevindirici haldır ki, yol-nəqliyyat infrastrukturunun yenilənməsi
istiqamətində həyata keçirilən tədbirlər
ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf
mühitin mühafizəsi tədbirləri ilə mütənasib
şəkildə aparılır. Bu onu deməyə əsas verir ki,
iqlim şəraitinə uyğun olaraq Azərbaycanın
şimal bölgələrində - Quba, Xaçmaz, Qəbələ,
Oğuz, Şəkidə magistral yolların ətrafı
meşə ilə örtülü olduğu kimi Cənub, Qərb
bölgələrində də aparılan ağacəkmə,
yaşıllaşdırma tədbirləri nəticəsində
yaxın gələcəkdə bu istiqamətlərdə səfər
edərkən yolboyu gözoxşayan mənzərələrlə
qarşılaşacağıq. Həm də
unutmaq olmaz ki, ağaclar atmosferdeki zəhərli qazları
alır və əvəzində havanı bol oksigenlə təmin
edir. Hesablamalara görə, hazırda
havanın 50 faizi meşələr tərəfindən təmizlənir
və dezinfeksiya olunur.
Artıq
pilot layihə kimi Bakı-Hacıqabul magistral avtomobil yolunda
görülən işlərin müsbət nəticələr
verdiyini demək olar. 2008-ci ildən bəri qədim
və həm də yeni "İpək Yolu"nun üzərində
yerləşən rayonda yolboyu salınan yaşıllıq
sahələri göstərilən aqrotexniki qulluq sayəsində
meşə massivinə çevrilib.
Bu barədə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri İradə İbrahimova
"525"ə bildirib ki, Ələt-Hacıqabul yolunun ərazisində
zeytun, şam, sərv, akasiya, oleandr, göyrüş, tuya,
fıstıq şamı, qarağac, nar, badam, tut, iydə və
digər növdə olan 839 min ədəd ağac və kol
bitkiləri əkilərək becərilib: "2016-cı ilin
yazında isə sözügedən ərazinin 20 hektarında
17 minə qədər müxtəlif növdə ağac əkilib".
Mətbuat
katibi qeyd edib ki, ərazilərin suvarılması məqsədilə
Şirvan kollektorunun üzərində hər biri 2500 kub metr
gücündə 2 ədəd duzsuzlaşdırma kompleksi
tikilib: "Eyni zamanda 2013-cü ildə istifadəyə verilən
gücü 1000 kub metr olan Xəzər Dənizi Suyunun
Duzsuzlaşdırma Zavodunda da bu il əlavə olaraq gündə
1000 kub metr həcmində sutəmizləyən yeni xətt
tikilərək istifadəyə verilib. Şirvan
kollektoru və Xəzər dənizindən götürülərək
duzsuzlaşdırılan suyun ümumi həcmi gündə
7000 kub metrə çatdırılıb ki, bu da 2016-cı və
sonrakı illərdə salınacaq 300 hektardan artıq
yaşıllıq sahəsinin suvarılmasına kifayət edəcək".
Respublika ərazilərində magistral yollarda salınan
yaşıllıqlara Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və
Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyəti
(ASC) tərəfindən daimi qulluq göstərilir. Cəmiyyət
2008-ci ildə yaradılıb. Hazırda 9
idarəsi fəaliyyətdədir. Bu idarələrdən
7-si Bakıdan başlayan respublika əhəmiyyətli magistral
yolların üzərində yerləşir. İdarələrdən 2-si isə paytaxt daxilində
- Zığ-Aeroport yolu və Bayıl yamacındadır.
Yaşıllaşdırma
və Landşaft Quruluşu ASC-nin aparat rəhbəri
Ədilağa Məlikov isə bildirib ki, Ələt-Hacıqabul
yolunda yaşıllaşdırma işləri ilə 2 idarə
məşğul olur: "Yolun birinci hissəsi 8 saylı
Yaşıllaşdırma İdarəsinin nəzarətindədir.
Bu İdarənin fəaliyyəti 632 hektar sahəni
əhatə edir. Burada 952 min ağac əkilib.
Yolun ikinci hissəsinə nəzarət edən
1 saylı Yaşıllaşdırma İdarəsinin ərazisi
isə 481 hektardır. Burada əkilən
ağacların sayı 611 mindən çoxdur. Bu idarələrin hər birində 38-40 nəfər
bağban yaşıllıq sahələrinə daimi qulluq
göstərir".
Aparat rəhbəri
onu da əlavə edib ki, ümumilikdə cəmiyyətin
magistral yolların ətrafında 4 min hektara yaxın
yaşıllıq sahələri var: "Bu ərazilərdə
5 milyona yaxın ağac əkilib. Bunlardan 1
milyon 268 min ədədi zeytun ağacıdır".
Cəmiyyət
rəsmisi bildirib ki, son illər Nazirliyin
tapşırığına əsasən ölkədə zeytunçuluğun
inkişafına xüsusi diqqət yetirirlər: "Əvvəllər
Azərbaycanda salınan zeytun bağlarından cəmi 900
hektar ərazi qalmışdısa, 2008-ci ildən bu yana
Nazirliyin bu istiqamətdə fəaliyyəti nəticəsində
zeytunluq sahələri 1850 hektara
çatdırılıb".
Lakin bəzi hallarda cavabdeh şəxslərin, eləcə
də sıravi vətəndaşların laqeydliyi, onların
üzərlərinə düşən sosial məsuliyyəti
dərk etməmələri görülən ümumi işə
xələl gətirir. Zaman-zaman müşahidə olunur ki,
müxtəlif səbəblərdən - əraziyə suyun
çatdırılmaması və ya suyun kifayət etməməsi
ucbatından min bir əziyyət bahasına salınan
yaşıllıqlara lazımi qulluq göstərilmir, eləcə
də bəzi hallarda insanlar tərəfindən əkilən
ağaclara zərər vurulur, ətrafa tullantılar,
söndürülməmiş siqaret kötükləri
atılır. Nəticədə təbiət
korlanır, üfunət iyi yayılır, ətraf toz-dumana qərq
olur və bu sonda yaşıllıqların məhvinə gətirib
çıxarır ki, əhali də gözoxşayan təbiət
mənzərəsindən məhrum olur.
Son olaraq
mayın 29-da Bakı-Qazax yolunun 110-111-ci kilometrliyində
Hacıqabul rayonu ərazisində, dəmiryol xəttinin kənarında
quru ot örtüyündə yanğın
hadisəsi baş verib.
İ.İbrahimovanın
verdiyi məlumata görə, yanğın sonradan 2008-ci ildə
nazirlik tərəfindən magistral avtomobil yolunun kənarında
salınan yaşıllıq sahəsinə keçib:
"Yanğının söndürülməsi
üçün əraziyə dərhal Nazirliyin və
Hacıqabul rayon Yanğından Mühafizə Dəstəsinin
əməkdaşları cəlb olunub və operativ tədbirlər
nəticəsində yanğın
söndürülüb".
Hadisə ilə bağlı Ə.Məlikov isə qeyd
edib ki, yanğın nəticəsində təxminən 80 sot ərazidə
yaşıllıqlar tamamilə məhv olub.
Aparat rəhbəri
bildirib ki, yanğına səbəb oradan keçən dəmiryolunda
qatarların hərəkəti zamanı relslər üzərində
yaranan qığılcımların yaşıllığa
keçməsidir: "Həmin vaxt güclü külək əsməsi
səbəbilə yanğının qarşısını
vaxtında almaq mümkün olmayıb. Təəssüf ki,
yanğın zamanı 1 hektar ərazidə 180 ədəd
eldar şamı yanaraq məhv olub, 90 ədəd
eldar şamı, 103 ədəd yaşıl göyrüc, 113 ədəd
akasiya və 60 ədəd zeytun ağacına ziyan dəyib".
Ə.Məlikov
deyib ki, ertəsi gün isə idarə tərəfindən bərpa
işlərinə start verilib: "Qısa zaman ərzində
yaşıllıq yenidən yaradılıb. Ərazidə
600-ə yaxın ağac əkilib. Səkkizillik
zəhmət bahasına əkilib becərilən, sonda isə
baş verən yanğın hadisəsi nəticəsində
yanıb kül olan ağaclar həmin ölçüdə
yeni tinglərlə əvəz olunub. Yanğının
fəsadları tam aradan qaldırılıb. Hazırda magistral yolun həmin ərazidən
keçən hissəsində yanğının nəticələrini
görmək mümkün deyil".
Aparat rəhbəri əlavə edib ki,
Yaşıllaşdırma İdarəsinin sədri, sahə rəisi
əraziyə cavabdeh olduğu və işində yol verdiyi bu
nöqsanlara görə vəzifəsindən azad edilib.
Göründüyü kimi yol mədəniyyətinin
inkişafı bu gün dövlətimizin qarşısında
duran aktual məsələlərdən biridir. Avtomobillərin
hərəkətinin intensiv olduğu ərazilərdə yeni
salınan keçidlər, körpülər və yollar
piyadaların təhlükəsiz hərəkətini təmin
edir, yolboyu salınan yaşıllıqlar isə həm ekoloji
təmizlik, insanlarda xoş ovqat, həm də estetik gözəllik,
gözoxşayan mənzərə yaradır. Bu gözəlliyi, inkişaf etdirilən yol mədəniyyətini
qorumaq, ətraf mühiti mühafizə etmək isə təkcə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə
də onun Yaşıllaşdırma İdarələrinin əməkdaşlarından
asılı deyil. Xüsusilə
havaların isti keçdiyi yay aylarında əhali bir qədər
diqqətli olmalı, yol ilə hərəkət edərkən
yanğın təhlükəsizliyi normalarına riayət etməli,
söndürülməmiş siqaret kötüklərini ətrafa
atmamalıdır. Çünki meşələrimizi,
yaşıllıqlarımızı, eləcə də
bütün canlıları qorumaq, onlara sevgi, diqqət və
qayğı ilə yanaşmaq hər birimizin təbiət
qarşısında mənəvi borcumuzdur.
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 6 iyul.- S.6.