Bir şeir - bir ensiklopediya

 

SƏMƏD VURĞUNUN "AZƏRBAYCAN"I HAQQINDA DÜŞÜNCƏLƏR

 

 

Belə bir fərziyyə var ki, bəzi məşhur yazıçılar, şairlər, elə bil irəlicədən duymuş kimi, əsərlərində öz gələcək talelərini üstüörtülü şəkildə əks etdiriblər.

 

Çox ehtimal ki, S.Vurğun da öz gələcək taleyinin bəzi cizgilərini "Azərbaycan" şeirində qeyd etmişdi. Şeirin dördüncü bəndində o, saçlarına vaxtsız dən düşməsindən və gələcəkdə qınanılmasından söz açmışdı. Vur-tut 28 yaşı olan şair niyə belə yazmalıydı, onu narahat edən nə idi? Maraqlıdır, nədən onun bu ən məşhur şeiri məhz 22 bənddən ibarətdir? Cəmi 50 il yaşayan həssas şair bəlkə, bu şeirlə sövqi-təbii olaraq, qalan 22 illik ömrünün gizli işarəsini, şifrəsini vermişdi? Bu təsadüfdür, yoxsa mistika? - demək çətindir. Bu il sevimli Xalq şairimiz Səməd Vurğunun yubileyi - anadan olmasının 110 illiyidir. Onun 110 misralıq "Azərbaycan" şeirinə çoxdan istədiyim, amma hansı səbəbdənsə yaza bilmədiyim yazının məhz bu yubiley ilində ərsəyə gəlməsi də sanki bir mistikadır. Rəqəmlərlə bağlı hər hansı inancım olmasa da, burada düşündürücü məqamların varlığı mümkündür. Əminəm ki, onun yaradıcılığında sirləri açılmamış hələ çox laylar var, amma təqdim olunan yazının məqsədi, bu bənzərsiz şeirə bir qədər fərqli rakursdan baxıb, onu təbiət mütəxəssisinin gözü ilə incələməkdir.

 

İstənilən xalqın ədəbiyyatında vətənin tərənnümünə həsr edilmiş çoxlu sayda poeziya nümunəsinə rast gəlmək olur. Azərbaycan ədəbiyyatı da bu cəhətdən istisna deyil. Məşhurlarla bərabər, imzaları çox və ya az tanınan əksər şairlərimiz zaman-zaman bu həssas mövzuda qələmlərini sınayıblar, lakin onların heç də hamısı kifayət qədər yüksək sənət örnəyi ortaya qoya bilməyib. Amma bu mövzuda sevdiyim 3-4 şeir var ki, hər dəfə onları oxuyanda və ya dinləyəndə qəlbim coşur, könlüm riqqətə gəlir. Bunlar, böyük dramaturq Cəfər Cabbarlının "Ölkəm", dahi Səməd Vurğunun və ulu Şəhriyarın "Azərbaycan", bir də nakam şairimiz Almas İldırımın "Azərbaycan, mənim tacım, taxtım oy..." şeirləridir. Bu şeirlərin hər birində coşqun hiss, həyəcan, güclü vətən sevgisi, millət təəssübkeşliyi olsa da onlarda, təbii ki, öz müəlliflərinin xarakterinə, üslubuna məxsus çalarlar əks olunmuşdur. Azərbaycanın poeziya kəhkəşanında həmin şeirlərin hər biri layiqli yerini tutmaqdadır, lakin bu və ya digər poeziya ulduzları arasında öz şüasının gücü, işığının parlaqlığı ilə fərqlənən, kiçikdən böyüyə qədər hər bir azərbaycanlının, heç olmasa, bir bəndini əzbər bildiyi tək bir şeir - S. Vurğunun "Azərbaycan"ıdır.

 

Dahi sənətkar bu şeiri 1934-cü ildə, ilhamının, istedadının çağlayan vaxtlarında - 28 yaşı olanda yazıb.

 

Cəmi 22 bənddən, 110 misradan və irili-xırdalı 378 sözdən ibarət olan bu möhtəşəm poeziya nümunəsində nələr yoxdu?! Onu mübaliğəsiz, vətənin kiçik ensiklopediyası adlandırmaq olar. Bəli, ustad şair cəmi 378 sözlə poeziya dilində Azərbaycanın kiçik ensiklopediyasını yaratmış - onun tarixini, coğrafiyasını, mədəniyyətini, iqtisadiyyatını və hətta, gələcək inkişafının proqnozunu əks etdirmişdir. Həqiqətən, çox zəngin informasiya yüklü bu şeirdə məkan haqqında ensiklopedik bilgilərə məxsus bir struktur, nizam müşahidə edilməkdədir.

 

Böyük şair şeirin ilk bəndlərində (1-4-cü) sanki mövzuya giriş verərək, məram və məqsədlərini açıqlayır, məqsədə çatmaq üçün kifayət qədər hazırlaşdığını, bununla belə, bu işin heç də asan olmayacağını bildirir.

 

Sonra vətənə, xalqa ulu sevgisini, uşaq-ana bağlılığını tərənnüm edir, keçirdiyi mənəvi-psixoloji hisslərini oxucu ilə bölüşür. Şair qısa müddətə olsa da vətəndən ayrı düşməyin necə ağır dərd olduğunu, zamanın - ayların, illərin onu necə sıxdığını və bu səbəbdən saçlarına vaxtsız dən düşməsini, çəkdiyi iztirabları, çox şey demək istədiyini, lakin deyə bilmədiyi üçün irəlicədən, öncəgörənliklə xalqından onu qınamamasını dilə gətirir:

 

Saçlarıma dən düşəndə

Boğar aylar, illər məni,

Qınamasın ellər məni.

 

Məkan haqqında bütün ensiklopedik məlumatlardakı struktura uyğun olaraq, mövzuya giriş verdikdən sonra 5-6-cı bəndlərdə vətənpərvər şair vətənin tarixindən bəhs edir:

 

Böyük bir keçmişin vardır;

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

 

- deyərək, vətənin nə qədər qədim bir tarixə malik olduğunu və bu tarixdə xalqın nə müsibətlərə düçar edildiyini, "uğursuz dillərə düşməsinə" baxmayaraq, illərin sınağından üzüağ çıxdığını qeyd edir və göstərir ki, bu gün vətən övladının bəxtiyarlığı üçün millət əsrlərə sinə gərərək öz halal şöhrətini qorumuş, "nəsillərdən nəsillərə" ötürmüşdür. Şairin tariximizin qədimliyi haqqında poetik dillə dediyi həqiqət çox sonralar arxeoloqlarımız tərəfindən aşkar edilib elmi cəhətdən öyrənilmiş qədim insan düşərgələrində və yaşayış məskənlərində (Qobustan, Daşsalahlı, Azıx) öz təsdiqini tapdı: on və hətta, yüz min illərlə əvvəl bu torpaqlarda insanların məskən saldığı sübuta yetirildi.

 

Bir təbiət mütəxəssisi kimi, mənim üçün çox maraqlı məqamlardan biri də şeirdə Azərbaycan təbiətindən, coğrafiyasından gen-bol bəhs edilməsidir. Vətənin tarixi barədə qısa məlumat verdikdən sonra sənətkar onun coğrafiyasını nəzmə çəkir, misralar qayalardan süzülüb axan gur şəlaləyə bənzəyir:

 

Sıra dağlar, gen dərələr,

Ürək açan mənzərələr...

Ceyran qaçar, cüyür mələr,

Nə çoxdur oylağın sənin!

Aranın, yaylağın sənin.

 

Şeiriyyətə baxın, nə qədər axıcı, nə qədər melodik poeziyadır! Adi sözlərin harmoniyasından gözümüz önündə möhtəşəm bir mənzərə canlanır. Bu, şair-rəssamın söz boyaları, misra fırçaları ilə çəkdiyi əzəmətli bir tablodur! Təkcə bu bəndi (9-cu) oxumaq yetər ki, Azərbaycanın fiziki coğrafiyası haqqında tam təsəvvür yaransın. Ümumiyyətlə, şeirin 7-10-cu bəndlərində bütövlükdə və digər bəndlərin ayrı-ayrı misralarında kifayət qədər zəngin coğrafi bilgilər yer almışdır. Şeirdə Azərbaycana məxsus 12 toponim - Bakı, Qarabağ, Muğan, Lənkəran, Xəzər, Kəpəz, Göygöl kimi bölgə, şəhər, dəniz, dağ, göl və s. yer adlarına rast gəlinir. Əslində bunlar hamısı gələcəyə bir informasiya mesajıdır. Azərbaycan barəsində heç bir bilgisi olmayan insanın bu şeiri oxuduqdan sonra vətənimizin dünya xəritəsində coğrafi mövqeyi, təbiəti haqqında kifayət qədər dolğun məlumat əldə edə biləcəyi şübhəsizdir. Şeirdə coğrafi terminlərin bolluğu diqqət çəkir: təkcə "dağ" sözü doqquz dəfə, "qar" sözü üç dəfə, "dərə" və "yaylaq" sözləri iki dəfə, o cümlədən, "aran", "düz", "sahil" və s. bu kimi coğrafi anlayışlardan istifadə olunmuşdur.

 

Ölkəmizin coğrafiyasını yaxşı bilən sevimli şairimiz doğma diyarın nəinki relyefi, fauna və florası, hətta, onun iqlim xüsusiyyətləri haqqında məlumat verməyi də unutmamış, vətən torpağının zəngin bitki örtüyünə və heyvanlar aləminə malik olduğunu qeyd etmişdi. Bağlarımızda gül-çiçəklə bərabər çinar, limon ağaclarının bitməsi, tarlalarımızda taxıl, üzüm və pambıqla bərabər, çay bitkisinin yetişdirilməsi, dağlarımızda-düzlərimizdə ceyran-cüyür sürülərinin gəzməsi, göllərimizdə "yaşılbaş sonalar"ın üzməsi, bu yerlərin çox rəngarəng iqlim və landşaft xüsusiyyətlərinə, quru çöl, mülayim, subtropik və s. iqlimə malik olması haqqında ağıllı oxucuda geniş təsəvvür yaradır.

 

Şair:

 

Afrikadan, Hindistandan

Qonaq gəlir bizə quşlar,

Zülm əlindən qurtulmuşlar...

 

- misraları ilə köçəri quşların qışlamaq üçün bizim torpaqlara uçub gəlməsindən bəhs etsə də, dolayısı ilə ölkəmizin həm əlverişli iqlim şəraitinə və həm də digər yerlərdən fərqli olaraq, burada sakitlik, əmin-amanlığın hökm sürdüyünə diqqət çəkir və eləcə də, o dövrün beynəlxalq siyasi vəziyyətinə üstüörtülü toxunaraq, müstəmləkə zülmündən əziyyət çəkən xalqların milli azadlıq mübarizəsinə işarə edir.

 

Sonrakı bəndlərdə (11-13-cü) ünlü şair iqtisadiyyatın kənd təsərrüfatı bölməsindən bəhs edir, torpaqlarımızda əsas strateji məhsul olan taxılın, eyni zamanda, pambığın və üzümün və habelə, çay bitkisinin bol-bol yetişdirilməsi və onların da xalqımızın rifah halına, sağlamlığına xidmət etməsindən poeziya dili ilə söhbət açır.

 

Bu bölmədə yer almış aşağıdakı iki misraya fikir verin:

 

Anamın dilbər gəlini!

Yadlara açma əlini.

 

İlk baxışda çox bəsit görünən cəmi altı sözdən ibarət bu iki misrada nə qədər dərin məna yüklü informasiya olduğunun fərqindəsinizmi!? Burada xalqın mentaliteti, etikası, etnoqrafiyası və iqtisadiyyatı əksini tapmışdır. S.Vurğun xalqın maddi - mənəvi dəyərlərinə, adət - ənənələrinə dərindən bələd idi, onun təəssübkeşi idi. "Anamın dilbər gəlini!" - deməklə o, xalqımızın tarixən formalaşmış əsl qaynana-gəlin münasibətlərini önə çəkir və bu münasibətlərin digərlərinə örnək olmasını arzulayır. "Yadlara açma əlini" - misrası ilə böyük şair sanki gələcək perspektivləri müəyyən edərək, demək istəyir ki, iqtisadiyyatımızı elə qurmalıyıq, məhsulumuz o qədər bol olmalıdır ki, heç kimə, xüsusən də yadlara əl açmayaq. Dahi şair Azərbaycan qadınını - gəlinini, qızını xalqın namus, qeyrət qalası hesab edir və bir xalqın qızı, gəlini yadlara əl açarsa, o an millətin faciəsidir, sonudur - fikrini ortaya qoyur. Eyni zamanda, o, qürurumuzu ayaqlar altına atmamaq, mənəviyyatımızı qorumaq üçün ilk öncə, çalışmağın və ölkədə bolluq yaratmağın vacibliyini vurğulayır.

 

Böyük şair vətən övladlarının sağlamlığını da unutmamışdır, "Azərbaycan" şeirinin 13-cü bəndinin son üç misrası sanballı bir "tibbi resept" və ya tibbi məsləhət kimi səslənir:

 

Hər üzümdən bir şirə çək

Səhər-səhər ac qarına,

Qüvvət olsun qollarına.

 

Burada tədbirli şair "hər üzümdən" deyərkən, şübhəsiz ki, təkcə üzüm şirəsini deyil, ümumiyyətlə, təbii olan digər meyvələri də (əncir, tut və s.) nəzərdə tutur. Belə meyvələrin səhər-səhər ac qarına yeyilməsinin faydası el arasında da, tibbdə də çoxdan məlumdur.

 

Şeirin ən uğurlu bölmələrindən biri də 14-18-ci bəndlərdə Azərbaycan mədəniyyətinə dair xeyli informasiyanın poeziya vasitəsilə sərgilənməsidir. Bu bəndlərdə biz xalqımızın ədəbiyyatına, incəsənətinə, musiqisinə və etnoqrafiyasına dair kifayət qədər önəmli bilgilərin yer almış olduğunu müşahidə edirik.

Azman şair "Min Qazaxda köhlən ata," deməklə Azərbaycan xalqının ta qədimdən atla bağlılığına, burada təmizqanlı cins atların ("Qarabağ", "Diliboz") yetişdirilməsinə, dolayısı ilə türkçülüyə işarə edir. Və ya:

 

Bizim xalı-xalçalardan

Sər çinarlar kölgəsinə.

 

- deyərək, xalqımızın zəngin xalçaçılıq ənənələrinə, xalça sənəti üzrə çeşidli məktəblərə (Quba-Şirvan, Qazax-Qarabağ, Təbriz və s.) malik olduğunu bildirmək istəyir. Xalqımız haqqında etnoqrafik məlumatların poetik dillə ifadəsi xeyli maraqlı məqamlardandır.

 

İstəkli şairimiz:

 

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

"Aşıq deyər sərin-sərin" misraları ilə xalqımızın zəngin musiqi mədəniyyətinə, o cümlədən, muğam və aşıq sənəti ənənələrinə malik olduğunu diqqətə çatdırır və vətənimizin "şeir, sənət ocağı" kimi tanındığını vurğulayır.

 

(Ardı var)

 

Rəşid FƏTƏLİYEV

Geologiya-mineralogiya elmləri namizədi

525-ci qəzet.- 2016.- 14 iyun.- S.6.