İstanbul Boğazı
İstanbulda qaldığım məkan
düz Boğazın - Bosforun yanıdır.
Eyvanımda oturanda o taylı-bu taylı
İstanbul möhtəşəm körpüsü ilə
canlı tablo kimi qarşımda durur.
Şübhəsiz, çox gözəldir,
xüsusilə Boğaz. Çünki həm də gizli mənalarla
doludur. Bu göy sular kimlərin izlərini yox edib, kimlərin
səsini canına hopdurub, kimlərə qucaq açıb,
salamlayıb, kimləri yola salıb... Bu müddət ərzində
onunla o qədər söhbətləşmişik ki, artıq
doğmalaşmışıq. Bəzi sirlərindən məni
də agah edib. Öyrəndim ki, bu səmt hər daşı,
dalanı bir tarix olan İstanbulun köhnə məhəllələrindəndir.
Mehmet Akif Ersoyun, Zeki Mürenin və daha kimlərin ayaq izləri
varmış bu dar küçələrdə.Yaşlı
sakinlərin söylədiklərinə görə, bu məhəllənin
adamları öz elit təbiətlərinə görə
İstanbulun digər sakinləri arasında seçilirmişlər.
İndi bilmirəm,bura adamlarına görə belə
adlanmışdır, yoxsa sakinlər qaldıqları yerin
adına uyğun olaraq davranmışlar: Bəylərbəyi.
Tanınmış türk jurnalist, yazar Haldun Taner öz
doğma məhəlləsini belə tərif edib bir vaxtlar:
“Ziyafət həvəskarı bəyzadə qrupların
oturduğu bir kübar səmt”. Gəl, indi belə bir yerdə
yazma görüm, necə yazmırsan.
İstanbul Şərqlə Qərbin
qovuşduğu, eyni zamanda, boğuşduğu bir məkandır.
Bütün bunları elə bu məhəllədən də
çox aydın görmək olur: üstdə asma
körpü, altda Boğaz, ortada da ora bura süzən gəmilər.
Boğaz Şərqlə Qərb arasında bir keçiddir. Bəri
başdan deyim ki, bizim Şərq Qərb bölgümüz əslində
coğrafi bölgüdən daha çox düşüncənin
qütbləridir. Bu, sadə bir keçid deyil. Qara dənizlə
Mərmərə dənizini birləşdirən Bosfor sanki
qum saatının orta dar yeridir: taleyin hökmü ilə elədən
beləyə, belədən eləyə qum dənələrini
- gəmiləri daşıyır. Maraqlıdır ki,
kiçik gəmilərdən fərqli olaraq böyük gəmilər
doğrudan da, Boğazdan məhz tək-tək keçməlidirlər.
Bu “dar boğazdan” necə böyük bir tarixin axıb
keçdiyi çoxlarına məlumdur. Qum saatına
müdaxilə etmək mümkün olmadığı kimi, Boğazdan
keçib gedən tarixi də durdurmaq olmaz.
Boğaz deyəndə ilk yada düşən,
təbii ki, asma körpülərdir - İstanbulun ən
gözəl simvollarından biri. Digər tərəfdən,
asma körpü həm də Şərq-Qərb
düşüncələri arasındakı əlaqələrin
rəmzinə çevrilib. Hətta elə bu məkanda yerləşən
Beynəlxalq Fəlsəfə Araşdırmaları Mərkəzinin
loqosu da bu körpünün rəsmidir. Məqsədi Şərq
və Qərbin arasında düşüncə
körpüsü salmaq olan bir Mərkəz üçün
bundan daha mənalı, daha gözəl bir rəmz fikirləşmək
olmazdı! Amma mən rəsmdən
yox, körpünün özündən danışmaq istəyirəm.
Boğaziçi körpüsünün
- ilk körpü məhz belə adlanır - üstü həmişə
maşınla dolu, yol isə, demək olar ki, iflic vəziyyətində
olur. Lap Şərq və Qərbin münasibətləri kimi.
Bəzən qısa müddətə canlanır, hərəkət
yaranır, sonra yenə qanıqaraçılıq,
dilxorçuluq, gərgin əsəblər, hədər sərf
olunan saatlar, gecikmələr. Əslində, körpü
sürətli keçiş üçün nəzərdə
tutulub, ona görə də motorsuz vasitələrə
körpüyə qalxmaq qadağandır. Əlbəttə,
Şərq və Qərb arasında belə, 165 metrlik yüksək
səviyyədə danışıqlar aparmaq hər oğulun
işi deyil! Ancaq nə etmək olar ki, körpü indi vasitədən
çox, hərəkətsizliyin nümunəsinə
çevrilib.
Ağıllı insanlar, yəni
körpünün hökmündən xilas olmaq istəyənlər
alternativ yollar fikirləşiblər: vapur - dəniz avtobusu, dəniz
taksisi və İstanbulun qüruru olan, yerdən 60 metr dərinlikdə
olan Marmaray - Boğazın altından keçən metro.
Boğazın ondan heç xəbəri də yoxdur. Qəribə
səslənir, ancaq İstanbuldan da yaşlı olan
Boğazın dünən doğulmuş Marmaraydan xəbəri
yoxdur. İstanbulun tarixini sularında qoruyan Boğaz İstanbulun bu gün nə
ilə fəxr elədiyini bilmir. Görməyib,
tanımır. Amma Marmaray onu yaxşı tanıyır. Ona
görə də, hər biri 18000 ton olan 11 panel tunellə
özünü qoruyur.
Bu vasitələr sanki Şərq və
Qərb arasında öz gücü ilə
danışıqlar aparan təşkilatlar, institutlar, beyin mərkəzləri
və... dərin dövlətdir. Onlar öz hünərləri
hesabına Şərqlə Qərbin əlaqələrinin kəsilməməsi,
anlaşmazlıqların yaranmaması, artıq
yaranmışların həll olunması üçün əllərindən
gələni edirlər. Bu işdə dərindən
çalışan Marmarayda isə hər şey xüsusilə
ölçülü biçilidir. Burada kiçik
yanlışlıq, büdrəmə qəza deməkdir. Yerin
üstündə hərəkət dursa da, burda hər şey
saat kimi işləyir. Hətta qazıntılardan alınan nəticələrə
görə, bu dərin yol İstanbulun tarixini 2500 ildən 8500
ilə qədər qədimə atıb. Bəli, dərin
qazanda mütləq bir şey çıxır.
Avropanın əksər böyük
şəhərlərinin ortasından çay keçir -
Temza, Tiber, Sena və s. Bu onlara həm əsrarəngiz bir
gözəllik verir, həm də bir vaxtlar məkanın
çiçəklənməsində əhəmiyyətli
rol oynayıb. Amma İstanbul yeganə şəhərdir ki,
ortasından boğaz keçir. Bəlkə də
İstanbulun taleyi bununla yazılıb: həm Şərq, həm
də Qərb, həm müdrik, həm də ziddiyyət dolu,
həm dərin dəniz təmkini, həm də
başını alıb qaçan çay dəlisovluğu.
Bir sözlə, əvvəl gündən İstanbul fərqli
mədəniyyətləri öz beşiyində yürgələyib
böyüdən şəhər olub və elə də
qalmaqdadır. Amma Boğazın maraqlı bir xüsusiyyəti
də var: suyu nə artmır, nə azalmır, həmişə
eyni səviyyədədir, sanki əhali ilə harmoniyasına
nəzarət edir. Buna görə də, düz Boğazın
qırağında möhtəşəm villalar tikilib -
yalılar. Su onlara ziyan vurmur, təhlükə yaratmır, sadəcə
sığallayıb gözəllik və şarm verir. Yəni
su əvvəldən özünə bəlli bir yataq
seçib və ondan kənara çıxmır.
İnanılmazdır, ancaq bir qapısı Qara dənizə,
digər qapısı Mərmərə dənizinə
açıq olan Boğaz elə sakit, elə təvazökardır
ki, heç ən şiddətli tufanda da burda böyük
dalğa görə bilməzsən. Yadıma təvazökarlığı,
sadəliyi ilə seçilən, dağlar qədər uca mənəviyyata
və dərya qədər dərin savada malik böyük
şəxsiyyətlər düşdü.
Boğazın kəraməti bununla
bitmir. Burada iki axın var: biri üzdə, digəri dərinlərdə.
Üzdəki axın Qaradənizdən Mərmərə dənizi
istiqamətindədir - Şimal-Şərqdən Cənub-Qərbə.
Bu gün Şimal və Cənub o biri qütblərə nisbətdə
passiv olduqlarına görə, biz bir az yuvarlaqlaşdıraq -
Boğazın axını Şərqdən Qərbədir.
Bütün axınlar kimi. Axı, bu gün bütün
dünya üzünü tutub Qərbə: siyasət,
iqtisadiyyat, mədəniyyət, təhsil, qaçqınlar,
asi ağıllar. Bir vaxtlar müdrik insanlar üz tutduqları
Şərqdən gətirdikləri hikmətlə
dünyanı şərqləşdirirdilər,
işıqlandırırdılar, indi isə Qərbdən əsən
soyuq bir külək dünyanı qərbləşdirir, qəlibləşdirir
və qəribləşdirir. Bu küləyin təsiri ilə
insanlar sanki öz vətənlərinə yadlaşırlar -
bəlli olmur, vətən artıq həmin vətən deyil,
yoxsa vətəndaş öz vətəndaşlığını
unudub. Amma onun dədə-baba yurdunda bir uzaq amerikalı
özünü çox rahat, doğma hiss edə bilir.
İstanbul da Qərbə doğru gedir, Boğazla axıb
gedir. Bunu onun üzünə baxan kimi görmək olur: yeni
müasir tipli göydələnlər, qərbli turistlər
kimi geyinən gənclər, ancaq meqapolislərin verdiyi donuq
simalar. Zatən İstanbulun bir üzü Qərb, o biri Şərq
olub həmişə. Ancaq indi hər iki üzü Qərb
makiyajı ilə bəzənir. Bəlkə də mən səhv
edirəm. Amma bu məhəllənin küçələrindən
təqribən 100 il əvvəl Mehmet Akif Ersoy da keçib
axı və deyəsən mən görəni o da
görüb:
Duyğusuz
olmak kadar dünyada lakin derd yok;
Öyle
salğınmış ki me'lun: Kurtulan bir ferd yok!
Kendi
sağlam... Hissi ölmüş, ruhu ölmüş milletin!
İşte
en korkuncu hüsranın, helakin, haybetin!
Mən lap təsadüflərə
qapıldım, deyəsən. Bəlkə Ustad heç
İstanbulda yazmayıb bu misraları? Bəlkə
gördüyüm heç onun gördükləri deyil? Amma
Ustad sözünün üstündə bərk durur:
Geçmişten
adam hisse kaparmış... Ne masal şey!
Beş
bin senelik kıssa yarım hisse mi verdi?
“Tarih”i
“tekerrür” diye tarif ediyorlar;
Hiç
ibret alınsaydı, tekerrür mü ederdi.
Doğrudan da, tarixdən ibrət
alınsaydı, tarix təkrar eləməzdi ki...
Boğazın üst axını
çox şeylərə şahid olur: saatlarla yorulmadan tilov
atan balıqçılar, ağır tutumlu bərələrin,
tankerlərin yanından yüngülcə
şütüyüb keçən lüks katerlər,
çoxmərtəbəli tur gəmilərinə yol verən
balaca balıqçı təknələri. Boğazda
hamıya yer çatır. Bir də ətraf müəssisələrdən,
restoranlardan axıdılan çirkablar var. Bu
insafsızlığın əlindən boğaza
yığılanda göy sular ürəyini boşaltmağa
yer tapmır. Çünki Boğazın kənarında
Boğaza aid bir yer yoxdur ki, içindəki yad cisimləri
vurub ora atsın. Hər yer çoxdan İnsanındır.
Bax, beləcə sular dərdini götürüb aparır Mərmərə
dənizinə.
Bu sularda çox izlər silinib,
çox tarixlər qərq olub. Bir ləpə gəlir silir, o
birisi gəlir təzə səhifə açır və məsələ
bitir. Amma Boğazın heç unutmadığı və
bitirmədiyi iki hadisə var: İstanbulun fəthi (1453-cü
il) və Çanaqqala savaşı (1915-ci il). Birincidə
İstanbul Boğazı özü qandan bulandı, ikincidə
Çanaqqala Boğazı - xəbəri dalğalar gətirdi.
O zaman Boğaz heç nəyi kənara atmadı,
hamısını çəkdi sinəsinə.Yox, mən
Marmaray tikintisi zamanı tapılan tarixi tapıntıları
demirəm. Mən o sulara hopan qəhrəman türk
qanını və türkə olan qisas və nifrət hissini
deyirəm. Onlar üzdə qalmadı ki, axın vurub sahilə
çıxartsın. Boğaz onu boğazından keçirib
könlündə saxladı, lap dərinə endirdi. Üstündən
sular axır, zaman ötür, o isə orda bərk-bərk
qorunub saxlanır. Bəlkə də buna görədir ki, dərində
Boğazın axını əks istiqamətədir - Qərbdən
Şərqə.
Bəli, üzdə nə qədər
meyli Qərbə olsa da, gözü o tərəflərdə
qalsa da, könlü Şərqdə doğru axır
İstanbulun. Bu həqiqəti görmək üçün
isə dərin sulara baş vurmaq lazımdır. Bax, o dərin
sularda türkün əzminin dəlilləri də var,
türkə olan barışmaz nifrətin səbəbi də.
Amma bu gün zamanın tələbi ilə bütün həyat
üzdəki axın boyu gedir.
Garbın
afakını sarmışsa çelik zırhlı duvar,
Benim
iman dolu göğsüm gibi serhaddim var.
Ulusun,
korkma! Nasıl böyle bir imanı boğar,
“Medeniyyet!”
dediğin tek dişi kalmış canavar?
Mehmet Akif dərinlərdə gizli
olanları bilirdi ki, belə əminliklə “dəmir zirehli” Qərbə
meydan oxuyurdu. Amma üzdəki axının gücünü də
bilirdi. Bilirdi ki, kimdir indi dərinlərdə həqiqət
axtaran...
Ey
koca Şark! Ey ebedi meskenet!
Sen
de kımıldanmaya bir niyet et.
Korkuyorum,
Garbın elinden yarın,
Kalmayacak
çekmedigin mel'anet.
Boğaz hər
gün, hər saat üzdəki axının
artdığını görür və təmkinlə susur,
bu axına üsyan olaraq dərinlərdə sakitcə durmadan
geri axır. Beləcə, İstanbul Boğazı ikiləşmiş
Mən-i, öz-özünə üsyanı, dərinlərdə
saxladığı və gündən-günə daha da
uzaqlaşan xatirələri ilə hər gün durur
qarşımda. Hərdən lap yaxına getsəm də, həmən
uzaqlaşıram. Birdən daha nə isə danışar
qorxusu ilə. Hələ bunları sindirə bilməmişəm...
Hərdən mənə elə gəlir
ki, başqa yerlərə nisbətdə İstanbulun məhz
bu məhəlləsi Boğazı daha yaxşı
tanıyır, gecələr onunla dərdləşir. Yoxsa
Mehmet Akif bu məhəllədə
oturmazdı. Bəlkə də beləcə problemlərin
şahidi olub sinəyə çəkmək, eyni zamanda,
axının əksinə axaraq Haqq səsini boğmamaq,
ağır dərd daşımasına rəğmən
şax yerimək xüsusiyyətinə görə, bir vaxtlar
bura “kübar səmt” demişlər.
Bu yazını artıq bitirmişdim,
ancaq iş elə gətirdi ki, Boğazla bərabər tarixi
bir gün yaşamalı oldum: 15 iyul - dövlət
çevrilişinə cəhd. Yox, siyasi şərh yazmaq
fikrindən uzağam. Sadəcə, şahidi olduqlarımı
deyəcəm.
O gecə Boğaz yaman çarəsiz
oldu. Gözünün qabağında qardaş qardaşın
üzünə durdu, qanını tökdü. O gecə Bəylərbəyində
heç bəy təmkini, bəy davranışı da
olmadı. Yaşlı nəsil bir az qayğıyla, bir az
qorxuyla küçələrdən keçən
hay-küylü gənclərə baxıb hansı isə illəri
xatırladılar. Gözlərində, səslərində
bir təlaş vardı. Boğaz o gecə bir tərəfdən
məsciddən ucalan azan eşitdi, digər tərəfdən
bu avazı eşitməz edən güllə, partlayış
səslərini. Fizikada bir rezonans hadisəsi var: iki hərəkətin
tezlikləri üst-üstə düşəndə amplitud
maksimum həddə çatır. Körpülərdə
rezonans təhlükəli hesab edilir, çünki
dağıdır. O gecə Boğaziçi
körpüsündə olduğu kimi: hər iki qardaş Vətən
dedi, amma bir-birini eşitmədi, bəlkə də başa
düşmədi, başqa dillərdə
danışdılar. Tezliklər üst-üstə
düşdü, rezonans yüksəldi maksimuma və dağıldı.
Sadəcə, bu dəfə dağılan körpü
olmadı, münasibətlər, sevgilər, güvən,
insanlıq oldu. O gecə qardaş qardaşın
Boğazını kəsdi...
Könül Bünyadzadə,
fəlsəfə elmləri doktoru
525-ci qəzet.- 2016.- 23 iyul.- S. 17.