YARAT Mərkəzində “Multikulturalizm ili” çərçivəsində daha bir tədbir

İyulun 15-də YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkə “Multikulturalizm ili” çərçivəsində “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal perspektivləri” adlı tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, AGAT-ın sədri Nərgiz Xələf çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, tədbirin təşkil olunmasında məqsəd milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkan kimi təbliğatına xidmət edən layihələr planına töhfə verməkdən ibarətdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Azərbaycanın multikultural ənənələrindən danışıb. Diqqətə çatdırılıb ki, multikulturalizm bir çox fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Xalqımız qədimdən bəri cəmiyyətdə harmoniyaya şərait yaradıb.

Natiq Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsini Azərbaycanda unikal multikultural mühitin mövcudluğunun sübutu kimi səciyyələndirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımzadə çıxışında multikulturalizmin Azərbaycan mədəniyyətinin cövhəri olduğunu, xalqımızın mədəniyyətində başqa xalqlara münasibətin anlaşıqlı və mehriban olmasının əsrlərdən gəldiyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov multikulturalizm ənənələrindən və ölkəmizdə hökm sürən tolerant mühitin əhəmiyyətindən söz açıb.

Bildirilib ki, ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən tədbirlər, o cümlədən, bu istiqamətdə yeniyetmə və gənclər arasında maarifləndirmə işinin yüksək səviyyədə təşkili hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur.

Daha sonra “Multikulturalizm hər yerdə: Foto və Poster müsabiqəsi-2016”nın “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri” mövzusunda analitik yazı müsabiqəsinin və Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəsmi bloqunun təqdimatı olub.

525-ci qəzet.-2016.- 16 iyul.- S.13.