Ruhun baxışları altında

Birinci yazı

 

“ANAMA MƏKTUB”LARLA SÖHBƏT

 

 

 

Adətən içimə hopan və anbaan da qanıma, iliyimə işləyən sözü, fikri, hadisəni, gördüyümü, eşitdiyimi, bir sözlə, rəngindən, çəkisindən, formasından asılı olmayan bir varlığı, bir mahiyyəti yaşamaq, onu özündə daşımaq mənə çox baha başa gəlir.

 

İnanın ki, bu dediklərimi qanımda, ruhumda, canımda hiss etdikcə mən də yavaş-yavaş özümdən xəbərsiz həmin o mənə hopana, məni öz aurasına alana köç edirəm. Necə deyərlər, dərzi kimi iynəmi sancmışam yaxama, səyyah kimi çantamı atmışam kürəyimə və çıxıb gedirəm. Heç kimə də heç nə demədən. Getdiyimi bir Allah bilir, bir də özüm. Özümdən də daha çox ruhum. Çünki məni getməyə vadar edən, necə deyərlər, yır-yığış hökmü verən Allah mənə ruh vasitəsiylə həmin o hökmü icra etmək şəraiti yaradır, imkanı verir... Və beləcə, çıxıb gedirəm. Özü də bax burda mütləq deməliyəm ki, mən gedəndə necə deyərlər, ellikcə gedirəm, bütün dünyamı özümlə aparıram. O dünyamı ki, getdiyim yer qapısını o dünyanın üzünə açıbdı. Orda mən yad deyiləm... orda mən qonaq sayılmıram... və orda mənim öz işim var... Mən də sözün qara fəhləsi kimi qolumu çırmayıb orda qum ələyirəm... palçıq qarışdırıram... daş yonuram... divar hörürəm...   bütün bunlar cümlələrə çevrilir. Bu, Çin səddinin divarı deyil. Bu, sözün divarıdı. Həmin divarın üstünə çıxmaq olmaz. Çünki söz Allahındı, yaradan Odur. O divardan sadəcə boylanmaq olar, əllərini qaşının üstünə qoyub boylanmaq, lap uzaqlara baxmaq olar... Orda nə görəcəksən, nə görünəcək, bu da başqa bir dünyanın sözüdü, dünyanın görüntüsüdü. Ona qədər isə...

 

Hə, bax indi mənə hopmuş, qanıma, iliyimə işləmiş yazının, daha doğrusu, məktubun vərəqlərini çevirirəm, say etibariylə cəmi beş məktubdu. Amma bu beş məktubun vərəqlərinin sayı bəlli olsa da, sözlərinin, cümlələrinin, nöqtə-vergülünün sayı bəlli deyil. Özünə əziyyət verib saymağa da ehtiyac yoxdu. Ona görə ki, o sözün hər biri bir andı... o sözün hər biri bir sevgi ifadəsidi... o sözün hər biri bir bağlantıdı... Və bu dediklərimi bir məxrəcdə toplayan isə Ruhdu! Özü də elə-belə ruh yox, ayaqlarının altı cənnət olan Ana Ruhudu! Deməli, o məktublardakı sözlər, işarələr iki dünyanın arasındakı körpüdü. Körpünün bir ucu burda, mənim, sənin, onun yaşadığı dünyada  ikinci minilliyini aşıran Yer kürəsində, o biri ucu isə Tanrı dərgahında  ayağının altında cənnət olan Ananın ruhundadı, onun nəfəsində, onun baxışlarında, onun təbəssümündə, onun çöhrəsində, onun zəhmətində, onun südündə, onun alicənablığında, onun evdarlığında, onun ailəcanlığında, onun ağbirçəkliyindədi. İndi özünüz düşünün. Görün, bu beş məktubda nə qədər məqam var, nə qədər gözlə görünməyən, amma ruhun gedib gəldiyi yol var. Bu yol da elə-belə yol deyil. Bu yol, məktub sahibinin vurğuladığı olumdan ölümə olan yoldu... bu yol özündən özünə yoldu... bu yol övladdan anaya yoldu... bu yol oğuldan anaya yoldu... bu yol bu gündən həm dünənə, həm də sabaha yoldu... Deməli, bu yolda bir  Zəmzəm şırıltısı, bu yolda bir layla səsi, bu yolda bir xeyir-dua çələngləri, bu yolda bir uğur diləyi, bu yolda bir “xoş gəldin” sədası müşayiətçidi. Çünki bu yolla keçib gedənlər öncə dediyim kimi, hara getdiklərini bilirlər. Və bu yolla kimin gəldiyindən də qarşılayanlar halidilər.

 

Düşünməyin ki, bütün bunlar bir pafosdu, sözlərin bir-birinə calaq edilməsidi. Yox, əgər belə düşünsəniz yanılacaqsınız və sizin içinizdəki sevgi pardaqlanmayacaq, çiçək açmayacaq. Çünki siz onun üstünə şübhə toxumu səpirsiniz... onun üstünə qara kölgə salırsınız və unudursunuz ki, yerdən ruhun olduğu nöqtəyə  qədər məsafəni inamsız keçmək olmaz. Özündən-özünə ümidsiz yola çıxmaq mümkün deyil. Deməli, hər iki halda siz yarımçıq, tamlığını itirmiş bir əşyaya, lap olsun bir canlıya çevrilə bilərsiniz. Bu da olsa-olsa həyatda bir say göstəricisi ola bilər. Necə deyərlər, Allahın sevdiyi, bəndənin görüşünə qollarını açdığı insanlardan yox, sadəcə, yer tutanlardan biri. Mən bunu kimsəyə arzu etmərəm. Axı, yaranan sevilməlidi. Çünki Yaradan onu məhz olumdan ölümə qədərki yolu sevgiylə, ümidlə keçib getmək üçün yaradıb. Və onun boynuna hamı kimi gərəkli olmaq, hamı üçün yaşamaq donu da biçibdi. Mən bu məqamda bir sözün də ilməsinə toxunmaq istəyirəm. O da həmin məktublarda vurğulanan ad məsələsidi. Əslində bu ad məsələsi o məktubların vərəqlərə köçürülməsinə təkan verən bir şərtdi.

 

Və məktubların müəllifi ilk sözünü  məktubu oxuyanlara çatdırmaq üçün bir neçə səmtə əl atıb, diqqət yetirib. Onun biri də ad məsələsidi. Və bu məsələni çox sadə bir üsulla gətirib qoyub gözümüzün qarşısına. Sonra bəzilərimizin bildiyi, bəzilərimizin bilmədiyi bir işarəni, bir çınqını alışdırıb hərəkətə gətirib. Bu işarə, bu çınqı da “məktub” sözüdü. Məktubun mənası məhz burda açılıb. Axı, məktub insanın alın yazısıdı, qədəridi, onun həyatıdı, onun yaşamıdı və məktub həm də Uca Varlıq tərəfindən yazılır, bir də o Uca Varlığın yazdığını yer üzündəki bəndələr kağız-qələm vasitəsiylə bir-birlərinə çatdırırlar, bir-birlərinə ötürürlər. Yeddi nəsil ardıcıl olaraq bu məktublar vasitəsiylə bir-birində yaşayır, bir-birinə köç edir. Üstəlik,  bu ad həm də sahibini göstərir, təqdim edir...

 

Bu yerdə “Məktub” müəllifinin bir fikriylə müəyyən qədər razılaşmıram.  Çünki müəllif adın hər şeyi ifadə etdiyi kimi, bəzən uğursuz da olduğunu, yəni aid edilən fərdin o adı doğrultmadığını da vurğulayır və çox haqlı olaraq bunu şəraitlə də, mühitlə də, məkanla da bağlayır. Amma  bir gerçək də var ki, o da atanın gözünü çıxarıb Koroğlu olmaq istəyidi. Axı, onda Koroğlu demirlər, kor kişinin oğlu deyirlər!!! Bax, bu mənada adın işığı, adın rəngi, adın tutumu həmişə sevinc gətirmir... həmişə adamın əlini Tanrı ətəyinə çatdırmır. Bütövlükdə isə həqiqətən ad çox böyük  mənanı, çox böyük mətləbləri ifadə edir. Bu bir gerçəkdi!

 

Hə, mən beş məktubdan söz açdım və sözümün bir nöqtəsində ad məsələsini qabartdım. İndi də keçirəm bu məktubun, bu adın söykəndiyi, üz tutduğu, yol getdiyi mətləbə. O ünvana ki, onun həm ad kimi mənası, həm varlıq kimi mahiyyəti dünyanın bütün nöqtələrində, dünyanın bütün insanları üçün eyni və son dərəcə ləkə götürməyən, müqəddəsdən də müqəddəs bir varlığı təqdim edir. Bu da Anadır! Dinindən, irqindən, dilindən asılı olmayaraq, bütün insanlar üçün bu zərif məxluq müqəddəsdi, güclüdü, dözümlüdü, səmimidi, halaldı, pakdı, işıqdı, sirr yeridi, xilaskardı və toplum halında Mələkdi! Az-çox düşünmək, dərk etmək qabiliyyəti olan hər kəs bilir ki, anadan əziz, anadan müqəddəs və nəhayət, ana qədər də yanımlı, ana qədər də zəhmətkeş, ana qədər də cəfakeş ikinci bir varlıq yoxdur. Yeri gəlmişkən, biz doğulduğumuz məkana da Ana Vətən deyirik. Müəllif də bunu vurğulayıb. Çünki doğulduğumuz məkan bizə ana qədər əzizdi, doğmadı, bizi qoynunda bəsləyir, bizi ayaqda saxlayır, bizi yaşadır və sonda da bizi yenə qəbul edir. Yəni canımız, varlığımız olan ana ruhuyla bizi içində, dünyasında saxlayır. Bizi yaşadan və bizi ayaqda saxlayan Ana vətən isə sonda cismimizə sahib çıxır. Burda da biz olumdan ölümə, həm də ölümdən oluma bir yolçuluq etmiş oluruq!..

 

“Məktub”ları oxuyuram. Birinci məktubda mənim bir oxucu olaraq anladığım məqam övladın ana ilə, daha doğrusu, bu dünyanın insanının Tanrı dərgahında olan ana ruhuyla söhbətinin şahidi oluram. Amma məlumdu ki, ruhlar danışmır, ruhlar hiss etdirir. Müəllif də, yəni oğul da ana ilə, daha doğrusu, onun ruhu ilə hal-əhval tutur, danışır, sualların cavabını o danışığın içərisində oxucuya köçürür. Hiss edirsən ki, oğulun sualının cavabı qarşı tərəfdən növbəti sualda, növbəti cümlədə artıq verilir. Çünki o məktubu yazan məqamda oğul da bu dünyada olmur, oğul da məktubu ruhuyla yazır... ruhlar görüşür, ruhlar söhbət edir... Hətta mənim bir oxucu kimi çox yaxşı tanıdığım görkəmli yazıçı-publisist, sözün, jurnalistikanın mogikanlarından olan, möhrünü jurnalistikaya, publisistikaya əbədi həkk etmiş canlı klassikimiz Əli İldırımoğlunun məktubarxası obrazı da o ruhların söhbətinə elə qovuşdurulur, o söhbətlərdə elə iştirak edir ki, bəzən mənə elə gəlir ki, Əli İldırımoğlu ruhuyla bu məktubun yazılma prosesini hətta, bu məktublaşmanı müşayiət edir. Və mən inanın ki, tam səmimiyyətimlə deyirəm, məktubu oxuduqca elə hiss edirəm ki, dəyişən səhifələri mən çevirirəm, vərəqləri mən əvəzləyirəm bir-biriylə. Bu da elə-belə mənim müəllifə və yaxud digər oxuculara xoş gəlmək  üçün dediyim söz deyil. Bu  mənim də öz anama içimdə yazdığım, misralara çevirdiyim duyğuların başqa bir formasıdı, başqa bir şəkildə ifadəsidi. Axı, əvvəldə vurğulamışdım, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsin,  yəni bütün insanların sevgisinin birləşdiyi ünvan Anadı! Məhz ona görə də Ana Tanrı dərgahında, Cənnət bağında yaşayır. İstəyir  bir övlad anası olsun, istəyir on. Və yaxud da bəxtinə övlad düşməsin. Amma onların həyatdakı, cəmiyyətdəki qadın missiyaları təkcə övlad dünyaya gətirmək deyil axı. Onlar zəif və zərif cins olaraq əslində işıqdılar... əslində gücdülər... əslində ikinci tərəfi, yəni güclü cinsi idarə edirlər, ram edirlər, yönəldirlər. Bu, yaşama, inkişafa, formalaşmaya verilən təkandı, göstərilən xidmətdi. Deməli, bütün hallarda ana da, bacı da, qız övladı da o böyük sevginin daşıyıcısıdı.

 

“Məktub”ları oxuyuram. O məktublar bir analı dünyanın ayrı-ayrı anlarıdı. Qubadlıdan başlayıb, Naxçıvandan keçib, Ağdamdan ötüb Bakıya gəlib. Və bir də Bakıdan köçüb, Ağdamdan keçib, Naxçıvandan ötüb Qubadlıya qayıdıbdı. Yəqin bu yol sizə bir az qəribə gəldi. Amma yox, bu qəribə deyil, bu bir gerçəkdi. Axı yol olumdan ölümədi, ölümdən də oluma. Məktubun ünvanlandığı ana Qubadlıda doğulub, Qubadlıda sevib ailə qurub. Və sonra ömür-gün yoldaşıyla gəzib Naxçıvanı, Ağdamı, Bakını. Gəzib, keçib, köçüb gəldikcə də övladlarını, o cümlədən də məktubun müəllifini özü ilə gətirib - əvvəl qucağında... sonra əlindən tutub... sonra yanaşı addımlayıb... sonra da böyütdüyü ağacın əhatə dairəsində kitablara sığmayacaq anların məktuba çevrilməsinə səbəbkar olub. Yəni mahiyyətə çevrilibdi! Ona görə də o Ananın övladına, xüsusilə ailənin böyüyünə, yəni Əli İldırımoğluna olan bir qadın, bir ailə xanımı, bir ev təsərrüfatını idarə edən insan kimi obrazı çox bütövdü, kamildi. O anada iddia yoxdu! O anada sevgi var! O anada  tələb yoxdu! O anada qayğı var! O anada hərislik yoxdu! O anada gözütoxluq var! O anada təkəbbür yoxdu! O anada hamilik var! O anada qamarlamaq, yığmaq, toplamaq yoxdu! O anada olanı paylaşmaq, bölüşmək, hamını yerli-yerində görmək ustalığı var! Elə bil ki, Allah onu bu dünyaya ehtiyacı olanın əlindən tutmaq, ac olanın süfrəsinə çörək qoymaq, yıxılanın qolundan tutub qaldırmaq, xəstənin dərmanını çatdırmaq, əzilənin haqqını qorumaq üçün göndərib. Elə bil ki, Allah o ananı qonşuları, qohumları, el-obanı bir-birinə bir az da doğmalaşdırmaq, bir az da mehriban etmək üçün göndərib. Elə bil ki, Allah o ananı şam kimi alışıb günəş kimi işıq saçmaq, ailəsinin, övladlarının, ətrafının dünyasını işığa qərq etmək üçün göndəribdi.

 

Bütün bunları mən o məktublardan oxudum, o məktublardan götürdüm. Elə birinci məktubda mən tam əmin oldum ki, ad məsələsi elə-belə deyilmiş. Çünki o ananın özü ruh şəklində övladında, doğmalarında, onu tanıyanlarda yaşadığı kimi, onun adı da övladının nəvəsində yaşayır. Ruh ölmədiyi kimi, ad da ölmür və...

 

Mən bu yazını elə burdaca yarımçıq saxlayıram. Çünki o biri məktubların hər birindəki oxşar məqamlardan başqa elə məqamlar da, elə nöqtələr də var ki, onu bir yazıda ifadə etmək, yəni içimə, canıma, qanıma hopanı təzədən qələmə, kağıza gətirmək çox çətindi. Adamın, yəni bu məqamda şəxsən mənim buna fiziki gücüm çatmır. Çünki başımın üstündəki o ruh, gözümün qarşısındakı qaçqın anam bomboz bozarmış saçlarıyla, qırışmış çöhrəsiylə və quyu dibinə düşmüş gözləriylə mənə baxır. Bu baxışların altında  Məktub”ları birnəfəsə öz bildiyim, duyduğum, anladığım kimi ifadə etmək çətindi. Yaman çətindi. Ona görə də bu yarımçıq yazının ardını gözləyin.

 

 

Əbülfət MƏDƏTOĞLU

525-ci qəzet.- 2016.- 11 iyun.- S.9.