Multikulturalizm - keçmişin, indinin və gələcəyin mənəvi dəyəri kimi

SƏMAVİ DİNLƏRİN TEOLOJİ POTENSİALINDA MULTİKULTURAL İMPULSLAR

İnsan cəmiyyətinin inkişafı tarixində önəmli yer tutan dinlər, o cümlədən, səmavi dinlər yayğın olduğu ərazilərdə onu qəbul edən insanların dünyagörüşünə, həyat tərzinə, psixologiyasına, onların mənəvi norma və ideallarının formalaşmasına, davranış modellərinin müəyyənləşməsinə və s. çox ciddi təsir göstərmiş və göstərməkdədir.

Bu dinlər iqtisadi, sosial-siyasi və mədəni həyatın, tarixən formalaşmış ənənələrin müxtəlif səviyyələrdə olmasına baxmayaraq, yayıldıqları ərazilərdə zaman-zaman bir-biri ilə yaxın təmasda olmuş və çoxəsrlik qarşılıqlı təsir prosesi nəticəsində bir-birindən xeyli dərəcədə faydalana bilmişlər.

Qeyd edək ki, səmavi dinlər kimi musəvilik, xristianlıq və islamın bir çox cəhətləri, o cümlədən, inanc əsasları və söykəndiyi əxlaqi dəyərlərin xeylisi ortaq xarakter daşıyır. Allahın varlığına və birliyinə, mələklərinə, peyğəmbərlərinə, axirət gününə, cənnət və cəhənnəmin varlığına iman gətirmək hər üç dinin də əsas şərtlərindəndir. Eyni zamanda fədakarlıq, təvazökarlıq, sevgi, mərhəmət, qərəzsizlik, başqalarına sayğı, dürüstlük, hər cür haqsızlıqdan çəkinmək, ədalətli olmaq, vicdanlı davranmaq və s. kimi gözəl əxlaq xüsusiyyətləri də birgə dəyərlərdən hesab etmək olar. Humanizm prinsiplərinə söykənən, bu dinlərin əxlaq sistemləri multikulturalizmin də əsasında dayanan qövmlər və insanlar arasındakı müxtəlifliyə hörmət, başqalarına sayğı, qərəzsizlik, zordan imtina, əfvedici olmaq, iradə və seçim azadlığı kimi keyfiyyətlərin olmasını tələb edirdi.

Yəhudilik. Səmavi dinlərdən biri olan yəhudilik və onun əsas kitabı olan Tövratda iman gətirənlərdən başqalarına sayğı, ədalətlilik, əməllərində qərəzsizlik, səbirli, təvazökar olmaq və s. kimi əxlaqi sifətlərin olması tələb olunur.

Tövratda müxtəliflik birgəyaşayış norması kimi qəbul edilərək insanların bir arada, bir-birinə fərq qoymadan sülh şəraitində yaşaması tələb olunur: "Dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub olan insanlara belə yazdı: "Sülhünüz bol olsun!" (Daniel, 6: 25); Heç kəsdən qisas alma, heç kimə kin saxlama... Qonşunu özün kimi sev... (Levililər, 19: 18); "Yad adama qarşı pis rəftar göstərmə, onu incitmə, axı siz də Misirdə yad idiniz".

Tövratda ədalətlilik insanın gözəl əxlaqi sifətlərindən biri kimi təqdim olunur və iman gətirənlərdən doğruluq, pisliyi inkar, haqsızlığa qarşı çıxma və s. kimi keyfiyyətlər istənilir: "Ədalətli olanlar, hər zaman əməlisaleh olanlar necə xoşbəxt insanlardır!" (Məzmur, 106: 3); "Ordular Rəbbi belə deyir: "Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin" (Zəkəriyyə, 7: 9); "...Bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin. Mən istəyini yerinə yetirirəm..." (1 Padşahlar, 3: 11-12); "Rəbb belə deyir: Ədaləti qoruyun, salehliyə əməl edin..." (Yeşaya, 56: 1); "Nifrət nifaq yaradar, lakin məhəbbət bütün günahları örtər" (Süleymanın məsəlləri, 10: 12); "...Qırıq qəlbli olanların ruhunu diriltmək, həlimlərin ürəklərini dirçəltmək üçün onlarla birlikdəyəm" (Yeşaya, 57: 15).

Musəvilik insanlara qarşı xoşniyyətli və əfvedici olmağı tövsiyə edir: "Düşmənin acdırsa, onu yedizdir, susuzdusa, ona su ver. Belə etməklə sanki başına köz tökərsən, bunun əvəzini Rəbdən alarsan" (Süleymanın məsəlləri, 25: 21-22); "Heç kəsdən qisas alma, heç kimə kin saxlama... Qonşunu özün kimi sev..." (Levililər, 19: 18); "Xeyirxahlıq və sədaqət hər təqsirə kəffarə olar, insan Rəbb qorxusuna görə pislikdən dönər" (Süleymanın məsəlləri, 16: 6); "Təvazökar olsalar, dua edib Məni axtarsalar və pis yollardan geri qayıtsalar... onların günahını bağışlayacağam və torpaqlarını bərəkətləndirəcəyəm" (2 Salnamələr, 7: 14).

Xristianlıq. Məzlumların dini kimi ortaya çıxan xristianlıq öz əxlaq sistemi ilə yayıldığı ərazilərdə toplumun həyatına bir sıra yeniliklər gətirdi. Bu, birinci növbədə əxlaqi dəyərləri özündə əks etdirən təlimatlardan, ilahi nəsihətlərdən və yaxud çağrışlardan ibarət idi. Hər bir xristianın bu əxlaqi çağrışlara əməl etməsi xristian adını daşımanın vacib şərtlərindən hesab edilirdi. Humanist mahiyyət daşıyan və xristian əxlaqının əsasında dayanan əxlaqi təlimatlara rifah (nemət) naminə əzabkeşlik, bütün günahların bağışlanması (ümumi əfv), düşmənləri sevmək, düşmənə və hər hansı şərə (pisliyə) müqavimət göstərməmək (düşməncəsinə və pisliklə cavab verməmək) və s. haqqında xristian təlimini misal göstərə bilərik.

Xristianlıq etnik mənşəyindən, dinindən, irqindən, cinsindən və s. asılı olmayaraq insanlar arasında fərq qoymurdu. Markın müjdəsində deyilirdi: .... İsaya dedilər: "Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan və Allahın yolunu həqiqətə görə öyrədirsən (12:14);"... Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz" (Qalatiyalılar 3:28); "... Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O, insanlar arasında tərəfkeşlik etməz (Efeslilər 6:9).

İncil dində məcburiyyət və zorakılığın əleyhinə çıxırdı: "Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır" (2 Timotey 2:24); "... istədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun" (Filimon 14); "... Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin" (1 Peter 5:2);  Rəbb belə deyir: " Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin" (Yeremya 22:3)

Xristianlıqda ədalət və sülh, qarşılıqlı etimad prinsipi başlıca yerlərdən birini tutur: "Zahirə görə hökm etməyin, ədalətlə hökm edin" (Yəhya, 7: 24); "Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız... Hansı ölçü ilə ölçsəniz, eyni ölçü ilə də sizə ölçüləcək" (Matta, 7: 1-2); "... azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın" (Qalatiyalılar 5:1);  "... İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın" (Romalılar 12:18).

İncil insanların bütün günahlarının bağışlanmasına çağırır, insanların pis əməllərdən çəkilməsini və əvəzində onlara məhəbbətlə yanaşılmasını tövsiyə edir. Mattanın Müjdəsində də (5:38-48) bu prinsip barəsində deyilir: "Gözə göz, dişə diş" - deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: Pisliyə müqavimət göstərmə, əksinə, kim sənin sağ yanağına vurarsa, ona sol yanağını da çevir. Və əgər biri məhkəməyə gedib, sənin köynəyini almaq istərsə, ona üst paltarını da ver... "Qonşunu sev və düşməninə nifrət et" - deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: Düşmənlərinizi sevin, sizə lənət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib təqib edənlər üçün dua edin ki, siz Atanızın oğulları olasınız. Çünki O Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun; və saleh olanlar ilə olmayanların üzərinə yağışlar göndərir. Çünki əgər sizi sevənləri sevərsinizsə, sizə nə mükafat olacaq?.. Beləliklə, Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olun"; "Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: "Qisas Mənimdir, əvəzini Mən verəcəyəm". Əksinə, "düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver". Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl" (Romalılar 12:19-21.)

Yeni Əhddə iman gətirən insanların mütləq səbirli və əfvedici olmasının vacib olduğu bildirilir. İsa peyğəmbər Matta müjdəsində insanlara "Bizə qarşı günah edənləri bağışladığımız kimi Sən də bizi bağışla" (6: 12) deyə onların Allaha dua etmələrini tövsiyə edir. İnananların digər insanlara qarşı sayğı və əfvedici davranması ilə bağlı İncildə deyilir: "...Mərhəmət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbir libasını geyinin. Bir-birinizə qarşı səbirli olun və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. (Koloselilərə, 3: 12-13); "... Zəiflərə kömək edin, hamıya qarşı səbirli olun". (1 Saloniklilərə, 5: 14.

İslam. Fikirlərdə, maraqlarda və vəzifələrdə olan dərin fərqlərə baxmayaraq insanların birgə yaşamaq yollarının axtarılması, müxtəlifliyə dözümlü münasibət göstərilməsi tolerantlığın və multikulturalizmin başlıca prinsiplərindəndir. İslam düşüncəsi də öz növbəsində müxtəlifliyə dözümlü münasibət göstərərək, digər din və mədəni qrupların mövcudluğunu qəbul edir. İslam "Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik" (Maidə, 48),"Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun", 6) deyərək, hər kəsin seçdiyi özünəməxsus inanc ilə bir "yol" qət edə bilmə imkanını tanıyır. Quranda bildirilir ki, xalqlar arasında qarşılıqlı münasibət və etimad onların bir-birini tanımasından keçir: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat", 13). İslam etnik və irqi ayrı-seçkiliyi rədd edərək insanlar arasında qarşılıqlı münasibətlərin qurulmasını təbliğ edirdi. Məhəmməd peyğəmbərə aid edilən hədislərin birində deyilir: "Ey camaat, bilin ki, sizin Allahınız bir və ata-ananız da, birdir. Ərəbin qeyri-ərəbdən üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Qaradərili sarı dəriliyə nisbətən üstün deyildir. Fəqət üstünlük təqva ilədir! Mən Allahın əmrini sizə söylədimmi?" cavab verdi: "Bəli". Peyğəmbər buyurdu: "Bu sözləri eşidənlər, eşitməyənlərə yetirsinlər".

Hadisə və proseslərə ədalətli münasibət tolerant və multikultural mühitin formalaşmasında əhəmiyyətli rola malikdir. İslam dininin də rəhbər tutduğu prinsiplərdən biri humanizm və ədalət prinsipidir. İslam insanları sülhə və ədalətə səsləyir, onlara pis əməldən çəkinməyi, zəifin tərəfini saxlamağı tövsiyə edir: "... malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən... doğru olanlardır"( Əl-Bəqərə, 177). İslam dini peyğəmbərlərin qarşısına yer üzündə ədalətin bərqərar olmasını əsas hədəflərdən biri kimi qoyur: "Biz öz peyğəmbərimizi aydın dəlillərlə göndərdik. Və onlara kitab və tərəzi (ədalətli qanunlar, haqqı - nahaqdan ayırmaq vasitəsi) da, göndərdik ki, insanlar ədalətlə iş görsünlər". (Hədid, 25). Quran, həmçinin bizdən, bütövlükdə insanlıqdan ədalətli olmağı tələb edir: "Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam" 152).

İslam və onun fundamental əsasları sayılan - Quran və Sünnədə İslamın qəbul edilməsində zor və məcburiyyətin olmaması prinsipi bəyan edilir: "Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!" (Əl-Bəqərə, 256). İslam inancın güclə qəbul etdirilməsinin əleyhinədir. Quran da bu iş Allahın iradəsinə bağlanır. "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin işin ancaq İslamı təbliğ etməkdir)." (Yunus, 99). Başqalarının fikirlərinə, inancına sayğı ilə yanaşmaq dözümlülüyün başlıca atributlarındandır. İslam haqq dininə dəvətdə zorakılığa qarşı çıxır və bildirir ki, islama dəvət nəsihət və təbliğ yolu ilə olmalıdır.  "Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir" (Əl- İmran, 20); "...(Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən" (Kəhf, 45); "... Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən!"(Gasiyə, 21-22).

Quran başqa inanc sahiblərinin aşağılanmasının, təhqir olunmasının əleyhinədir: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər" (əl-Ənam, 108).

İslam insanların sərbəst etiqad edə bilmək haqqını tanıyır: "De: "İstər inanın, istərsə də inanmayın..." ("İsra" surəsi, 107). "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf", 29).

İslam dininin fərqləndirici xüsusiyyətlərindən biri də digər səmavi dinlərə müsbət münasibət göstərməsi ilə bağlıdır. İslam dini əhli Kitab dinlərinə dözümlü münasibət sərgiləyərək, onlar sayğı ilə yanaşmağı tövsiyə edirdi: "Deyin: "Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Tanrımız, sizin də Tanrınız birdir. Biz Ona təslim olanlarıq!" (Ənkəbut, 46). Başqa bir ayədə isə Yəhudilər, sabiilər və xaçpərəstlər Allaha və axirət gününə inanıb yaxşı iş görənlər sırasına aid edilərək deyilir: "Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!" (Maidə, 69). İslam son təkallahlı din olmasına rəğmən bu dinlər arasında olan ortaq prinsiplərə söykənərək onları vəhdətə səsləyir: "(Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" (Əl İmran, 64). Quran bu dinlərin peyğəmbərləri arasında heç bir fərq qoymur: "Biz İlahi peyğəmbərlərin arasında heç bir ayrı-seçkilik (fərq) qoymuruq". (Bəqərə, 285); "Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq" (Əl- İmran, 84);  İslam İsanın ilahiləşdirilməsini qəbul etməsə də, ona ilahi peyğəmbər kimi yanaşır, onun Məsihliyi və möcüzələr törətməyi qəbul edilir: "Əsla Məsih, Allahın bəndəsi olmaqdan çəkinməyirdi (imtina etmirdi) və (Allaha) yaxın olan mələklər də, Allah bəndəsi olmaqdan imtina etmirlər". (Nisa surəsi, 172); "İsa: Allahın iznilə anadangəlmə koru və alaca xəstəliyinə tutulmuşu sağaldaram. Onun iznilə ölünü dirildərəm. (Əli-İmran, 49).

Göründüyü kimi, səmavi dinlərin ruhu və əxlaq sistemi tolerantlığın və multikulturalizmin əsasında dayanan ideyalarla oxşarlıq təşkil edir. Böyük fransız maarifçisi Volter haqlı olaraq yazırdı: "Anlaşa bilməmək insan oğlunun ən böyük pis əməlidir və tolerantlıq yeganə çarədir".

 

Əsgər ƏHMƏD

tarix üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.-2016.- 15 iyul.- S.4.