Ağdama bənzəyən Eyvaz

Əlli yaşa bütün ehtiyat azuqəsi qışın tən ortasında tükənmiş kəndli kimi gəlib çıxan bir çox yazıçı və sənət adamı gördüm.  Elə-belə götürəndə onlardan biri  Eyvaz Zeynalov olmalıydı. Hələ bəlkə, daha tez, nəinki əlli yaşda. Niyə? Çox üzdə olan səbəbi var bunun: Ağdamda doğulub Eyvaz, əlli təvəllüddü… İyirmi-iyirmi beş il əvvələcən dədə-baba ocağı ilə bərabər, öz yurd-koması da orda idi. Təzəcə binə qurub, müəllim işləyir, yazı-pozuyla  məşğul olur, balalarını böyüdürdü… və günün birində, daha dəqiqi,  93-ün yayında səmum yelləri hər yeri ağzına alanda təkcə ocaqlar sönmədi, təkcə yurdlar kor qalmadı, həm də ölən öldü, itən itdi və aydın oldu ki, ziqzaqlarla dolu o qısa zaman kəsiyində heç dilimizbekar dayanıb-durmayıb, lüğət tərkibi çoxlu işlək söz qazanıb: qaçqın, köçkün, didərgin, tərki-el, cəlayi-vətən, qaçqın düşərgəsi, çadır şəhərciyi…

Bu hadisələr baş verəndə Eyvaz qırx yaşında olub. Bu yaş normal bir insan ömrünün bir az artı-əski ilə tən ortası, ekvator xətti deməkdi. Hərçənd bir yazıçı təbirinə söykənəsi olsam, məsələ  insanın hansı yaşda olmasında yox, özünü neçə yaşda hiss etməsindədi. Qalmışdı həm də dünyanın lap o düz vaxtı ola.

İndi söhbətimin o yerinə qayıdım ki, köç edənlərin içində bütün zamanlarda ən rahat sərracınkı olub.  Belə götürəndə ilk baxışdan qələm əhli ilə sərracın arasında elə bir fərq  də gözə dəyməz. Biri iynəsini yaxasına, o biri qələmini döş cibinə taxıb da  gedər. İntəhası hər şey, doğrudanmı,  bu qədər sadədi? Torpaqdan sürülməyin  olduğunu  başı çəkənlər bilər,  öz yerində, əlinlə yaratdığından, alın tərilə suvardığından, zövqünlə ucaltdığından özünlə  bir quru çöp  apara bilməyəsən, bununla da işim yox, amma  “uşaqlığım mənim vətənimdir” deyənlərin sözündə bir haqq varsa, üstəlik bu həm də yazıçı kəlamıdırsa, onda qələm əhlinin işi elə Nuh-Nəbidən Allaha qalıb ki! Heç əsas məsələ  onda deyil ki,  iki vətəni birdən qoyub gedirsən… Səni yurda bənd eləyən bağlar, havasını udduğun çöllər,  olub-olanları cik-bikinəcən yaddaşında  yaşadanlar, kənd əhlinin bal kimi şirin ləhcəsi, məhz onların içindən seçib yazıya gətirdiyin obrazlar, zehnini daim itiovxarda saxlayan yüzlərlə olay, üz-gözün alışan dağ-daş,  qurd-quş səsi, yarpaq pıçıltısı, çörək ətri, hardansa, lap uzaqlardan  süzülüb gələn zəngulə, bəlkə, heç vətən deyil? Kim deyir sərhədi-sınırı olan  quruca torpaqdı vətən?!… Bir yazıma da gəlib çatdı o niskilin dumanı: “Biz Qarabağı torpaq yox, oğul itirən kimi itirdik

Söhbətin bu yerində haşiyəsiz keçinmək olmur

Telefonuma zəng gəlir. Eşidirəm, deyirəm. Deyir, tanımazsan məni, Eyvaz Zeynalovdu danışan. Hal-xoş, beş-on beş, deyir, gərək bağışlayasan, əliuzunluq eləyib bir hekayəni  Türkiyəyə göndərmişəm. Bu nə danışır? Əliuzunluq nədi? Belə şeyin adı əliuzunluq olur yəni? Olursa, mən niyə bilmirəm?… Vədələşib görüşürük. Elə ilk görüşdəcə deyirəm:

-Bəlkə də, bu sözləri indidən deməyim yerinə düşmür, gəl  qınama məni,  sən  Ağdama oxşayırsan, özü də elə-belə yox e, dədə balaya, qardaş qardaşa  oxşayan kimi

Qımışdığını görüb:

-Durub-oturub həmişə Şəhriyarı Təbrizə, Bəxtiyarı Şəkiyə, Məmməd Arazı Naxçıvana oxşadıram mən,-deyirəm və əlavə edəndən sonra ki, insanın doğuldugu yerə bənzəməsinin, sən demə, yalanı yox imiş,  onu da soruşuram ki, heç söhbət əsnasında birinin o birinə “a dağlar ogludediyinin şahidi olubmu? Cavab əvəzinə:

Onda belə elə,-deyir,- oxşadırsan, oxşat, eybi yoxdu,  daşa-qayaya bənzəmək də  bir işdi, bircə məni o kişilərlə bir tərəzinin gözünə qoyma, ayıbdı.

Səlahiyyət yiyəsi kimi nə desəm yaxşıdı:

-Yaxşı, sən oxşamağında ol, hələ ona sonra baxarıq.

Eyvazla o vaxtın dostuyuq. Mənimki də aydan arı, sudan duru  adamlarladı.  İşimin lap o çəlpəşik yerində zəng vurur ki, bir şey lazımdımı? Deməyinə yox deyirəm, amma bir də baxıram ki, əl-ətəkləri dolu, budu Aslanla özlərini yetiriblər…

Yola qoyduğum bu nərdivana niyə məhz ehtiyat azuqəsi qışın kirt yarısında qurtaranlar barədə söhbətlə başladığımı deyim. Mən adicə xəbərdən günlərlə, aylarla özümə gələ bilmirəm. Ovqat adamı olmağın da bu şeyinə yoxam. Allah bizi niyə belə xəlq eləyib, görəsən? 92-97 aralığında bir yazıya bir nöqtə qoya bilmədim. Hər şeyin bitdiyi zənnindəydim. Bu, sonralar da  dəfən-dəfən təkrarlanıb. Bu mənada,   mənim hesabımla, yurd-yuvası tar-mar olan Eyvazın, yaxud onunla oxşar tale yaşayan hər hansı dostumuzun  ələ təkrar qələm alması bir möcüzə misalıdı. Unudulmaz istedad Vahid Əlifoğlunun, Əbülfət Mədətoğlunun, Azad Qaradərəlinin, Rəfael Tağızadənin və digərlərinin də yazı-pozusu, ayaqda qalmaq bacarığı, sözün yaxşı  mənasında, məni həmişə təəccübləndirib. O illərin ağır psixoloji zərbəsi, sarsıntı və zədəsi tək həssas insanları,  yaradıcı şəxsləri deyil, bütün cəmiyyəti  alt-üst eləmişdi.  O ki qalmışdı od-alovun içindən, ocağın lap o yanar yerindən qurtulub gələnin biri olasan. Eyvaz deyir, nə qədər əlyazması, yarımçıq yazısı, makinası Ağdamda qalıb. Amma mənə elə gəlir, onun qoyub gəldiyi nəinki bildiyindən, hətta təsəvvür elədiyindən də çox-çox böyük bir dünyadı. Məharət də orasındadı ki, içini zədədən, psixoloji travmadan qoruyub hər şeyi qaldığın yerdən başlaya  biləsən. Eyvaz da gəldi,   təzə yurdda koma qaraladı və mən onda gördüm ki, bu adam  nəyini itirsə də, həyat eşqini  itirməyib. Gecəsini gündüzünə qataraq qurub yaratdı,  özünü oda-közə vuraraq  kipriyi ilə qor götürdü. Bizlərin əvəzinə, yadigar hekayələrdən birinio yazıb ortaya qoydu: “Əli metroda işləyir”. O var ki, cəsurlara tale də kömək edir, amma illər öncə Rafiq Tağı kimi hər qələmi bəyənməyən bir istedadın qılıncının altdan sağ-salamat keçib, hələ üstəlik onun əlindən  münsifi olduğu bir müsabiqənin zəfər tacını almaq da  hər oğulun görə bilmədiyi bir işdi. Mən bilən, bu gün Eyvazın, musiqi termini ilə desək, ikinci nəfəsinin  açılması da birbaşa tale ilə bağlı məsələdi.

Artıq  faktla danışmağın həm vaxtı, həm də məqamıdı, üstəlik  fakt qarşısında şlyapalıların da  baş əydiyini bilirsənsə: “Bələdçi”, “Qisas”, “Tələ”, “Alın yazısı” və “Ömrə atılan daş” romanlarını Eyvaz Ağdamda səllimi ömür sürəndə yox,  Bakıda çar-naçar yaşayanda yazıb. Almaniyada “Bələdçi” romanı, Türkiyədə  Qarabağ hekayələri” və “Əski bisiklet” kitabları, GürcüstandaUşaq hekayələri” də son beş-üç ildə araya-ərsəyə gəlib. Hələ bu da hamısı deyil. Qırğızıstanda və Türkiyədə “Bələdçi”, “Qisas” romanları və hekayələr kitabı, Almaniyada isə “Alın yazısı” Azərbaycan ədəbiyyatı adına öz çap növbəsinə dayanıb. Özübu işin lap yaxın aylarda reallaşacağı  gözlənilir.  Türkiyədə işıq üzü görən “Koroğlu” dərgisi də öz iyul nömrəsini bütövlüklə Eyvaza həsr edib. Hazırda GürcüstanTürk Avrasiya Yazarlar Birliyinin üzvü olan Eyvaz ciddi uğurlarını, bəlkə də, romanlarından çox, hekayələri ilə qazanıb. Xüsusilə “Qarabağ hekayələri” öz ictimai-siyasi dəyəri ilə bərabər, bədii-estetik məziyyətlərinə görə də fərqli yaradıcılıq nümunələri kimi diqqət çəkir. Daha bir fakt: orta məktəb dərsliklərində Eyvazın bu gün ona qədər hekayəsi tədris olunur. Bildiyim qədər hazıda ondan başqa, ikinci  bir müəllif yoxdu ki,   bu sayda yazısı  dərs kitablarında yer almış olsun. Çox sadə bir nədəni var bunun: dili aydın,  mətləbi dərin,  əyarı yüksəkdi o yazıların, vəssalam.

…Yaxın günlərin söhbətidi, zəng vurmuşam, soruşuram, neynirsən, Eyvaz? Deyir, nə eləyəcəm, Nadir şaha əsgərlik eləyirəm…

Olanda da beləsindən olasan əsgərin, nümunəvi, ayıq-sayiq, sərvaxt və əmrə müntəzir… Amma bu, bir qəlbin əmridi: ona kimsə deməyib “Nadir şah” romanını yaz.

 Xeyirli olsun, bu yol xatalı yoldu, sağ-salamat gedib gələsən. 

525-ci qəzet.-2016.- 16 iyul.- S.17.