AMEA Şərqşünaslıq
İnstitutunun yeni nəşrləri işiq üzü
görüb
AMEA
akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda "Əbubəkr ibn Xosrov əl-Ustadın
"Munisnamə" əsəri" adlı kitab nəşr
edilib.
İnstitutun İran filologiyası şöbəsinin dissertantı Rəna Rzayevanın namizədlik dissertasiyası əsasında hazırladığı kitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılıb. "Munisnamə”nin janr səciyyəsi və mənbələri tədqiq olunub, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilib. Bununla da "Munisnamə"nin ədəbi-tarixi dəyəri aydınlaşdırılıb, abidənin farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilib.
Monoqrafiya giriş,
üç fəsil, nəticə və ədəbiyyat
siyahısından ibarətdir. Birinci fəsildə əl-Ustadın həyat və
yaradıcılığı barədə mövcud
məlumatlar ümumiləşdirilib, "Munisnamə"nin strukturu və janr mənsubiyyəti
müəyyən edilib. Əsərin
aydın şəkildə iki hissəyə
- didaktik və bədii hissələrə
ayrıldığını göstərən müəllif
sonrakı təhlilini də bu əsasda
aparıb.
İkinci fəsil abidənin didaktik hissəsinin mənbələrinin tədqiqinə həsr olunub. Müəllif "Munisnamə"nin həm müsəlman ədəbi-fəlsəfi fikri, həm də pəhləvi mətnləri ilə əlaqələrinin tutarlı nümunələrlə təhlil edib, əl-Ustadın "Nəhcül-bəlağə", "Cavidan xirəd" və s. kimi qaynaqlardan məharətlə və yaradıcı surətdə istifadə etdiyini göstərib.
Tədqiqatın üçüncü
fəslində "Munisnamə"nin bədii hissəsinə
daxil olan 31 hekayət
yazılı və şifahi ədəbiyyatda
rast gəlinən paralel
süjetlərlə müqayisəli şəkildə təhlil
edilib.
Ümumilikdə Rəna
Rzayevanın monoqrafiyası Əbubəkr ibn
Xosrov əl-Ustadın "Munisnamə"
əsəri haqqında dolğun elmi təsəvvür yaradır və onun ehtiva etdiyi
material həm gerçək
araşdırmalar, həm də klassik farsdilli ədəbiyyatın tədrisi
baxımından elmi-praktik əhəmiyyət
kəsb edir.
Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Emiliya Xəlilovanın isə "Türk mətbuatında "erməni məsələsi" kitabı geniş ictimaiyyətə təqdim olunub. E.Xəlilova türk dilində nəşr olunmuş kitabı Azərbaycan dilinə tərcümə edərək oxucuların diqqətinə çatdırıb.
Kitabda ayrı-ayrı müəlliflərin, o cümlədən, Zəki Başarın, Camal Paşanın, Kazım Qarabəkirin, Tverdoxlebovun, Xoreşenovun ermənilər haqqında məqalələri toplanıb. Müəlliflər şəxsən özlərinin şahidi olduğu hadisələri qələmə alıblar. Buradakı məlumatlar ölkədəki ictimai-siyasi vəziyyət, Türkiyəni parçalamaq məqsədilə ölkənin şərqində ermənilərə muxtariyyət verilməsini vəd edən xarici dövlətlərin təhriki ilə ermənilərin üsyana qalxmaları və asayişi pozmaları, türklərə qarşı qanlı cinayətlər və qırğınlar törətmələri, verdikləri işgəncə və zülmlər, tarixi həqiqətlər və sübut olunmuş faktlar əsasında yazılıb.
Bu məqalələr arasında tarixçi Əhməd Rəfiq Altınayın 1919-cu ildə İstanbulda nəşr olunan "Qafqaz yollarında xatirələr və təəssüratlar" adlı kitabından bir hissə, eləcə də 1918-ci ildə Ərzurum, Ərzincan və Karsın ermənilərdən azad olunması zamanı qərargah polkovniki, I Qafqaz Korpusunun komandanı olmuş Kazım Qarabəkirin 1939-cu ildə çap olunmuş "Ərzurum və Ərzurumun qurtuluşu" adlı kitabından ayrı-ayrı hissələr də yer alıb.
Şərqşünaslıq İnstitutunun
çapdan çıxan digər nəşri
isə Türk filologiyası şöbəsinin
aparıcı elmi işçisi
Barat Osmanovanın tərcüməsində
Edqar Qranvillin "Çar Rusiyasının Türkiyə siyasəti"
əsəridir. Bu tərcümə əsərin
Orhan Arıman tərəfindən 1967-ci
ildə hazırlanan türk çevirisi əsasında aparılıb. Kitabda Edqar Qranvillin 1915-ci ildə
bilavasitə şahidi olduğu
hadisələr, Rus çarizminin
Türkiyəni məhv etmək və torpaqlarını mənimsəmək məqsədilə qondarma
"erməni məsələsi"ni ortaya
atması və istədiyini həyata keçirmək üçün müxtəlif fitnəkarlıqlar
törətməklə Avropa ölkələrinə
təzyiq etməsindən, o dövrdə rus, erməni və Avropa mətbuatında
nəşr olunmuş sənədlər əsasında
geniş və obyektiv
şəkildə bəhs olunur.
Bir avropalı tərəfindən sənədlərə
əsaslanaraq, bitərəf mövqedən yazılan bu kitab faciələrin nəticəsinin
deyil, səbəb və səbəbkarının
üzə çıxarılması baxımından Azərbaycan
oxucusu üçün
həm ibrətamiz, həm də maraqlıdır.
Hər üç
kitabın elmi redaktoru
millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
Gövhər Baxşəliyevadır.
525-ci qəzet.-2016.- 12 iyul.- S.6.