Söz vaxtı

 

FİKRƏT QOCANIN POEMALARI MƏNƏVİ DƏYƏRLƏR KONTEKSTİNDƏ

 

 

 

 

60-cılar ədəbi nəslinin nümayəndələrindən biri - bu gün də fəal yaradıcı formada olan Fikrət Qocanın 2014-cü ildən bəri hissə-hissə təqdim olunan Seçilmiş Əsərlərinin on cildliyinin nəşri bu yaxınlarda tamamlandı.

 

Seçilmiş Əsərlərinin ayrı-ayrı cildlərində Fikrət Qocanın poeziyası, publisistik çıxışları, nəsr əsərləri, pyesləri toplanıb.

 

I cilddə şairin yaradıcı dünyasına akademik Bəkir Nəbiyevin “Şair fərdiyyəti” başlıqlı məqaləsi bələdçilik edir.

Ədəbi ictimaiyyətə təqdim olunmuş cildlərlə bağlı müxtəlif səviyyəli və səpgili yazılar da bu qəbildəndir.

 

Yaradıcılığının coğrafi mənzərəsi ilə tanışlıqsa, hər cür Ön və Son Sözdən, resenziyadan, təqdimatdan, şərhdən daha yaxşı!

 

Cildlərdən biri - 24 poemanın toplandığı VI cild maraq dairəmizdə olan mövzu baxımından diqqətimizi xüsusilə cəlb etdi və söhbətimiz də əsasən burada toplanmış poemalar ətrafında olacaqdır.

 

Ümumilikdə poemanın maraqlı cəhəti, psixoloji ovqatın çalarlarını dərinliklə, incəliyinəcən verməkdə ədəbi növlərin sintezinə açıq olmasıdır. Sosioloji amillə dövrün havasını təqdim etməkdə, nəsr təcrübəsi ilə nəzmin imkanlarının sintezinə, istərsə də dramaturgiya, publisistikanın müəllif məqsədinin daha əhatəli çatdırılmasına geniş imkan verməsidir. Bəlkə də, poemanın janrlar janrı adlandırılması da bununla bağlıdır?! Fikrət Qocanın poemaları ilə ayrı-ayrı vaxtlarda tanışlıqdan sonra janrın imkanları və müəllifin düşüncələri, ümumiyyətlə poemanı mənzum esse adlandırmaq qənaətlərimizi daha da formalaşdırdı və hesab edirəm ki, bu yanaşmanı qəbul etmək vaxtı yetişib; tərəddüd və ehtiyat etməyə dəyməz.

 

Fikrət Qoca oxucusu ilə bir simada, amma çeşidli janr və növdə danışıb həmişə. Bu maraqlı və intonasiyasının özünəməxsusluğu ilə seçilən şairin ədəbi irsi təkcə mənsub olduğu ədəbiyyatın (mədəniyyətin) miqyasında yaradıcılığının yeri və rolu ilə bağlı daha dəqiq ümumiləşdirmə - qiymətləndirmə fürsəti vermir, həm də mədəniyyətlərin, zövq və yanaşmaların, tərz və istiqamətlərin yenidən dəyərləndirilməsinə imkan yaranır...

 

lll

 

İnandırmağa çalışmaq yox, inanmaq lazımdır; dediyin sözə, çatdırmaq istədiyin fikrə hər kəsdən əvvəl özün inanmasan, inandıra bilməyəcəksən. Səsini qaldıracaqsan, rəngləri tündləşdirməyə məcbur olanda yalan qarışacaq işə.Yalan qarışdısa, heç nə - sənət də yoxdur, sənətkar da. Sənətin gücü inandırmasındadır.

 

Özünə inanan insanın intonasiyasında təlqin gücü keçmişdən, dünəndən, həyatdan, yaşanmış ömrün təcrübəsindəndir. İnandırmaq səyinin intonasiyası sabahın, naməlumluqların çağırışına inamdan su içir.

 

Yaradıcı fərdin xarakterinin rolunu da əlavə edəndə, mənzərə aydınlaşır. Fikrət Qocanın təbirincə desək,

 

Hər kəsin əxlaqını

Dili bəlli eyləyər.

Hər elmin səviyyəsin

Yolu bəlli eyləyər.

 

Bir amili unutduq, deyəsən - dövrün, zəmanənin intonasiyasını, “dövranın temperament tipi”ni. XX əsrin əvvəllərində yuxulu düşüncənin oyanmasına çalışan şeir özünü təqdim edirdi, məsələn, “Mən də müsəlmanam...” - deyirdi, “haqq sözü derkən utana bilmirəm” (M. Ə. Sabir) bəraətini önə çıxarırdı. Bəraət vardısa, deməli, qınağa tuş gəlirdi. Sonra bu intonasiyanı yad xallar tündləşdirdi: “Qalx, ey lənətlə damğalanmış...” (“İnternasional”) Qalxdılar və şeirin təbəssüm saçan dövranı gəldi: “Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə” (S. Rüstəm). Bu nəşənin boğduğu, unutduğu ahəngə hərdən ötən günlərin xiffəti də sızırdı: “... səni kim unudar...” (M.Müşfiq) Sonra səsin boğulmasının - xırıltısının və səsin artıqlığının - küyün bəhsləşməsi dövrü gəldi. Və bu qabarma-çəkilmə oyununda səs öz gözəlliyini itirməyə başladı. Belədə, söz reflektor anlamdan məcaziliyə, rəmzə sığındı. Elə bu vaxt araya müharibə girdi. Şeir də, bir növ, ideologiya təhdidlərindən can qurtarıb, qərarların yox, qanunların “idarəçiliyinə” keçdi. Hələlik, bunu müharibə diqtə edirdi...

 

lll

 

Tarixi və milli səciyyədə müəyyənləşdirilmiş təcrübənin ümumiləşdirilməsi kimi qəbul edilən poeziyamızda rəmzlərin qələbə təlqin edən müqəddəsliyini şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri ictimailəşdirdi. “Şuşada sən qonduğun daşa pir deyəcəyəm” misrası ümummilli arzunun hələ ki zədəli və küskün ovqatını öncəduyum fəhmindən təlqin funksiyasına yönləndirirdi. Fikrət Qocanın

 

Bayrağım sancılmaq üçündür

Dağların zirvəsi,

Kosmik gəmilərin qübbəsi,

Bayrağımı dalğalandırmaq üçün

Fırlanır yer kürəsi -

 

misraları isə, bayraq olmaq şərəfinin təlqininə hesablanıb:

 

Əlimdə bayraq

başımı kəssələr

bayrağımdan tutub

ayaq üstə qalaram.

Qanımla özümü boyayıb

Bayraq olaram.

 

Fikrət Qocanın yaradıcılığının cövhərinə hopmuş bu işıq, sirayətedici nümunələrilə birlikdə oxucuya lap çoxdan tanışdı, əslində. Elə cəbhədəki Aprel “çevrilişinin” (2016-cı il) cəmiyyətə qaytardığı böyük inamın poetik ifadəsi də, Fikrət Qocanın misralarında hamının ürəyində əks-səda verdi:

 

Bu günə də çox şükür,

Çox şükür ki,

Bayraq da var,

bayraq tutan oğullar da.

(“Bayraq tutan oğullar” poeması)

 

Dördgünlük müharibə Azərbaycan cəmiyyətinə bu rahatlığı gətirdi həm də . Amma bu sətirlər həmin günlərdə yazılmayıb, nə vaxt yazıldığının fərqi də yoxdur, əsas odur ki, bugünün həqiqəti var bu ovqatda.

 

Əsas odur ki, bugünün bu misralardakı həqiqəti şüuraltıda həmişə yol gəlib; inama doğru, lap yaxında görəcəyimiz labüd qələbəni mütləqləşdirməyə doğru. Düzdür, bu bayraq hələlik Şuşada, Zəngilanda, Laçında dalğalanmır, amma Lələtəpə yüksəkliyi də Vətən torpağıdır, o bayrağı o yüksəkliyə sancan oğul da Şuşanın yolunu bir az da qısaldan Azərbaycan əsgəridir! Bu bayrağı dünya da gördü; kimi narahat oldu, kimi qəzəbləndi, kimi də... Bu da təəccüblü deyildi. Elə bu arada əsrlərin təcrübəsi danışdı, yenə də Fikrət Qocanın qələmində:

 

Türkün ruhu güclüdü,

Özü təkdi.

 

lll

 

Bu gün poeziya həmişəki yerini nəsrə uduzur. Böyük mənada poeziyadan söhbət getmir, ən azı ona görə ki, o tutiyədir. Şeir adına yaranan qafiyəli-qafiyəsiz mətnlərin, nəsr adına “istehsal olunan” surroqatın kütləviliyində Balaşın atasına geydirdiyi ölü paltarına oxşar “izm”lərə aludəlik Azərbaycan şeirinin, ədəbi fikrinin intonasiyasına o qədər yad xallar gətirir ki... Fikrət Qocanın qorxusu da bunu deyir:

 

Mən yadlardan qorxmuram,

içimizdəki yad səsidi məni qorxudan...

 

Bu qorxunu yenməyin bir yolu da ədəbi-mədəni irsə qayıdışdır, köhnə formadan, arxaik mətndən yox, müasirlik duyğusundan xali olmayan mətnlərdən güc alan poetik yaddaşı səfərbər etməkdir. Yaradıcılığın və yaşın bəlli bir dövründə təqdim olunması daha təbii və məqsədəuyğun olan Seçilmiş Əsərlər, Cildlər bu yöndə bir jestdir, həm də bu jest yazıçını, onun yaradıcılığının miqyasını bütün çalarları ilə ifadə etməyə imkan verir. Belə nümunələr toplumu, cəmiyyəti, insanı tanımağa da fürsət verir.

 

Əlbəttə, Seçilmişlərin Seçilmişindən yaranan Cildlərdən söhbət gedir, əlyazma nüsxəsində, siqaret qutusu üstündə, qeyd dəftərçəsində qaraladığını akademik nəşr səviyyəsində təqdim etmək yetikliyindən yox! Redaktə və rəy süzgəcindən keçməmiş yaradıcılıq nümunələrinin sıralanmasından yaradılan “külliyyat” ən yaxşı halda “dəftərxana mədəniyyəti”ndən danışmağa imkan verə bilər.

 

Bu şair ömrüdü, nümayiş deyil,

Geyinib-keçinib gəlib keçəsən.

 

Elə yaradıcılıq nümunələri də var ki, müəllifi hər cür Ön və Son sözdən, resenziyadan, şərhdən daha yaxşı təqdim edir. Belə nümunələri eləcə oxumaq gərəkdir. Şeiri şərh etmək, müəllif məqsədini izah etmək şeirin alınmadığını dolayısı ilə etiraf etməkdir.

 

Hər bir mətnin kompozisiya bitkinliyini pozan uzunçuluq, xüsusən girişdə, yüz yerə çəkən fikirlər də, səriştəsizliyin yox, Fikrət Qoca şeirlərinin uzun illərdi daxili nitqə rəvac verən gücündən, enerjisindən gəlir.

 

Xüsusən də, sənətin inandırmaq gücü ilə bağlı düşüncələr.

 

Fikrət Qoca ünsiyyətdə rahat insandır, çox rahat və təbii. Onun şeirində mətləbə birbaşa giriş oxucunu özünə tez “bağlayır”, onu hadisənin, vəziyyətin, ovqatın mərkəzinə gətirən intonasiyaya “əyir”.

 

Məqsədimiz böyük olmasa,

Kiçik kimi dolaşacayıq

Torpağın üstündə.

Məqsədimiz böyük olmasa,

Bəşər elə belə yaşayacaq

Kimi kefdə, kimi pis gündə.

Xəritə də

Sərhəd-sərhəd, yamaq-yamaq.

 

Yaxud başqa bir nümunə:

 

Canında otuz yeddinin,

doxsanın üşütməsi,

bilmək olmur

torpağın ürəyidi döyünən,

yoxsa sinəsində partlayan mərmi

İndi pis,yaxşı,

Öz əlimdi, öz başım.

Hamı doğma bacım, qardaşım.

Toxu prezident olmaq istəyir,

Acı pul yığır icra başçısı keçsin.

Çoxu nazir olmaq istəyir.

Bir dəstə də torpaq satıb,

adam satıb,

pusquda yatıb

pulu əlində hazır,

Vəzifə almağa nazir axtarır, nazir.

Yazıq fəhlə, kəndli,

Müəllim, alim.

Mənim cəfakeş obam, elim

Ev tikir, uşaq əkir,

Taxıl əkir.

Ac qarına vətən qeyrəti,

Azadlıq qeyrəti çəkir.

Lazım olanda döyüşən də onlardı,

Əlil olan, şəhid düşən də onlardı.

 

(“Cənnətdən qovulanlar” poemasından ).

 

Cəmiyyətin mənzərəsi. İlin fərqi yoxdur, hər oxuyanda öz zamanının havası vuracaq üzünə. Bu, nəqletmə. Maraqlısı şairin nəticələridir:

 

Unudurlar bu dünya

Hamı üçündür...

Dünyanın hər yerində eynidi

İt, at, donuz!

Amma insan

türkdü,

rusdu,

farsdı.

Yaxud, sonu, aqibəti xatırladan, tövbəyə çağıran bu misralar:  

 

Axı, göydən baxan var,

Sənin də bir yaxan var,

Yaxandan yapışan olar!

Səndən də soruşan olar...

 

Yaradıcılığın ilk nümunələrinin obrazı, adətən, “mən” olur. Amma bunu da unutmayaq ki, obraz bütöv fikir sistemidir. Bu mənada, Fikrət Qocanın obrazları azadlıqdır, zamandır, insandır, mübarizədir, yoldur. Fərqi yoxdur, bu yol Qəbələyə aparır, Qubaya,Vyetnama, ya Kubaya. Bütün hallarda:

 

Yol döyünən ürəkdi,

Yol canlı bir bədəndi,

Yol keçmişdən gələndi,

Gələcəyə gedəndi.

 

(Ardı var)

Südabə Ağabalayeva

525-ci qəzet.- 2016.- 18 iyun.- S.21.