Fəhmin, zəkanın
və iradənin qələbəsi
MÜASİR
AZƏRBAYCANIN QURUCUSU, KEÇMİŞ VƏ
GƏLƏCƏK UĞURLARIMIZIN MEMARI
Tarixin ən müxtəlif dönəmlərində öz xalqının və millətinin taleyində əlahiddə rol oynayan, Vətənini və millətini dövrün çətin sınaqlarından çıxaran, dövlətinin inkişaf modelini müəyyənləşdirən böyük şəxsiyyətlər olub. Və bir qayda
olaraq o böyük şəxsiyyətlərin üzərinə
xalqı, milləti birləşdirmək, dövləti
bütövləşdirmək, cəmiyyəti inkişafa,
rifaha, sabitliyə, əmin-amanlığa aparmaq kimi tarixi bir
missiya düşüb.
Belə liderlər dövlətin, millətin gələcəyini
tənəzzüldən qorumağın yolunu hərtərəfli
tərəqqidə görüblər. Müxtəlif
dövrlərin reallıqlarını nəzərə alaraq
bunu həyata keçirmək nə qədər çətin
olubsa, bir o qədər güc, qüvvə və iradə tələb
edib. Bu mənada, müasir Azərbaycanın
taleyində tarixi dönüş mərhələsi
Ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır.
İlk dəfə
1969-cu il iyul ayının 14-də
respublikanın rəhbərliyinə gələn Heydər
Əliyev Azərbaycanın Sovetlər İttifaqı kimi nəhəng
bir imperiyanın tərkibində olmasına baxmayaraq,
böyük uzaqgörənliklə gələcəyə
hesablanmış bir sıra mühüm və zəruri
addımlar atmağa nail ola bildi. Statistikaya ötəri nəzər
salaq: Ulu öndərin respublika rəhbərliyinə gəlməsi
ilə Azərbaycan qısa zaman kəsiyində iqtisadi
baxımdan özünü təmin etməyə
başladı, ölkədə adambaşına düşən
ümumdaxili məhsul istehsalında 2,5, sənaye
istehsalında 3, kənd təsərrüfatı məhsullarında
isə 2 dəfə artım müşahidə olundu. Onun rəhbərlik etdiyi 1969-cu ildən 1982-ci ilə
qədərki dövrdə respublikada 250 zavod, fabrik və sex
tikildi, 2 milyondan artıq vətəndaşın mənzil
problemi öz həllini tapdı. Tarixi təcrübə
onu göstərir ki, elmə, təhsilə, mədəniyyətə
yüksək qiymət verən dövlət rəhbərləri
bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni
yüksəlişini təmin edib, həm də dünya mədəniyyətinə
böyük töhfə vermiş olublar. Təsadüfi
deyil ki, 47 il bundan əvvəl başlanan mərhələ
bugünkü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin
intibah dövrü kimi xarakterizə edilir.
Bir fakta
diqqət yetirək: Heydər Əliyev Sovet Azərbaycanına
rəhbərliyi dövründə 15 mindən artıq azərbaycanlı
gəncin keçmiş SSRİ-nin müxtəlif şəhərlərində
yerləşən 170-dən çox ali məktəbdə təhsil
almasına, respublikamızın xalq təsərrüfatı,
elm, təhsil və mədəniyyətinin 80-dən artıq
sahəsini əhatə edən 250-dən çox ixtisas
üzrə yüksək ixtisaslı mütəxəssislər
kimi hazırlanmasına nail olmaqla təhsil sahəsində
böyük bir çevrilişə imza atdı. Çünki Ulu öndər yaxşı bilirdi ki,
xalqın, millətin, dövlətin gələcəyi təhsilin
inkişafı ilə bağlıdır və elmi sahədə
tərəqqi etməyən ölkə qüdrətli ölkə
olmaq imkanına malik deyil. Çox
keçmədi, həmin mütəxəssislər müstəqil
Azərbaycanın kadr potensialının əsas
bazasını təşkil etdilər. Bu
faktı təhlil edən xarici analitiklər belə nəticəyə
gəliblər ki, Heydər Əliyev hələ o illərdə
böyük uzaqgörənliklə SSRİ-nin dağılacağına
və Azərbaycanın müstəqillik qazanacağına qəlbən
inanırdı.
Yaxud
başqa bir məqam: Heydər Əliyev respublika rəhbərliyinə
gələndən bir neçə il sonra
o vaxt Sovetlər İttifaqı üçün gözlənilməz
olan daha bir təşəbbüsə imza atdı. İmperiyanın müttəfiq respublikalara əslində
vassal kimi baxdığı bir dönəmdə elə fəaliyyət
sahələri vardı ki, qeyri-millətlərin həmin sahələrə
axınının qarşısı müxtəlif yollarla
alınırdı. Belə sahələrdən
biri də hərbi sahə idi. Başqa millətlərdən
olanların, xüsusilə müsəlmanların Sovet hərbi
sistemində önəmli yer tutmasını əngəlləmək
imperiyanın əsas siyasətinin tərkib hissəsi idi.
Belə bir şəraitdə Heydər Əliyev böyük əzmkarlıqla
1972-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasının
qoyulmasına və azərbaycanlı gənclərin həm bu
məktəbdə, həm də SSRİ-nin digər hərbi təhsil
müəssisələrində oxumasına nail oldu və
böyük bir yolun başlanğıcını qoydu. Bu illər ərzində yetişən azərbaycanlı
hərbi kadrlar 1988-ci ildə Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarının yenidən baş qaldırdığı
bir vaxtda silaha sarılaraq Vətənin müdafiəsinə
qalxdılar. Bu peşəkar hərbçilər
müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin
formalaşmasında və torpaqlarımızın müdafiəsində
müstəsna rol oynadılar.
"Cənubi Qafqazın ən əsas
şəxsiyyəti..."
Təxminən
iki il yarım əvvəl - 2014-cü ilin ilk aylarında
Ukraynada siyasi proseslər gərginləşəndə,
ölkə və hakimiyyət siyasi böhranla üz-üzə
qalanda ən müxtəlif ranqlı politoloq və analitiklər
baş verənləri şərh edərkən postsovet
ölkəsi kimi 1993-cü ilin iyun ayında Azərbaycanda
baş verən hadisələrlə paralellər aparır və
bu qənaətə gəlirdilər ki, Ukraynanı bu
böhrandan çıxaracaq Heydər Əliyev kimi bir liderə
ehtiyacı var, amma təəssüf ki, bu ölkənin belə
bir lideri yoxdur. Çox keçmədi deyilənlər təsdiqləndi:
Kiyevdə proseslər daha da gərginləşdi, ölkənin
ərazi bütövlüyü təhlükə altına
düşdü və nəticədə Ukrayna Krımı
itirdi, bir sıra regionlarda isə idarəetmə hakimiyyətin
nəzarətindən çıxdı, ölkə
böyük problemlərlə üz-üzə qaldı.
1993-cü ilin iyununda Azərbaycan da hakimiyyət
böhranı ilə üz-üzə qalmışdı. Azərbaycanın
müstəqilliyini istəməyən xarici güclərin dəstək
verdiyi silahlı birləşmələr və onların
müdafiəsinə qalxan bəzi siyasi qurumlar hakimiyyətin zəifliyindən
istifadə edib ölkəni xaosa sürükləyirdilər.
Belə bir çətin şəraitdə
xalqın təkidi ilə yenidən hakimiyyətə
qayıdan Heydər Əliyev anti-Azərbaycan qüvvələrin
planlarını alt-üst edərək ölkəni
böyük bir uçurumdan qorudu, müstəqil Azərbaycanın
idarəçilik sükanı arxasına keçərək
sabitliyin, sosial-iqtisadi inkişafın və tərəqqinin
qarantına çevrildi.
Ulu öndərin yaratdığı müstəqil Azərbaycan
dövləti əslində 1969-cu ildən başlanan siyasətin
məntiqi davamıdır. Bu yol bütün
dünya azərbaycanlılarının vahid azərbaycançılıq
ideologiyası ətrafında birləşdiyi yoldur. Ümummilli liderin hakimiyyətə gəlişi ilə
Azərbaycan xalqı işıqlı, nurlu sabahlara qovuşdu.
ABŞ-ın keçmiş prezidenti Corc Buş
Ümummilli lider haqqında xatirələrində qeyd etdiyi
kimi, "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində
ən əsas şəxsiyyət olub". Məhz Ümummilli liderin apardığı
ardıcıl və uzaqgörən siyasətin nəticəsidir
ki, bu gün onun yaratdığı sənət əsəri -
müasir və müstəqil Azərbaycan dünyanın ən
qabaqcıl və inkişaf edən ölkələrindən
biridir.
Əsrin sazişini reallaşdıran
Böyük Azərbaycanlı
Azərbaycanın
ağır günlərini yaşadığı bir vaxtda
yenidən hakimiyyətə gələn və dövlət
müstəqilliyimizin dayanıqlılığına nail olmaq
üçün səylərini ilk növbədə ölkə
daxilində siyasi sabitliyin bərqərar olmasına yönəldən
Ulu öndər paralel olaraq strateji əhəmiyyət
daşıyan bir sıra iqtisadi layihələrin gerçəkləşməsinə
də öz töhfəsini verdi. Bu layihələrdən ən
mötəbəri isə 1994-cü il
sentyabrın 20-də Bakıda imzalanan "Əsrin Müqaviləsi"
oldu. Heydər Əliyevə qədər Xəzər dənizindəki
neft yataqlarının transmilli neft şirkətləri ilə
birgə istismarı barədə yüksək səviyyəli
danışıqlar aparılsa da, müqavilənin
imzalanmasının əleyhinə çıxan xarici qüvvələrin
təzyiqi qarşısında davam gətirməyən əvvəlki
ölkə rəhbərlərinın zəifliyi ucbatından
Azərbaycan üçün təkcə iqtisadi yox, həm də
siyasi baxımdan böyük əhəmiyyət kəsb edən
bir layihənin reallaşdırılması mümkün
olmamışdı. Lakin Ulu öndər Heydər
Əliyevin dəmir iradəsi, siyasi nüfuzu sayəsində
1994-cü ildə nəhayət 20-ci əsrin ən
böyük neft müqaviləsi imzalandı və Azərbaycanın
müstəqilliyinin qarantına çevrilən bir layihə
gerçəkləşdi, Azərbaycanın
qarşısında uzun və maneəsiz inkişaf yolu
açıldı. Bu inkişaf qısa zaman kəsiyində
bütün istiqamətlərdə özünü göstərdi,
Azərbaycanın dünya iqtisadi sisteminə
inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin
möhkəm təməli qoyuldu. Azərbaycan
MDB məkanında Qərbin iri neft şirkətləri ilə
böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər
dənizində beynəlxalq əməkdaşlığın əsasını
da yaratdı. Beləliklə, Azərbaycan
həm neft, həm də təbii qaz satışı
bazarında özünə xüsusi yer tutdu, zaman keçdikcə
dövlətimiz Avropanın enerji təhlükəsizliyində
əsas rol oynamağa başladı.
Azərbaycanın uğurlu inkişaf
modeli
Azərbaycanın inkişaf tarixinin son 47 ilinə diqqətlə
nəzər salsaq, gələcəyə istiqamətlənmiş,
dayanıqlı inkişafı təmin edən və cəmiyyətin
hər bir üzvünün rifahına xidmət göstərən
müdrik və uzaqgörən siyasətin nəticələrini
görərik.
Bütün bunlar Ulu öndər Heydər
Əliyevin Vətən üçün sonsuz xidmətləri
hesabına başa gəlib. O, öncə vətənpərvər,
Vətənini sevən bir insan, sonra isə böyük
dövlət xadimi idi. Xüsusi qeyd etmək lazımdır ki,
2001-ci il Dünya Azərbaycanlılarının
Birinci Qurultayında Heydər Əliyevin söylədiyi tarixi
ifadə kiçikdən böyüyə qədər hər
bir azərbaycanlının dilində əzbərə
çevrilib: "Mən həmişə fəxr etmişəm
və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam".
İstər Vətəndə, istərsə də qürbətdə
yaşayan bütün dünya azərbaycanlıları da
qürur duyur, fəxr edir ki, onun Azərbaycan kimi Vətəni,
Heydər Əliyev kimi soydaşı, Ümummilli lideri var. Biz
hər birimiz onun əmanəti olan müstəqil,
güclü, qüdrətli Azərbaycanın
övladlarıyıq.
Azərbaycanın təməli dahi şəxsiyyət tərəfindən
qoyulan iqtisadi, siyasi, sosial və mədəni inkişaf xətti
bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Uğurlu inkişaf modelinə uyğun olaraq Azərbaycanın
dünyanın qabaqcıl, aparıcı dövlətləri
sırasında tutduğu mövqe hər il
daha da möhkəmlənir. Bu gün beynəlxalq
ictimaiyyət Azərbaycanı dinlərarası, mədəniyyətlərarası
dialoq mərkəzi, iqtisadi forumların, siyasi konfransların, ən
mötəbər idman oyunlarının keçirildiyi
qabaqcıl ölkə kimi tanımaqdadır. Heç şübhəsiz, bundan sonra da dövlətimizin,
xalqımızın tarixinə yeni-yeni qələbələr,
zəfərlər yazılacaq.
...Azərbaycan
xalqı yaxın tarixin zəfər günlərindən birini
Qarabağda - Şuşada, Cıdır düzündə qeyd
etmək istəyir.
Bu il aprel
ayının əvvəllərində Ermənistan-Azərbaycan
qoşunlarının təmas xəttində düşmənin
törətdiyi təxribatların qarşısının qətiyyətlə
alınması, ordumuzun işğalçı qüvvələrə
sarsıdıcı zərbələr endirməsi nəticəsində
4 gün erməni hərbi birləşmələrinin qorxu, təşviş
və gərginlik içində saxlanılması, öz
mövqelərini tərk etməyə məcbur edilməsi və
ən nəhayətdə 2 min hektar ərazinin düşməndən
tam azad edilməsi bizi böyük qələbəyə bir
addım da yaxınlaşdırdı.
"Aprel müharibəsi"
adı ilə Azərbaycanın müasir hərb tarixinə
qızıl hərflərlə yazılan döyüşlər
zamanı təkcə Ermənistan deyil, eləcə də
dünya birliyi, işğalçı ölkə
havadarları əmin oldular ki, Azərbaycan dövləti
öz mövqeyində qətidir, Dağlıq Qarabağ
torpaqları uzun müddət işğal altında qala
bilməz. Ya Ermənistan öz xoşu ilə,
ya xarici dövlətlərin təkidi və təzyiqi ilə
zəbt etdiyi torpaqları həqiqi sahibinə - Azərbaycana
geri qaytaracaq, ya da Silahlı Qüvvələrimiz ərazi
bütövlüyümüzün bərpası
üçün silaha sarılaraq düşmənə öz
yerinə göstərəcək. Bu
reallığı dərk edən xarici dövlətlər,
xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri
Ermənistanın danışıqları
dayandıracağı ilə bağlı sərsəm xəbərdarlıqlarına
məhəl qoymayaraq qısa zaman kəsiyində
işğalçı ölkə rəhbəri Serj
Sarkisyanı Vyanada danışıqlar masasına oturtdu.
Aprel döyüşlərinin təsiri altında keçən
və məhsuldarlığı ilə yadda qalan prezidentlərin
Vyana görüşündən təxminən 1 ay sonra tərəflər
Sankt-Peterburqda bir araya gəldilər. Danışıqlarda əldə
olunan ən böyük irəliləyiş Azərbaycanın
uzun illərdən bəri irəli sürdüyü mərhələli
həll variantına üstünlük verilməsidir. Bundan
sonra proses bu prinsiplər üzərində davam edərək
öz həllini tapmalıdır. Artıq prezidentlərin
növbəti görüşlərinin Fransa və ABŞ-da
keçiriləcəyi ilə bağlı məlumatlar da
yayılıb.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti doğru yoldadır, xalq Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə arxalanır, ona böyük inam bəsləyir. İnanırıq ki, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yaxın gələcəkdə biz bu zəfərə də nail olacağıq.
Füzuli
BƏDƏLOV
"Azəraqrartikinti"
ASC-nin xarici iqtisadi əlaqələr şöbəsinin rəisi
525-ci qəzet.-2016.- 14 iyul.- S.3.