Əbədiyaşar şairimiz Tofiq Bayram

 

UNUDULMAZ SÖZ SƏNƏTKARININ VƏFATINDAN 25 İL KEÇİR

 

 

(Əvvəli ötən sayımızda)

 

1974-cü ildə Tofiq Bayram oxucularla yeni - "Azərbaycan deyəndə" kitabı ilə görüşə gəldi. Bu kitab Tofiqin yaradıcılıq müvəffəqiyyətləri haqqında danışmağa geniş imkan verən bir əsərdir. Əsərdə təqdim edilmiş digər nümunələrlə yanaşı bir boksçuya - Paşa Əmirova həsr etdiyi "Əlcəkli bahadır" poeması mühüm yer tutur. Bəri başdan deyək ki, o dövrlərdə ədəbiyyatımızda, xüsusilə poeziyada idman mövzusuna müraciət olmasa da (bir neçə şeir hekayə istisna olunmaqla, T.Bayram istedadlı idmançının həyatını öyrənib, oxuculara maraqlı bir poema təqdim edə bilmişdir.

 

1980-ci ildə "Yazıçı" nəşriyyatı Tofiq Bayramın ən iri həcmli kitablarından biri "Könlümdə yaşayanlar"ı oxuculara təqdim edir. Bu nəşrin fərqli cəhəti ondan ibarət idi ki, burada şairin 25 ilə yaxın yazıb yaratdıqlarının ən gözəl nümunələri cəmləşdirilmişdir. Bu kitab T.Bayram yaradıcılığının poetik məziyyətləri haqqında dolğun mənzərə yaradır. Əsərin başlıca leytmotivi ülvi məhəbbəti, qadınları, vətən sevgisini, torpağa bağlılığı s. tərənnüm etməkdir.Burada T.Bayramı bir sənətkar kimi hər şeydən öncə səciyyələndirən keyfiyyət onun şeirlərindəki səmimiyyətdir. Tofiq Bayram şeirlərinin mahiyyətini oxuculara doğmalaşdıran ondakı özünəməxsus üslub obrazlılıqdır. Bu obrazlılıq, bir tərəfdən, zahirən kənar hadisələr işığında ortaya gəlirsə, digər tərəfdən, bədii ifadə vasitələrindən, məcazlardan uğurlu istifadədə özünü göstərir:

 

Yuxu da, nağıl da köçdü beşikdən,

Dəyişdi gözümdə bu həyət, baca.

Bir gün körpəliyim düşdü beşikdən,

Dəcəl uşaqlığım çıxdı ağaca.

 

Tofiq Bayramın "Könlümdə yaşayanlar"ın baş qəhrəmanı insan qüdrəti, onun bacarıqlarının hüdudsuzluğu, humanizm, əməkçi insan, həyat problemləri s. kimi mövzulardır. Buradakı "Fəhlə danışır", "Qoca bənna", "Bənnanın sevinci", "Nekroloq", "Zorla şair olmazsan", "Nisyə səmimiyyət", "Sən niyə doğulmusan", "Sən özünü düşünürsən", "Ağlama" s. bir tərəfdən, sevdiyi insanlar tərənnüm olmursa, digər tərəfdən, xəbislər, dar gözlər ifşa obyektinə çevrilir. Kitabda vətənə məhəbbət, vətənpərvərlik hissi güclü pərvəriş tapmaqla "Azərbaycanım", "Azərbaycan deyəndə", "Ağsaqqal sözü" kimi şeirlərdə maraqlı poetik lövhələr yaradılır.

 

"Könlümdə yaşayanlar" kitabının mühüm keyfiyyətlərindən biri T.Bayram düşüncəsində vətənpərvərlik anlayışının mühüm konturları görünür. Məşhur dirijor Niyazi haqqında yazdığı "Azərbaycan dünya gəzir" şeiri müəllifin vətənpərvərlik duyğularının ifadəçisinə çevrilir. Digər böyük şəxsiyyətlərə ("Sabirin hüzurunda", "Sabir haqqında", "Vurğun dedim", "Səməd Vurğunla görüşdə", "Səməd Vurğunun ev muzeyində", "Səməd Vurğunun kəşfi", "Səməd Vurğunun heykəli haqqında", "Mehdi Hüseyn küçəsi", "Səttar Bəhlulzadənin xatirəsinə" s. kimi) həsr etdiyi şeirlərdə şairin vətənlə, onun böyük şəxsiyyətləri ilə bağlı duyğuları dilə gətirilir.

 

T.Bayramın "Qadın ürəyi" şeirində oxucu eyni dərəcədə effektli, ibarəli bəndlərin şahidi olur:

 

Daşı da əridir, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o,

Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi.

 

T.Bayramın "Analıq haqqı", "Anam ağlayır", "Anamın səsi" s. şeirlərində səmimi övlad hissləri hakim olduğu kimi, "Atamın arzusu", "Oğul məhəbbəti" s. valideyn duyğuları özünəməxsus şəkildə təsviri həllini tapır.

 

T.Bayram vətən şairi kimi torpaq dərdini, Qarabağ niskilini qəlbində daşıyan sənətkarlardan idi. Erməni separatçılarının mənfur niyyətlərini görən şair öz etiraz səsini ucaldaraq "Qarabağı vermərəm" şeirini yazmışdı. Bu şeir müharibənin ilk illərində Tofiq Bayram yaradıcılığının xalqımızın manifesti kimi səslənməklə hamını özünə cəlb etmişdi:

 

Əgər yer-göy dağılıb,

Dönsə baharım qışa

Parça-parça doğranıb

Yem olsam da qurd-quşa

Allah da göydən enib

Başlasa yalvarışa

Bu gün dünya daralıb

Dönsə bircə qarışa.

Qara keşiş yumşalıb

Kərəm ilə barışa.

Göyçə gölü birləşib

Göygölümə qarışa.

Yüz min çaya Turşsutək

Bir bulağı vermərəm

Mən canımı verərəm,

Qarabağı vermərəm!

 

Şeir bütün xüsusiyyətləri (mövzu, məzmun, ideya, problematika s.) eləcə poetik konstruksiya, ritm, intonasiya, çağırış, protest, hayqırtı, gənclərimizin mübarizlik ruhunu yüksəltmək nöqteyi-nəzərindən fərqli münasibət yaradan nümunə kimi bütün azərbaycanlıların ən sevdiyi nümunəyə çevrilmişdir. Çünki T.Bayram poeziyasında vətənin hər şeydən öndə durduğunu, misralarından torpaq ətrinin gəldiyini görmək mümkündür. Bu poeziyada bulaqların zümzüməsi, şəlalələrin şaqqıltısı, dağların əzəməti, meşələrin xışıltısı, ulduzların bərq vurması, göylərin əsrarəngizliyi, buludların halaylar qurduğu, günəşin hərarəti duyulmaqdadır.

 

Dünyasını dəyişməzdən əvvəl şair-jurnalist Ağalar Mirzə Tofiq Bayramla evində görüşüb hal-əhval tutarkən bu zaman evdə xəstəliyin əlində tənha qalmış şair bir vaxtlar Əmircandakı evlərinin şeir-sənət-məbədi olmasından danışır, zəmanənin ən tanınmış nümayəndələrinin onlarda yığışdığını, atasının onları "bizim milli xəzinəmiz, şanlı ensiklopediyamız adlandırmasını söyləməklə, həm tək qalmasının, heç tənhalıq anlamına gəlmədiyini söyləmişdi. Bununla belə ən böyük narahatçılıq kimi o, öz xəstəliyindən danışmaq yox, Dağlıq Qarabağın onu sarsıtdığını demişdi:

 

Tofiq Bayram həm klassikləri (Nizami, Sabir, Müşfiq, Səməd Vurğun, Mehdi Hüseyn, O.Sarıvəlli, Ü.Hacıbəyli, Nazim Hikmət, R.Muradova, Niyazi, F.Əmirov, Cavid həm müasirləri Xudu Məmmədov, Əli Kərim, Əlfi Qasımov b.) son dərəcə çox sevirdi. O olduqca həssas sənətkar idi. T.Bayram ölkəmizdə dünyada baş verən ictimai-siyasi, mədəni hadisələrlə daim yaxından maraqlanırdı. Onun belə həssaslığı Tofiq Bayramı şair-vətəndaşlıq səviyyəsinə qaldırmışdı.

 

Tofiq Bayramın lakonik biçimli şeirləri öz bitkin dərin məzmunu, poetik kamilliyi, mövzu ideya vahidliyi, müxtəsərliyi hədəfə tuşlanmış ifadələri ilə diqqəti cəlb edirdi. Onun belə ölçüdə qələmə aldığı "Nizami çələngi", "Sabir çələngi", "Səməd Vurğun çələngi", "Səttar çələngi" s. kimi nümunələrdə sənətkar ölməzliyi xüsusi poetik pafosla təsvirdə özünə yer tutur.

 

T.Bayram şeirlərini xüsusi pafosla, intonasiya ilə deməyi bacaran, ürəkləri hecasının gücü ilə titrədən şairlərdən idi. O, istedadlı bir şair kimi oxucu qəlbini kövrək misralarla doldurmuşdu, onun poetik duyğularının sehrinə düşənlər, ecazkar bir dünyaya qovuşurdu. Şeirini intonasiya ilə, ahəngdarlıqla deməyə bacarmayanları sevməzdi, istedadlı olan hər hansı bir kəsi görəndə gözləri gülər, şeirimizin, poeziyamızın gələcəyinə uzanan yolda közərən işıq görərdi. Tofiq poeziya məclislərində qayğıkeş olduğu qədər tələbkar idi. Əsərləri dil baxımından yetərincə obrazlı zəngin idi.

 

1984-cü ildə T.Bayramın 50 illiyi Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən geniş qeyd olunmuşdu. Elə həmin ildəcə şairin "Məsləkim - silahım" kitabı işıq üzü gördü. O, şair olmağı varda, dövlətdə, vəzifədə yox, xalqın istək və arzularını qələmin gücü ilə tərənnüm etməkdə, sənətkarın böyüklüyünü, vətəndaşlığını, bəşəri amallarını doğulduğu torpaqda pərvazlanıb, zirvələr fəth etməsində görürdü.

 

T.Bayram yaradıcılığına məddahlıq yaddır. Onun fikrincə vicdan, qeyrət uyuyanda, alim, sənətkar mütüləşəndə "millətin ruhu küsür, qəlbi soyuyur, öz-özünə məğlub olur döyüşdən kənar". Onun fikrincə sənətkarı xalq yaşatmasa, o, heç bir təltiflə, fərmanla yaşaya bilməz. Onun şeirlərinə mücərrədlik yaddır.

 

Onun poetik səsi səmimi və ilhamlı, gurcoşqun, pafoslukoloritlidir. Məhəlləçilikdən, əyalətçilikdən uzaqdır. Onun yaradıcı ilhamı daim inam təmizliyi, əqidə bütövlüyü ilə vəhdətdədir. Poetik ilhamının mayasında vətən sevgisi, millət eşqi yaşayır. Azərbaycan mövzusu, Azərbaycan, vətən onun yaradıcılığının ana xətti, şah damarıdır. O, hər hansı əsərdə inamsızlığa, ideyasızlığa, mənəvi yoxsulluğa, şəxsiyyətsizliyin təzahürünə qarşı barışmaz idi.

 

"Məsləkim - silahım..." kitabında yer almış şeirlərin baş qəhrəmanı - Nizami, Vaqif, Axundzadə, Qara Qarayev, Niyazi, Səttar Bəhlulzadə... və başqaları Tofiq Bayramın əlçatmaz zirvə hesab etdiyi klassiklərdir.

Bütün bu zirvələrdən hər biri obrazlı müşahidə və təhlil detalları ilə zəngindir. Bu kitab üçün lirik-romantik ruh və nəfəs səciyyəvidir. Bununla belə bəzi şeirlərdə satirayumor çalarları da az deyildir. Onun lirik, zərif ruhlu şeirləri daim oxucu qəlbinə hakim kəsilirdi. Şairin "Vağzalı", "Ay gecikən məhəbbətim", "Göygöl", "Axtaracaqsan" şeirlərində insan qəlbinin həssas duyğuları təkrarolunmaz poetik dil və səmimiyyətlə tərənnüm edilir.

 

"Ay gecikən məhəbbətim" şeirində bu poetik özəlliklər özünü çox aydın göstərir.

 

İllər boyu səni gəzdim,

Ay gecikən məhəbbətim.

Sən yubandın, mən tələsdim,

Getdi gənclik təravətim,

Ay gecikən məhəbbətim.

 

Orijinal bədii forma kəşf edən şair S.Vurğun sənətinə sədaqətini və rəğbətini elə böyük şairin bəzən müraciət etdiyi 5-likdə yaratmışdır. Şeiri oxuduqca lirik şairimiz H.Arifin "Dinə bilmədim" misraları göz önünə gəlir. "Vağzalı" şeirində şair kiçik bədii lövhə yaradaraq "Vağzalı" sədaları altında xoşbəxtlikdən ağlayan, yaddaşlarda həkk olunan ana obrazını yarada bilmişdir:

 

Bir evdən bir evə səadət gedir,

Biri yola salır, biri səsləyir.

Bir ana qızını burda ləngidir,

Bir ana həsrətlə gəlin gözləyir...

 

Şair kiçik bir parçada böyük ustalıqla iki ana obrazı yaradıb, iki anaya bir heykəl ucaldıb.

 

(Ardı var)

 

Məmməd ƏLİYEV

Filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 2016.- 2 iyun.- S.4.