Ədəbi tənqidimizin fədaisi

 

 

 

Görkəmli tənqidçi-ədəbiyyatşünas, fəlsəfə doktoru Qurban Fərman oğlu Bayramlının ədəbi-tənqidi, elmi-publisistik əsərlərinin düşüncə qatında yuvalanan bahar duyğusu, şeir qoxusu və “dan üzünün sevgisi” nəzəri meyarların məhdud məcrasında kükrəyən bənzərsiz ifadə tərzi, poetik deyim üsulu ilə təcəlla tapmaqdadır.

 

Elmi üslub üçün xarakterik olmayan bədii məziyyətlərin onun yaradıcılığında özünü bütün qabarıqlığı ilə büruzə verməsi təsadüfi deyil. Nəzərə alınsa ki, kreaktivlik qabiliyyəti Azərbaycan ədəbi isteblişmentində birmənalı qəbul olunan Qurban Fərmanoğlu təbiətin əsrarəngiz gözəlliyi tüğyan etdiyi bir fəsildə, may ayının 30-da Qarabağ bölgəsinin, Ağdam rayonunun Əlimədədli kəndində dünyaya göz açıb, yaradıcılığa poeziya ilə başlayıb, gözəlliyə sevgisi, vurğunluğu Vurğunun ilham, söz çeşməsindən köz alıb - o zaman tənqidçinin yaradıcılığında elmi təfəkkürün obrazlı libası göz qamaşdırmaqdan, süni parıltı yaratmaqdan daha çox məzmunun, mənanın, məntiqin daha geniş planda təqdimatına, yadda qalmasına və asan dərkinə xidmət etdiyi ehtiva olunar. Yeni və təkrarsız ifadə vasitələrindən yerli-yerində faydalanmaq, az sözlə bədii peyzaj yaratmaq, sanballı, tutumlu fikir və düşüncələri metaforik vasitələrə yükləyərək uçuş nöqtəsinə çıxarmaq və nəhayət oxucu auditoriyasının həssas duyğuları üzərində psxolinqvistin təsir səlahiyyətlərindən səmərəli barınmaq Qurban Bayramlı tənqidinin, ədəbi düşüncəsinin keyfiyyət göstəricilərindən sayıla bilər.

 

Tənqidçi üçün bioqrafik məlumatların ənənəvi xronikasını sərf-nəzər edərək vurğulamaq lazımdır ki, o yarım əsrə yaxındır ki, ciddi elmi yaradıcılıqla məşğul olur və bütün uğurları AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlıdır. Bu tədqiqat ocağında öncə aspiranturaya (1969), sonra isə baş laborant (1972) vəzifəsinə daxil olan Qurban müəllim yetmişinci illərin sonunda “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə edərək elmi dərəcə almışdır. İlk monoqrafiyası isə Səməd Vurğunun anadan olmasının 70 illik yubileyi münasibətilə 1976-cı ildə nəşr etdirdiyi “Vurğun poeziyası” adlı kitabıdır. Üç fəsildən ibarət olan əsərdə şairin lirik qəhrəmanının təşəkkül yolundan, yetkinliyindən və bəşəri ideallarından bəhs edilib.

 

Tarixin ötən onilliklərinə boylanıb sənədlərin dili ilə Qurban Bayramlının elmi yaradıcılıq yolunu nəzərdən keçirdikdə onun bir-birindən tutumlu, əhatəli monoqrafiyaları, kitabları diqqəti cəlb edir.  “Lirik qəhrəman və zaman” (1986), “Tarixilik və müasirlik” (kollektiv, 1988), “Yaşar Qarayev: Milli yaddaş təlimi - Azərbaycançılıq” (J. Qurbanqızı ilə birgə, 2001), “Poeziyanın sirri və yaxud, qəlbini nar təkin kağıza sıxan şair...” (mini-modern monoqrafiya, 2009), “Əli İldırımoğlunun yaradıcılıq yolu” (monumental monoqrafiya, 2009), “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (J.Qurbanqızı ilə birlikdə, 2014) və s. əsərləri zamanın, dövrün, mühitin hadisəsi kimi boy göstərib və mətbuatımızda ciddi əks-səda yaradıb.

 

Ədəbi ictimaiyyət Qurban Bayramlını Vurğunşünas tənqidçi, ədəbiyyatşünas alim kimi tanısa da, o bədii-estetik, elmi nəzəri düşüncənin ən gərəkli sahələrində, milli-mənəvi dəyərlərin tədqiqi və təbliği istiqamətində ləyaqətlə xidmət edir. Yaxşı xatırlayıram, on beş il öncə poetik tənqidimizin banisi, AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, professor Yaşar Qarayev çarəsiz bir xəstəliklə təkbətək qalıb əlbəyaxa çarpışanda, ünlü həkimlərin müşavirələrinin (konsilium -A.R.) çoxaldığı, yaşamağa ümidin azaldığı bir məqamda Qurban Bayramlının Jalə Qurbanqızı ilə “Yaşar Qarayev: Milli yaddaş təlimi - Azərbaycançılıq” monoqrafiyasını nəşr etdirməsi elmi-ədəbi uğurla bərabər, həm də mənəviyyat aktı, nümunəvi insanlıq faktı idi. Müəlliflər monoqrafiyanın bədii-emosional təsir gücünü, düşüncə yükünü artırmaq üçün Yaşar Qarayev üslubundan, ədəbi manevrlərindən və istilahlarından qədərincə barınmışdılar. Mənalı, şüurlu ömrünü söz sənəti uğrunda şam kimi əridən Milli Akademiyamızın müxbir üzvünün xəstəliklə ölüm-dirim savaşında həkim həbindən daha çox onun elmi yaradıcılığına verilən tənqidçi dəyərinin yaratdığı sevinc və məmnunluq hisslərini, yaşam duyğularını təsəvvür etmək şübhəsiz ki, indi də çətin deyil.

 

İdrakın, zəkanın Yaşar Qarayev möcüzəsini tanıtmaq və təqdim etmək üçün Qurban Fərman oğlu ustadından aforizmlər seçərək, ona şərh verərək yazırdı: “Söz sənətinin Tanrısal gücünü bütün zamanların böyük tənqidçisi və fikir adamı... Yaşar Qarayev belə ifadə edir: “...Zamanın çöhrəsi yalnız sənətin güzgüsündə görünür, ayrı heç yerdə! Maraqlıdır: hətta Zaman da öz əbədiyyətini sənətdə dərk edir. Tanrı görünə bilmək üçün Təbiəti, insan Tanrıya bənzəmək üçün Sənəti kəşf edir. ...Böyük sənəti yaradanlar həmişə Tanrı ilə, Təbiətlə və bir də Tarixlə “həmmüəllif” olurlar”.

 

Yaşar Qarayev dühasını ona həsr etdiyi elmi araşdırmada professorun öz metaforası, ifadə tərzi ilə Tanrı, Tarix və Təbiət tandeminə “həmmüəllif” kimi dəyərləndirməsi Qurban Bayramlı meyarlarının ciddi məntiqi qənaətlərə dayalı obyektivliyinin, səmimiyyətinin baqiz təzahürüdür.

 

Qurban Bayramlının Jalə Qurbanqızı ilə digər uğurlu tədqiqat işi şübhəsiz ki, klassik ədəbi fikrin böyük ənənələrini zənginləşdirən, milli dramaturgiyamızda lirik-psixoloji üslubun yaradıcılarından biri, Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə çap etdirdiyi “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” adlı monoqrafiyasıdır. Müəlliflər araşdırmanı “İlyas Əfəndiyevin həyat və yaradıcılığının ilkin mərhələsi ədəbi fikir və tənqiddə” və “İlyas Əfəndiyevin yaradıcılığı 1960-1990-cı və müstəqillik illəri ədəbi tənqiddə dərki” adlı iki fəsildə təqdim etmişdilər. Böyük dramaturqun, xalq yazıçısının zəngin irsinin bədii-estetik dərkində ədəbi tənqidin funksiyasını və əhəmiyyətini araşdıran bu əsərin yaranması, meydana çıxması “təkcə ictimai məzmununa və milli ideyasına görə deyil, həm də bədii sənətkarlıq və poetikasına görə də ciddi müasirlik” duyğusuna malik olması ilə şərtlənir.

 

Əsərin rəğbət doğuran müsbət xüsusiyyətlərindən biri də odur ki, monoqrafiyalar üçün ənənəvi “ilk”lərdən burada söhbət açılmır. Etiraf edək ki, İlyas Əfəndiyev yaradıcılığı həmişə ədəbi tənqidin gündöyənində olmuş, hər bir əsəri elmi düşüncə müstəvisində və mətbuat səhifələrində hadisə kimi dəyərləndirilmişdir. Qurban Bayramlı və Jalə Qurbanqızı xalq yazıçısının həyat və yaradıcılığından bəhs edən qələm əhlinə qədirşünaslıqla, səmimiyyətlə yanaşmış, onlara yerli-yerində istinadlar olunmuş, hörmət və ehtiramlar göstərilmişdir. Monoqrafiya zəngin elmi məxəzlər və materiallar əsasında yazıldığı üçün çox maraqlı və əhəmiyyətlidir.

 

Qurban müəllimin yaradıcılığında çağdaş Azərbaycan poeziyası, görkəmli şairlərin poetik portretləri xüsusi yer tutur. Onun “Milli azadlıq hərəkatı və Əhməd Cavad poeziyası”, “Süleyman Rüstəmin şeirində müharibə mövzusunun şərhi”, “Məmməd Araz poeziyasında Vətən və vətəndaşlıq motivi”, “Milli müstəqilliyimizin mübariz şairi - Xəlil Rza Ulutürk”, “Ömrü nağıla dönmüş şair - Əhməd Cəmil”, “Aydınların aydınlığı - Hüseyn Kürdoğlu”,  “Poetik hissin palitrası - Nəriman Həsənzadə”, “İbrahim Göyçaylının ədəbi portretindən cizgilər”, “Yazıçı ömrünün çəhlimləri - Yusif Həsənbəy”, “Ölməzliyə qovuşan şair ömrü - Əhməd Elbrus”, “Ölümündən doğulan şair - Zakir Fəxri”, “Çırpdım söz qanadımı” Yusif Nəğməkar üçün və yaxud, poeziyanın söz ətri” və başqa elmi-publisistik məqalələri ədəbi-nəzəri düşüncəmizin yeni baxış bucağını və dil-üslub cazibədarlığını özündə əks etdirməklə örnək sayılmağa layiq nümunələrdir.

 

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramlı torpağa, yurda, el-obaya bağlı ziyalı, vətənpərvər şəxsiyyət, səmimi, istiqanlı insandır. Qarabağ hadisələri, şəhərlərimizin, kəndlərimizin erməni barbarları tərəfindən işğalı, yurd nisgili bütün yurdsevər soydaşlarımız kimi onun da qəlbini göynətmiş, yaradıcılığına təsirsiz ötüşməmişdir. Onun “İrəvanda qalmayan xalın nisgili”, “Qarabağ ədəbi mühiti”, “Qəlbimizə açılan pəncərə - Qarabağ yanğısı”, “Şuşa elm və mədəniyyət mərkəzi kimi...”, “Qarabağ ədəbi mühiti - uzaq tarixi keçmişimizdən bu günümüzədək”, “Çağdaş mətbuatımızda Qarabağ mövzusu”, “Qarabağ - Şuşa ədəbi-mədəni mühiti” və b. araşdırmalarında, tədqiqat materiallarında külli-Qarabağın tarixi, təbiəti, mənəviyyatı və ruhu yaşayır.

 

Qurban Bayramlını yaxından tanıyanlar bilir ki, o həyatda ciddi olduğu qədər də zarafatcıldır. Ötən əsrin 90-cı illərin sonu idi. Doğulub boya-başa çatdığım Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinə getməyə hazırlaşırdım. Qurban müəllimlə görüşdük. O mənim niyyətimdən xəbər tutub yarızarafat-yarıciddi tonda dedi: “- Sizin getməyə kəndiniz var, indi mənim heç o da yoxumdur...”

 

Onu kəndimizə dəvət etdim. Hətta, həvəsləndirmək üçün bildirdim ki, bizim evin yaxınlığından Ağdam, şəhər kənarındakı un dəyirmanı aydın görünür. Razılıq verdi. Görüşmək üçün səhər saat 6-da, Ayna Sultanovanın büstünün yanına vədələşdik. Qısa vaxtda qərara gəldiyi üçün əvvəl zarafat etdiyini düşündüm. Sabahı gün səhər tezdən vədələşdiyimiz yerə çatanda onu orada şax dayanan gördüm. Doğrusu, bu görüşün zarafat olmadığına çox sevindim. Birgə üz tutduq Qarabağa doğru... Yolda ləngidiyimiz üçün kəndə axşamüstü çatdıq. Sübhçağı, soyuq noyabr səhəri Qurban müəllim hamıdan tez oyanıb yaxınlıqdakı təpədən Ağdama, Əlimədədliyə doğru baxırdı... Dabanlarını qaldırıb boylansa da, bir vaxtlar müdir işlədiyi kitabxana, tədris işləri üzrə direktor müavini olduğu Əlimədədli kənd orta məktəbi görünmürdü... Bəlkə də içindən, yaddaşından boy göstərən, görünən qalın, ağappaq qarın üstü ilə məktəbə gedən uşağın ayaq izləri... qaya parçası üzərində yazdığı ürək sözləri idi... Onu daldığı acılı-şirinli xəyallardan ayırmaq əzabı mənim qismətimə düşmüşdü...

 

Qurban Bayramlı çağdaş ədəbi tənqidimizin, müasir ədəbiyyatşünaslıq elmimizin ən fəal, fədakar nümayəndələrindən biri, gənc yazarların xeyirxahı və hamisidir. Onun son vaxtlar mətbuatda çap etdirdiyi “Sözün Maradonası”, “Ədəbi hadisə: Poema-Trilogiya”,  Əhməd Qəşəmoğlu - sonsuzluğun ahəngi” və b. məqalələri sosial şəbəkələrdə qeyri-adi coşğu ilə, ehtirasla müzakirə olunur.

 

Səməd Vurğunun, Xalq yazıçısı Elçinin, Aydın Məmmədovun, Yusif Həsənbəyin, Qəzənfər Paşayevin, Elxan Məmmədlinin, hətta AMEA-nın 70 illik yubileylərinə böyük sevgiylə, məhəbbətlə məqalələr həsr edən Qurban Bayramlının özünün də 70 yaşı tamam olur. Sözü Maradona dəqiqliyi ilə hədəfə yönəltməyi bacaran, şəxsiyyətində və yaradıcılığında səmimiyyəti meyara, etalona çevirən görkəmli ədəbiyyatşünas, ədəbi tənqidimizin fədakar nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramlını yubiley münasibətilə təbrik edir, sözünün və zövqünün həmişə ovxarlı olmasını arzulayırıq.

 

 

Asif Rüstəmli

525-ci qəzet.- 2016.- 4 iyun.- S.19