Tolerantlıq ənənələrinin
təbliğatçısı
MULTİKULTURAL
DƏYƏRLƏR YENİ JURNALIN
SƏHİFƏLƏRİNDƏ
Azərbaycanın
media sistemində yeni bir jurnal tipi meydana çıxdı:
“Multikulturalizm”.
Bu jurnal öz tipologiyası baxımından tamamilə
orijinal mahiyyət kəsb edir və Azərbaycanın
multikultural dəyərlərini ədəbi-bədii,
elmi-publisistik müstəviyə çıxarmaqla ciddi bir
missiyanı yerinə yetirməyi vəd edir.
Əlbəttə, jurnalın nəşri ilk növbədə
Azərbaycanın dövlət səviyyəsində qəbul
olunmuş multikulturalizm ilinin dəyərli məhsulları
sırasındadır.
Oxuculara
yaxşı məlumdur ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2016-cı il
yanvarın 11-də ölkəmizdə “Multikulturalizm ili” elan
olunması ilə əlaqədar xüsusi sərəncam
imzalayıb. Bununla bağlı Prezidentin
tapşırığı əsasında
hazırlanmış və qəbul olunmuş “Tədbirlər
planı”nda “Multikulturalizm” adlı xüsusi jurnalın təsis
edilməsi məsələsinə baxılması təklifi
irəli sürülmüşdü. Azərbaycanın
çağdaş oxucusuna vacib olan belə bir mətbuat
orqanının yaradılmasını Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər
Akademiyası və Azərbaycan Yaradıcılıq Fondu
öz öhdəsinə götürmüş və artıq
jurnalın 2016-cı il birinci sayını ortaya qoymuşdur. Göründüyü kimi, jurnalın nəşri
ilə mötəbər təşkilatlar məşğuldur.
Bu təşkilatların jurnalı ədəbi-bədii,
elmi-publisistik istiqamətdə nəşrini ortaya qoyması bu
yeni dərginin tipoloji xarakterini müəyyən etmişdir.
Jurnalın baş redaktoru, Azərbaycanın media sistemindəki
uğurlu yaradıcılıq faktları ilə ictimai rəydə
çoxdan oxucu hörməti qazanmış Fəxri Uğurlu
oxuculara müraciətlə yazdığı proqram məqaləsində deyir: “Jurnalın nəşr
olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri
formalaşmış tolerantlıq ənənələrini təbliğ
etmək, ölkəmizdə hökm sürən multikultural
mühitə töhfə verməkdir. “Multikulturalizm”
jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin
müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin
qorunub təbliğ olunması istiqamətində quracaq”.
Həqiqətən də, Azərbaycan Prezidentinin istər
“Multikulturalizm ili”, istərsə də bununla əlaqədar “Tədbirlər
planı” ilə bağlı sərəncamlarında
qarşıya ciddi vəzifələr qoyulur. Baş
redaktorun xüsusi vurğuladığı bu məqam -
jurnalın həmin sərəncamlarda irəli sürülən
vəzifələr kontekstində fəaliyyət göstərəcəyi
barədə vədin necə yerinə yetirildiyi elə
“Multikulturalizm”in ilk sayındaca özünü göstərməkdədir.
Yüksək poliqrafik dizaynda nəşr edilən birinci nömrənin
bütün materialları Azərbaycanın multikultural dəyərlərinin
elmi, ədəbi-bədii, publisistik formatda oxucuya
çatdırmaqdadır.
Jurnalın oxuculara təqdim olunmuş ilk nömrəsinin
ümumi mənzərəsindən görünür ki,
qarşıya qoyulan strateji məqsədin qəti şəkildə
gerçəkləşmə prosesi gedir. Jurnalın lap
əvvəlində Azərbaycan Prezidentinin ölkəmizdə
multikulturalizmin mövcudluğu və bu sahədə
görülən işlərə verdiyi qiymət, ölkəmizdə
multikulturalizmin inkişafına inamını əks etdirən
fikirləri yer alıb. Əslində,
jurnalın tərtibatında - ön səhifədə yer
almış bu fikirlər həm də dərginin proqram siyasəti
kimi səslənir. İlk nömrənin çox
maraqlı rubrikaları var: “Rəsmi”, “Azərbaycançılıq”,
“Çoxmədəniyyətlilik”, “Terror multikulturalizmə
qarşı”, “Homo Sapiens”, “Tariximiz, bugünümüz”,
“Höte zalı”, “Axundov zalı”, “Sönməyən ulduzlar”,
“Resenziya”, “Kitab rəfi”. Bu rubrikalar nömrədən-nömrəyə,
əlbəttə, dəyişə də bilər. Lakin indiki halda mənim həmin rubrikaların
hamısını qeyd etməyim jurnalın oxucuya
çoxçeşidli mövzular təqdim etdiyini göstərmək
məqsədi daşıyır.
“Rəsmi” rubrikası multikulturalizmə dair prezident sənədlərini
təqdim edir.
Digər rubrikalar elmi, bədii, publisistik xarakter
daşıyır və onların hər birinin altında verilən
materiallar jurnalın mövzu zənginliyini ifadə edir. “Azərbaycançılıq” rubrikası akademik
Ramiz Mehdiyevin “Azərbaycançılıq- milli
ideologiyanın kamil nümunəsi” sərlövhəli məqaləsi
ilə bu gün söykəndiyimiz ideoloji istiqamətin elmi əsaslarını
ortaya qoyur. Ümumiyyətlə, azərbaycançılıq
ideologiyasının Ümummilli Liderimiz Heydər Əliyev
konsepsiyası akademikin indiyə qədərki bir çox əsərlərində
də özünün elmi-nəzəri interpretasiyasını
tapmışdır. Bu məqaləsində də
R.Mehdiyev ideoloji paradiqmaların təşəkkül tarixinə
nəzər salır, milli ideya məkanında ehkam və dəyərlərin
konvergensiyasının mümkünlüyünü nəzərdən
keçirir, bütün bunların Heydər Əliyev siyasətinin
nailiyyətləri sırasında olduğunu təsdiqləyir
və indiki reallıqları təhlil edir. Belə bir elmi yanaşma isə azərbaycançılığı
milli ideologiyamızın kamil bir nümunəsi kimi qiymətləndirməyə
əsas verir. Məqalənin bütün
ruhu belə bir həqiqəti əks etdirir ki, “milli ideologiya
sağlam vətənpərvərlik, Vətənə məhəbbət
hissi kimi öz torpağına hörmət, doğma
xalqının özünəməxsus keçmişə
malik olmaq və üzvi şəkildə inkişaf etmək
hüquqlarını tanımaq kimi təsəvvürə gətirilir”.
Azərbaycançılıq məfhumunu yaxın
dövrün siyasi anlayışı kimi təhlil edən
müəllif azərbaycançılığı
özünün bütün tərkib hissələri ilə
birlikdə tamamilə milli ideologiyanın konkret, spesifik
forması hesab edir. Güman edirik ki, “Multikulturalizm”
jurnalının azərbaycançılıq
konsepsiyasının bu sayaq elmi-nəzəri təhlilini verən
maraqlı bir məqaləni oxucuya təqdim etməsi dərginin
qarşıya qoyduğu proqram siyasətini reallaşdıran
bir fakt kimi qiymətlidir.
AMEA-nın Prezidenti, akademik Akif Əlizadənin
“Çoxmədəniyyətlilik” rubrikası altında təqdim
olunan “Dəqiq ideoloji hədəf - multikulturalizm” məqaləsi
multikulturalizmin Azərbaycan gerçəkliyinin elmi portretini
cızır, bu sahədə dövlət siyasətinin
konturlarını açıqlayır.
Akademik
Kamal Abdullayevin “Azərbaycan multikulturalizmi bu gün:
Portuqaliyadan İndoneziyayadək...” məqaləsində Azərbaycan
multikulturalizminin dünyanın müxtəlif ölkələrində
təbliği, Azərbaycana dünya marağı və bu
marağın ölkəmizə məhəbbət
yaratması, azərbaycanlı olmağın milli qürur mənbələri,
Azərbaycanda qədimdən qorunub saxlanan etnik
çeşidlilik və s. faktların xatırlanması oxucunu
maarifləndirməklə bərabər, müəllifin rəhbərlik
etdiyi qurumun gördüyü
böyük işlərin hesabatı kimi də qəbul oluna
bilər.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı Azərbaycanda formalaşan multikulturalizmin dünya səviyyəsində
ən mükəmməl model kimi qəbul olunması
faktını açan maraqlı bir yazı ilə jurnalda
çıxış edir və öz tezisini zəngin faktlarla
sübut edir.
Maraqlı cəhətlərdən biri təqdim olunan
materiallarda nəzəriyyə ilə praktikanın sintezidir. Bu baxımdan jurnalist, kinotənqidçisi
Sevda Sultanovanın “Monokultural estetikaya qarşı kino
inqilabı”, Həcər Verdiyeva və Fəxrəddin
Paşayevin “Erməni terrorizmi və kürdlər”,
yazıçı-jurnalist Qan Turalının “İnsan
olmanın macəra dolu qəddar tarixi”, AMEA-nın müxbir
üzvü, mərhum professor Qara Əhmədovun “Bu günə
necə gəlib çıxmışıq”, professor Məhəbbət
Paşayevanın “Azərbaycanda qədim alban
tayfalarının izləri” və başqa yazıların yüksək peşəkarlıq
keyfiyyətini ayrıca qeyd etmək olar.
Jurnal özünün tipoloji xarakterinə görə
elmiliyi, bədiiliyi və publisistikanı özündə birləşdirməkdədir. Qeyd etdiyimiz elmi-nəzəri
və praktik yazı nümunələri ilə birlikdə
istedadlı jurnalist və yazıçı Aqşin Yeniseyin
“Köhnə dünyanın kəşfi” essesi, məşhur
Amerika yazıçısı Harri Harrisonun “Aşkelon
küçələri” fantastik hekayəsi kimi bədii və
publisistik yazılar “Multikulturalizm” jurnalını zənginləşdirən
faktlar sırasındadır.
Jurnalın “Axundov zalı”nda Günel
Şamilqızının, Rəbiqə Nazimqızının,
Feyziyyənin, Alikin yeni poetik ovqat təsiri
bağışlayan şeirləri həm estetik tərəfləri,
həm də mövzu, tematika zənginliyi ilə maraq
doğurur.
Ramilə Qurbanlının unudulmaz aktyor Səyavuş Aslan
haqqında portret oçerki, Cavid Zeynallının Vaqif Səmədoğlu
ilə bağlı “Bir şəklin tarixçəsi” essesi,
yeni kitablar haqqında yazılar, Milli Elmlər Akademiyasında
multikulturalizm tədbirlərindən reportajlar oxucuda maraq
oyatmaqla yanaşı, jurnalın janr palitrasının da zənginliyindən
xəbər verir.
“Multikulturalizm”in ən maraqlı bölmələrdən
biri “Region” rubrikasıdır. Jurnal bu bölmədə Quba ədəbi
mühiti, Quba və Qusar mühitində yazıb yaradan
şairlərin poeziyasından nümunələri təqdim
etməklə Azərbaycana doğmalaşmış dağ yəhudilərinin,
ləzgilərin Vətən sevgisini, Azərbaycana məhəbbətini
nümunələrlə göstərə bilmişdir.
Bu
rubrikada Ramiz Qusarçaylının poeziya dünyasında “Bu
yaz çiçəkləmə, ərik ağacım,”,
“Namus” şeirləri Qarabağ, Şuşa
dərdinin ifadəsi ilə hər kəsi torpaqlarımız
uğrunda mücadiləyə səsləyir.
Dağ yəhudilərinin şeirləri silsiləsindən Simax Şeydanın, Yaşa Maşiyakovun, Raxmil Mixaylovun və digərlərinin şeirlərində Azərbaycana övlad məhəbbəti qırmızı xətlə keçir. Həm də bu şeirlərin bəziləri təkcə bu günün deyil, Vətən sevgisinin onların yaradıcılıq tarixindən başladığını da ifadə etməkdədir.
Göründüyü kimi, jurnal ölkəmizdə
multikultural dəyərləri birbaşa özündə əks
etdirən bir regionun ədəbi mühitinin Vətənə
bağlı poetik nümunələrini təqdim etməklə
özünün tipoloji xarakterinə
sadiq qalmışdır.
Jurnalın çox maraqlı
dizayn elementləri sırasında həm də onun xarakterini
müəyyənləşdirən foto şəkillər - Azərbaycanın
multikultural faktlarını nümayiş etdirən
ayrı-ayrı etnik xalqlara dair mədəniyyət, arxitektura
nümunələrinə xüsusi yer
ayrılmışdır.
Mən “Multikulturalizm”in baş redaktoru Fəxri Uğurlunun - istedadlı yazıçı, publisist və naşir kimi tanıdığımız peşəkar bir adamın jurnalda görünən zəhmətini bir daha qeyd etmək istərdim. Jurnalın bütün ruhunda onun redaksiya heyətinin, beynəlxalq redaksiya şurasının, texniki işçilərinin məsuliyyəti hiss olunmaqdadır. Azərbaycan media mühitində öz dəst-xətti ilə ortaya çıxan bu jurnalın uğurları hələ qabaqdadır.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-2016.-
16 iyul.- S.10.