“Çöl Qala”,
Elif Şafak və fransız filmi
Bir “Çöl”dən
keçdim...
Deyirlər ey, “Çöl
Qala”nı bir oturuma oxudum,
bir su kimi
içdim... Mən belə edə bilmədim... Mən yavanlıq eləmək
istədim.., çörək
kimi, loğma-loğma
oxudum, hətta 152-ci səhifədə dayandım.
İki gün oxumadım, cürbəcür sonluqlar
fikirləşməyə başladım.
Bu arada yadıma
nə vaxtsa oxuduğum bir şeylər düşdü.
Xarici ölkə məşhurlarından
hansısa Cəlil Məmmədquluzadənin “Ölülər”ini
oxuyurmuş, qəbiristanlıq
səhnəsində kitabı
örtüb. Deyir ki,
bir ay fikirləşdim,
əcaba ölü diriltmək məsələsini
müəllif necə
sonlandıracaq. Bilirəm, müqayisə
uğurlu deyil, amma müəyyən çalarlar var. Axı?
“Çöl Qala”nın müəllifi
də ruhunu öldürmüş Qadını
“dirildəcəkdi”!
“Dirildə” biləcəkdimi?!
Və amansız sonluq, üzücü nəticə,
amma ürəyimcə
oldu, qardaşım İlham demişkən,
hind filmi olmayacaqdı
ki... Füzulişünaslar da yazır ki, Füzuli Leyli və Məcnuna
bir görüşü
qıymadı. Burada da
müəllif bir üzbəüz, bir gözəgöz görüşü
qəhrəmanlarına qıymır.
“Aşkın heç
bir sıfata və tamamlanmaya ihtiyacı yoktur.
Başlı başına bir
dünyadır aşk.
Ya tam ortasındasındır,
merkezinde, ya da dışındasındır,
hasretinde”.
Bu kəlmələr də
elə ötən yay bu zamanlarda
oxuduğum Elif Şafakın “Aşk” romanından süzüldü
yazıma. Bu roman da
“Çöl Qala” kimi adamı duyğuların tam ortasında,
mərkəzində tutub
saxlayır. Xüsusən
də, “Aşk”dakı
Ella və Əziz Zaharanın virtual duyğuları
“Çöl Qala”nın Rəssam və Qadının ruhu ilə səsləşirdi
və bu səsləşmə mənim
qulağıma həzin
bir musiqi ilə çatır, beynimdə bir “klip” yaranırdı.
Məşhur fransız rejissor Klod Lelüşün “Kişi və Qadın” filminin musiqisi ilə çatırdı mənə
Rəssam və Qadının hissləri. Klip az oldu,
xəyalımda film də
çəkdim, hətta
Rəssam və Qadının Hollivud aktyorlarını da düşündüm.
“Aşk” romanında fotoqrafçı Əziz və “Çöl Qala”dakı Rəssamın
peşə yaxınlıqları,
hətta zövqlərində
bir bənzərlik
var. “Aşk” romanından
gətirdiyim çıxarışları
müəllifin dilinə,
üslubuna toxunmadan yazacağam:
“Ella Azizin profesyonel
fotoqrafçı olduğunu
biliyordu. Merak ediyordu, acaba mesleyinden dolayı mı bu kadar seyahat ediyordu”.
“Çöl Qala”nın
Rəssamı:
“Ümumiyyətlə, tək səyahəti xoşlayıram, işimlə
əlaqədar çox
səfər edirəm,
son illər rəssamlıqla
bağlı bir neçə beynəlxalq təşkilatda təmsil olunduğumdan günüm
elə səfərlərdə
keçir”.
Sənət adamlarının çoxu,
görünür, eyni
cür düşünür,
zövqləri də yaxşı olur, sevdiklərinə münasibətdə
də bənzəyişlər
tapmaq çətin deyil. Qoyya, Balzak,
Yesenin, Pirosmani, Ümbülbanu,
Bunin, Elif Şafak, Vahid Qazi kimi
Əziz internetdə yenə Ellaya yazırdı:
“Sevgili Ella!” Qvatemalada son durağım Chajul isminde ufacık bir kasaba... Hər evdə
kilim örülüyor.
Ben de bir nineden
senin için bir kilim satın
aldım”.
Rəssam:
“İki gündür
Havanaya gəlmişəm. Havanada bizim
Torqovıya bənzər
yer var. Suvenirlər, rəsm əsərləri
satırlar. Axır ki,
əsl mən deyən əsərləri
tapdım. Nə isə,
cəmi 20 dollara çox gözəl rəsm aldım”.
Qadın:
“Bu gün çox
qəribə bir şəkildə hədiyyə
aldım. Boyunbağı aləmdir. Onu sənin
boynuma dolanan qolların bilib bağladım, tablona isə söz tapmıram yazmağa”.
“Çöl”dəki Rəssam
elə çölləmə
bir həyat keçirir. Adam duyğuların
izində, Elif Şafak demişkən tam
ortasında, mərkəzində,
həm də reallıq olan qocaman bir boşluqda...
Rəssamın meyarları da, qısacıq söhbətləri
də tələskəndir,
adam tələsir
- görüşəmi, ölüməmi?
Özü görüşə tələsir, müəllif
isə ölümə
tələsdirir. Adamın
ayağı yerə dəymir: havada, suda, quruda bir
rüzgar kimi dolaşır, sanki, çərxi fələkdir,
fırlanır ki, hədəfinə çatsın,
dursun, dayansın.
“Tənhalığı yağışla dolu” bu Qadına bir çətir olmaq istəyi ilə çırpınıb
durdu pərvanə kimi və yandı.
Əslində burdakı obrazlar:
Rəssam, Qadın və Rəssamın xanımı - üçü
də müəllifin
ilk mesajındaca yerini
alır. Bunlar Vahid Qazinin
Karl Popperdən gətirdiyi
epiqrafdakı Üçüncü
dünyanın adamlarıdırlar.
Bir boşluqda yaşar və heç olarlar. Belə insanlara bəzən
“bəyaz dünyanın
adamları”da deyirlər.
Rəssam həyat aşiqidir. Qadın həyatdan
küsmüşdür. “Tənhalığı yağışla dolu” bu Qadını sonda dolu vurdu.
Rəssam Qadının
qıpırdamağa başlayan
duyğularını “buza
qoydu qəlbində” və V.Səmədoğlunu
əbəs yerə xatırlamayıb burada:
Neçə insanın umudunun
meyitini
Buza qoymuşam
qəlbimdə?
... Bağışla, çoxdur
ölənlərim,
Səni ağlaya bilməyəcəyəm.
Rəssamın xanımı elə əsl rəssam xanımıdır. Əslində, o, Rəssamın evinin canlı eksponatıdır. Evdə bir
küncdə durub - Veneranın heykəlciyi kimi. O gözəldir,
qürurludur, təmkinlidir,
fəqət Rəssamın
qəlbindəki boşluğu
doldura bilməyən
- heykəl Veneradır.
O, çöl adamı
deyil, onda hər addım planlaşdırılıb, onun
yolu var və o yolda çoxlu qadağa nişanları var. O Rəssam
kimi əks yola çıxıb axına tərəf gedə bilmir, onu bu həyat
yolu cəzalandırar.
Rəssamın çölündəsə
heç bir qadağa işarəsi yoxdu, onu heç
kim cəzalandıra
bilməz - Allahdan başqa. Və o, çölün qulaq batıran sükutu kimi Allah dərgahına izsiz, səssiz, soraqsız getdi.
“Çöl Qala”dan
hər kəs öz dünyasının
sərhəddi hara qədərdisə o qədər
də yaza, danışa bilər. “Aşk”la
bitirirəm, çünki
hər iki əsərin obrazlarına
aid olan düşüncələrdir.
Elif-Şafakın “Aşk” romanındakı
Əzizin ölümqabağı
söylədikləri:
“Tam her şeyi halletim
derken, gökten zembille sen indin. O ilk mesajın
ardından her şey
o kadar hızlı
gelirdi ki! Her gün nefesimi tutup, acaba Ella yazmışım diye bekledim... Kendimi teslim ettiyim
Allaha isyan noktasındayım!”
Vahid Qazi hər kəsə bir çöl bağışlayıb. Bu “Çöl”, elə çöl qədər azaddı. Burda hər kəs öz xəyal dünyasının
atına minib səyirdə bilər. Burda konkret yol, cığır
yoxdu ki, deyəsən bu yoldan, irzdən çıxsam nəsə
pozular, nəsə düz gəlməz.
Bura məhəbbət çölüdür,
o qəlibə sığmır.
Sevdalılara ucu-bucağı görünməyən
Çöl lazımdır.
Heey! Oğuz
oğlu Vahid Qazi! “Çöl Qala”da doğulub
çöllərə düşən dış Oğuz bəyi! Günün
birində İç Qalada
məskən edib, Çölün
sehrini-sirrini “Çöl
Qala”çılara açmaq diləyi ilə
Bəsti İSMAYILOVA
525-ci qəzet.-2016.- 16 iyul.- S.14-17.