Azərbaycan turizmi: Mövcud vəziyyət və perspektivlərin dəyərləndirilməsi zərurəti

 

 

XIX əsrin ortalarınadək insanlar yaşadıqları ərazidən uzaq yerlərə çox az səyahət ediblər.

 

Müəyyən məqsədlə səfərə çıxanlar at və ya at arabasından istifadə edər, yemək və yatağa ehtiyac olanda isə karvansarada gecələyərdilər.

 

İlk səyahətlər, əsasən, ticarət, dini, iqtisadi amillərlə bağlı olsa da, sonralar insanlar yeni yerlər kəşf etmək, fərqli mühit görmək, fərqli davranış tərzləri ilə tanış olmaq, ən önəmlisi isə görüb-öyrənmək məqsədilə səyahətlərə çıxıblar. Qədim Azərbaycanın ərazisindən keçən Böyük İpək Yolunun yolçuları ilk səyahətçilər sayılıb. Şərqlə Qərb arasında körpü rolu oynayan ölkəmizin əlverişli təbii-coğrafi şəraiti, zəngin yerüstü və yeraltı sərvətləri bütün tarixi dövrlərdə həmişə yüksək dəyərləndirilib. Bu gün isə unutmaq olmaz ki, turizm əlverişli biznes növüdür. Bəs hazırkı vəziyyətdə, yəni ölkəmizin turizm sahəsində tarixini əks etdirən inkişaf bazası olmadan Azərbaycan üçün "qızıl orta" necə müəyyənləşməlidir?

 

Bizə turist lazımdır: istər yerli, istərsə də xarici. Turistin qarşılaşdığı ab-hava, xoş təəssürat, qonaqpərvərlik çox önəmlidir. Son illər bu sahədə görülən işləri yüksək dəyərləndirmək lazımdır. Azərbaycanın dünyada təkcə neft ölkəsi kimi deyil, əlverişli coğrafi mühitə malik bir dövlət kimi tanınması məqsədilə 2010-cu ildə "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair" Dövlət Proqramının qəbul olunması, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan edilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiq və icra olunması respublikamızda turizm sənayesi mərhələsinin başlanğıcı oldu.

 

Azərbaycanda turizm bazarının formalaşması tarixi 2001-ci ildən başlayıb. Məhz həmin ilin 4 iyul tarixində ulu öndər Heydər Əliyevin Sərəncamı ilə bu sahəyə nazirlik statusu verilib. Sonrakı illərdə isə dövlət dəstəyi nəticəsində ölkəmizdə turizm sənayesi inkişaf edərək təkmilləşib. Belə ki, əgər 2001-ci ildə Azərbaycanda 3 turizm şirkəti var idisə, hazırda turizm şirkətlərinin sayı 300-ə yaxındır. Bu gün mehmanxana tipli 300-dən çox obyekt xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir ki, bu da ölkəmizdə bu sahənin davamlı inkişafına əyani sübutdur.

 

Ümumdünya Turizm Təşkilatının (ÜTT) 2001-ci ilin sentyabrında Seulda keçirilən Baş Assambleyasında həmin təşkilatın tamhüquqlu üzvü seçilən Azərbaycanda turizm sektorunu tənzimləyən üçlük mövcuddur: dövlət turizm təşkilatı, regional icra orqanları və turizmin özəl sektoru. Respublikamızın ərazisində hər üç sektoru - turizm xidməti bazarını tənzimləyən əsas sənəd isə 4 iyun 1999-cu ildə qəbul olunan 17 maddədən ibarət "Turizm haqqında qanun"dur. "Turizm qanunu" Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının həyata keçirilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini və turizm fəaliyyətinin əsaslarını müəyyən edir, turizm sahəsində münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını təsdiqləyir. Bu tənzimləmə ölkəmizdə yeni yaranan turizm sahəsinin inkişafına həm təkan verir, həm də ölkə üçün turizmdən maksimum yararlanmağa imkan yaradır. - Azərbaycan nə üçün turist axınının diqqət mərkəzində olmalıdır? - sualına bu gün çox aydın və tutarlı cavabımız belə olar: - əlverişli təbii-coğrafi şəraitə, qədim və zəngin mədəniyyətlə müasirliyin vəhdətinə, mövcud siyasi sabitlik və cəmiyyətdə hökm sürən tolerantlığa, qonaqpərvər və humanist olduğumuza görə.

 

Ölkəmizi gözəlləşdirən və özəlləşdirən amilləri görüb dəyərləndirməklə yanaşı, təbii ki, turizm sektorundakı mövcud problemlərdən də yan keçmək olmaz. Sözsüz ki, "Turizm qanunu"ndakı boşluqlar tənzimlənməli, ən başlıcası isə Turizmin İnkişafına dair Strateji Plan hazırlanmalıdır. Bu baxımdan: 1) Məlumatlandırıcı proqramların hazırlanması və bu işə məqsədyönlü, ardıcıl nəzarət edən bir qurumun yaradılması vacibdir. Turizm sektorunun daha sürətli inkişafı, rəqabətqabiliyyətliliyi və yüksək gəlir əldə edilməsi üçün bu sahədə iş müvəqqəti, dövri xarakter daşımamalıdır.

 

2) Kadr çatışmazlığı aradan qaldırılmalı, bu sektorun xidmət sahələrinə ixtisaslı mütəxəssislər cəlb edilməlidir. Turizm personalının mütəmadi olaraq kurslara göndərilməsi, maarifləndirilməsi, vaxtaşırı treninqlərin keçirilməsi problemin həllinə müsbət təsir göstərər.

 

Turizm sənayesinin inkişafı ilə bağlı ehtiyacları ödəmək - turizmin balanslaşdırılmış şəkildə inkişafını təmin etmək, düzgün idarəetmə və turizm ehtiyatlarından səmərəli istifadə mexanizmlərini qorumaq üçün respublikamızın bütün bölgələrində rəqabətədavamlı turizm xidməti sahələri yaradılmalı, inkişafı peşəkarlarla davamlı etməkdən ötrü səmərəli işlər görülməlidir.

 

3) Turistlərə Azərbaycanla tanışlıq məqsədilə kifayət qədər əyani vəsait - turist xəritələri və kitabçaları, broşurlar paylanmalıdır. Bu işdə təbliğat vasitəsi kimi elektron marketinqin - Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ildə yaradılmış, 7 dildə fəaliyyət göstərən www.azerbaijan.travel  rəsmi milli turizm portalının rolu yüksək dəyərləndirilməlidir. Həm minlərlə istifadəçinin daxil olduğu sayt, həm də dövlət qurumları tərəfindən yaradılmış müvafiq səhifələr sırasında 4-cü yerdə olan Mədəniyyət və Turizm Nazirliyinin facebook səhifəsi deməyə əsas verir ki, Azərbaycan turizm potensialının xarici ölkələrdə reklamının aparılması təbliğat siyasətimizin prioritetlərindən biri hesab edilir.

 

4) Turizmin obyektlərində qiymətlərin baha olması səbəbindən, bu, bir həqiqətdir ki, hətta yerli turistlər belə səyahət üçün ölkə daxilini deyil, əsasən, qonşu ölkələri (Gürcüstan, Türkiyə və s.) seçirlər. Bu problemin həlli üçün məhz dövlət dəstəyinin olması çox vacibdir. Belə ki, turizm şirkətlərindən 18 faiz həcmində əlavə dəyər vergisi tutulur ki, bu da həmin şirkətlərin yerli və xarici turistlərə daha yüksək məbləğ qarşılığında xidmət təklif etməsinə səbəb olur. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salıb bu sahədə dövlət tərəfindən müəyyən həvəsləndirici güzəştlər etmək, müxtəlifyönlü dəstəkləyici tədbirlər (aşağı dəyər vergisinin tətbiq olunması, turizm obyektlərinin xərclərinin azaldılması və s.) keçirmək zəruridir.

 

Bölgələrimizdə yeni yaranan şirkətlər qiymətləri ucuzlaşdırmaqla da xeyli turist cəlb edə bilərlər. Sonrakı illər həmin bu turistlər gəzməli-görməli yerlərimizə dəfələrlə gəlib onlara qat-qat artıq qazanc gətirər.

 

Bir məsələ də xüsusi qeyd edilməlidir ki, əsas problemlərdən biri səyahət günlərinin sayının az olmasıdır. Bu amil qiymətlərə də təsir göstərir. Günlərin sayı az, qiymətlər isə yüksək olduğundan turistlər başqa ölkələrə üz tuturlar.

 

Biletin tərkibinə daxil olan gəzinti turları da turist üçün az əhəmiyyətli deyil. Belə ki, turist təklif edilən digər turlar baha olduğundan çox vaxt təkcə biletin tərkibinə daxil olan turlarla kifayətlənir. Belə gəzintilər maraqlı olmalıdır ki, turist üz tutduğu ünvana bir də gəlsin.

 

Yemək çeşidlərinin müxtəlifliyi, bolluğu və all inclusive sistemlə verilməsi, mehmanxana personalının xidmət təmizliyi qaydalarına ciddi riayət etməsi də turistləri bir gəldikləri məkana bir dəfə də gətirən mühüm amillərdəndir.

 

5) Turizm xidmətlərinin zəif elektronlaşması aradan qaldırılmalı, istər yerli, istərsə də əcnəbi turist səyahət edəcəyi şəhər, kənd, orada yerləşən turizm obyektləri və xidmətləri haqqında əvvəlcədən elektron məlumat toplamağa nail olmalıdır. Şəkillər paylanarsa, xidmət haqqının əvvəldən ödənməsi mümkün olarsa, bu iş çox asanlıqla həllini tapar.

 

6) Ölkəmizdə turizmin bir istiqamət üzrə cəmləşməsi yolverilməzdir. Azərbaycanda şəhər turizmi ilə yanaşı, rayon və kənd turizminin inkişafı üçün geniş potensial olsa da, daxili turizm xarici turizmə alternativ olaraq qiymətləndirilir. Avropa ölkələrində isə əksinə, daxili turizm xarici turizmi bir növ tamamlayır. Əgər daxili turizmi gücləndirsək, bu, tarixi-mədəni dəyərlərimizin tanınması, zəif inkişaf etmiş bölgələrimizin iqtisadi canlanması baxımından mühüm əhəmiyyət kəsb edər və Avropa ölkələrində mənimsənilmiş "hər kəs üçün turizm" prinsipi Azərbaycana da şamil olunar. Məsələn, Fransa və İtaliyada turizm bazarının 65 faizini, Almaniyada isə 47 faizini daxili bazar formalaşdırır. Avstraliya Turizm Nazirliyinin ölkədaxili turizmi canlandırmaq məqsədilə "Tətilə çıxın" şüari ilə keçirdiyi kampaniya da əhalinin ölkə daxilində mənalı istirahətinə yönəldilmiş ən maraqlı tədbirlərdən biridir.

 

7) Turizmin inkişafı üçün dövlət-özəl sektor əlaqələrinin zəifliyi aradan qaldırılmalı, lazımi infrastrukturun qənaətbəxş səviyyəyə çatdırılmasında həm özəl sektorun, həm də dövlətin üzərinə böyük məsuliyyət düşdüyü dərk olunmalıdır. Bunun üçün birgə fəaliyyət planı hazırlanmalı, qarşılıqlı güzəştlərin reallaşdırılması üçün inamlı addımlar atılmalıdır. Bu baxımdan görülən işləri də danmaq olmaz. Respublikamızda turizm şirkətlərinin və mehmanxanalarının birgə fəaliyyətini birləşdirən və hazırda 300 nəfərə yaxın üzvü olan Azərbaycan Turizm Assosiasiyası, 2014-cü ildən isə Azərbaycan Sağlamlıq və Terminal Turizmə Dəstək Assosiasiyası yaradılıb ki, bu təşkilatlarda iş dövlət turizm sektoru ilə əlaqəli qurulduğundan mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.

 

8) Turizmdə ölkəmizin əziyyət çəkdiyi digər bir məsələ viza prosedurlarıdır. Viza prosedurlarına xeyli vaxt sərf edilir və bu prosedurların uzanması ucbatından bron edilmiş otellərin və biletlərin ləğvi halları tez-tez baş verir.

 

Qeyd: Bu günlərdə "Asan Viza" Xidmətinin açılacağı, eləcə də 2016-cı ilin sonunadək Milli Məclisdə yeni "Turizm qanunu"nun qəbul ediləcəyi və bu qanuna əsasən Təhsil Nazirliyi tərəfindən "Məktəbli-turist" layihəsinin reallaşdırılacağı xəbərlərini eşidib sevinməmək olmaz. Şübhəsiz ki, problemlərin həlli istiqamətində həyata keçiriləcək bu və ya digər tədbirlər gələcəkdə turizm sektorunun Azərbaycanda ölkə iqtisadiyyatına böyük həcmdə gəlir gətirməklə yanaşı, respublikamızın dünyada tanınmasına da ciddi təsir göstərəcək. Beləliklə, müasir dövrdə turizm ölkəmizin milli dəyərlərindən birinə çevriləcək.

 

Gəlin unutmayaq ki, beynəlxalq arenada güclü dövlətlər və millətlərlə qlobal yaxınlaşmanı təmin etmək, ölkələrarası əlaqələrdə iqtisadi, sosial və siyasi inkişafa nail olmaq üçün turizm ən əhəmiyyətli stimuldur. Ölkəmizin gələcəyi naminə təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsus olan turizmə dəyər verməyi bacaraq.

 

AİDA QULİYEVA

525-ci qəzet.- 2016.- 14 iyun.- S.4.