Afaq Məsud dünyası - (on ikinci yazı)

 

“...Divar güzgüsündə özünə baxa- baxa fikirləşdi ki, axır vaxtlar özü də arvadına oxşamağa başlayıb.

Burun pərəkləri, alt dodağının şişkin bir köpüşməylə aşağı sallanması, üzünün ifadəsi... Döş cibindən çıxardığı narın daraqla başını daraya- daraya fikirləşdi ki, əslinə qalanda, bu evdə hər şey arvadına oxşayır. Evin divarları da, künclərdən soyuq təmkinlə adama zillənən əşyaları da... Burda hər şey arvadı kimi acıqlı və qəddar idi”...

Bir tərəfdə ana, digər tərəfdə arvadı... Biri yuxuların hakimidir, o biri də gerçəkliyin...

Gerçəklik artıq öz hökmünü verib: həm ailədə, həm də işdə - həm arvadının (və ona oxşayanların), həm də Səlimovun şəxsində bütün qaba naturallığı ilə qarşısındadır.

Görək, anasının şəxsində yuxular nə vəd edir, yaxud yuxuların təzahüründə anası nə hökm verəcək?.. Ölüm xəbərini yad adamlardan aldığı anası!..

“...Taxça həmin vəziyyətdəydi... sınıq- salxaq rəflərində iç-içə yığılmış bir neçə saxsı kasa, iki mis qazan və bir neçə çapma stəkan gözə dəyirdi. Sonra qəfildən gözü taxçanın üst rəfindəki firuzəyi rəngli qədim kasaya sataşdı və ürəyinin tələyə düşən siçan kimi titrədiyini hiss elədi...

...Kasa necə də anasına oxşayırdı?!.

Gözləri doldu”...

Ona vəfat etmiş ananın övladı yox, tamam yad adam kimi baxırlar. Və bu münasibət tamamilə təbii idi...

“...Əstəğfurullah!.. Bu nə işdi düşdü?!. Nə istəyirlər ondan?.. Durub o boyda yolu gəlmişdi, daha neyləməliydi?..

Əlini şalvarının cibinə atıb yaylığını çıxartmaq istədi ki, alnının tərini silsin, o dəqiqə də fikirləşdi ki, burun yaylığını görən kimi, arvadların yadına yenə onun ağlamağı düşəcək, odu ki, əlini cibindən çıxartdı, alnının tərini əlinin arxasıyla quruladı, qıçını əsdirə- əsdirə fikirləşdi ki, ölsələr də ağlamayacaq. Lap  belə ayağının altına sərilib ulaşsalar da.

Ölün elə!.. Baxın üzümə! Baxın, görək, nə qədər baxacaqsız!.. Ay kütbeyin insan!.. Gör bir sən nədən həzz alırsan, nəylə rahatlıq tapırsan?!. Göz yaşı, qan- qəltan!.. Tfu!!.

Cəmiyyətdə  özünə yer axtara- axtara cəmiyyətdən kənar düşmüş, daha doğrusu, cəmiyyətdə yer tapdığını güman edə- edə gümanında yanılmış, zatından- kökündən qopmuş, həyatda həyətin bir ağacı qədər istinadı olmayan insanın heç bir dəyərə dayanmayan bu degenerat (və əxlaqsız!) üsyanına kim hay verə bilər?..

Anasının “münasibəti”ndə də doğmalıq yoxdur...

“...Fikirləşdi ki, niyə anasının ölüsündən belə qorxur?!. Yeyəcəkdi onu, nədi?!.

 

Döşəməni cırıldada-cırıldada pəncərənin qabağına yeridi, bir müddət də orda dayanıb adamsız, qaranlıq həyətə baxa- baxa fikirləşdi.

 

Fikirləşdi ki, bu döşəmə niyə belə cırıldayır? Taxtaları  çürüyüb, nədi?.. Sonra fikirləşdi ki, anasını basdırandan sonra bu daxmanı neyləsin, satsın?..

 

Əlbəttə ki, satmalıdı. Satmayıb- neyləyəcəkdi ki?.. Nə versələr, min bərəkət.

 

Sonra arvadının, hələ ötən ildən beynini çürüdə-çürüdə ona aldırmaq istədiyi şubanı xatırladı və fikirləşdi ki, bu daxmanı satsa, şubanı da alar, hələ üstəlik beş- on manat dala da atar”...

 

Bu da doğma ocağa münasibətdə “oğul”un biqeyrətliyə qədər gətirib çıxaran loyallığıdır ki, anasını dəfn etməmiş, doğulub böyüdüyü evi satıb arvadına şuba almaq barədə fikirləşir... Həm də o arvadınaki, gərək bu daxmanın söhbəti olanda onun barəsində düşünmək, onu yada salmaq heç yuxuda da ağlına gəlməsin...

 

Və “yuxunun küləyi”!..

 

“...Tozanaqdan çəpərin o biri üzü  görünmürdü. Kənd tozanağın içində itib- batmışdı...

 

Dünənki gecənin yuxusu yadına düşdü. Ucsuz- bucaqsız çöllər... küləyin uğultusu...

 

Həmin o külək idi... yuxusunda ulayan külək... onunla bir gəlmişdi bura... gəlmişdi nəyisə anlatsın, ya yadına salsın?!,

 

Yaxalığını dartışdırıb boyun- boğazını bağlaya- bağlaya fikirləşdi ki, bəlkə, hələ də yuxudadı, bütün bu gördükləri dünən gecəki yuxusunun davamıdı?..

 

Həyətlərindəki köhnə quyudan su içmək istəyir... Və “içir”...

 

“...Belinəcən quyunun içinə sallanıb gözlərini gərə- gərə vedrəni axtardı... bir az da dartınıb zənciri bir qədər aşağı hissədən tərpətdi... və bu məqam külək əsdi, ya quyu titrədi, anlaya bilmədi... axır nə oldusa, arxadan itələdilər onu... quyunun kənarından qoparıb içinə buraxdılar... və o, yoğun, ağır nizə uçuşuyla quyunun qaranlığına uçdu... əvvəl başı, sonra bədəniylə bumbuz suyun içinə girib bir az da elə bil suyun içiylə daha dərin qaranlıqlara uçdu... sonra harasa dəyib  dayandı... qayıdıb yuxarı qalxmaq istədisə də, yerindən tərpənə bilmədi...

 

Quyunun suyu şipşirin idi... Uşaqlıqda çox içmişdi bu sudan... İndi yenə içi sərinləyə- sərinləyə içirdi... mədəsi  dolanacan, ürəyi partlayanacan içəcəkdi... Elə susamışdı bu sudan ötrü...

 

Suyu içib doyandan sonra havası çatmadı, boğulmağa başladı... Ha əl- qol atıb zəncirdən yapışmaq istədisə də, sudan ağırlaşan qollarını tərpədə bilmədi... çabalaya- çabalaya, gözlərinə qan dola- dola gördüyü son mənzərə - lap yuxarıda,  quyunun başında dayanan anası oldu... Anası - həmin o uzaq illərin anasıydı... Üzündən öpüb onu şəhərə yollayan həmin xınayı saçlı, qırmızıyanaq cavan qadın... Əl eləyib onu yuxarı- yanına çağırırdı”...

 

Afaq Məsudun nəinki kiçik həcmli hekayələri, hətta böyük həcmli romanları üçün də ənənəvi süjetlilik, hadisələrin bir- birini əvəz etməsi  səciyyəvi olmadığından onun istənilən əsərini təhlil edərkən çoxlu sitatlar gətirməyə ehtiyac duyulur. Və bu, o həddə çatır ki, təhlilçi yox, məhz yazıçının özü, dolayısı ilə, özünü “izah” etməli olur. Əgər mətndə “gizli” məqamlar varsa belə (şübhəsiz var, özü də təsəvvür  olunandan daha çox və xeyli şaxəli,  dəfələrlə qeyd edildiyi kimi, şüa effektlidir), həmin “gizlin”lər əqli idrakın interpretasiyasına çətin gəldiyindən, ya heç gəlmədiyindən onları şərh eləmək deyil, dönə- dönə  göstərmək - sitat vermək istəyirsən...

 

“Üzü işığa” romanı ölüm yatağında olan bir qadının yaşantıları - düşüncələri, həyəcanları, tərəddüdləri üzərində qurulmuşdur...

 

“...Xüsusən qasırğalı, küləkli gecələr ürəyinin hansısa ən xırda, gizli toxumasıyla hiss eləyirdi ki, bətnini qəmbər daşlar kimi doldurub bərkidən bu dəyirmiliklər yaxasından əl çəkməyəcək. Hələ əksinə. Getdikcə artıb çoxalacaq, mədəsi ilə üzüyuxarı yayılıb xirtdəyinə dirənəcək,  boğduqca boğacaq onu.

 

Amma ürəyinin o toxuması hədsiz xırdaydı deyə, onu tez- tez itirirdi”...

 

Və onda ən yaxın adamına - oğluna qarşı şübhələr baş qaldırır...

 

“...Oğlu yuxuda dişlərini qıcadı və o, yenə həmin o axşamı - gözləri yaşla dola- dola, oğluna yalvarıb, ölmək istədiyini dediyi  həmin küləkli, çovğunlu axşamı xatırladı... Və bundan, bədənindən xoşagəlməz bir gizilti keçib getdi.

 

Olsun ki, oğlu onun bu xahişi barədə soyuq, qaranlıq gecələrlə - o yuxuda olarkən, bənizinin rəngi yastığın sarımtıl ayğından seçilmədiyi məqamlar dərindən- dərin düşünmüşdü, bu  barədə arvadıyla da məsləhətləşmişdi, bacı- qardaşına da  gənişmişdi. Bəlkə də artıq bununla bağlı ümumilikdə qərar da  qəbul  edilmişdi?.. Onunsa xəbəri yox idi.

 

İçi titrədi”...

 

Afaq Məsud psixoloq olduğu qədər də fizioloqdur... Bədən reaksiyaları tədricən məhdudlaşan ana üçün, görünür, hissiyyatlarını sona qədər  qorumağa qadir olduğu “ərazi” - ana bətnidir.  Və əslində, ana bətninin bilavasitə özü yox, onun davamı, fizioloji təzahürü olan övladdır. Ölüm təhlükəsi qarşısında ana, bətninin “yaddaş”ında qalmış  bütün özünəməxsusluqları mehvərinə toplamağa çalışırsa, bundan təbii nə ola bilər?.. Birdən təbiətin təbiətə xəyanəti baş versə necə?..

 

Ruhla bədənin ölümlə yekunlaşacaq “dialoq”u başlayır...

 

“...Qorxudan, ya ölüm səfərbərliyindən, elə bil axır vaxtlar ağrıları da azalmışdı. Ağrıyan toxumalar artıq ölmüşdü, nədi?..

 

Elə bil indi özü də dəqiq başa düşə bilmir, sağdı, ya yox, yaşamaq istəyir, ya yox.

 

Dəqiq bilinən bir bu idi ki, bədəni yaşamaq istəmir. Hissə- hissə, məsamə- məsamə, toxma-toxma sızıldayıb, göynəyib, sönür. O isə bu bir yığın xəstə əzalardan qurtulmaq istəyir”...

 

Bir tərəfdən də ailə qurmaqda bəxti gətirməmiş oğlunun gələcək taleyi...

 

“...Ağzını açıb, əsnəyini havayla doldurdu ki, əsnəsin. Əsnəyə bilmədi.

 

Fikirləşdi ki, uşağı bədbəxtdi. Əgər ona bir şey olsa, oğlu əl- ayaq altda qalacaq. Salamat vaxtlarında yenə heç olmasa, arada bir gəlib bişirdiyi düşbərədən, qutabdan yeyirdi, gözlərinə işıq gəlirdi, yanaqlarına çəhrayılıq. Bəs indi nolacaq?..

 

O öləndən sonra arvadı oğlunun özünü  qutaba döndərəcək. Əvvəl ətini, sonra dərisini dişinə çəkib yeyəcək”...

 

Məsələ yalnız onda deyil ki, oğlunun həyatı düz gətirməyib, elə öz taleyi də bir şey deyildi. Və onun özü də bütün ömrünü absurd “ailə xoşbəxtliyi”nə qurban vermişdi...

 

“Niyə?.. Kimin və nəyin naminə? “Cəmiyyət” deyilən mənasız insan yığnağının rəyi xatirinəmi?.. İndi hardadı o cəmiyyət?.. Onun bu halında - hər şeyin yanıb külə döndüyü, dağılıb söküldüyü bir məqamda niyə onu axtarmır?..  Güzəranıyla, alına yazılmış tale sonluğu ilə maraqlanmır?.. Hanı o  qızğın yarışma estafetləri?.. Son dəbli avadanlıq, gözəl ev- eşik, sağlam uşaqlar, mehriban ər- arvad göstəriciləri?.. Ömrünü,  gəncliyini, gözəlliyini gör bir nələrə sərf eləmişdi?!.”

 

Reallıqla xəyal arasında sərhədlər aradan qalxır...

 

“...Otaq hüzrə gələnlərlə dolduqca, səsi azalır, itirdi...

 

Səsi azaldıqca, mətbəxdən, dəmir məcməyiləri düyü arıtlaya- arıtlaya dırnaqlarıyla cızan qadınların səsləri eşidilirdi... Qadınlar ondan danışırdılar... Bu cavan yaşında heyif olan gözəlliyindən, bütün qadınlara nümunə ola biləcək səliqə- səhmanından, heç kimlə müqayisə olunmayacaq fil  hövsələsindən...

 

Vahimədən qulaqları uğuldadı. Başını balışın altına saldı ki, heç nə eşitməsin”...

 

Yazıçının ustalığı, insan ruhunun içərilərinə israrla enmək məharətinin nəticələri göz qabağındadır... Qadın (insan) can üstündə (və üzü işığa!)  hər şey barədə düşünür: oğlunun taleyindən öz taleyinə keçir, oradan da ölümün necə baş verəcəyinə, onun üstünə  kimlərin gəlib nə danışacaqlarına...

 

Ancaq bütün bu yaşantılar ölüm adlanan (və haqqında nə qədər uydurma təsəvvürlər olsa da mexanizmi dərk edilməyən) real irreallığın  məkanına qətiyyən daxil ola bilmədiyindən yenə də bədənin fizioloji reaksiya (və informasiya)larını “dinləmək”lə bir nəticəyə varmağa çalışır...

 

“...Olsun ki, ən çətini, içi bir yığın ət, qan və su dolu ağır bədənindən ayrılmaqdı...

 

Sinəsinə tıxanan nəfəsini nizamlayıb, ölümə aparan yolun  uzunluğunu təsəvvürünə gətirməyə çalışdısa da, təsəvvürü divarı,  tavanı olmayan zülmət qaranlıqdan savayı ayrı bir şey göstərmədi. Bu barədə oxuduğu ədəbiyyatları, kliniki ölüm  keçirmiş insanların, son ucunda müəmmalı işıq görünən  darısqal tunelin qaranlığıyla uçmağını təsvir edən vahiməli  mətnləri xatırladı... Gözlərini yumub, son ucu işıq saçacaq tuneli axtardı.

 

Göz qapaqlarının dərinliyində tumur

 

cuq boyda işığa bənzər nə isə yanıb- sönürdü...

 

Ürəyi titrədi”...

...İrəli hələ ki, boşluqdur, arxada isə xatirələr, xatirələr... Və yenə də xatirələr... Onları da gerçək yaddaşın o qədər dərin qatlarından tapıb çıxarasan ki...

“...Hər şey məhv olmuşdu. Uşaqlığı da, gəncliyi də,  gəlinliyi də... Hanı dünənki Zərifə? Ya bir il bundan əvvəlki sağlam, gümrah Zərifə?.. Hər şeyi bəyənməyən, küçəyə çıxanda, hamının ağzı açıq qalan gözəl Zərifə?.. İyirmi il bundan əvvəlki Zərifə hanı?.. Qırx il, əlli il bundan əvvəlki nazik bədən, alyanaq Zərifə hardadı?.. Məktəbli Zərifə, körpə Zərifə?..

Bir də baxdı ki, budu, zərifələrin hamısı burdadı. Yaşlısı, cavanı, məktəblisi, tələbəsi, körpəsi...

Ayağa qalxmaq, bu zərifələrin hamısını bir- bir bağrına basıb hönkür- hönkür ağlamaq istədi... Elə bil ayağa qalxdı da. Canını dişinə tutub, çarpayının kənarlarından yapışıb, bir təhər ayağa qalxdı... zərifələrdən ən cavanının bağrına basıb, səssiz- səssiz ağladı”...

Və ölüm...

“Kim idisə, üstünə əyildi, astadan qulağına:

- Ağla, bala, ağla. - deyə pıçıldadı.

- Niyə ağlayım?.. - dedi.

- Çünki ölürsən. - səs lap yaxından dedi, sonra həmin  məlahətlə o birilərə:

- Siz də ağlayın. - dedi və hər şey qəribə bir çəkisizliyə qərq oldu...

...Yataqda sarımtıl, ölü quş tək, hərəkətsiz qalan qadının kim olduğunu isə, yalnız dəhliz və yataq otağı adamlarla dolanda, kimsə əlini uzadıb, üzündə məmnun təbəssüm donmuş qadının gözlərini bağlayanda anladı”...

 

Nizami Cəfərov

525-ci qəzet.-2016.- 16 iyul.- S.15.