Hərbi həkim Firuz bəy Ordubadskinin həyat və fəaliyyətindən səhifələr

 

Unudulmaz tarixçi Seyidağa Onullahinin uzun illər apardığı elmi araşdırmalardan məlumdur ki, Şərqin böyük alimi Nəsirəddin Tusinin varisləri Ordubadda yaşayıblar.

Seyidağa Onullahi hətta Tusinin nəsil davamçılarının nəsil şəcərəsini də hazırlayıb. Həmin nəsil şəcərəsindən məlum olur ki, XIX əsrin tanınmış şəxsiyyətlərindən biri olan Mirzə Mehdi ağa Ağarəzi oğlu Ordubadi də Tusilər nəslindən olub. Qeyd edək ki, 1828-ci ildən sonra Nəsirəddin Tusinin varisləri sənədlərdə Ordubadski (Zeynalabdinbəyov) familiyaları ilə qeyd ediliblər.

Tədqiqatçı-alim Fəxrəddin Cəfərovun "Qəza polisi" kitabında yazdıqlarından məlum olur ki, Mehdi xan 1852-ci ildə Ordubadda doğulub. O, ömrünün çox illərini Naxçıvan və Ordubad şəhərlərində polis sistemində işləyib və yüksək vəzifələr daşıyıb. Mirzə Mehdi xanın xidmət kitabçasında olan qeydlərdən aydın olur ki, o, Ordubadın naibi olmuş Şeyxəli xan Kalbalıxanovun-Kəngərlinin nəvəsi Tuvay xan Əsgər xan oğlunun qızı Leylabəyimlə ailə qurub. Mirzə Mehdi xanın Feyruz (Firuz) (17 oktyabr 1887-?), Yusif (10 mart 1888-?), Təvəkkül (1903-1969), Nazlı (20 may 1884-?), Heyran (10 iyul 1885-?), Dilbər (22 noyabr 1890-?) və Böyükxanım (iyun 1898-?) adlı övladları olmuşdur. Mirzə Mehdi xan Sovet hakimiyyəti qurulduqdan sonra təqiblərə məruz qalıb və 20-ci illərin sonlarında Naxçıvandan məcburən Gəncəyə köçürülüb. O, 1930-cu ildə 78 yaşında vəfat edib.

Mirzə Mehdi xan öz dövrünün mütərəqqi ziyalılarından olmuş və övladlarının təhsil alması üçün var qüvvəsi ilə çalışmışdır. Arxiv sənədlərindən məlum olur ki, o, yüksək vəzifələrdə işləməsinə baxmayaraq, Naxçıvanda və Ordubadda, Vənənddə maarifçilik işinə yaxından maddi və mənəvi kömək göstərənlərdən olmuşdur.

1918-1920-ci illərdə erməni daşnakları Ordubada hücum edəndə Mirzə Mehdi xan onlara qarşı ön cəbhədə döyüşmüşdür.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixi ilə bağlı arxiv sənədlərini araşdıran zaman tez-tez Firuz bəy Ordubadskinin adına rast gəldiyimiz üçün bu həmyerlimizin keçdiyi ömür yolu ilə maraqlandıq və axtarışlara başladıq. Qeyd edək ki, onun adı böyük sərkərdə Cəmşid xan Naxçıvanskinin Sovet hakimiyyəti illərində istintaq materiallarında da qeyd olunmuşdur. Bu haqda az sonra.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Firuz bəy Mirzə Mehdi xan oğlu 17 oktyabr 1887-ci ildə Ordubad şəhərində anadan olmuşdur. İlk təhsilini Ordubadda almış, sonra isə İrəvan gimnaziyasında oxumuşdur. Bir məsələni elə buradaca qeyd etmək yerinə düşərdi. Azərbaycanın qədim tarixi şəhərlərindən İrəvanla bağlı çox maraqlı araşdırmaları olan tədqiqatçı İrəvanlı İsrafil XX yüzilliyin əvvəllərində İrəvan gimnaziyasında təhsil alanların bir qrupunun fotoşəklini də bizə göndərdi (adlı siyahı ilə). Həmin fotoşəkildə gənc gimnazist Firuz bəy də vardır.

Firuz bəy İrəvan gimnaziyasını qurtarır və 1906-cı ildə Kiyev Universitetinin Tibb fakültəsinə qəbul olunur. Müasirlərinin yazdığına görə, Firuz bəy olduqca istedadlı və bilikli olduğu üçün tələbələr arasında seçilirmiş. 1914-cü ildə Birinci Dünya müharibəsi cəbhəsinə həkim kimi göndərilən Firuz bəy tezliklə sanitar qatarın rəisi vəzifəsinə təyin olunur. Bu vaxt onun 27 yaşı vardı.

 Firuz bəy Birinci Dünya müharibəsində hərbi həkim kimi döyüşlərin ən gərgin vaxtlarında da içdiyi Hippokrat andına sadiq qalmışdır. Məqamındaca qeyd edək ki, naxçıvanlı hərbçilərin XIX əsrdə və XX yüzilliyin əvvəllərində (1800-cü ildən 1920-ci ilədək) Rusiya ordusunda fəaliyyətlərini dərindən və hərtərəfli araşdırırıq. İlkin axtarışlar nəticəsində məlum oldu ki, Naxçıvandan 1800-cü ildən 1920-ci ilədək tarixdə xeyli sayda hərbçilər Rusiya ordusunda Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı ləyaqətlə təmsil etmişlər. Və heç adı indiyədək bilinməyən naxçıvanlı polkovnik və podpolkovniklər, həmçinin digər rütbəli hərbçilərimiz olub. Onların da haqqında qəzetimiz vasitəsilə oxuculara geniş məlumat verməyi vacib sayırıq. Çünki onlar Azərbaycan hərb tarixinin parlaq bir səhifəsi olan Naxçıvanın təmsilçiləridir.

Firuz bəy haqda söhbətimizə qayıdaq. Milli Azərbaycan Tarixi Muzeyində Firuz bəy Ordubadskinin sənədləri, 12 fotoşəkli saxlanılır (iş ¹534). Həmin fotoşəkillər Firuz bəyin, əsasən, Birinci Dünya müharibəsindəki fəaliyyətindən xəbər verir. Onun 1914-1917-ci illərdəki fəaliyyəti ilə bağlı digər sənədləri də axtarırıq. Çünki Rusiya imperiyasında azərbaycanlı ali təhsilli hərbi həkimlər olduqca az idi. Fəxr etmək olar ki, onlardan biri də həmyerlimiz Firuz bəy      Ordubadskidir.

Birinci Dünya müharibəsindən sonra onun Naxçıvana, Gəncəyə, yaxud Bakıya dönməsi haqda söhbətlər olsa da, bunu ancaq arxiv sənədləri araşdırıldıqdan sonra demək olar. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, o, 1918-1920-ci illərdə Milli Azərbaycan Ordusunun tərkibində erməni daşnaklarına qarşı döyüşmüşdür.

Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Nəriman Nərimanov onun məhv edilməsinə imkan verməmişdir. Firuz bəyin 1925-ci ildə məktəblərdə kiçikyaşlı şəfqət bacıları hazırlaması haqda qeydlər vardır.

Ancaq N.Nərimanovun faciəli və müəmmalı ölümündən sonra Firuz bəy yenidən təqiblərə məruz qalmış və istintaqa cəlb olunmuşdur. Onu da Cəmşid Naxçıvanski kimi millətçilikdə günahlandıran erməni çekistlər, hətta 1931-ci ildə onları üzləşdirirlər.

Qeyd edək ki, Cəmşid xan Naxçıvanski  I Ehsan xanın varislərindən, Firuz bəy isə    I Ehsan xanın qardaşı, Ordubadın naibi olmuş Şeyxəli bəyin varislərindən (ana tərəfdən) idilər. Onların hər ikisini "Azərbaycan Milli Mərkəzi" əks-inqilab təşkilatın üzvləri olduğunu bəhanə edən erməni müstəntiqlər Firuz bəyi Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-73-cü maddələri ilə ittiham edirdilər. O, 1930-cu ildə həbs edilməzdən əvvəl Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədr müavini vəzifəsində idi. Ağır işgəncələrə sinə gərən Firuz bəy saxta protokollara imza atmamışdır. Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsinin IV şöbəsi onu ikinci dəfə - 25 fevral 1938-ci ildə dindirmiş, millətçilikdə günahlandırmışdır.

Vaxtilə Rusiya ordusunda hərbi həkim kimi xüsusi rolu olan bacarıqlı, intizamlı mütəxəssis Firuz bəyə ən ağır işgəncələr verirdilər. Bu vaxtlar artıq Cəmşid xan Naxçıvanskini də Moskvada incidirdilər.

Üçüncü dindirilmə 5 mart 1938-ci ildə olmuşdur. Ona ağlagəlməz böhtanlar atan müstəntiq Martirosov çalışırdı ki, Firuz bəyi eser təşkilatının üzvü kimi göstərməklə vəziyyəti daha da çətinləşdirsin. Amma baxdığımız sənədlərin heç birində onun eserçi olduğu haqda məlumat yoxdur.

Unudulmaz sərkərdə Cəmşid Naxçıvanskinin Moskvada güllələnməsindən 3 ay sonra, 3 dekabr 1938-ci ildə Firuz bəy Ordubadskinin Bakıda qapalı məhkəməsi olmuş və islah-əmək düşərgəsində saxlanılmaqla, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Bir çox günahsız həbs edilən mütəxəssislər, hərbçilər kimi Firuz bəyə də 23 may 1956-cı ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarı ilə bəraət verilmişdir. Biz Bakı, Kiyev və Moskva şəhərlərindəki arxivlərdə axtarışlar apardıqdan sonra naxçıvanlı ilk hərbi həkim Firuz bəy Ordubadski-Zeynalabdinbəyov haqqında daha ətraflı məlumat vermək arzusundayıq. Ona görə də bu mövzuya yenidən qayıdacağıq.

Üç siyasi quruluşda yaşamasına baxmayaraq, Firuz bəy Ordubadski öz biliyini, elmini və həkimlik təcrübəsini insanlardan əsirgəməmişdir.

Onun son taleyi ilə bağlı məlumatlar olmasa da, Firuz bəyin arzuladığı müstəqil Azərbaycan Respublikası və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişafı ilə bu gün dünya ölkələrinin ön sırasındadır. Xalqımız Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən fədailərdən birini - Firuz Ordubadskini də unutmur, dərin ehtiramla yad edir.

 

Musa Rəhimoğlu (QULİYEV)

AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2016.- 22 iyul.- S. 4.