Səfirin
gündəliyindən
KİŞİ
HƏRƏKƏTİ, KİŞİ SÖHBƏTİ
İKİNCİ
EPİZOD
İsveçrə, 2000-ci il. Birləşmiş Millətlər Təşkilatının
Cenevrə şəhərindəki Avropa bölməsi.
O vaxtlar mən orada Azərbaycanın daimi
nümayəndəsi vəzifəsində
çalışırdım. 2-ci mərtəbədəki,
7 saylı zalda, milli azlıqlar və milli məsələlər
üzrə qızğın mübahisələr gedir.
Ax... Burada o qədər kiçik-kiçik millətlər, o
qədər ölkələr, xalqlar ölüb təzədən
diriliblər ki, o qədər ölkələr
parçalanıblar ki... Burada o qədər millətlərin
haqları yeyilib ki, o qədər millətlərin
başları pambıqla kəsilib ki, o qədər millət
olmayan tayfalar millət olub ortalığa çıxıblar
ki. O qədər kişi olmayan kəslər,
kiməsə, nəyəsə, arxayın olub “kişiləşiblər
ki. Burada o qədər gizli məsələlər
müzakirə edilib ki, o qədər haqsızlıqlar olub
ki...
Bütün
dünya millətlərindən nümayəndələr bura
yığışıb. Maraqlısı da budur ki, hakim xalqlar da
deyir, haqq-ədalət, məhkum xalqlar da deyir, haqq-ədalət,
döyən də deyir, ya mədət, döyülən də
deyir, ya mədət... Əzən də kömək
istəyir, əzilən də. Bilmək olmur kim düz deyir, kim yalan, kim haqlıdır, kim
haqsız. Hamı da çıxış üçün,
özünün haqlı olduğunu bildirmək
üçün xitabət kürsüsünə can atır.
Bəlağətli nitqlər söyləyir.
İkili standartlar baş alıb gedir. Amma kimin haqlı, kimin haqsız olduğu bilinmir.
Baxır çıxış edən
diplomatın ölkəsinin imkanına, gücünə və
böyüklüyünə. Yox, amma elə
kiçik, gücsüz, zəif ölkələr də var
ki, öz haqsızlığını haqlı kimi gözə
soxur. Amma inandırmağa
çalışmır. Çünki onun
yerinə inandıranlar çoxdur. Çünki
belə ölkələr arxalı köpəkdirlər ki
qurdu da boğa bilərlər. Yazıq qurd
da bu köpəyə bənzər küçüyün əlində
aciz qalır, başqalarından kömək umur. Hamıya da çıxış üçün cəmisi
7 dəqiqə vaxt ayırırlar (aman Allah, axı bu 7 dəqiqə
ərzində mən özümün hansı problemimdən
danışıb, hansı dərdimi deyim? Bu 7 dəqiqə ərzində dünyanı öz
problemlərimə necə inandırım? 20 faiz
torpaqlarımızın işğalı, 20 min günahsız
şəhidin qanı, 1 milyondan artıq qaçqının gələcək
taleyi, 10-12 ilin yığılıb qalmış, öz həllini
tapa bilməyən problemləri axı bu 7 dəqiqəyə necə
sığışdırım?)
7
dəqiqəlik çıxışımı edib, yerimdə
oturmuşam. Mənə cavab vermək
üçün indi də erməni səfiri
çıxış edir, sözün əsl mənasında ağzına
gələni danışırdı. Ona cavab vermək
üçün 3 dəqiqə vaxtım vardı. Cavab
çıxışına 3 dəqiqədən artıq vaxt
vermirlər. Bu 3 dəqiqədə nə
bacardımsa, onu da dedim. İndi də erməni səfiri
çıxış üçün söz aldı. O məni
günahlandırıb deyirdi ki, guya Azərbaycan səfiri
öz tarixini dərindən bilmir, 70 il bundan əvvəl,
tarixi ədalətsizlik üzündən Ermənistandan zorla
qoparılıb Azərbaycana verilmiş əzəli erməni
torpağı olan Qarabağ, indi azad edilib... Məni əsəbiləşdirən
həm də bu idi ki, o öz çıxışını
sakit tərzdə davam etdirir, əsəbiləşmirdi,
heç kimə heç nəyi sübut eləməyə
çalışmırdı. Çünki elədiyini
artıq eləmişdi. Arxasında duranların əli ilə
lazım olanı, istədiyini dartıb əlimizdən zorla
almışdı. Heç kimə də heç nəyi zorla
başa salmaq istəmirdi. Çünki onun əvəzinə onun
“haqlı” olduğunu sübut edənlər var idi. Özü
də çox.
Mənim
artıq cavab vermək hüququm bitmişdi. Ona cavab vermək
ixtiyarım yox idi. Çünki hər bir səfir, daimi
nümayəndənin 7 dəqiqəlik
çıxışı və 3 dəqiqəlik cavab vermək
hüququ var idi. Həm mən, həm də o bu hüquqdan
istifadə edib onu da bitirmişdik. Amma məsələ onda idi
ki, son söz onunku olmuşdu, axır sözü o demişdi.
O arxalı, amma zəncirli köpək idi. Yox, daha doğrusu,
ona heç köpək də demək olmazdı. O arxalı,
həm də tükləri tökülmüş, xəstə
bir küçük idi, hətta mənə hürəndə
də səsi sakit çıxırdı. Küçük
kimi sanki zingildəyirdi. Mən isə onunla müqayisədə
əli qolu bağlı, qəfəsə salınmış,
zorba bir boz qurd idim.
Arxa
sıralardan birində isə, çıxış etmək
hüququ olmayan (çünki onu bir dövlət kimi
tanımırdılar), lakin müşahidəçi kimi bu
salonda iştirak etməyə səlahiyyəti çatan və
hardansa gəlib bura düşmüş çeçen
xalqının nümayəndəsi də oturub.
Gözlərindən sanki qan damır. Əsəbiliklə ətrafa
göz gəzdirir. Bilmək istəyir ki,
görsün, o “ədalət” deyib bar-bar bağıran
xalqların nümayəndələrindən, nəhayət ki
onun müdafiəsinə qalxan olacaqmı? Əsəbi
baxışları ilə sanki
çığırırdı. Aman Allah, bu baxışlarda
nələr yox idi, əzab, ağrı, intiqam, kin,
çıxılmazlıq, çıxılmazlıqdan
doğan qəddarlıq... Bir sözlə, boynu gilyotinə qoyulmuş
bir millətin müqaviməti, çırpıntısı,
çapalaması... və bir də hər şey. Sanki deyir,
bar-bar bağırır, axı mən də bir millətəm. Amma... ay-hay.
Böyük
dövlətləri çeçenlər kimi kiçik xalqlar
maraqlandırmır.
Çünki onların nəzərində
kiçik xalqlar, kiçik millətlər onsuz da gec ya tez
ölümə məhkumdurlar, böyük balıqlara yem
olasıdırlar. Qoy özləri öz
başlarının hayına qalsınlar. Çeçen
xalqı isə balaca, olduqca kiçik bir balıqdır.
Amma yeməli balıq deyil. Çünki
piraniya balığıdır. Lazım gələrsə,
akulanı da didib dağıdar, lap belə balinanı da. Daha başqa balaca balıqlar kimi böyük
balıqlar qarşısında əlüstü küt getmir.
Çeçen nümayəndəsi əsəbiliklə
dodaqlarını gəmirir. Axı neyləsin
ki, danışmaq, söz demək hüququ yoxdur. Elə hey rus diplomatına və bu işdə rus diplomantını
dəstəkləyən digər ölkələrin
diplomatlarına baxır. Rus diplomatı
deyirdi, çeçenlər ipə-sapa yatmırlar. Bizə
silah qaldırırlar, onlara xoşbəxtlik gətirən
rusları, onları hər bəladan qoruyan rus əsgərlərini
yaxın qoymurlar, quldurdurlar...
Çeçen nümayəndəsinin sifətindən
bunları oxuyuram: “Ay dünya, ay insanlar, bizə zülm etməyin,
nə olar indi kiçik olanda. Kiçik də
olsaq, biz də bir millətik”. Gözucu
çeçen nümayəndəsinə baxa-baxa, nədənsə
birdən Mirzə Cəlilin məşhur əsərində
Xudayar bəyin özünə zorla arvad etmək istədiyi
Zeynəbdən qazıya şikayət etməyi yadıma
düşdü. Xudayar bəy ətrafındakılara
deyir: - Bax, bu arvad mənim halalca zövcəmdir, amma ipə-sapa
yatmır, məni öz yanına buraxmır... Elə
Xudayar bəyin özü kimi dostları da? “Bacı, sən bu kişinin halalca zövcəsisən,
niyə ona itaət etmirsən, niyə ona qulaq asmırsan?
Öz xoşunla ona getməsən, səni zorla
ona verərik. Sənin bütün
malın da, mülkün də, hamısı bu kişinindir” -
deyirlər. Biçarə Zeynəb də
başını qaldırıb, təəccüblə ətrafa
baxır ki, yəni mən nə vaxtdan onun arvadı oldum, kimin
yanında mənim kəbinim ona kəsilib? Hə, onda biçarə çeçen nə eləsin
ki, danışmağa haqqı, söz hüququ yoxdur.
Axı niyə?.. Millət kiçik olanda,
ona belə zülm edərlər?.. Ona
görə də güc verib silahına, qırır və
qırılır, amma dediyindən də dönmür
çeçenlər...
* * *
Nümayəndəliyə
qayıtmağa həvəsim yox idi. Çünki tutarlı nəsə
edə, nəsə deyə bilməmişdim.
Sözsüz ki, bugünkü 7 dəqiqəlik
çıxışımı və erməni tərəfindən
aldığım cavabı, ona qarşı 3 dəqiqəlik
sözümü və yenə də aldığım
cavabı mərkəzə yazıb bildirməliyəm, amma bu
gün yox. Çünki çox yorulmuşam.
Bir həftədən çox idi ki bu
çıxışa hazırlaşırdım. Bu da nəticəsi. Məni heç kim müdafiə etmədi. Təkləndim.
İclas isə davam edirdi. Gündəlikdə
indisə “Nəsli kəsilməkdə olan vəhşi heyvanların
qorunması” məsələsi dururdu. Birinci
Amerikanın, ikinci isə Rusiyanın nümayəndəsi
çıxış etməli idi. Onlardan sonra
söz götürüb, çıxış edənlər
də olacaqdı, özü də çox olacaqdı. Bu məsələ ilə bağlı
çıxış üçün heç bir vaxt məhdudiyyəti
qoyulmayıb. İstəsən, lap bir saat
danış. Çıxışlar
üçün heç bir reqlament-filan nəzərə
alınmayıb. Siqaretimi çəkib
qurtarıb, zala keçdim. İndi
qaldırdığım bu məsələnin bizə o qədər
də aidiyyəti yox idi. Yəni şəxsən
mən bu məsələləri beşinci, onuncu dərəcəli
problemlər sayıram. Məni ancaq milli məsələlər
maraqlandırır.
Amerikanın
nümayəndəsi yana-yana, odlu-odlu çıxış
edirdi. Hansısa heç adı məlum olmayan bir
heyvanın get-gedə azalmasından, nəslinin kəsilməsindən
danışırdı. Deyirdi ki, əgər
belə davam edərsə, bu nadir heyvan yaxın on-on iki ildə
yer üzündən tamam silinəcək və bir daha
olmayacaq. Eyni sözləri, elə
Rusiyanın da səfiri, daimi nümayəndəsi hansısa
bir heyvanın bitib-tükənməsi barədə deyirdi.
Elə hərarətlə
danışırdı ki, elə bil öz nəsli
qırılıb-qurtarırdı.
Qəribəydi, oturanların heç biri
durub demirdi ki, ay belə heyvanların qayğısına,
qeydinə qalan hakim millətlər, hinduları yer
üzündən silib axırına çıxdınız,
sizə bir söz deyən olmadı, Əfqanıstanda
qırğın törədib, indi də çeçenlərin
başına müsibət açırsınız, sizə
gözün üstə qaşın var deməyə kimsənin
cəsarəti çatmır, doğrudanmı o dediyiniz əcaib
heyvanlar bu qədim kökü və tarixi olan millətlərdən
bu qədər qiymətlidir? Axı siz
bütöv millətləri “haqq-ədalət” deyə-deyə
qırırsınız və özünüzə bəraət
də qazandırırsınız. Əgər
xudanəkərdə burda oturan millətlərdən biri sizi dəstəkləməsə
və sizə zidd çıxarsa, demək, demokratiyanın əleyhinə
sayılır və guya həmin ölkədə demokratiya
yoxdur?! Ay balam, demokratiya məgər bir milləti
qırıb axırına çıxmaq deməkdir?!
Daha sonra
gündəlikdə kökü kəsilməkdə olan
ağac növlərinin məsələsi dururdu. Harada isə, deyəsən,
Afrikada bitən Baobab adlı ağacın kökü kəsilmək
üzrə idi. Ondan
danışırdılar. Azərbaycanda isə o gözəllikdə
Qarağacın kökü kəsilə bilər, bu haqda
burdakılardan danışan yoxdur, mən isə onu bilirəm
ki, rusun Şam ağacı harda əkilirsə, orada Qarağac
tab gətirə bilmir... Zalı yenə tərk
edib çölə çıxdım. Özümə
heç cür yer tapa bilmirdim. Nümayəndəliyə
qayıtmaq isə istəmirdim. Nəsə
etməliydim. Erməni səfiri məni
susdursun? Son söz onunku olsun? Axı
yanan da mən, yaman da mən...
Elə bu vaxt
erməni səfiri çölə çıxdı. Həddindən artıq
kök və donuza oxşayan bu erməninin (kifirlik mənasında
yox, həqiqətən də donuza oxşayırdı) sifətində
bir məmnunluq, bir arxayınçılıq ifadəsi var idi.
Sanki mənə baxıb istehza ilə deyirdi, gördün, biz
nə qədər çoxuq, sənin kimin var?..
Yanımdan keçib üzbəüzdəki
tualetə tərəf getdi. Mən də
onun arxasınca baxırdım. Bilmirdim, nə
edim. Birdən beynimdə sanki bir
ildırım çaxdı. “Aha, məqamdır”
– deyə düşündüm. Ətrafıma
baxdım ki, görüm mənə fikir verən var, ya yox.
Dəhlizdə biri-biri ilə mübahisə edən 3-4 xarici
diplomatdan başqa heç kim yox idi. Onların da başları öz mübahisəsinə
qarışdığından heç mənə əhəmiyyət
verən deyildilər. Asta addımlarla
yeriyib onun ardınca tualetə girdim, oradaca onu haqladım.
Bizdən başqa heç kim yox idi.
- Ə... filan- filan, sən bayaq deyirsən
ki, guya mən öz tariximi bilmirəm və sən guya mənim
tariximi məndən yaxşı bilirsən?! Guya
Qarabağ torpağı sizin dədə-baba
torpağınızdır?! Ə... heç sizin öz
torpağınız olub ki... Siz qaraçı kimi şeysiniz. Axı bu cür həyasızlıq olmaz ki, sən
ağzına gələni danışırsan. Birdən
ağzımı doldurub onun o ətli, sızanaqlı sifətinə
tüpürmək istədim... Yox, bacarmadım.
Cəsarətim çatmadı. Axı niyə? Axı niyə o nə
istədiyini deyir, eləyir, bizə hər nə böhtan olsa
atır, mən isə onun üzünə tüpürməyə
belə cəsarət etmirəm? Cəsarətim
çatmır. Cəsarətim azalıb,
yoxsa laqeydləşmişəm?! Bir də
istədim ki, onun üzünə tüpürüm. Yenə də bacarmadım. Vaxtilə
Bakıda yaşayan erməni uşaqlarından öyrəndiyim
bir neçə pis söyüşü onun üzünə
deyib, tualetdən çıxdım. O mənim ardımca
nəsə deyirdi. Bəlkə türkcə
bildiyi söyüşlərdən mənə
qaytarırdı. Mən isə
eşitmirdim. Həəəə... Bu da mənim cəsarətim...
Başa düşdüm ki, generalın
üzünə tüpürən atam Bəxtiyarın cəsarətinin
heç yarısı da məndə yoxdur. Atama atəş aça bilərdilər. Onu öldürə bilərdilər. O, həyatını
itirə bilərdi. Mən isə erməni səfirinin
üzünə tüpürsəydim... Qalmaqaldan,
diplomatik skandaldan çəkindim ən azı. Nə isə...
Başa düşdüm ki, atam başqaymış və mən
cəsarətdə də heç zaman Bəxtiyar ola bilmərəm.
* * *
Bu hadisənin
üstündən bir xeyli ötmüşdü. Utana-utana bunu atama
danışdım. Güldü.
Acı-acı güldü və bircə bunu dedi:
- Fikir eləmə...
- Axı, necə olur ki, sən o boyda Sovet
generalının üzünə tüpürmüsən, mən
isə bir dılğır erməni səfirinin üzünə
tüpürə bilmirəm?..
Atam,
görünür, məni pərt etməmək
üçün söhbəti dəyişdi.
Minsk, 2016-cı il
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet.- 2016.- 23 iyul.- S. 14.