Düyün - pyes

 

Vaslav Havelə

 

Rejissor (R.)

 

Qadın - onun assistenti (A.)

 

Baş qəhrəman (Q.)

 

Dyuk - səhnə arxasında işıqçı (L.)

 

Məşq gedir - sonuncu şəkilə son düzəlişlər.

 

Boş səhnədir. A. ilə L. işığı təzəcə quraşdırıblar. R. da indicə gəlib. R. ön səhnənin sol tərəfindəki kresloda əyləşib. Xəz palto. Palto ilə həmahəng  papaq. Yaşının xarici görkəminin əhəmiyyəti yoxdur. A. onunla yanaşı dayanıb. köynək. Başı açıq. Qulağının ardına karandaş qoyub. Yaşının xarici görkəminin əhəmiyyəti yoxdur. Q. səhnənin ortasında, kub şəklində olan altlığın üstündə dayanıb. Boz rəngli altlığın hündürlüyü qırx santimetrdir. Onun başında - yanları enli qara şlyapa. Əynində ətəyi topuğunacan uzanan qara rəngli xalat. Yalın ayaqlar. Başını aşağı dikib. Əlləri cibindədir. Yaşının xarici görkəminin əhəmiyyəti yoxdur. R. A. Q.ya baxırlar.

 

Uzun pauza.

 

 A. (nəhayət). O sənin xoşuna gəlir?

 

R. Belə ...

 

Pauza.

 

Bu altlığı niyə qoyublar?

 

A. Parterdən ayaqları görünsün.

 

Pauza.

 

R. Bu şlyapa nəyə lazımdı?

 

A. Sifətini daha yaxşı gizlətmək olsun.

 

Pauza.

 

R. O xalat üçündü?

 

A. Hər tərəf qara olsun.

 

Pauza.

 

R. Paltarın altından geyib?

 

A. Q.-nın  yanına gedir.

 

De görüm.

 

A. yerində donub qalıb.

 

A. Gecə pijaması.

 

R. Rəngi?

 

A. Kül rəngində.

 

R. Siqaret çıxarır.

 

R. Alışqan.

 

A. bayaqkı yerinə qayıdaraq R.-nın siqaretini yandırır yenə yerində donur.

 

R. siqaret çəkir.

 

Onun kəlləsi necədi?

 

A. Sən onu görmüsən.

 

R. Mənim yadımdan çıxır.

 

A. Q.-nın yanına gedir.

 

De görüm.

 

A. donub qalıb.

 

De görüm.

 

A. Saçları adda-budda yonulub.

 

R. Rəngi?

 

A. Kül rəngində.

 

Pauza.

 

R. Əlləri niyə cibindədi?

 

A. Hər şey tutqun görünsün.

 

R. Lazım deyil.

 

A. Yazıram.

 

A. Qeyd dəftərini çıxarıb, qulağının ardından karandaş götürərək yazır.

 

(Bərkdən.) Əllərini cibindən çıxarsın”.

 

A. Qeyd dəftərini cibinə, karandaşı da qulağının ardına qoyur.

 

R. Onlar nəyə oxşayır?

 

A.-nın onu anlamadığı üçün əsəbiləşir.

 

Əlləri nəyə oxşayır?

 

A. Sən onları görmüsən.

 

R. Mənim yadımdan çıxır.

 

A. Dyupyuitren.

 

R. Necə?

 

A. Cərrah.

 

R. A-a-a... Dyupyuitren...

 

Pauza.

 

Dırnaqları uzundu?

 

Pauza.

 

(Acıqlı.) Mən səndən soruşuram ki, dırnaqları uzundu?

 

A. Düzəltmək olar.

 

R. İki dırnaq.

 

A. Yumruğunu sıxsa...

 

R. Sıxmasın.

 

A. Yazıram.

 

A. Qeyd dəftərini çıxarır, karandaşı götürərək yazır.

 

(Bərkdən.) Yumruğunu sıxmasın”.

 

A. Qeyd dəftərçəsini cibinə, karandaşı da qulağının ardına qoyur.

 

R. Alışqan.

 

A. Onun yanına qayıdaraq, R-nın siqaretini yandırır yenə donub dayanır.

 

Bu nədi belə?

 

A.-nın onu anlamadığı üçün əsəbiləşir.

 

Get, onu soyundur. (Öz xronometrinə baxır.) Tez elə, iclasım var.

 

A. Q.-nın yanına gedib, onun xalatını çıxarır. Q. tamam biganədir və imkan verir ki, nə istəyirlər etsinlər. A. xalat əlində, kənara çəkilir. Əynində bozarmış köhnə gecə pijaması olan Q. başını aşağı salıb, əllərini də yumruqlayıb. R. ilə A. Q.-nı nəzərdən keçirirlər.

 

A. Bu cür sənin daha çox xoşuna gəlir?

 

Pauza.

 

O, titrəyir.

 

R. Elə də titrəmir. Şlyapanı.

 

A. Yaxınlaşıb Q.-nın şlyapasını başından çıxarır və əlində tutaraq kənara çəkilir. Pauza.

 

A. Səncə əmgəyi necədi?

 

R. Ağartmaq lazımdı.

 

A. Yazıram

 

A. Xalatı və şlyapanı əlindən yerə buraxıb, qeyd dəftərini çıxarır, karandaşı qulağının ardından götürərək yazır.

 

(Bərkdən.) “Kəlləni ağartmaq”.

 

Yenə dəftəri cibinə, karandaşı qulağının ardına qoyur.

 

R. Əlləri.

 

A.- nın onu anlamadığı üçün əsəbiləşir.

 

Əllərini açsın. Tez.

 

A. İrəli gedib Q.-nın yumruqlarını açır və geri çəkilir.

 

Ağartmaq.

 

A. Yazıram.

 

A. Qeyd dəftərini çıxarıb, karandaşı götürərək yazır.

 

(Bərkdən.) “Əllərini ağartmaq”.

 

Dəftəri cibinə, karandaşı qulağının ardına qoyaraq Q.-nı nəzərdən keçirir.

 

R. Nədi? Nəsə elə deyil? (Həyəcanla.) Hə? Nə?

 

A. (çəkinə-çəkinə). Bəlkə... bəlkə əllərini bir-birinə birləşdirək?

 

R. Hə, indi olar...

 

A. İrəli gedib Q.-nın əllərini bir-birinə birləşdirir və geri çəkilir.

 

Qaldır.

 

A. İrəli gedib Q.-nın bir-birindən yapışmış əllərini qurşağından bir az yuxarı qaldırır və geri çəkilir.

 

Qaldır.

 

A. İrəli gedib Q.-nın əllərini sinəsinə qədər qaldırır.

 

 Dayan!

 

A. Geri  çəkilir.

 

Belə yaxşıdı. Yaxşı çıxır. Alışqan.

 

A. Əvvəlki yerinə qayıdıb, onun siqaretini yandırır donub dayanır. R. siqaret çəkir. İkisi Q.-nı nəzərdən keçirir.

 

A. O, titrəyir.

 

R. Titrəsin .

 

Pauza.

 

A. (çəkinə-çəkinə). Bəlkə... kiçik bir... kiçik bir... buruntaq taxaq?.. Cilovlayaq?..

 

R. (qəzəblənərək). Bu ideyabazlıqdı belə?! Bu təşəbbüs maniyasıdır?! (A.-nı yamsılayır.)Kiçik bir buruntaq”! Bu   yekun sözü demək maniyasıdır?! Son söz artıq deyilib! (Yenə A.-nı yamsılayır.)Kiçik bir buruntaq”! Bu ideyabazlıqdı belə?!

 

A. Sən əminsən ki, o, ağzını açıb bir söz deməyəcək?

 

R. Bəli. Ağzından bir söz   qaçırmayacaq. (Xronometrinə baxır.) Daha vaxtım yoxdu. Zaldan baxaram. (Gedir.)

 

R. Bir daha səhnədə görünməyəcək. A. Özünü kreslonun üstünə atır, sonra cəld ayağa qalxır, cibindən əski çıxarıb hiddətlə kreslonun oturacağını söykənəcəyini silir,  əskini yerə tullayıb, yenidən oturur. Pauza.

 

R. (səhnə arxasından; elə bil uşaq zırıldayır). Ayaq barmaqlarını görmürəm. (Əsəbi.) Birinci sırada oturmuşam, ancaq ayaq barmaqlarını görmürəm.

 

A. (ayağa qalxaraq). Yazıram.

 

A. Qeyd dəftərini karandaşı götürüb yazır.

 

(Bərkdən.) Pyedestalı qaldırmaq”.

 

Dəftəri cibinə, karandaşı qulağının ardına qoyur.

 

R. (eyni tərzdə). Sifəti görünə bilər.

 

A. Yazıram.

 

Qeyd dəftərini karandaşı götürüb yazmaq istəyir.

 

R. Başını aşağı əy.

 

A.-nın onu anlamadığına görə hirslənir.

 

Get, onun başını aşağı əy.

 

A. Qeyd dətərini cibinə, karandaşı qulağının ardına qoyub, Q.-nın yanına gedir onun başını daha da aşağı əyib, kənara çəkilir.

 

Bir az da.

 

A. İrəli gedib, Q.-nın başını bir az da aşağı əyir.

 

Dayan.

 

A. kənara çəkilir.

 

Əla.

 

Pauza.

 

Çılpaqlıq lazımdır.

 

A. Yazıram.

 

A. Qeyd dəftərini çıxarır karandaşı götürmək istəyir.

 

R. Tez ol . Tez elə.

 

A. Dəftəri cibinə qoyur Q.-ya yaxınlaşıb tərəddüd içində dayanır.

 

Yaxasını .

 

A. Q.-nın pijamasının yuxarı düymələrini açır. Q.-nın sinəsi görünür. A. kənara çəkilir.

 

Ayaqları. Qılçaları.

 

A. Yaxınlaşıb Q.-nın pijamasının bir balağını çırmalayaraq qaldırır və kənara çəkilir.

 

O birisini.

 

A. Eyni şəkildə o biri balağı da çırmalayıb qaldırır və kənara çəkilir.

 

Dizini.

 

A. İrəliləyib pijamanın hər iki balağını çırmalayaraq, daha da yuxarı qaldırır.

 

Ağartmaq.

 

A. Yazıram.

 

A. Dəftəri və karandaşı götürüb yazır.

 

(Bərkdən.) “Bədənini ağartmaq”.

 

A. Dəftəri cibinə, karandaşı qulağının ardına qoyur.

 

R. Düzəlir! Lyuk burdadı?

 

A. (çağırır). Lyuk!

 

Pauza.

 

(Daha da bərkdən.) Lyuk!

 

L. (səhnə arxasında uzaqdan). Gəlirəm.

 

Pauza.

 

(Səsi yaxından gəlir.) Yenə isə elə deyil?

 

A. (R.-ya müraciətlə). Lyuk burdadı.

 

R. Qoy, hər tərəfdən işığı götürsün.

 

A. Texniki ifadələrlə binagüzarlıq edir. İşıq yavaş-yavaş sönür. Səhnədə ancaq Q. ilə A. görünür.

 

Ancaq başı.

 

A. texniki ifadələrlə binagüzarlıq edir. Q.-nın bədəni yavaş-yavaş qaranlıqda itir. İşıq yalnız onun başının üzərinə düşür.Uzun pauza.

 

Əla!

 

Pauza.

 

A. (çəkinə-çəkinə). O... bir dəqiqəlik... ancaq bircə dəqiqəlik başını qaldıra bilər ki... onun sifətini görsünlər?

 

R. (qəzəblə). Bu ideyabazlıqdı belə?! Bunu necə başa düşək? (A.-nı yamsılayır.)Başını qaldırsın”! Necə bilirsən, biz hardayıq, ? Pataqoniyadayıq? (Yenə A.-nı yamsılayır.) “Başını qaldırsın”! Bu nə ideyabazlıqdı belə?

 

Pauza.

 

Belə. Finalımız yaxşı alındı. Təkrar edək. Tez. Tələsirəm.

 

A. (Lyuka). Təkrar edək. O, tələsir.

 

Q.-nın bədəninə yavaş-yavaş işıq düşür. Pauza. Səhnə yavaş-yavaş işıqlanır.

 

R. Dayan!

 

Pauza.

 

Başla... Hop-p!..

 

Yavaş-yavaş səhnəyə qaranlıq çökür. Pauza. Q.-nın bədəni yavaş-yavaş qaranlıqda itir. İşıq yalnız onun başına düşüb. Uzun pauza.

 

Əla! Əla! Aləm olacaq! Mən bunu indidən hiss edirəm.

 

Pauza. Uzaqdan alqış səsləri gəlir. Q. başını qaldırıb zənnlə zala baxır. Alqışlar get-gedə azalır kəsilir. Sükut.Uzun pauza. Baş yavaş-yavaş qaranlıqda itir.

 

Semyuel BEKKET

Tərcümə edən: Elçin

525-ci qəzet.- 2016.- 11 iyun.- S.15.