Yeni nəşr - "Multikulturalizm" jurnalı

Müstəqillik dövrü Azərbaycan  mətbuat arenasına yeni bir dərgi qədəm basdı.

Bu, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" sərəncamına müvafiq olaraq Azərbaycan və rus dillərində ilk  sayı işıq üzü görən ədəbi-bədii, elmi-publisistik "Multikulturalizm" jurnalıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan bu jurnalın üç ayda bir dəfə olmaqla ildə dörd çapı nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşağıdakı sözləri jurnalın məqsəd və məramını başa düşməkdə oxucuya yaxından kömək edir:

"Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyllər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunur".

Baş redaktor Fəxri Uğurludan oxuculara ünvanlanan müraciətdə "Multikulturalizm" jurnalının qarşısında duran vəzifələr haqqında məlumat verilir. Aydın olur ki, belə bir jurnalın nəşr edilməsinin əsas məqsədi ölkəmizdə əsrlərdən bəri formalaşıb bu günümüzə gəlib çıxmış tolerantlıq ənənələrini təbliğ etmək, çoxmədəniyyətli respublikamızın ümumi mədəniyyətinə yeni-yeni töhfələr vermək, etnik-mədəni müxtəliflik və düşüncə rəngarəngliyini bir məcraya toplayaraq, azərbaycançılıq ideyası ətrafında sıx birləşməkdən ibarətdir.

Jurnalın AZƏRBAYCANÇILIQ bölməsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi"  məqaləsi verilmişdir. Məqalədə III minillikdə Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsini üç determinantın - milli ideyanın formalaşması, şəxsiyyətin rolunun tanınması və millətin məqsədyönlülüyünün dəstəklənməsi determinantlarının təsir dairəsində nəzərdən keçirilməsi əsas ideya kimi irəli sürülmüşdür.

Azərbaycançılıq Heydər Əliyev siyasətinin əsas prioriteti olaraq ümumdövlət mənafeləri və dəyərləri əsasında formalaşan, şovinist və separatçı ünsürlərin yaydığı əhval-ruhiyyəyə qarşı olan milli ideologiyanın bir nümunəsidir. Azərbaycançılıq milli həyatın ahəngdarlığının, ölkə daxilində mövcud etnosların qarşılıqlı əlaqəsi, birgə yaşayışı, müstəqil dövlətimizin inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsi əsasında həyata keçirilən bir ideologiyadır.

Akademik Ramiz Mehdiyev qeyd edir ki, "bu gün biz Azərbaycanda milli ideologiyanın formalaşmasının şahidiyik. Xalqın məhz çox böyük potensial ehtiyatlarının və ölkəni tərəqqiyə, firavanlığa doğru aparmağa qadir siyasi elitanın olması onu göstərir ki, neokonservatizmin milli forması kimi azərbaycançılıq Azərbaycan dövlətçiliyi tarixinin yaxın gələcəyi ərzində milli ideologiyanın əsası olaraq qalacaqdır".

Jurnalın ÇOXMƏDƏNİYYƏTLİLİK bölməsində AMEA - nın prezidenti, akademik Akif Əlizadənin "Toçnaə ideoloqiçeskaə üelğ - mulğtikulğturalizm"  məqaləsində  çoxmədəniyyətlilik ölkəmizin inkişafına yönəlmiş milli sərvət kimi dəyərləndirilmişdir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin "Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək" məqaləsində çoxmədəniyyətlilik və tolerantlığın Azərbaycan modelinin tarixi kökə malik olduğu, bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının həyat tərzinə çevrildiyi vurğulanmışdır. Məqalə aşağıdakı yarımbaşlıqlarla davam etdirilir: Azərbaycan multikulturalizmi dünyanın müxtəlif ölkələrində;  Azərbaycana maraq Azərbaycana məhəbbətə necə çevrilir?!; Milli mənsubiyyət - qürur, azərbaycanlı olmaq - fəxarətdir; Xınalıqdan Çinədək; Hər qarışında Qorqud izi; Qafqaz Albaniyasının renesansı; İsnad yerimiz - qaynaqlar; Portuqaliyadan İndoneziyaya qədər.

Göründüyü kimi, məqalədə multikulturalizmin konturları dəqiqliklə cızılmış, bu sahədə dünya miqyasında aparılan işlərdən geniş söhbət açılmışdır.

Bu bölmədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur", professor Etibar Nəcəfovun "Propaqanda dostijeniy azerbaydjanskoqo mulğtkulğtralizma v mire", kino tənqidçisi Sevda Sultanovanın "Monokultural estetikaya qarşı kino inqilabı" məqalələri də çap olunmuşdur.

TERROR MULTİKULTURALİZMƏ QARŞI bölməsində tarix elmləri doktoru Həcər Verdiyeva və Fəxrəddin Paşayevin birgə yazdıqları "Armənskiy terrorizm i kurdı" məqaləsində erməni separatçılarının multikultural dəyərlərin məhv edilməsinə yönəldilmiş siyasəti, terrorçuluq hərəkətləri  Azərbaycanda yaşayan kürdlərin azərbaycanlılarla birlikdə erməni faşizminə qarşı apardığı mübarizədən danışılır.

HOMO SAPİENS bölməsində Qan Turalının "İnsan olmanın macəra dolu qəddar tarixi" yazısı, AMEA - nın müxbir üzvü, tarix elmləri doktoru, professor Qara Əhmədovun "Bu günə necə gəlib çıxmışıq" kitabından "İlk alətlər" məqaləsi, Aqşin Yeniseyin "Köhnə dünyanın kəşfi" essesi dərc edilmişdir.

TARİXİMİZ, BU GÜNÜMÜZ bölməsində tarix elmləri doktoru Məhəbbət Paşayevanın "Azərbaycanda qədim alban tayfalarının izləri" məqaləsində etnik mənsubiyyətini günümüzədək qoruyub saxlaya bilmiş xınalıq, qrız, hapıt, udi, inqiloy kimi Azərbaycan etnoslarının milli ənənələrində alban dünyagörüşünün yaşadığından bəhs edilir.

Bölmədə tarix üzrə fəlsəfə doktoru Ülviyə Hacıyevanın "İstoriçeskie posledstviə likvidaüii Albanskoqo katolikosata" məqaləsi də çap olunmuşdur.

HÖTE ZALI bölməsində Amerika yazıçısı Harri Harrison haqqında məlumat verilmişdir. Harri Harrison(1925-2012) elmi-fantastik janrda yazan məşhur Amerika yazıçılarından biri olmuşdur. Yazıçının ən məşhur əsəri 1966-cı ildə yazdığı "Yer açın! Yer açın!" romanıdır.

Harri Harrisonun "Aşkelon küçələri" fantastik hekayəsi jurnalın oxucularına təqdim edilir. Hekayəni ana dilimizə Qabil Aşirov tərcümə etmişdir. Hekayədə bəşəri narahat edən dünyəvi suallar və bu suallar ətrafında gedən hadisələrdən danışılır. Yadplanetlilər ilə yer kürəsindən gedən adamların düşüncə tərzində olan oxşarlıqlar, miladın əvvəllərində yer kürəsində baş verən hadisələrin indi kosmosda - yad planetdə təkrar edilməsi heyrətamiz bir təəccüb yaradır. Müəllifin qənaətincə, bütün düşünə bilən məxluqların axtardıqları Yaradana qovuşmaq, Yaradanı tapmaq ideyasıdır. Bu yolda aparılan mübarizə hekayənin əsas qayəsini təşkil edir.

AXUNDOV ZALI bölməsində gənc şairlərdən Günel Şamilqızı, Rəbiqə Nazimqızı, Feyziyyə və Alikin şeirləri yer alır. Post-modernist üslubda yazılan bu şeirlərdə müasir gəncliyi düşündürən məsələlərə keçmişlə bu günün qovşağından baxılır, folklora müraciət olunur, burada da ata-babadan qalan dəyərlər tərəzinin gözünü əyir. Bu şairlərin bədii axtarışlarında ümidverici işartılar gələcək şeirimizin ideya-məzmun cəhətdən sağlam olması qənaətini yaradır.

SÖNMƏYƏN ULDUZLAR bölməsində jurnalist Ramilə Qurbanlının Xalq artisti Səyavuş Aslana həsr edilmiş "Sənətkar simasındakı həyat əzabı", Cavid Zeynallının böyük türk şairi Nazim Hikmətlə əlaqəli "Bir şəklin tarixçəsi" məqalələri bizi yaxın keçmişə aparır.

RESENZİYA bölməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı, 288 səhifəlik "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı haqqında Sevinc Mürvətqızı məlumat verir. Müəllif qeyd edir ki, "sözügedən nəşr "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından işıq üzü görən birinci kitabdır". Kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın həqiqi üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdulladır.

KİTAB RƏFİ bölməsi Əhməd Ağaoğlunun "Sərbəst insanlar ölkəsində" kitabı, "Kitabi-Dədə Qorqud"un "Basatın Təpəgözü öldürməsi" boyunun 25 dilə edilmiş tərcümələri ilə zənginləşdirilmişdir. Həmçinin bölmədə gənc yazar Ömər Xəyyamın "Sayrışan hallar", Fəridə Məmmədovanın "Sevgili üçün notlar", İkinci Mahmudun "Ümid qapısı", Alik Əlioğlunun "Günəş qalib gəldi", "Quran" motivləri əsasında hekayələr toplusu, Ramilə Qurbanlının "33 pərdəli dram", Qan Turalının "Fələk qırmancı", Rövşən Asifoğlunun "Qarabağlı Hüseynalı bəy" kitabları haqqında da məlumat verilmişdir.

MULTİKULTURALİZM MOZAİKASI bölməsinin AMEA üzrə xəbərlərində Fəlsəfə və Hüquq İnstitutunda "Multikulturalizm", Folklor İnstitutunda "Azsaylı xalqların folkloru" şöbələrinin yaradılması haqda məlumat verilmişdir.

Folklor İnstitutunun Zaqatala İcra hakimiyyəti ilə birlikdə Zaqatala şəhərində keçirdiyi "Azərbaycan folkloru və mədəni müxtəliflik" mövzusunda konfrans haqqında da məlumat verilmişdir. Bu bölmədə Mərkəzin xaricdəki filialları ilə də tanış ola bilərsiniz.

Jurnalın maraqla oxunan REGİON bölməsində şimal bölgəsində yaşayan ədəbi qüvvələrin bədii yaradıcılığı təqdim edilmişdir. "Quba ədəbi mühiti barədə" Ramiz Qusarçaylının məqaləsindən sonra bu bölgədə yaşayan şairlərin şeirləri ilə tanış olmaq imkanı yaranır. Regionda yaşayıb yaradan şairlərdən Ramiz Qusarçaylı, Zakir Məmməd, Aybəniz Əliyar, Qafar Süleyman, Rəfiqə Məmmədqızı, Telman Təravət, Məmməd Qədir, Rahib Alpanlı, Aqşin Dadaşoğlu, Fərzalı Ziyanur, Lətafət, Gülarə Aydın, Sərvinaz Sərvər, Pənah Elqəm, Zərifə, Mürfəttar, Ofeliya Səma Ramazanlının şeirləri bədii estetik zövqümüzü cilaladığı kimi, həm də əyalətdə yaşayan insanların mənəvi aləmi, gündəlik yaşayış tərzi, əmək fəaliyyətlərindəki romantizmlə tanışlıq imkanı yaradır. Burada dərc olunan şeirlərdə milli-mənəvi dəyərlərin, azərbaycançılıq mövqeyinin, vətəndaşlıq borcunun, demokratik düşüncə tərzinin, xalq-vətən vəhdətinin şahidi oluruq. Yeri gəlmişkən Ramiz Qusarçaylının "Azərbaycan bayrağı" şeirindən bir bənd verməyi məqsədəmüvafiq hesab edirik:

 

Sənsən Azadlıq eşqim,

sənsən Hürr deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı,

Azərbaycan bayrağı!

Yüksək bədii keyfiyyətləri ilə diqqəti cəlb edən bu şeirlərin mayasında Azərbaycan bayrağının vəsfi, vətənimizin hər qarışının tərənnümü, vətən-xalq yolunda ənənəvi mübarizlik ruhu aşılanır.

Dağ yəhudilərinin Azərbaycan və ana dillərində verilən şeirləri yəhudi icmasının respublikamızın ictimai-siyasi həyatında oynadığı rolu əks etdirməklə yanaşı, yəhudi dilinin öyrənilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Dağ Yəhudilərinin İcma rəhbəri Milix Yevdayevin "Minnətdarlıq" şeiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ithaf edilmişdir. M.Yevdayev Azərbaycanda Dağ Yəhudilərinin yaşadığı ərazidə hökumətin onlar üçün yaratdığı şəraiti həmişə minnətdarlıq hissi ilə xatırlayır. M.Yevdayev ötən ilin fevral ayında Amerikanın Los-Anceles şəhərində yaşayan yəhudi icmasının Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın hədiyyə edilməsi zamanı ABŞ ictimaiyyətinə Azərbaycanda onlara göstərilən qayğıdan, dini etiqadlara olan ehtiramdan da danışmışdır.

O bildirmişdir ki, Azərbaycanın multikulturalizm modeli öz tolerantlığı ilə bütün dünya üçün  nümunə ola bilər. "Azərbaycan öz müsbət nümunəsi ilə müsəlman, yəhudi və xristianların sülh, qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşamasının mümkünlüyünü sübut edir".

Jurnalda verilmiş Ləzgi şairlərin şeirlərində də vətənpərvərlik hissləri, milli-mənəvi dəyərlər aktuallığını qoruyub saxlayır. Burada da dostluq, qardaşlıq, bir-birinə hörmət etmək, ehtiram göstərmək əsas meyarlardan sayılır. Azərbaycan dinindən, dilindən asılı olmayaraq burada yaşayan bütün insanların vətənidir, onu yadelli işğalçılardan qorumaq, sevmək hamımızın borcudur.

Biz jurnalda verilmiş bütün yazıları incələyə bilmədik. Lakin qeyd etmək lazımdır ki, "Multikulturalizm" jurnalı adından da göründüyü kimi çox böyük bir missiyanı yerinə yetirir, respublikamızda bu sahədə aparılan işlərin işıqlandırılmasında ilk nömrədə yetərincə material verilmişdir.

Bütövlükdə "Multikulturalizm" jurnalı müstəqil dövlət siyasətinin həyata keçirilməsində, ictimai-mədəni tərəqqidə, çoxmədəniyyətli rəngarəngliyin qorunub saxlanmasında mühüm rol oynayır. Jurnal bədii tərtibatı ilə göz oxşayır, mənəvi dünyamızı saflaşdırır, milli-mənəvi dəyərlərimizin çoxmədəniyyətlilik aspektində inkişafına yol açır. Jurnalın kollektivinə bu yolda uğurlar diləyirik. İnanırıq ki, jurnal Azərbaycan dövlətinin çoxmədəniyyətlilik sahəsində apardığı məqsədyönlü işin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

 

Nizami MURADOĞLU

AMEA Folklor İnstitutu "Azsaylı xalqların folkloru" şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.-2016.- 19 iyul.- S.6.