Uğrunda ölən olanda

 

Haqq haqqa qovuşub, nahaq olub xar,

Şər hər vaxt özünün şərin göstərir,

Dost-dosta tən gərək, deyib atalar,

Düşmən xislətini irin göstərir.

Döyüşmür, dərs verir ordum yamana,

Günəş təslim olmaz adi dumana,

Budur, torpağımdan torpaq umana,

Ordum üç barmaqdan, birin göstərir.

Uduzmur məsləkdə vahid olanlar,

Görüb gücümüzə şahid olanlar,

Vətənin yolunda şəhid olanlar,

Ölmür, ölməzliyin sirrin göstərir.

Saxlaya bilsəydi yağı hülqumun,

Almazdı cəzasın bu gün yurdumun,

Hələ bu deyildir gücü ordumun,

Sadəcə düşmənə yerin göstərir.

Torpaq əziz olur, əziz hər anda,

Sevməzsən, sevməsə onu  balan da,

İşə bax, uğrunda ölən olanda,

Vətən, şirindən , şirin görsənir.

                                 

05.04.2016.

 

 

 

Ağlama, şəhid anası

 

Olsan da son qədər içdən yanası,

Ağlama, vətən ki, yanası deyil.

Tökmə göz yaşını, şəhid anası,

Onsuz nakəs bunu qanası deyil.

 

Ələ namərdlərə söz daşlarını,

Onlara dəyən daş mələk olacaq.

Demirəm tam qurut göz yaşlarını,

Sevincli anlarda gərək olacaq.

 

Ağlama, ağlasan güləcək nadan,

Sanma, ürəyinin başı yanacaq.

Ürək, ürək olsa yanar, anacan,

Namərdin köksündə daşı yanacaq?

 

Götür sinən üstdən, qara ahları,

Ahsız can, daha da doğru yol seçir.

Şəhidlər ölmür ki, ölməz ruhları,

Ölməzlik qazanıb, vətənə keçir.

 

O qan, olacaqdır yağı hanası,

Düşmən məhv olacaq öz çaşında da.

Sən Allah, ağlama şəhid anası,

Şəhidlər yaşayır göz yaşında da.

                              

03.04.2016.

 

Dünyaya vermişik ki...

 

Dünyanı sıxırıq, çıxmırıq yiyə,

Dərkdən, dərdimizi sökə bilmirik.

Nəyi eyləyirik, tez olsun deyə,

Yüz ölçüb, bir dəfə biçə bilmirik.

 

Bir zərrə nəf üçün candan keçirik,

Gülürük sevgiyə uyanın üstə.

Özümüz şeytana papuç tikirik,

Suçları yığırıq dünyanın üstə.

 

Aləmə yayırıq sirrin sirdaşın,

Arada qururuq sonra çəpəri.

Bir ana, atadan olan qardaşın,

İllə bir-birindən olmur  xəbəri.

 

Qəhrəman edirik nəfsi çaşları,

Yalançı gözlərdən yaş ələyirik.

Sinəyə sıxırıq bağrı daşları,

Daşların başına daş ələyirik.

 

Bir sual çox salır çətinə dərki,

Bağrımın başını göynədir kədər.

Deyirəm, dünyaya vermişik ki?

Umular umuruq ondan bu qədər.

                               

08.04.2016.

 

İndi deyirsən?

 

Deyirsən mənə bax, vaxtın olanda,

Min dəfə baxmışam, min baxımmı?

Məni daş sanırdın əvvəl  planda,

Təzdən dönüb, olum bəndə, baxımmı?

 

Daha yaş alnıma qırış saplayıb,

Gözlər nurdan düşüb, bel hophoplayıb,

İndi dən saçımda qoşun toplayıb,

Saçlarım ağappaq dəndə baxımmı?

 

Məni həsrət qoydun nurlu danına,

Qoymadın ürəyim sənin, tanına,

Barı bu dəfəlik çağır yanına,

Həmişə dayanıb gendə, baxımmı?

 

olub, özündən niyə çıxırsan,

Təəssüf adıyla ürək  sıxırsan, 

Bəlkə baxışına yağış yığırsan,

Həm yusun qəmimi, həm baxımmı?

 

Göz dikib üzünə, yenə baxan var,

Hüsnünü görənlər, yönə baxarlar?

Sənə heyran olur, sənə baxanlar,

İndi deyirsən, mən baxımmı?

                                     

08.04.2016.

 

deyim...

 

Telefon çevrilib əldə dürməyə,

Dürməyi yedikcə, həddi aşırsan.

Elə toxunursan hər bir düyməyə,

Sanki tamahınla mesajlaşırsan.

 

Deyəndə, bəs mənə yazmırsan niyə?

Yazırsan, yazsan da "sirr mesaj" olur.

Bilmirsən, mesajda olmasa qayə,

Mesaj "it aparan" bir mesaj olur?

 

Mən incik düşəndə, eyləyib qəhər,

Dərhal xəstə halam sözün deyirsən.

Sanma mən anmazam, ay anmaz təhər,

Xəstə düşüncəndir, özün deyilsən.

 

Özünü yuxarı başa çəkmə çox,

Bir vaxt o yerin dərəsi olar.

Daha yazma mənə, ehtiyacım yox,

Yazarsan dilimin kirəsı olar.

 

deyim, susuram, eyləsəm qəm,

Tabaşir tökülür saçım üstünə.

Günahkar telefon alandır desəm,

O suç da  gələcək, suçum üstümə.

                                     

09.04.2016.

 

Yaz yağışı

 

Yaz gəlib, çəkilib, yağmır qar daha,

Durmadan ildırım yenə qışqırır.

Sanki söz götürmür buludlar daha,

Gözünün yaşını tökür, hıçqırır.

 

Göydən ələnəni dərhal tutur yer,

Şimşəyin az qalır bağrı çatlaya.

Tökülən leysanı elə udur yer,

Qorxuram axırda qarnı partlaya.

 

Qayalar mərd durur, hər şeyə rəğmən,

Göy sözlərini aydın söyləmir.

Sanki acgözləşib dərə, çöl, çəmən,

Heç biri ta bəsdir, doydum söyləmir.

 

Günəş gizlənib, doğmur ki, doğmur,

Güllər elə gülür, sanki toyudur.

Kim deyə bilər, bəlkə bu yağmur,

Dağların Qarabağ dağın soyudur.

 

Ağlıma bir fikir gəlir, xoşniyyət,

Göylər hərdən belə yağış tökəndə.

Sanıram  torpağı yuyur təbiət,

İnsan pak torpağa köçsün, köçəndə.

 

Təbəssüm gətirir birdən doğuşla,

Göy qızı, səmanın gözünü silir.

Sən demə, bu yazda yağan yağış da,

Yurdumdan düşmənin izini silir.

                                           

08.04.2016.

 

Fırlanır

 

Zaman üstün tutur əyrini, düzdən,

Özü heç bilmir hara fırlanır.

Dərdsiz göstərsəm özümü üzdən,

Bağrımın başında yara fırlanır.

 

Nadanlıq taxt qurub əllaməlikdə,

İnsaf, ar qocalıb, gəzir çəlikdə,

Dövrəmdə fırlanan salaməlik ,

Bağımdan umduğu bara fırlanır.

 

Dözməyir ürəyi dağ alanların,

Danlanır sağlığı, sağ olanların,

Nahaqdan üzümə olanların,

Özünün başına qara fırlanır.

 

Ülvi doğulanlar yaman yanılıb,

Din yazıq durumda, iman yanılıb,

Paranı "əl çirk"  sanan yanılıb,

Hər işin başında para fırlanır.

                            

09.04.2016.

 

olub görən dünyaya

 

Mədə başa keçir, ürək çat alır,

Ay aman olub görən dünyaya?

Əyri düzü kəsir, mükafat alır,

Lağ tapır, mehrini hörən dünyaya.

Təpələr boylanıb, boy deyir dağa,

Çox yeyən, aradan azı çıxardır.

Haqdan, ədalətdən dəm vuran qağa,

Bülbülün yerinə qazı çıxardır,

qanan yerində, qandıran,

Zaman da dövranın ipini yığmır.

Baş olub, başlarda fındıq sındıran,

Nağıla sığanlar, ağıla sığmır.

İstəsə milçəyi filə döndərər,

Yamanca dönübdür üzü dünyanın.

Elə silahlar var külə döndərər,

Olsa dünya boyda, yüzü dünyanın.

İnam, arxasınca qaçır gümanın,

Düzlüyü qoymurlar düzünə dursun.

Elə bil şəkəri qalxıb zamanın,

İnsulin axtarır özünə vursun.

 

28.03.2016.

 

Əbülfəz ÜLVİ

525-ci qəzet.-2016.- 26 iyul.- S.8.