Ordumuzun güclənməsində Türkiyənin danılmaz rolu var”

 

“ÖLKƏMİZDƏ HEÇ BİR XARİCİ DÖVLƏTİN HƏRBİ BAZASI YOXDUR VƏ BELƏ BİR ADDIMIN ATILMASI NƏZƏRDƏ TUTULMAYIB”

Məlum olduğu kimi, iyulun 20-də prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan ilə Türkiyə arasındaQızıl Şərqhərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında fərman imzalayıb. Lakin bəzi mətbu orqanlarda təsdiq edilən protokol yanlış olaraq Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yaradılması kimi qeyd olundu.

Bu barədə Azərbaycan müdafiə nazirinin müavini Ramiz Tahirov prezident İlham Əliyevin “Qızıl Şərq” hərbi şəhərciyi haqda protokolu təsdiq etməsinə münasibət bildirərək qeyd edib ki, Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması barədə mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur.

Ümumilikdə həyata keçirilən birgə fəaliyyət Türkiyə ilə Azərbaycanın başda dostluq, qardaşlıq əlaqələri olmaqla strateji müttəfiqlik əlaqələrindən irəli gələrək hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, hərbçilərimizin peşəkarlığının artırılması, ordumuzun daha da qüdrətlənməsinə xidmət edir. Bununla da regionda sabitlik, təhlükəsizlik daha da möhkəmləndirilir.

Məsələ ilə bağlı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri həmişə yüksək səviyyədə olub: “Bizim müstəqilliyimizi tanıyan ilk dövlət Türkiyə olub. İndi də iki qardaş ölkə arasında ələqələr yüksələn xətlə inkişaf etməkdədir. Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji ilə təmin olunması istiqamətində mühüm addımlar atılır, qərarlar qəbul olunur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TAP, TANAP layihələri, eləcə də bu ilin sonunda açılışı olacaq Bakı-Tbilisi-Qars dəmiryolu böyük əhəmiyyətə malikdir. Sonuncu layihə Pekindən Londona qədər Böyük İpək Yolunun bərpası deməkdir. Bütün bu layihələr həm Türkiyə, həm də Azərbaycanın iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək. Hər iki ölkənin qarşılıqlı investisiya yatırımları daha da artmaqdadır. Eyni zamanda, Türkiyə məhsullarının Azərbaycan üzərində Şərq ölkələrinin daşınması məsələləri də aktuallığını saxlayır. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istismara verilməsindən sonra bu əlaqələr daha da dərinləşəcək Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz iki dövlət, bir millətik. Prezident İlham Əliyev də bu ideyaya həmişə sadiqliyini nümayiş etdirir və dünyada milli maraqlarımızın müdafiəsi, təbliğat işlərinin aparılması məqsədilə xarici ölkələrdə fəaliyyət göstərən soydaşlarımıza, türkiyəli qardaşlarımıza xitabən bildirib ki, bir millətin iki diasporu ola bilməz. Ona görə də, xarici ölkələrdə azərbaycanlılar türkiyəli qardaşları ilə bərabər ümummilli maraqların qorunması istiqamətində fəaliyyət göstərməlidir”.

Beynəlxalq arenada Türkiyə ilə Azərbaycanın daim bir-birini qeyd-şərtsiz dəstəklədiyini deyən hərbi ekspert qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı Türkiyə həmişə Azərbaycana dəstək verib: “Azərbaycan torpaqlarının 20 fazinin Ermənistan tərəfindən işğal olunmasına görə, Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb və işğalçı ölkə ilə heç bir diplomatik əlaqə qurmayıb. Azərbaycan dövləti və ictimaiyyəti də qondarma erməni soyqırımı məsələsində qardaş ölkəyə öz köməkliyini göstərir və bu yalanın ifşa olunması istiqamətində dəstəyini əsirgəmir. Ermənistan 20-ci əsrin sonuncu böyük soyqırımını məhz Xocalıda dinc azərbaycanlılara qarşı törədib. Bütün dünya bu soyqırımı tanımalıdır. Bu istiqamətdə Türkiyə də Azərbaycana daim dəstək göstərməlidir. Bu faciənin dünyada tanıdılması elə qondarma erməni soyqırımının ifşa olunması deməkdir”.

Azərbaycanla Türkiyə arasında hərbi sahədə də əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran birlik sədri deyib ki, Azərbaycan Türkiyədən hərbi məhsullar alır və özünün müdafiə qabiliyyətini daha da gücləndirir: “Qardaş ölkənin hərbi sənayesi son zamanlar daha da inkişaf etməkdədir. Bu mənada, Azərbaycan ordusunun güclənməsi, modernləşməsində də Türkiyənin danılmaz rolu var”.

Hərbi ekspert bildirib ki, müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanın ordu quruculuğu məsələlərində Türkiyənin dəstəyini hiss etmişik: “Hərbçilərimiz qardaş ölkənin hərbi məktəblərində oxuyur, Gülhanə Hərbi Tibb Akademiyasında təhsil alır. Sevindirici haldır ki, bu gün Azərbaycanda peşəkar, yüksək hazırlıqlı hərbi həkim korpusu, peşəkar zabit heyəti var”.

Mütəmadi olaraq Türkiyə ilə Azərbaycanın keçirdiyi birgə hərbi təlimlərə toxunan QHT sədri qeyd edib ki, iki ölkənin hərbçiləri həm quru qoşunları, həm hərbi hava, həm də hərbi dəniz qüvvələri səviyyəsində birgə hazırlıq keçirlər. Gələcəkdə Gürcüstanın da belə təlimlərdə iştirak etməsi gözlənilir”.

E.Həsənli hesab edir ki, regionda sülh və təhlükəsizliyin təmin olunmasında Türkiyə və Azərbaycanın böyük rolu var: “Buraya neft və qaz kəmərlərinin, nəqliyyat yollarının təhlükəsizliyinin qorunması, anti-terror əməliyyatlarının həyata keçirilməsini aid etmək olar. İstər hava, istər quru sərhədlərinin qorunmasında, səfərbərlik və hərbi xidmətə çağırış sisteminin formalaşmasında Türkiyə ilə hərbi əməkdaşlığımız dərinləşir və get-gedə inkişaf edir”.

Azərbaycan hərbçilərinin Türkiyənin hərbi təyyarələri ilə Əfqanıstanda sülhyaratma proseslərinə cəlb olunduğunu deyən ekspert qeyd edib ki, bunun üçün Hacı Zeynalabdın Tağıyev qəsəbəsindəki aerodramdan istifadə olunur: “Bu aerodromdan hələ 1999-cu ildən beynəlxalq sülhməramlı missiyada iştirak edən Azərbaycan hərbi qulluqçularının Kosovo, İraq və Əfqanıstana yola salınması məqsədilə istifadə edilirdi. Burada yerləşən bir terminalda təyyarələrə texniki xidmət göstərən personal və pilotlar üçün istirahət otaqları nəzərdə tutulub. Hazırda da Azərbaycan sülhməramlılarının Əfqanıstana aparılması və oradan gətirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilir. Təyyarə aerodroma enməzdən 1 saat əvvəl Türkiyə hərbi attaşeliyi aparatının nümayəndəsi buradakı 2 otağı açır. Təyyarə aerodromda olarkən ona texniki qulluq göstərilməsi, yanacaqla təchiz olunması və digər prosedurlar icra olunan zaman pilotların qısamüddətli istirahəti bu otaqlarda təmin edilir. Təyyarə yola düşdükdən sonra isə otaqlar bağlanır. Azərbaycan tərəfinə təhvil verilir, mühafizəyə götürülür. Türkiyə hərbi attaşeliyi aparatının nümayəndələri ərazini tərk edirlər”.

Ekspert bildirib ki, lakin bu o demək deyil ki, Türkiyənin Azərbaycanda hərbi bazası yaradılır: “Təsdiq edilmiş protokola əsasən, hələ keçən əsrin 90-cı illərindən ölkədə fəaliyyət göstərən və “Qızıl Şərq” hərbi şəhərciyi ərazisində yerləşən bina Türkiyənin Azərbaycandakı hərbi attaşelik aparatına icarə qismində müvəqqəti istifadəyə verilib”.

E.Həsənli əlavə edib ki, Azərbaycan Türkiyə ilə yanaşı dünyanın bir çox dövlətləri ilə də hərbi sahədə əməkdaşlıq əlaqələrinə malikdir: “Türkiyə və Azərbaycanın münasibətlərinin kökündə tarixi bağlılıq, dostluq və qardaşlıq əlaqələri dayanır. Regionda mövcud sabitliyi daha da möhkəmləndirmək üçün biz Türkiyə Silahlı Qüvvələri ilə birgə əməkdaşlığı davam etdirməliyik. Bu əlaqələr daha da dərinləşəcək. Ancaq Azərbaycan müstəqilliyini, ərazi bütövlüyünü təkbaşına qoruyur. Ölkəmizdə heç bir xarici dövlətin hərbi bazası yoxdur və belə bir addımın atılması da nəzərdə tutulmayıb”.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2016.- 23 iyul.- S. 6.