Afaq Məsud dünyası

 

 (yeddinci yazı)

 

 

 

Mövcud (ənənəvi) ədəbi təhlil üsulu ilə yanaşsaq, Afaq Məsudun “Uydurma” hekayəsinin ideyası barədə onu deyə bilərik ki, əsassız qurulan ailədə (ümumən, görəsən, bu dünyanın təcrübəsində əsaslı qurulan ailə varmı?) ya ər arvadın, ya da arvad ərin ağzında “protez diş” kimidir...

 

Ancaq Afaq Məsudun insan hisslərini araşdırma metodu elədir ki, bu “ideya” hələ başlanğıcdır... Və problemin “izah”ı,  prinsip etibarilə, daha dərin qatlardadır...

 

“Qu quşu” hekayəsində dişi ağrıyan (ağzında ölü diş gəzdirən) ər - Məmməd hirsini arvadının üstünə tökür... “Dişinin ağrısı sol gözünə vura- vura fikirləşdi ki, on beş il gecə- gündüz bir damın altında yaşayıb bir yastığa baş qoyduğu, ondan uşaqlar doğub tikəsini bölüşdüyü bu qadınabənzər məxluqda zərrə qədər olsun, ona tanış, doğma olan bir  şey yoxdu. Nəinki doğmalıq, əslinə qalsa, heç yadlıq da yox idi”...

 

Məmməd hirsindən arvadını tapança ilə vurmaqla hədələyir.

 

Ancaq bədənin hüceyrələrinə  hopmuş elə hisslər var ki, nə sevgiyə baxır, nə də nifrətə...

 

Bir azdan arvadı yenə Məmmədin qüvvətli əllərində çabalayırdı... Bir əli arvadının ağ çinini andıran şümal boğazında, o  biri əli ülgücü aramla onun ağappaq dərisiylə sürüşdürürdü... Arvadının qaynar qanı qolları boyu axdıqca, Məmmədin  gözündən, həmin qaynarlıqda göz yaşı süzülürdü... Arvadı qanı bitib tükəndikcə Məmmədin qolları arasında qu quşu kimi çırpınırdı”...

 

Ancaq tapança varsa, atılmalıdır...

 

“- At, - dedi, sonra qılınc kimi  geriyə sivrilib saçları harasa, arxaya dalğalana- dalğalana Məmmədin heç vaxt  eşitmədiyi zabitəli kişi səsiylə:

 

- At dedim sənə!.. - dedi.

 

...Arvadının səsindən, ya üzünün ifadəsindən oldu, yoxsa sol damağında çaxan ildırım əlini əsdirdi, barmağı tətiyi geriyə qanırdı... güllənin uğultusu Məmmədin beynini sol damağının  ağrısıyla bir vurub çıxartdı.. güllənin zərbəsindən geriyə atılan  kürəyi bədəninin ağrılığını balışın üstünə saldı... gözləri  tavana zillənib qaldı...

 

Bəbəyinin rəngi getdikcə avazıyan gözlərində ağappaq  şimşək kimi çaxan - çəhrayı  gecə köynəyində səssiz addımlarla otağı tərk edən ağ qu quşu oldu”...

 

“Uydurma”dan fərqli olaraq “Qu quşu”nda nəyəsə nöqtə qoyulur... Ancaq nəyə?.. Bəlkə də, heç nəyə!..

 

“Mən”, “sən”, “o”  paradiqmasında Afaq Məsud üçün bədii- psixoloji (və mistik) baxımdan ən aktual olanı  “o”dur. “O”nu sevmək olar, “O”na nifrət eləmək olar, “O”nun naminə ölmək olar, yaşamaq olar... Və hətta elə hallar var ki, “O” yoxdursa, nə “Mən” var, nə də “Sən”...

 

“O” hekayəsində həm O var, həm də onlar...

 

“...Bir anlıq sabah səhər bu yorğanın altından necə, hansı sifətlə çıxacağını fikirləşdi. Sonra beyni yenə elə bil dondu   yenə anladığı həmişəki kimi, bir bu oldu ki, özüylə bacarmır, bədəni sözünə baxmır... Onlar idi onu bu günə salan, həyatını dağıdıb  gününü göy əskiyə bükən, sevib, seçib evləndiyi qadını da,  uşaqlarını da yetim qoyan onlar idi.

 

Başını da onlar xarab eləmişdi. O balaca, gözəgörünməz əclaflar.

 

Belə fikirləşdikcə, bədəni, əl- ayağı boyu xəbis-xəbis qaynaşan toxumalarını hiss elədi. Toxumaları yenə ac idi”...

 

Bir tərəfdən də, şair demiş, bu yağış...

 

“Fikirləşdi ki, görən niyə Onunla tanış olandan, elə bil həmişə yağış yağır?..

 

Axı düz iki il idi ki, tanış idilər və düz iki il  idi ki, gecə- gündüz yağış yağırdı.

 

Bu aramsız yağışlardan  şəhərin ağacları yoğunlayıb uzanmışdı, küçələrin, binaların hisi- pası yuyulmuşdu...

 

Tavanları isə budaq kimi çat atmışdı”...

 

Ərinin Ona bağlandığını yaxşı bilən arvadının bu cür yağışlı günlərin birində qiyam qaldırıb evdən getməsindən təbii  ola bilərdi ki?..

 

“- Bilirsən, nə var?.. Çağır onu, gəlib uşaqlarına da baxsın, xörəyinizi də bişirsin! Daha mən burdakı qulluqçuluq fəaliyyətimi başa vururam!..

 

Dəhlizə çıxıb:

 

- O kimdi?.. - dedisə də, arvadının əsəbilikdən xırıldayan səsi qapının o üzündən eşidildi:

 

- Özün yaxşı bilirsən!..

 

...Mühəccərdən aşağı asılıb var gücü ilə:

 

- Gecənin bu vaxtı hara gedirsən axı??. - deyə qışqıranda, arvadı ayaq saxlayıb geriyə çöndü, əllərini plaşının ciblərinə salıb:

 

- Ölməyə!.. - dedi”...

 

Xəstəxanaya düşən Ona baş  çəkməyə getmişdi. Və məlum oldu ki, O da onu bütün vücudu ilə istəyir...

 

“...Bir müddət beləcə, bir əli Onun yanağında, o biri əli  dodaqlarında dinməz- söyləməz bir- birinin üzünə baxa- baxa qaldılar. Sonra nə oldusa, O, qəfildən dəyişdi, yataqdan sıçrayıb soyuq qollarıyla onun boynuna sarıldı, güclə anlaşılan  qırıq kəlmələrlə:

 

- Da-- xı- ram... sən- siz... Çox da- rı- xıram... Darıxı- ra- a- am... - deyə yaralı heyvan iniltisiylə inildədi... sonra bağırdı...

 

- Da- - xı- ra- a- am!!!

 

Ailə, ya O?..

 

“... O, cani idi. Bu vaxta qədər bunu niyə boynuna almamışdı?..  Bütün ömrünü, “uğurlu qalibiyyətlə” yaşaya- yaşaya, özünü ağıllı və güclü hiss etməkdən ötrümü?..

 

...Qapı astaca taqqıldayıb aralandı. Böyük qızıydı:

 

- Ata... Səni bir dəqiqəlik olar?.. - deyib çəkildi.

 

Özünü birtəhər dikəldib əli belində, dəhlizə çıxdı.

 

Qonaq otağı adamla dolu idi. Qızları, kürəkənləri, oğlu,  nəvələri onu görən kimi, bir ağızdan:

 

- Təb- rik edi- rik!.. - deyib əl çaldılar.

 

Sonra arvadı dərisi sallanan sümüklü qollarında iri tort içəri girib:

 

- Nə gözlərini döyüb baxırsan?.. Yetmiş yaşın mübarək!- dedi və tortu süfrəyə qoyub şamlarını yandırmağa başladı”...

 

Ancaq O daha güclü idi... Yağışı ilə, tufanı ilə...

 

“...Çölün qasırğalı tufanı otağa dolub pərdələri havaya üfürdü, süfrəni dəniz kimi dalğalandırıb üstündəkiləri döşəməyə dağıtdı... ağır, büllur çilçıraq küləyin təsirindən ləngər vurub saat kəfkiri kimi yellənməyə başladı... Hamı içini çəkib çığırdı... işıq keçdi...

 

...Nə isə demək istədisə də, səsi çıxmadı... dodaqları heysiz- heysiz büzüldü. Sonra haçandan- haçana özünü toplayıb:

 

- Darıxıram... - dedi və öz səsindən az qaldı ürəyi dayana.

 

Bunu deyən O idi”...

 

İnsan münasibətlərinin, daha doğrusu, hiss mübadilələrinin təsvirində Afaq Məsud moralist yox, analitikdir. Və bu, hansı pedantasa volyuntarizm kimi görünə bilər... Ancaq hər hansı moralizmin və  ya mənəvi- əxlaqi pedantizmin  müdaxilə edə bilmədiyi təmiz, saf bir ədəbiyyat ərazisi də olmamış deyil ki, oradakı əxlaq, mənəviyyat insanın “ictimai” təzyiqlər altında deformasiyaya məruz qalmamış təbiətindən, təhtəlşüurundan nəşət edir. Bu, Afaq Məsudun  yaradıcılıq metodudur... Və yazıçının özü də etiraf (və izah) edir ki, onun üçün yazı (yaradıcılıq!)heç kimlə, hətta özümlə belə bölüşə bilmədiyim ağrılarımı qələm və kağızla bölüşmək ehtiyacıdı... İçimin, yaddaşımın gizli hücrəsində yatmış nələrinsə gül kimi pardaxlanıb açıldığı, ovuc içinin aydınlığı ilə  göründüyü bir əraziyə düşür, bütün təfsilatı və aydınlığı ilə  görünənlərdən nəyisə gizləyə biləcəyimin fərqinə varmadan,  yazmağa başlayıram. Əlbəttə, belə məqamlar kağıza düşənləri səhəri gün təmizləməyə həmişə imkan olur. Amma heç vaxt bunu eləməmişəm”... 

 

İlk hekayələrindən başlayaraq “təklik” Afaq Məsudun  bədii təfəkküründə məhsuldar, törədici, miqyaslı bir stixiya kimi təzahür edir. Və yazıçı  dəfələrlə qeyd edəndə ki, “hisslərin süjet”ini yazır, görünür, ilk növbədə  o nəzərdə tutulur ki, “təkliy”in “ərazi”sindədir. Çünki kütləvi və ya ictimai təfəkkür hisslərin, emosiyaların normal təzahürü üçün heç də münasib (və səmimi) bir məkan deyil.

 

“Tək” hekayəsində “hisslərin süjeti” belə başlayır:

 

“...Anasını pilləkənlərlə düşürürdülər... kimsə qoluna girmişdi... Anasının bozumtul üzü zəiflikdən, yoxsa ağrıdan dəyişmişdi... gözləri girdələnmiş, saçları qısalmış və islanmışdı... pillələri enib taqətsiz ayaqlarını ardınca sürüyə- sürüyə hayanasa gedirdi... ondan uzaqlaşırdı...

 

Anasının üzünü o qədər yaxından, o qədər aydın gördü ki, az qaldı ürəyi dayana... Gör bir nə vaxt idi, bu doğma, gözəl üzü görmürdü?!. Beş il idi, on il idi?!. Hər şey qarışmışdı...

 

Nəfəsini içinə çəkib, yaddaşını gərib dərindən fikirləşməyə çalışdı... və anladı...

 

Anası ölməyə gedirdi”...

 

...Bu, yuxu imiş...

 

Və sual olunur: yuxuda insan idrakı hisslərdən o yana, yəni intellektə, zəkaya keçə bilirmi? Yoxsa elə emosiyalarda boğulub qalır? Yuxunun  idrakı ilə gerçəkliyi izah, interpretasiya etmək mümkündürmü?..

 

Gerçəklik isə ondan ibarətdir ki...

 

“...Ərinin, qayınanasının qorxudan, həyəcandan gərilmiş üzləri gözünün qabağına gəldi... Qayınanası başını dərdli- dərdli yellədib:

 

- Niyə belə eləyirsən, a bala, vallah, Allaha xoş getməz. Kimin ata- anası dünyanı tutub dayanır ki?.. Cavansan, ərinə, uşaqlarına yazığın gəlsin... - dedi”...

 

Görünür, yuxu gerçəkliklə bağlı nə isə informasiya verir, lakin bu informasiya o qədər zərif spektrlərə əsaslanır ki, gerçəkliyin qaba mövcudluq metodlarına müdaxilə etməkdə gücsüzdür.

 

Əvvəl ərinə nifrət eləməyə başlayır, sonra da bütün dünyaya...

 

Və anası sağlığında olduğu kimi ölümündən sonra da onun varlığına hakim kəsilir... Bu dünyadan ayırır...

 

“...Balışın üzü bütün gecəni ağlamaqdan islanmışdı deyə o biri üzünə çevirib fikirləşdi ki, yuxular əslində, reallıqdı. Yuxuda anası onu qoyub gedirdi... və o tanımadığı, yad adamların arasında təmtəkcə qalırdı... Hər şey necə də dəqiq  idi?!. Əslində də, beləydi axı?!. İndi o, tamamilə yad adamların arasında yaşayırdı... Hə, ailəsi də həmin o yad adamlardan ibarət idi. Yad uşaqları və yad ər”...

 

Əri onu başa düşməyə çalışır. Ancaq ana ilə qızı arasındakı münasibətin “anatomiya”sını anlamaq çox çətindir. Çünki  “onun xəstəliyi və itkisi ilə bağlı keçirdiyi bütün bu iztirablar ana- bala münasibətindən çox, sevgili münasibətini andırır”...

 

Və bu “münasibət” artıq gerçəkliyin idrak məntiqi və ya metodları ilə izah oluna bilməz. Bunu ancaq başa düşməyə çalışmaq olar... O da necə?..

 

“...Ağlayıb-ağlayıb susdu, ərinin isti sinəsindən, sakit nəfəsindən hiss eləyirdi ki, ona yazığı gəlir. Yazığı ona görə gəlir ki, on beş yaşından atasını itirmişdi, bir az sonra anasını. Bir də ona görə ki, zəif idi, tez- tez ürəyi ağrıyırdı, heç nədən həzz almırdı, sevinmirdi, ürəyi açılmırdı. Bir də ona görə ki, uşaqlarına baxanda gözü ağrıyırdı...

 

Əri bütün bunu, demək olar ki, hər dəfə -o, anasını yuxuda görüb ağlamağa başlayanda deyirdi. Anası barədə isə susurdu. Elə susurdu, elə bil heç tanımırdı onu. Yoxsa zəhləsi gedirdi anasından? Yox, zəhləsi getmirdi, amma nəydisə, o mövzuya toxunmağa, onun tərəfinə baxmağa belə ehtiyat edirdi”...

 

Ən dözülməzi isə odur ki, “anasının ölümündən sonra ondan söz düşəndə, ərinin gözləri iri- iri açılırdı, üzü dəyişirdi. Elə bil əri, öləndən sonra anasından qorxmağa başlamışdı”...

 

Yazıçı vəziyyəti bir az da tündləşdirir:

 

“...Anası, olsun ki, ərinin də yuxusuna girməyə başlamışdı. Bunu son aylar ərinin də gecənin bir aləmi yuxudan oyanıb evin qaranlığı ilə oğru kölgəsi kimi sürünməsindən, mətbəxin işığını  yandırıb orda əsəbi hərəkətlərlə nələrisə əsəbi- əsəbi didişdirməsindən, yaxud səhərin gözünü, bədəninə qarışqa daraşmış tək, vurnuxa- vurnuxa açmasından başa düşürdü.  Bütün bu “gecə sərgüzəştlərinin” səbəbini soruşanda isə cinayət üstündə yaxalanmış tək, dinmir, sürünməyini, vurnuxmasını saxlayıb hava işıqlananacan, məzlum sifətlə, dinməz- söyləməz tavana baxa- baxa qalırdı”...

 

Və mistik düşüncələr baş qaldırır...

 

“...Deyilənə görə, ölümdən sonra ananın ruhu qızına keçir. Demək, anasının ruhu ona köçüb. Əslində, son vaxtlar bunu özü də hiss eləyirdi. Dəqiq hiss eləyirdi ki, hər şeyi ayrı cür görür, ayrı cür fikirləşir, illərlə tanıdıqlarını elə bil təzədən tanıyır, xoşu gəldiklərindən zəhləsi gedir, zəhləsi getdiyindən xoşu gəlir”...

 

Ana, doğrudan da, qızının ruhuna hopur... “Ağlayan o yox, anası idi, ağlaya- ağlaya ağrı- acısını  onun içinə tökürdü... Anası onun gözləriylə özünə  ağlayırdı... Nakam taleyinə, xəstəliyin soldurub məhv etdiyi gözəlliyinə...”

 

Nizami Cəfərov

525-ci qəzet.- 2016.- 4 iyun.- S.15.